Klassik və müasir Azərbaycan
ədəbiyyatına peşəkar baxış
(Əvvəli
ötən şənbə sayımızda)
C.Abdullayev, Ə.Vəliyevi
"xalqa arxalanıb yazan sənətkar" kimi təqdim edərkən
onun irili-xırdalı bütün əsərlərini həqiqi
yazıçının ibrətamiz ömür yolunun bədii
əksi hesab etmiş, onun roman, povest və oçerklərindən
"xalq adamı", "el ağsaqqalı" kimi
görünən bütöv xarakterini, şəxsiyyətini,
müsbət qəhrəmanlarının parlaq əməllərini
xalqımızın bir neçə nəsil üçün
gözəl nümunə rolunu oynayan bir ustad kimi dəyərləndirmişdir.
O, Əli Vəliyevin ömür yolunu ıə əsərlərini
xalqımızın dünəni ilə bu günü
arasında canlı, ibrətamiz bir körpü
adlandırmış, əsas inikas obyekti və baş qəhrəmanı
vətən, xalq olan yazıçının əsərlərindəki
kənd mənzərələrinin, kənd adamlarının və
onların arasındakı münasibətlərin, kəndli
psixologiyasının öz bədii təcəssümünün
dolğun ifadəsini təqdir etmişdir. Ə.Vəliyevin həm
öz yaradıcılığında, həm də ümumən
bədii nəsrimizdə yüksək nöqtə tutan
üç böyük, çoxşaxəli əsəri -
"Qəhrəman", "Turaclıya gedən yol",
"Budağın xatirələri" romanlarını
ideya-məzmun bıxımından müştərək cəhətləri
olduğuna görə şərti olaraq trilogiya adlandıran ədəbiyyatşünas,
bu əsərlərin hər birindəki geniş miqyaslı həyat
hadisələrinin, təbiət mənzərələrinin,
insani hiss və emosiyaların uzun müddət unudulması
imkansız olan şairanə təsvirlərini
ağızdolusu tərif edir.
Gəncliyin yazıçısı
adlandırdığı M.Hüseynin ədəbi gəncliyin
qayğısına qalmayan, onları dolaşdıran, qərəzli,
subyektiv tənqidçi və ədəbiyyatşünaslara
qarşı amansız və qətiyyətli mübarizəsini
ürəkdən təqdir edən C.Abdullayev ədibin
"Cavanşir", "Daşqın", "Səhər",
"Abşeron", "Fəryad", "Qara daşlar"
əsərlərini və oradakı gənc qəhrəmanları
ürəkdən bəyəndiyini qeyd edir. O, M.Hüseyni
"ədəbi döyüşlər cəngavəri"
adlandırır, zəngin və çoxcəhətli ədəbi-bədii,
nəzəri-estetik və ictimai fəaliyyəti ilə ədəbiyyatımızın
məna, vüsət və siqlət sərhədlərini
xeyli genişləndirən, bütün həyatını bədii
fikrimizin inkişafına həsr edən, öz əsərləri
ilə dünya miqyasına çıxan böyük ədib
kimi qəbul edir. Yazıçının sənətə gəldiyi
vaxtdan etibarən qələmini Azərbaycan ədəbiyyatının
çiçəklənməsi, geniş miqyasda
tanınması və təbliği yollarında işlədib,
bu istiqamətdə həqiqətən böyük əhəmiyyəti
olan nəcib işlər görməsini dönə -dönə
təqdir edir.
"Biz hamımız Mirzə Cəlilin "Poçt
qutusundan çıxmışıq",- deyən görkəmli
Azərbaycan yazıçısı Mir Cəlal Paşayev
haqqında Cəlal Abdullayev yazır: "Ədəbi tənqid
və ümumiyyətlə, ədəbiyyatşünaslıq
elminin inkişafında xüsusi yeri olan, onu yeni mərhələyə
yüksəldən sevimli yazıçımız Mir Cəlal
son dərəcə zəngin və geniş, əhatəli,
çoxcəhətli yaradıcılıq diapazonuna malikdir.
