Nuru paşanı, Buxara Əmirini valeh edən Azərbaycan xanımı

 

  Xalqımızın taleyində xeyirxah əməyi, yorulmaz fəaliyyəti ilə sevilən, yaddaşlara köçən Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyya xanımın xatirələrini mərhum yazıçımız Manaf Süleymanov qələmə alıb. "Oxuduqlarım, eşitdiklərim, gördüklərim" kimi bir zaman çoxsaylı oxucu məhəbbəti qazanan kitabın davamı olaraq nəzərdə tutulan bu xatirə-hekayə "Gənclik" jurnalında dərc olunub. Maraqlılığını bütün dövrlərdə qoruyub-saxlayacaq bu yazını "Söz odası"nın oxucularına çatdırırıq.

  

  "Ermənilər məni güllələməyə aparırdılar"

  

  On səkkizinci il mart qanlı-qırğını düşəndə ailəmizin yarısı Mərdəkanda bağda, yarısı isə şəhərdə idi. Mən, anam və bacım orda yaşayırdıq, atam, qardaşım İlyas və yeznəm Zeynalbəy şəhərdə idilər. Zeynalbəy söyləyirdi ki, "martın on səkkizində atışma başlayandan azca keçmiş iyirmi nəfər silahlı erməni vestübilə girdi, başlarında qara meşin şapka, əyinlərində qara meşin gödəkçə, qurşaqlarında və çiyinlərində patrondaşlar... Bellərində mauzer... Yan-yörələrində bomba sallanırdı. Başçıları qışqırdı: "Hacı küçəyə çıxmasın!", "Heç kəs binadan heç yerə gedə bilməz!". Sonra məni iki erməni qabağına salıb tələb etdi ki, həyətə düşüm. Müqavimət göstərməyin yeri deyildi: məni güllələməyə aparırdılar. Pilləkəndən düşəndə evin dördüncü mərtəbəsində yaşayan erməni milyonçusu Aruçevin qardaşı uşaqları Aşot və Saşa qaça-qaça özlərini çatdırıb məni ölümdən xilas etdilər. Onlar məni salona gətirib əhvalatı Hacıya xəbər verdilər və ehtiyatlı olmağı tapşırdılar".

   Milyonçu Aruçevlər Bakıya qaçqın gəlmişdilər. Atam evimizin üçüncü mərtəbəsində onlara beş otaq vermişdi. Aruçevlər varidatlarını otaqlara yığıb, özləri Kislovodskiyə getmişdilər. Əmisi evinə gəlmiş iki tələbə - Aşot və Saşa isə dördüncü mərtəbədəki ikiotaqlı mənzildə yaşayırdılar.

  Şəhərə gediş-gəliş kəsilmişdi. Bir ay idi bağda, intizar içində üzülürdük. Arada min cür qorxulu şayiə gəzirdi. Yollar qorxulu idi. Tez-tez atışma səsləri eşidilirdi... Soyğunçuluq, adam öldürmək, ev soymaq adi hal almışdı. Böyük bacım bir gün səhər tezdən mehtər Səmədə tapşırdı ki, faytonu qoş, şəhərə gedəcəyəm. Anam əl-ayağa düşüb onu qorxutdu, yolların xatalı olduğunu deyib buraxmaq istəmədisə, bacım qulaq asmadı: "Allaha pənah, nə olar-olar, gedəcəyəm", - deyib şəhərə yola düşdü. Sağ-salamat gedib çatır, görür ki, atam, qardaşım İlyas və Zeynalbəy evdədir. Bacım danışırdı ki, mən evə gələndən üç-dörd gün sonra aşağıdakı erməni gözətçilərdən bir nəfər gəlib bizi xəbərdar etdi ki, Hacı kabinetindən çıxmasın, o biri otaqlara keçməsin.

 Hacı Zeynalbəyi göndərir Nərimanın dalınca, çağırtdırır evə. Çox çəkmir Nəriman gəlir. Hacı ilə kabinetdə bir saata qədər söhbət edirlər. Doktor gedəndə deyir ki, Hacı xəstədir, dincəlməlidir, ona müalicə lazımdır.

  Hacı fabrikə telefonla sifariş verir ki, maşınlardan biri gəlsin. Üç maşınımız vardı, biri "Ford", ikisi də "Fiat".

   - Kommunistlərin Hacıya münasibəti necə idi?

