Dializ xəstələri...
MÖVZU: "Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
Tibbin inkişafına baxmayaraq böyrək
çatışmazlığı əhali arasında hələ
də ən geniş yayılmış xəstəliklər
sırasındadır. Statistikaya görə, dünya əhalisi
arasında xroniki böyrək
çatışmazlığı (XBÇ) və bu səbəbdən
dializ müalicəsinə cəlb olunan xəstələrin
sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına əsasən, müxtəlif ölkələrdə
bir milyon əhalidən 800-1200 nəfərində XBÇ
müşahidə olunur və onlardan 250-650 nəfəri dializ
müalicəsi alır.
Bu xəstəlik və onun müalicəsi Azərbaycan
dövlətinin də diqqət mərkəzindədir. İndiyədək
dövlət tərəfindən bununla
bağlı bir sıra addımlar
atılıb, paytaxtda, regionlarda
dializ mərkəzləri
açılıb. Azərbaycan Respublikasının Nazirlər
Kabineti "2011-2015-ci illər üçün xroniki
böyrək çatışmazlığı üzrə Tədbirlər
Proqramı"nı təsdiq edib. NK-nin rəsmi saytında yer
alan məlumata görə, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət
orqanlarına Tədbirlər Proqramının həyata
keçirilməsini təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinin
2006-cı il 19 iyul tarixli 179 nömrəli qərarı ilə təsdiq
edilmiş "Xroniki
böyrək çatışmazlığı üzrə Tədbirlər
Proqramı"nın həyata keçirilməsi nəticəsində
bu xəstələrin aşkar
olunması və aktiv müalicəyə
cəlb olunması, eləcə də xəstələrin
dövlət vəsaiti hesabına
ixtisaslaşdırılmış müalicə ilə təminatı
mümkün olub.
Hazırda Azərbaycanda fəaliyyət göstərən 20 hemodializ mərkəzində (onlardan
13-ü regionlarda, 7-si Bakı şəhərində)
1500-dən çox xəstə dövlət
vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Müalicənin keyfiyyətinin
yaxşılaşması, xəstələrin ömrünün
uzanması, bu xəstəlikdən ölüm hallarının azalması ilə
yanaşı, eyni zamanda
dializ alan xəstələrin
sayı hər il 21-25 faiz
artmaqdadır.
Respublikada böyrək və digər orqanların
transplantasiyası olunmuş 300-ə qədər xəstə
qeydiyyatdadır və onların da mütəmadi müayinəsi
və kifayət qədər maliyyə vəsaiti tələb
edən immunosupressiv müalicəsi dövlət büdcəsi
hesabına ödənilir. Xəstələrin sayının
artması yeni mərkəzlərin yaradılmasını,
onların mütəmadi dərman təminatını və
davamlı müalicə məsrəflərini zəruri edir.
Ötən ilin noyabrında Şəki Mərkəzi
Xəstəxanasının yeni binasının
açılış mərasimində iştirak edən
prezident İlham Əliyevin dializ xəstələri ilə
bağlı çıxışı dövlətin bu məsələyə
diqqətinin birbaşa göstəricisi hesab edilə bilər.
"Əvvəlki
dövrdə,
ümumiyyətlə, belə xəstələr, əfsuslar olsun ki, həyatdan gedirdilər,
yaşamırdılar. Bakıda bəlkə də
cəmi bir, ya iki dializ aparatı var idi ki,
orada növbə çatmırdı. İndi biz bütün
bölgələrdə, ilk növbədə,
diaqnostika mərkəzlərində dializ mərkəzləri yaratdıq və bunun coğrafiyasını elə qurduq ki, gəlib-getmək
üçün məsafə məqbul
olsun. Hər bir rayonda yeni xəstəxanalar
tikilərkən dializ məsələləri
nəzərə alınır və indi
28 dializ mərkəzi vardır. Mən buraya gələrkən fikirləşirəm ki, 2008-ci ildə təməli qoyulanda
deyirdim bura böyük xəstəxana olacaq,
ətraf rayonlardan da gələcəklər.
İndi ətraf rayonlarda
da yeni xəstəxanalar
açılır. Balakəndə böyük
xəstəxana, Zaqatalada, Qəbələdə
böyük diaqnostika-müalicə mərkəzləri,
Oğuzda rayon xəstəxanası
tikilmişdir, Qaxda rayon xəstəxanası təmir edilmişdir. İndi Şəkidə
xəstəxana açılır. Yəqin ki,
bu imkandan daha çox Şəki
sakinləri istifadə edəcəklər. Belə də
olmalıdır".
Qeyd edilməlidir ki, xroniki böyrək
çatışmazlığı probleminin Azərbaycan
Respublikasında həlli akademik M.C.Cavadzadənin fəaliyyəti
ilə bağlıdır. 1969-cu ildə
akademikin təşəbbüsü və
rəhbərliyi ilə Respublika Kliniki Uroloji Xəstəxanasında
süni böyrək laboratoriyası yaradılıb. Qısa müddət ərzində 10 xəstədə
hemodializ seansları aparmağa
imkan verən Amerika
firmasının süni böyrək
aparatları ilə təchiz edilmiş dializ zalı təşkil edilib.