O öz dövrünün böyük sənətkarı
kimi yaşadığı cəmiyyətin bütün ziddiyyət
və təzadlarını, pozitiv və neqativ məqamları,
hətta məişət həyatının müxtəlif cəhətlərini,
mənəvi-əxlaqi dəyərləri böyük bir həssaslıq
və dəqiqliklə əks etdirməklə bərabər,
özündən əvvəl və özü ilə
çiyin-çiyinə yazıb-yaratmış böyük sənətkarların
həyatını və yaradıcılıq yolunu tədris və
təbliğ etməklə yanaşı, ahəngdar, sistemli
bir ardıcıllıqla təbliğ və tədqiq
etmiş, həm də ümumiyyətlə, bədii
yaradıcılığının ümdə və aktual
problemlərini həmişə ön plana çəkərək
onları böyük səmimiyyətlə söyləmişdir.
Onu da deyək ki, böyük sənətkarın elmi-nəzəri,
ədəbi-tənqidi, etik-estetik görüşlər
sistemində zaman, məkan, ədəbi növ, janr, bədii
formalar sahəsində də heç bir məhdudiyyət, sərhəd
yoxdur: ən qədim dövrlərdən yazanda da, ən
müasir, çağdaş zamanlardan yazsa də, nəsr,
şeir və dramaturgiyadan söhbət açsa da, fərqi
yoxdur, həmişə yüksəkdə dayana bilirdi".
C.Abdullayev Mir Cəlalın bütün elmi və
pedaqoji, bədii yaradıcılığını tərif edərkən
onun artıq ədəbiyyatımızın qızıl
fonduna daxil olmuş roman və povestlərini, ciddi elmi-monoqrafik
tədqiqatlarını, qlobal problemlərin həllinə həsr
olunmuş konseptual məqalə, oçerk və publisistik
nümunələrini, tələbə, aspirant və müəllimlərin
etibarlı mənbə kimi faydalandıqları ali məktəb
dərslikləri və dərs vəsaitlərini və s.
bir-bir sadalayır, ustadının hekayənəvisliyini
xüsusilə vurğulayır, onu misilsiz və əvəzsiz
hekayə ustası adlandırır, Mirzə Cəlildən
sonra Azərbaycan ədəbiyyatında kiçik hekayə
janrının inkişafının bütöv bir mərhələsinin
məhz onun adı ilə bağlı olduğunu qeyd edir, ədibin
bədii nəsrinin ən aparıcı, ən parlaq sahəsinin
lakonik, yığcam süjetli, bütöv, bitkin fabula və
kompozisiyaya malik, bir-birindən gözəl, əlvan, rayihəli
hekayə və novellalar olduğunu hesab edir. Daha sonra
yazıçının beş romanı ("Dirilən
adam", "Bir gəncin manifesti", "Açıq
kitab", "Yaşıdlar" və "Yolumuz
hayanadır") haqqında söz açır, onların
lakonik, lüzumsuz təfərrüatlardan uzaq, yığcam
olduğunu, bu əsərlərdəki fikir və ideyanın,
müxtəsər fabula əsasında şirin, axıcı,
bəzən ciddi, bəzən isə yumoristik bir dillə
çatdırdığını təqdir edir, ədibin
süni emosiya yaratmadığını, həyat həqiqətini
tam açıqlığı, real şəkildə təsvir
edib oxucuya çatdırdığına görə onu
aydın bədii təfəkkürə malik sənətkar
adlandırır.