   - Sovet hökuməti Hacıya çox hörmət edirdi. Onun Azərbaycanda maarif və mədəniyyət sahəsində, Rusiyada, İranda, Türkiyədə, Hindistanda, Misir və Ərəbistanda xeyriyyə işlərinə yardımını yaxşı qiymətləndirirdi. Atam İranda Səttarxanın adamlarına maddi kömək etmişdi. Sovet hökuməti qurulanda atama yalnız bir mənzildə - ya şəhərdə, ya da bağda qalmağa icazə vermişdilər. Atam yaşamaq üçün Mərdəkandakı aşağı bağımızı seçdi.

   Hökumət bizi köçürtdü aşağı bağa. Buradakı ikimərtəbəli binada yaşayırdıq. Binanın hər mərtəbəsində on dörd otağımız vardı. Kaşı ilə döşənmiş mətbəx, hamam, təndir. Darvaza yanındakı birmərtəbəli evdə bağban yaşayırdı.

   Xalq maarif komissarı Dadaş Bünyadzadə iki mühəndislə dəfələrlə bağa, Hacının yanına gəlirdi. Onlar mart hadisələri vaxtı daşnakların yandırdığı teatr binasının bərpa edilməsi barədə bir memar, bir bənna kimi məsləhətləşdilər. Bir gün də Hacının müsadirə edilmiş maşınında Sarabski, Mirzəağa Əliyev və Sidqi Ruhulla bağa gəldilər. Atama dedilər ki, onları hökumət göndərib. On səkkizinci ilin mart ayında yandırılmış teatrın binası təmir edilib qurtarıb, bərpa işləri başa çatıb. Tamaşa veriləcək. Sizi teatrın açılışına dəvət edirlər.

   Hacı dəvəti razılıqla qəbul etdi. Hacı ilə birlikdə yeznəmlə mən də getdim.

   Salon adamla dolu idi. Lojalarda, balkonlarda adam əlindən yer yox idi. Yer tapa bilməyənlər ayaqüstə dayanmışdılar.

   Ortadakı səhnə ilə üzbəüz ən böyük loja atamın, səhnədən sağ tərəfdəki loja isə anamınkı idi, arxa tərəfdə otaq da vardı, fasilə vaxtı anam rəfiqələrini bura dəvət eləyir, qəhvə içir, şirniyyat, meyvə yeyərdilər. Həmin otaqdan küçəyə xüsusi pilləkan düşürdü.

   Hacı lojaya girəndə hamı ayağa qalxdı, əl çala-çala başladılar qışqırmağa: "Hacı, sağ ol!" Hacı, var ol!" Atamın gözləri yaşardı, ayağa qalxıb əllərilə razılığını bildirdi və dedi: "Çox şadam ki, xalqım mənim vaxtilə onun üçün tikdirdiyim teatrı bərpa edib".

   Dadaş Bünyadzadə iclası açdı. Ruhulla Axundov qısa məruzə etdi. Çıxışlar da oldu. Dadaş Bünyadzadə qız məktəbinin şagirdlərindən ikisinə gül verib oturduğumuz ortadakı lojanı göstərib dedi: "Gedin, sizin üçün o məktəbi və xalq üçün bu teatrı açan babanızın əllərini öpün!".

   Qızlar gəldilər, Hacıya və mənə gül verdilər. Atamın əlini öpdülər, o da qızların saçlarını tumarladı".

  

   "Buxara Əmiri məni oğluna almaq istəyirdi. Atam razı olmadı"

  

   - Həyatınızın çox təmtəraqlı keçdiyini hamı bilir, yüzlərlə rəngarəng məclislərin, ziyafət, qəbul, təntənə, dəbdəbənin şahidi olmusuz. Ürəyinizdə ən dərin iz buraxan, həmişəlik yadınızda qalan və ən əziz xatirə nəyi hesab edirsiniz?.. Bu suala cavab verməyə də bilərsiz...

   - Hələ ötən əsrin doxsanıncı illərindən Buxara Əmiri Seyid Mir Əbdül Əhəd xan hər il Qafqaz mineral sularında müalicəyə gedirdi. Onun yolu Bakıdan keçir və hər dəfə gedəndə də, qayıdanda da rəiyyəti ilə bərabər bir neçə gün şəhərimizdə qalır, neft mədəninə, toxuculuq fabrikinə, ayrı-ayrı zavodlara, Mərdəkandakı bağbanlıq məktəbinə, Bibiheybət məscidinə, teatra və digər yerlərə gedirdi.