Eyni zamanda XBÇ olan xəstələrin konservativ
müalicəsi üçün 20
çarpayılıq şöbə də yaradılıb.
Hemodializ mərkəzinin yaradılması o zamanlar Azərbaycanda
böyrək köçürülməsinin təməlini
qoydu. 1971-ci
ildə akademik Cavadzadənin rəhbərliyi
ilə Zaqafqaziyada ilk
dəfə olaraq terminal
böyrək çatışmazlığı olan xəstələrdə böyrək
köçürülməsi həyata keçirilib.
1972-ci ildə artıq 4-cü müvəffəqiyyətli cərrahiyyə
əməliyyatları aparılıb. 1983-cü ilə qədər
M.C.Cavadzadə
tərəfindən 30-dan artıq böyrək
köçürülməsi əməliyyatı
aparılıb.
Böyrək çatışmazlığından əziyyət
çəkənlərin dializ problemi və ölkəmizdə
böyrək transplantasiyasının müasir səviyyədə
təşkili üçün nəhəng xəstəxana
olan RKUX zəngin maddi-texniki baza ilə təmin edilib. Bunun üçün mütəxəssis kadrlar da yetişdirilir.
Hazırda Azərbaycan səhiyyəsində ən
çox diqqət və qayğı ilə əhatə olunan
problemlərdən biri də böyrək
çatışmazlığından əziyyət çəkən
yüzlərlə vətəndaşlarımızın
dövlət hesabına hemodializlə təmin
olunmasıdır. Prezident İlham Əliyev və ulu
öndər Heydər Əliyevin adını daşıyan fondun bilavasitə köməyilə xəstələrin
pulsuz hemodializ
müalicəsi almaları üçün
bütün lazımi imkanlar
yaradılıb. Bütün xəstələri
əhatə etmək məqsədilə müasir
hemodializ aparatlarının alınması
ilə yanaşı xəstələrin
rahatlığını təmin etmək üçün
də hər cür şərait
yaradılmaqdadır. Bu məqsədlə
dövlətimiz tərəfindən hər il
ciddi tədbirlər görülür.
2010-cu ildə xəstələrin hemodializlə tam təminatı
məqsədilə həlledici addımlar atılıb. Əsaslı
təmirdən sonra görkəmli akademikimiz Mirməmməd Cavadzadənin
adını daşıyan Respublika Kliniki Uroloji Xəstəxanası
ən müasir standartlara
uyğun bir şəkildə
istifadəyə verilib. Bu xəstəxanada nəhəng hemodializ şöbəsində
yaradılmış şəraitin və ən müasir dializ avadanlıqlarının
hesabına yüzlərlə xəstəmiz pulsuz
hemodializlə təmin olunmaqdadır. Rayonlarda
böyrək çatışmazlığından əziyyət
çəkən vətəndaşlarımızın sosial-iqtisadi problemlərini nəzərə alaraq regionlarda fəaliyyət
göstərən Müalicə-Diaqnostika Mərkəzlərində
tam təchizatlı hemodializ
şöbələri yaradılıb. Və rayonlardakı xəstələr
artıq Bakıda deyil, öz
regionlarında hemodializ müalicəsi
alırlar.
Təəssüflər olsun ki, Azərbaycan coğrafi
bir məkan kimi böyrək xəstəliklərinin geniş
yayıldığı bir ölkədir. Aparılan
qayğı və diqqətlə yanaşı, böyrək
çatışmazlığından əziyyət çəkən
vətəndaşlarımızın da
sayı hər il az da olsa artır. Uşaqlarda böyrək
çatışmazlığı xüsusilə
ağrılı bir məsələdir.
Nazirlər Kabinetinin 179 saylı qərarı ilə
2006-cı il, iyulun 19-da "Xroniki böyrək
çatışmazlığı üzrə Tədbirlər
Proqramı" təsdiq ediləndən sonra daha çox diqqət
hemodializ mərkəzlərinin açılmasına yönəlib.
İndi
Bakı şəhərində ümumilikdə doqquz hemodializ şöbəsi
var. Bunlardan ikisi özəl, yeddisi isə
dövlət xəstəxanalarında yerləşir.