"Tərsanə haqqında" adlı məqaləsində
C.Abdullayev H.Seyidbəylini XX əsrin qəhrəmanını-
fəhlə sinfini baş qəhrəman kimi seçməkdə
təqdir edir. Daha sonra romandakı obrazları
ayrı-ayrılıqda təhlil edir, oxucunun istehsalatın
müəyyən spesifik sahələrinə dair məlumatını
dərinləşdirdiyinə, ən başlıcası isə
həmin sahədə çalışanların işi,
güzəranı, mənəvi aləmi, zövq və düşüncələri
haqqında dolğun təsəvvür yaratdığına
görə yazıçını cəmiyyətimizin,
ziyalılarımızın sağlam, zəngin mühitini
gözəl bilən istedadlı bir nasir adlandırır.
Əsərlərin I cildində, yəni dövri mətbuatda
çap olunmuş məqalələrdən ən çoxu
S.Vurğuna həsr olunmuşdur. Nə az, nə çox, bu
doqquz məqalədə vurğunşünas alim böyük
şairin dünya şöhrətinin ucsuz-bucaqsız sərhədlərindən
söz açır, onun şöhrətinin əsas etibarilə
iki istiqamətdə -Şərqi və qərbi Avropa ölkələrinin
poeziyaları ilə qarşılıqlı əlaqə zəminində
təzahür etdiyini isbatlayır. Əsasən onun məşhurlaşmasını
Böyük vətən müharibəsi dövründən
başlanmasını göstərir. Başqa bir məqaləsində
S.Vurğunun müharibə mövzusundakı şeirlərini
təhlil edir, digərində isə şairin anlamında
şeirin dəyərinin yalnız xalqa, onun ideallarına, istək
və arzularına xidmət dərəcəsi ilə
ölçüldüyünü sübuta yetirir.
Böyük şairin Füzuli, Sabir, Vaqif haqqında fikirlərinə,
şeirlərinə həsr olunmuş məqalələr
ayrı-ayrılıqda oxucuda çox böyük maraq
doğurur. Vurğunun ədəbi-tənqidi görüşlərindən
danışarkən vurğunşünas alim yazır:
"S.Vurğunun ədəbi-tənqidi görüşlərinin
leytmotivini onun böyük sənət yaratmaq əzmi - "Bəstəkar-filosof,
şair filosof, rəssam-filosof olmalıdır" tezisi təşkil
edir. O yazırdı ki, mənim nəzərimcə, kiçik
insan yoxdur, yalnız kiçik sənətkarlar vardır...
S.Vurğun öz nəzəri əsərlərində həmişə
fikir ədəbiyyatını, mənalar ədəbiyyatını
müdafiə edirdi... Şairin nəzəri görüşlərində
ən çox işıqlandırılan nöqtələrdən
biri ədəbiyyatda müsbət qəhrəman problemi idi...
Onun Nizami, Şota Rustaveli, Puşkin, Üzeyir Hacıbəyov,
Musa Cəlil və başqaları haqqında...məqalələrinin
hər sətrində sənət və ədəbiyyatın
taleyini düşünən, şeiri, sənəti
özünün həyatı, idealı hesab edən
böyük bir şairin ürək
çırpıntıları eşidilir".
O.Sarıvəlli yaradıcılığını tədqiq
edən alim onun poeziyasını həyatı idrak
baxımından bir bədii irs hesab edir. Bu irsdə xalqın,
vətənin, ictimai mənafenin həmişə öndə
dayandığını, dəfələrlə
yazılmış məzmuna müraciət edəndə belə,
yenə də köhnələrin "təzə" tərəflərinin
aşkara çıxarıldığını isbatlayır.
R.Rzanı, professor müasir həyatın, ictimai
varlığın pafosunu, aparıcı meyllərini duyan və
ona öz əsərlərində tez əks-səda verən,
həmişə poetik axtarışlarda olmağı
xoşlayan, şeirlərinin məna, ifadə və forma
gözəlliyinə xüsusi diqqət yetirən, sənətin,
bədii yaradıcılığın əzablarından
zövq alan poeziya mücahidi adlandırır.