   Türküstandan gələndə Əmiri "Qafqaz-Merkuri" körpüsündə dövlət adamları - qubernator, onun müavini, liman rəisi, vitse-admiral, hərbi hissə komandiri, şəhər komendantı, bələdiyyə rəisi, polismeyster və digər rəsmi yüksək mənsəb sahibləri qarşılayardılar.

   Körpüyə xalı-xalça döşənər, çox yerdə rus və Buxara bayraqları sancılardı, hərbi orkestr marş çalar, kazaklardan ibarət fəxri qarovul dayanardı; nitqlər söylənərdi. Atamın Avropadan gətizdirdiyi təkərləri qalın yumşaq üfürmə rezinli kolyaskasında Əmir kazan eskorti müşayiətində iqamətgahına yollanardı. Eyni təntənəli mərasim xüsusi sürət qatarı ilə Şimali Qafqaza gedəndə və geri qayıdanda təkrar edilərdi. Əmiri qarşılamaq və yola salmaq üçün bəzən Tiflisin komendantı da Bakıya gələrdi. Əmiri bir rus generalı, bir rus həkimi, Şıxəlibəyov adlı dilmanc, iyirmidən çox yüksəkrütbəli Buxara əyanı və zadəganı müşayiət edərdi. Bütün mərasimlərdə İran konsulu Mirzə Mehdi xan da iştirak edərdi. Buxara əmiri hər dəfə Bakının bir neçə nəfər yüksəkrütbəli mənsəb sahibinə, milyonçulara və hətta adi adamlara bir dərəcəli, iki dərəcəli qızıl və gümüş Buxara "Ucalan ulduz" ordeni və digər Buxara medalları bağışlayardı. Atama və ana babam general-mayor Ərəblinskiyə də birinci dərəcəli "Ucalan ulduz" qızıl ordeni verilmişdi. Hacıya arxa tərəfində xoş sözlər həkk edilmiş iri, çox qiymətli bir qızıl saat da bağışlamışdı.

   Onun ixtiyarına verilən kolyaska Əmirin çox xoşuna gəlmişdi. Atam həmin kolyaskanı bütün mayətacı, atları və mehtərilə Əmirdən xəbərsiz Buxaraya hədiyyə göndərdi (Mehtər Buxarada qala bilməyib, doğma Bakıya qayıtmışdı).

   Buxara əmiri Birinci Dünya müharibəsindən bir il əvvəl Bakıya qonaq gəlmişdi. O qədər qiymətli hədiyyələr gətirmişdi ki, deməknən, saymaqnan başa gələn deyil. Topal Teymurun vaxtının yadigarı boyunbağı, təsbeh, mayıl, belbağı, kəmər, Türküstan qumaşları, parçalar...

  

   Məclisə Bakının ən kübar, zəngin ailələri toplaşmışdılar.

  

   Yaşımın az olmasına baxmayaraq Əmir elçi gəlmişdi; məni oğluna nişanlamaq istəyirdi və deyibmiş ki, Hacı, necə məsləhət görsəniz, nə vaxt istəsəniz, toyu onda edərik. Neçə il desəniz gözləməyə hazırıq. Buxara şairi məni çağırıb, zərli-zibalı çapanın qoltuğundan çıxardığı uzunsov brilyant qaşlı üzüyü barmağıma taxmaq istədi. Barmağım nazik, üzük iri - qoydu ovcuma. Elə bil ovcumda ulduz parıldayırdı... Üzüyün qaşı ən azı iyirmi karat olardı. Şəfəqdən göz qamaşırdı.

    Atam Buxara Əmirinin xahişini rədd etdi, dedi ki, mən qürbətə, Bakıdan kənara qız vermərəm, övladlarım gözümün qabağında olmalıdır... Buxara Əmiri üzüyü dala almadı...

  

   "Nuru paşa atama ağız açıb mənimlə evlənmək istədiyini demişdi"

  