2006-10-cu illəri əhatə edən tədbirlər
proqramına görə, hər il dərmanların
alınması üzrə tender keçirilir. Tender barədə,
dərmanların qiyməti, miqdarı haqda
Səhiyyə Nazirliyinə informasiya sorğusu yolladıq. Sorğunu
cavablandıran mətbuat katibi Anar Qədirli yalnız 2006-cı il üçün
büdcədən proqrama ayrılan məbləği
açıqladı-3 milyon 800 manat. Səhiyyə Nazirliyi
ilə sıx əlaqədə çalışan Elmira Ağayevanın sözlərinə
görə, tenderdə ötən il
"Avromed" özəl klinikası qalib gəlib, bu il isə "Farm-Qafur"
özəl tibb mərkəzi seçilib: "Dərmanların
alınmasına təxminən 20 milyon manata yaxın pul
ayrılıb. Dərmanları Səhiyyə Nazirliyinin
İnnovasiya və Təchizat Mərkəzi
həftədə bir dəfə xəstəxanalara
paylayır. Və hər il dövlət
büdcəsindən bu sahəyə
müəyyən miqdarda pul
ayrılır. Ötən il 19.3 milyon manat ayrılsa da, bu il
20 milyon manat vəsait
ayrılacağı gözlənilir".
Səhiyyə Nazirliyinin rəsmiləri son zamanlar belə
məlumat verirlər ki, artıq ölkədə dializ
aparatına olan tələbat demək olar ki, ödənilib. Amma 2003-dən bəri
aparılan statistika göstərir ki, hər il xəstələrin
sayı 22-27 faiz artır. Bu
gün 1422 xəstə dializ
alır.
Bakı şəhərinin baş nefroloqu, Avropa
Nefroloqlar Assosiasiyasının üzvü Mehman Ağayev deyir
ki, heç bir ölkədə dializə olan tələbat tam
ödənilməyib. Baş nefroloq hesab edir ki, xəstəliyin
artmasını önləmək lazımdır. Bunun üçün yeganə
yol müalicənin gücləndirilməsidir.
Mehman həkim deyir ki, siqaret, araq,
təzyiq, şəkərli diabet, piylənmə
böyrək yetməzliyinə gətirib çıxaran
faktorlardandır.
Ölkədə XBÇ-li xəstələrin
problemləri ilə məşğul olan Ümid-Hemodializ xəstələrin
İctimai Birliyinin sədr müavini Elmira Ağayevanın
sözlərinə görə, 2006-10-cu illəri əhatə
edən tədbirlər proqramının işləmə
mexanizmi müsbətdir. İndi
ölkədə yetərincə hemodializ
mərkəzləri
var, aparatlar da alınır. O ki
qaldı registr məsələsinə,
beş-altı ay qabaq
xəstələr Səhiyyə Nazirliyində qeydiyyata
düşmək üçün gözləməli
olurdular. İndi
nazirlikdə bir neçə mərkəz
açılıb deyə artıq registr problemi yoxdur". Dializə
qoşulmaq üçün
bir seans 70 manata başa gəlir. Xəstələrin
çoxu deyir ki, dövlət xəstəxanalarında yer olmadığından, məcbur olub özəl müəssisəyə gəlirlər.
Son on ildə səhiyyə
sahəsində şaquli inkişaf
edən sahə hemodializ olsa
da, hələ də dializ
defisiti var. Məsələn,
Gürcüstanda bu
sahə inkişaf edib.
Hətta peritonal (evdə) dializ
də mövcuddur. Türkiyədə də
yüksək inkişaf edib
tibbin bu sahəsi. İranda isə elə böyrəkköçürməni
misal çəkmək olar.
Dünyada artıq bu
sahədə bir İran
modeli anlayışı formalaşıb.
Belə təkliflər var ki,
növbəti tədbirlər proqramına böyrək sahəsində
ən ciddi problem olan transplantasiya qurulsun, bu sahədə qanuni baza
yaradılsın".
M.Cavadzadə adına Uroloji Klinik Xəstəxananın
hemodializ şöbəsinin rəhbəri Fariz Babayev bildirib
ki, bu il aprel-may aylarında Qubada, Şamaxıda və
Füzulidə hemodializ mərkəzləri fəaliyyətə
başlayacaq. Sumqayıt,
Mingəçevir, Yevlax şəhərlərində
də belə mərkəzlərin açılması
planlaşdırılır.
M.Cavadzadə adına Uroloji Klinik Xəstəxanasının
hemodializ şöbəsində 14 hemodializ aparatı var,
Almaniyanın Frezenius firmasına məxsusdur. 98 xəstə
müalicə alır. Burada filterlər xəstənin
çəkisinə görə fərqlənir. Fariz həkim də etiraf etdi ki, bu
gün bəzi dövlət xəstəxanalarında
filterlər xəstənin çəkisinə görə fərqləndirilmir.
Amma gələcək proqramda
filter məsələsi də öz həllini tapacaq.
Fariz Babayevin sözlərinə görə, 2011-16-ci
illəri əhatə edəcək yeni proqramda hemodializ mərkəzlərinin
açılması və xəstəliyin artıq elmi tədqiqi
ilə məşğul olmaq istiqamətində işlər
görüləcək. Ən önəmlisi isə Azərbaycanda
uşaq hemodializ mərkəzinin
yaradılması düşünülür.
Firdovsi Fərzəliyev
Şərq.- 2012.- 31 mart.- S.7.