Hökumət əlillərin sosial vəziyyətini diqqətdə saxlayır

 

Bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də fiziki qüsurlu vətəndaşlar var. Onlar arasında anadangəlmə belə doğulanlarla yanaşı, sonradan bədbəxt hadisələr nəticəsində bu statusu alanlar da mövcuddur. İlk növbədə hüquqları qorunacaq şəxslər məhz bu cür insanlardır. Belə insanların cəmiyyətdə mövqeyi digərlərinə nisbətən məhduddur. Məlumat üçün deyək ki, respublikada bu qəbildən olan insanların sayı 450 mindən çoxdur. Əlil uşaqların sayı isə 57 999 nəfərdir. Həmin uşaqlardan 6000-i inklyuziv təhsilə cəlb olunub. Lakin 11000-i evdə təhsil alır. 30 000-ə yaxın əlilliyi olan uşaq isə təhsildən hələ də kənarda qalıb. Konstitusiyada əlillərin hüquqlarını qoruyan 28 maddə mövcuddur. Konstitusiyaya əsasən, hər bir fiziki qüsurlu şəxsin reabilitasiya, sosial müdafiə, təhsil (xüsusi təhsil), məşğulluq, təhlükəsizlik, tibbi sığorta, psixoloji yardım və s. kimi hüquqları qorunur və təmin olunur.

 Eyni zamanda, bəzi əlillər üçün nəzərdə tutulmuş təşkilatlar da mövcuddur ki, orada qüsurlu insanlar eyni fiziki səviyyədə olan insanlarla ünsiyyət qura və müəyyən layihələri həyata keçirə bilər. Bundan başqa, dövlət səviyyəsində əlillərin həyat şəraitinin yaxşılaşdırılması üçün müəyyən qərarlar qəbul edilirbu istiqamətdə tədbirlər həyata keçirilir.

 Qeyd edək ki, ölkəmiz BMT-nin Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulub. Bu Konvensiyaya qoşulan ölkələr əlillik əlamətinə görə, hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin hüquqlarını və azadlıqlarını təmin etməyə borcludurlar. Buna misal olaraq deyə bilərik ki, 2009-cu ildə əlillərin hüquqlarının beynəlxalq standartlar səviyyəsində təmin olunması üçün 2009-2012-ci illəri əhatə edən dövlət proqramı layihəsi hazırlanıb. Həmin qərara əsasən, əlillərin sosial müdafiəsi beynəlxalq standartlara tam uyğun olmalıdır. Proqramda əlillərin müalicəsi, məşğulluğu, sosial problemlərinin həlli, onlara kreditlərin və subsidiyaların verilməsi nəzərdə tutulur.

  Habelə istedadlı əlillərin aşkara çıxarılması və onların beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi, onların idmanla yaxından məşğul olması və olimpiadalarda təmsil olunması da proqrama daxildir. Proqramda əlillər üçün idman-sağlamlıq mərkəzlərinin tikintisi, iri şəhərlərdə əlillərin sərgilərinin təşkil edilməsi də öz əksini tapıb. Həmçinin, Nazirlər Kabineti də "2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi" barədə dövlət proqramını təsdiqləyib. Proqramda əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası ilə bağlı müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur. Bura onların xarici ölkələrdə reabilitasiyası, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, sanatoriya-kurort müalicəsinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi daxildir. Bundan başqa, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə texniki yardım göstərilməsi, əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması da nəzərdə tutulur.

   Məlumat üçün bildirək ki, əlillik təqaüdü ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada iştirak etmək və s. səbəblərə görə verilir. Əgər əlillik hərbi xidmət zamanı baş verirsə, onda bu məbləğ daha çox artır. Statistikaya görə, hər üç adamdan biri əlillik təqaüdü alır. Son on il ərzində əlil təqaüdçülərin sayı isə iki dəfə artıb. Araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda hər min nəfərə 34 əlillik təqaüdü alan düşür.

   Məsələ burasındadır ki, ölkədə saxta əlillər də mövcuddur. Dövlətin cibindən 5-10 manat qoparmaq naminə üzərinə istənilən adı götürməyə hazır olan şəxslər, müxtəlif yollarla özlərinə əllilik vəsiqəsi düzəltdirirlər. Nə yazıq ki, bu cür "əlillər"in sayı bir-iki deyil, minlərlədir. Ölkədə yaşa görə pensiya alanların sayının artımı əlilliyə görə pensiya alanların artım göstəricilərini üstələyib. Ümumiyyətlə, dəqiqləşməyən məlumata görə, ölkədə 12 mindən artıq saxta əlil var. Hazırda həqiqətən də əlil olan insanların xeyli sayda olmasına baxmayaraq, özünü "əlilliyə" vurub bu statusun "çörəyini" yeyənlər daha çoxdur. Çünki saxta əlillik kitabçası almaq bir o qədər də müşkül məsələ deyil. Bunun üçün ancaq müəyyən miqdarda pul tələb olunur. Reallıq bundan ibarətdir ki, bəzi həkimlər səni "şirinlik" qarşılığında "əlil" edə bilər. Qeyd edək ki, əlillər arasında 2-ci qrup əlillərin sayı daha çoxdur. Çünki 2-ci qrup əlillik vəsiqəsi daxili xəstəliklərə görə verilir.