   İkinci əhvalat 1918-ci ilin oktyabr ayında baş vermişdi. Adı dillər əzbəri İslam türk ordusunun baş komandanı general-leytenant Nuru paşa Bakını almışdı. On dörd, on beş yaşım vardı. Hər şeyi başa düşürdüm. Romantik, şairanə, əfsanəvi arzularla yaşayırdım. Paşa neçə dəfə evimizdə ziyafətdə olmuşdu. Bağımıza gəlmişdi... İslam türk ordusu on səkkizinci ildə, sentyabr ayında Bakını alandan sonra Nuru paşa Təzəpir məscidində çıxış etdi. Ətraf küçələr, məscid həyəti adamla dolu idi, adam əlindən tərpənmək olmurdu, məscidin içərisinə isə yüksəkrütbəli türk zabitləri, paşalar, müsavat hökuməti ərkanı, milyonçular, kübarlar, ruhanilər yığışmışdılar. Mən də arvadlar üçün ayrılan yerdə pərdə arxasında idim. Nuru paşa hər iki tərəfinə iki qara ələm sancılmış minbərə qalxdı. Fəsahətlə, təmkinlə atəşin danışdı. Ucaboy, gözəgəlimli, bir qədər arıq adamdı. Gözəl, mərdanə üzü, zəkalı gözləri vardı, əyninə türk paşası hərbi libası geymişdi, şinelinin yanlarına parıldayan düymələr düzülmüşdü. O danışanda məscid sükuta qərq olmuşdu. Gözlərimdə, elə hamının nəzərində qeyri-adi qəhrəman sayılırdı... O da Hacıya ağız açıb mənə evlənmək istədiyini demişdi... Atam ona da Buxara Əmirinə verdiyi cavabı vermişdi.

   Onun şərəfinə yay klubunda (Filarmoniyada) böyük ziyafət verildi. Orkestrin çaldığı havalar yeddi məhəllədə eşidilirdi. Küçədən başlayaraq yerə xalı-xalçalar döşənmişdi. Aləm çıraqban idi.

   İki gün sonra Opera Teatrında da təntənə oldu. Paşalar teatra hərbi avtomobillərdə gəldilər. Bina ağzına qədər adamla dolu idi. Orkestr xüsusi bəstələnmiş milli marş çalırdı.

   Nuru paşanın atası Hacı Əhməd Bakıya gəlmişdi. İki nazir onu qarşılamaq üçün Ələt stansiyasına yollandılar. Bakıda minlərlə adam pişvaza çıxmışdı. Ayrı təntənə idi. Neft milyonçusu "Sovet siyezdi"nin rəisi Qukasov qonaqlara ermənilər adından xoş gəldin elədi.

   Nuru paşa evimizdə ziyafətdə olanda bir neçə türk şeiri oxudu. Oxuduğu bir nəğməni elə o dəqiqə əzbərlədim. Özü də oxuyanda kədərləndi. O şərqi indi də yadımdadır:

  

   Mavi Tuna axmam deyer,

   Sahilimdən çıxmam deyer.

   Adı gözəl Qazı Osman

   Plevnadan çıxmam deyer.

     

   Adım Sürəyyaya uyğun bir şeir də oxuyardı, özü də sevinə-sevinə, gülərüzlə, o da yadımdadır:

  

   Çox qədim zamanlarda

   bizim ana Turanda

   Lahüdud Türküstanda

   O müqəddəs torpaqda

   Bir Pəri qızı varmış

  

   İsmi Sürəyya imiş,

   Sevgilər ulduzu imiş,

   İgidlər qibləsiymiş...

   

   - Bəxtəvər günlər. Eh!!! - O, astadan, lakin çox hərarətlə, elə ürəkdən danışırdı ki, elə bil on illər ərzində qorxudan hamıdan, öz-özündən belə gizlətdiyi, yadına salmağa qorxduğu əziz xatirələri danışıb, ürəyini boşaltmaq, heç olmasa, öz ağzından eşidib xəyalən o zamanlara qayıtmaq istəyirdi. Səsi səlis və ahəngdar idi. Mənə elə gəldi ki, kədər dolu gözləri başımın üstündən o uzaq keçmişə, o təntənəli, dəbdəbəli mənzərəyə, ehtişama baxırdı. Dərindən ah çəkib dedi:

  

   "Hey gidi dünya... Təlatümlü, vəfasız dünya...

  

   ...Birdən qonşu otaqdan radionun səsi gəldi. Xan Şuşinskinin məlahətli səslə oxuduğu mahnı qanadlandı:

   

   Saçın ucun hörməzlər,

   Səni mənə verməzlər...

   Əyil üzündən öpüm

   Qaranlıqdır görməzlər,

  

   Ay gülüm, bülbülüm, sənsən, mənim öz gülüm.

  

   Qızıl gül oyum-oyum

   Dərim sinənə qoyum...

   Yağış yağar yer doymaz

   Mən səndən necə doyum...

  

   Ay gülüm, bülbülüm, sənsən, mənim öz gülüm.

    

   Bayaqdan bəri Sürəyyanın gözlərində oynayan gülab qədər saf, şəffaf yaş damcıları yanaqları ilə üzüaşağı yuvarlanmağa başladı.

 

 

   Şərq.- 2012.- 14 aprel.- S. 16.