Lirik şair M.Rahimin yaradıcılığında dərindən
görən baxışları ilə C.Abdullayev bir şeyi
müşahidə edir ki, məhəbbət bu şairin lirik
rübabında gəncləri, ümumiyyətlə,
insanları xeyirli işlər görməyə
çağıran, onların ürəklərini gözəl
hisslərlə dolduran bir mənəvi nemət kimi
böyük məftunluqla tərənnüm olunur. Bu fikri o,
M.Rahimin bir sıra şeirlərindən nümunə göstərməklə
əsaslandırır. Vətən müharibəsi
mövzusunda yazdığı şeirlər, "Natəvan"
poeması da təhlilə cəlb edilir.
Azərbaycanın görkəmli şairi B.Vahabzadənin
"Atalar və oğullar", "Etiraf", "Zirvə",
"İztirabın sonu", "Şəbi-hicran",
"Ağlar-güləyən", "Sadə adamlar",
"Ədəbi heykəl" və s. poemaları tədqiqatçı
tərəfindən dərindən tədqiq edilir.
Bundan başqa, professor C.Abdullayevin görkəmli alimlər-
Y.Məmmədəliyev, C.Xəndan, A.Zamanov və b. barədə
xatirələri, bir sıra tədqiqatçıların tədqiqat
əsərləri barədə fikirləri,
yazıçı və şairlərdən F.Sadiq,T.Mütəllimov,
A.Vəfalı, Ə.Hacızadə, A.Məmmədov, Qabil,
C.Cavadov, F.Mehdi, Ə.Kürçaylı, N.Babayev,
G.Hüseynoğlu, Ə.Mahmudov, S.Tahir, H.İbrahimov, Ə.Qasımov,
C.Məmmədov, T.Əfəndiyev və digərlərinin
yaradıcılığı haqqında mülahizələri,
təhlil və araşdırmaları bu cilddə öz əksini
tapır.
Onu da bir daha qeyd edək ki, "Əsərləri"nin
I cildinə ədəbiyyatşünas alimin təkcə
dövri mətbuatda çap edilən məqalələri
daxil edilmişdir. Bunları oxuyarkən müəllifin obyektiv
fikirləri, yüksək tədqiqatçılıq qabiliyyəti,
mükəmməl təhlil etmək səriştəsi, tənqidçilik
məharəti, ümumiləşdirmə və hər bir
obrazın fərdiliyini və əsərin süjet xəttini,
mahiyyətini üzə çıxarmaq istedadı
tamlığı, bütün çılpaqlığı
ilə özünü göstərir.
Şəlalə Abdullayeva,
filologiya üzrə fəlsəfə doktoru
Bütün həyatımın ziynəti
xanım
Muğanna da sevgi şeiri yazarmış. Köhnə ədəbi
jurnalları varaqlayanda bu qüdrətli
yazıçının həyat yoldaşı Firuzə
xanıma yazdığı şeir əlimizə keçdi.
Diqqət yönəltdik. Bu tək sevgi şeiri deyildi, az qala
yetmiş il bir yerdə həyatın bütün çətinliklərinə
sinə gərən, ədəbi döyüşlərdə
sadiq dost kimi yanında olan Firuzə xanıma ünvanlanan bir
etirafdır. İsa Hüseynovun qulluğunda durmağın,
bütöv bir ömrünü şam kimi əritməyin
özü maraqlı romanın mövzusudur. Firuzə xanım
İsa Hüseynovun "İdeal"ına,
"Sazı"na, "Məhşər"inə bərabər,
bəlkə də bu əsərlərdən yuxarıda dayanan
möhtəşəm əsəridir.
Tanrı hər ikisinə
cansağlığı versin, uzun və bitib tükənməyən,
mayasında dərin qatlar olan sevgi onları əbədi
yaşatsın.
Şəlalə Abdullayeva
Şərq.- 2012.- 2 aprel.- S. 20.