   Əvvəllər insanın əlil olmasına ambulator müayinələr əsasında qərar verilirdi. İndi isə xəstələr müasir tibbi avadanlıqlarla ətraflı müayinə olunaraqümumi nəticə əsasında müvafiq rəy verilir. Əlillik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir. Bunun üçün yaşayış yeri üzrə tibbi-sosial ekspert komissiyasına səhiyyə müəssisəsinin göndərişi (88N-li forma) və şəxsiyyət vəsiqəsi təqdim olunur. Həmin sənədlərlə tibbi-sosial ekspert komissiyasına müraciət edən vətəndaş komissiya tərəfindən müayinə edilirbundan sonra vətəndaşa əlillik dərəcəsi təyin edilib-edilməməsi barədə qərar çıxarılır. Onu da qeyd edək ki, vətəndaşların qəbulunu asanlaşdırmaq və onlara göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə zona tibbi-sosial ekspertiza komissiyalarının sayı da 22-dən 38-ə qədər artırılıb. Bir məqamı da unutmaq olmaz ki, hər il əlillik dərəcəsini təsdiq etdirmək üçün təkrar tibbi ekspert komissiyasından keçmək lazımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də bildirdilər ki, indi əlillik vəsiqəsi almaq o qədər də çətin deyil. "Hər hansısa bir şəxs onun əlilliyini təsdiq edən sənədi aidiyyəti quruma təqdim edərək əlillik vəsiqəsi ala bilər. Əlillik dərəcəsinə uyğun da pensiyasını ala bilər". Nazirlik işçisindən "yalançı" əlillik vəsiqəsi ilə bağlı yaşanan problemə də aydınlıq gətirməsini istədik. Onun sözlərinə görə, belə bir şey mümkün deyil: "Əlil olmayan şəxsə əlillik vəsiqəsinin verilməsi mümkün deyil".

  Qeyd etmək yerinə düşər ki, əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi, o cümlədən "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş, ümumilikdə, son illərdə 10-a qədər yeni hüquqi normativ akt qəbul edilib. Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Respublika prezidenti tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının və sosial müavinətlərin məbləği, demək olar ki, hər il artırılır.

  Aidiyyəti nazirlik tərəfindən əlillərin fərd kimi ictimai həyatda iştirakını, səhiyyə, təhsil, məşğulluq və inkişaf resurslarından, maddi rifahdan istifadəsini məhdudlaşdıran sosial maneələrin müəyyənləşdirilməsi ilə bağlı monitorinqlər təşkil edilir. Bununla yanaşı, milli qanunvericiliyin Konvensiyanın tələblərinə uyğunluğunun təmin edilməsi və Konvensiyanın müddəalarının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə müxtəlif dövlət orqanları və aidiyyəti təşkilatlarla müvafiq işlər aparılır. Eyni zamanda, hər bir əlilin öz şəxsi həyatında mühüm qərarlar qəbul etməkdə yeganə məsul şəxs olması barədə ictimaiyyətdə pozitiv təsəvvürlər formalaşdırmaq, onların potensialını təbliğ etmək, hüquq və ləyaqətlərinə hörmət aşılamaq məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.

  Ölkəmizin səhiyyə sisteminin getdikcə təkmilləşməsi, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması əlilliyin artım tempinin azalmasına müsbət təsirini göstərmişdir. Belə ki, son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınıb, reabilitasiya göstəricisi 6 faizə qədər yüksəlib.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, sosial siyasətin həyata keçirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədi ilə prezident tərəfindən 16 fevral 2011-ci il tarixdə fərman imzalanıb və nazirliyin mərkəzi aparatının struktur bölməsi kimi Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi yaradılıb.

   Şöbə əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək Proqramların və sosial layihələrin, əlillərin sosial müdafiəsinə dair normativ hüquqi sənədlərin, təlimatı metodiki göstərişlərin işlənib hazırlanması, əlillərin ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması, onların öz fərdi maraq və qabiliyyətlərinə uyğun dolğun həyat sürməsi üçün mühüm sosial adaptasiya tədbirlərinin reallaşdırılması, əlil ictimai təşkilatlarla qarşılıqlı işin təşkili istiqamətində fəaliyyət göstərir.

   2011-ci ildə respublikada tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi, əlillərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində kompleks şəkildə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

   Respublikada əlilliyin səviyyəsi, reabilitasiya işinin vəziyyəti onlara göstərilən diqqət və qayğı bir çox hökumət və qeyri-hökumət təşkilatlarının, əlaqədar nazirliklərin birgə fəaliyyətindən çox asılıdır. Bu sahədə işin düzgün təşkili üçün dünya ölkələrinin təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatlarla lazımi işin aparılması vacib məsələlərdəndir.

  

 

   Firdovsi Fərzəliyev

 

   Şərq.- 2012.- 17 aprel.- S.11.