Qapalı həyat sürməyən Xan qızı

 

    Xurşudbanu Natəvanın nəticəsi danışır

 

     Azərbaycan prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda nəzəridə tutulub ki Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, şairənin yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

      Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Yubley tədbirinin bu ilin avqust ayında keciriləyəcəyi gözlənilir .

      Xurşudbanu Natəvanın nəticəsi, Azərbaycan Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru, AR-nin əməkdar müəllimi Naidə Seyid qızı Məmmədova yada salır:

      - Bakının mərkəzi küçələrindən birində heykəli ucaldılmış Xurşudbanu Natəvan kimdir? Şairə, cazibədar qadın, özünü xeyriyyəçiliyə həsr etmiş xadim, ictimai sima və ya Azərbaycanın ilk feminist qadını? Bu suala birmənalı cavab vermək mümkün deyil, belə ki, bunların hamısı məqsədyönlü və hərtərəfli inkişaf etmiş şəxsiyyətin məziyyətləridir. O, Şuşa xanlarının nəslindən çıxmış, bütün ömrü Qarabağla bağlı olmuşdur. Qarabağ onun üçün sevinc, məhəbbət və həyəcan mənbəyi idi. Sonuncu Şuşa xanının qızı olan Natəvan öz ömrünü doğma torpağına xidmətdə görürdü və bu təyinata bütün ömrü boyu sadiq qalmışdı. Onun həyatı isə parlaq, hadisə və görüşlərlə zəngin idi.

      Hələ çox gənc qız ikən Natəvan o zamanlar Qafqazda səyahət edən məşhur Aleksandr Düma ilə tanış olur. Dahi fransız şərq gözəlinə heyran olur, ondakı aşkar ədəbi və rəngkarlıq istedadını hiss edir. Natəvan bütün ömrü boyu miniatürlər üzərində işləyib, dekorla məşğul olub, muncuqla gözəl naxış tikib. Lakin başlıca yaradıcılıq idealı poeziyadır.

      Məşhur Şuşa şairi Seyid Hüseynlə ikinci izdivacı onun üçün xoşbəxt olmuş, ondan beş uşaq dünyaya gətirmişdir. Yaradıcılığının çiçəklənməsi məhz bu dövrə təsadüf edir. Mənə belə gəlir ki, onun ən yaxşı əsərlərindən biri "Gülüstan dəftəri" toplusu idi və Natəvanın özü tərəfindən çox gözəl miniatürlərlə bəzədilib. Bu poetik rəngarəng amalqama tamamilə müstəqil incəsənət növü sayılmağa iddia edir. Şərq miniatürlərinin həm bədii, həm də ədəbi ənənələrini davam etdirərək, o, daha da irəli gedir. Onun poeziyası həm ərəb mükabələri, həm də fars rübailəri ilə səsləşir. O, öz poeziyasında qorxmaz, azaddır, lakin bu ədəbi forma deyil. Bu onun həyat tərzi, xarakteridir.

      Varlı, ağıllı, zərif şairə heç vaxt qapalı həyat keçirməyib. Onun sosial fəallığı o dövrün anlayışında adi xeyriyyəçilik hüdudlarından kənara çıxır. Bəli, o, əlbəttə yoxsullara, yetimlərə həvəslə kömək edir. Onu ilahiləşdirir, ona sitayiş edirdilər. Lakin o, öz qarşısına məqsəd qoyur ki, daha çox azərbaycanlı gənc biliklərə cəlb olunsun. Natəvanın Tiflisdə, Peterburqda, xaricdə çox yaxşı əlaqələri var idi. Onun vəsaiti ilə onlarla gənc Qori seminariyasında təhsil alırdı. Onların arasında sonralar məşhur bəstəkar olmuş Üzeyir Hacıbəyov da var idi. İllər keçəcək, amansız Stalin repressiyaları zamanı, Üzeyir Hacıbəyov öz xeyirxahının əməllərini unutmayaraq bizim ailəyə kömək edirdi. Məhz Üzeyir Hacıbəyov bizim ailəni həbs, sürgün, güllələnmə çarxının altından çıxarmışdır.

      Natəvan, xeyriyyəçiliklə məşğul olanların arasında yeganə şəxs idi ki, azərbaycanlı gəncləri Peterburq kadet korpusuna oxumağa göndərirdi. O, başa düşürdü ki, millət üçün peşəkar hərbçilərin olması nə qədər vacibdir.

      Lakin maarifçilik fəaliyyəti də onun əsl mənada qaynar həyatının bir hissəsidir. Xurşudbanu Natəvan Qarabağda ilk, ümumiyyətlə Azərbaycanın kənd rayonlarında on kilometr uzunluğunda su kəməri tikdirir. Biz öz həmvətənləri üçün nə isə "tikən" varlı adamlardan danışanda, ilk növbədə onların maddi xərcləri faktlarını, indiki dillə desək investisiyanı nəzərdə tuturuq. Ancaq çalışqan, savadlı Natəvan xanım tikintiyə təkcə öz şəxsi kapitallarını qoymamış, həmçinin tikintinin layihəçisi və hətta bilavasitə rəisi rolunda çıxış edirdi. Şuşa rayonunun kəndlərini mərkəzlə bağlayan dağ yollarının çəkilişi üçün nə qədər işlər görüb.

      Biz hamımız bilirik ki, insan yaddaşı necə dəyişkəndir, keçmiş bütlər onun yaddaşından necə silinir, ata və uşaqların nəzərində eyni hadisələrin dəyəri necə fərqlənir. Yadımdadır ki, mən keçən əsrin səksəninci illərində Şuşaya Bülbülün heykəlinin açılışına gəlmişdim. Yerli insanlardan kimsə təsadüfən mənim Natəvanın nəticəsi olduğumu bilir. Hər səhər tanımadığım adamlar mehmanxanaya mənə bal, qaymaq, süd gətirir, bazarda isə heç kim məndən pul almaq istəmirdi. Mənə belə gəlir ki, bu cür riqqətli epizod qəribə qadın olan Xurşudbanu Natəvana xalq məhəbbətini ifadə edir.

 

 

     Şərq.- 2012.- 7 aprel.- S. 13.