AzTV lətifələri
Oxuculara təqdim olunan
bu lətifələrin müəllifi bu dəfə də
Eldar Baxışdır. Məzəli hadisələrin baş
verdiyi məkan isə heç vaxt, heç zaman dəyişməz
qalan AzTV-dir. Tanrıdan Eldar Baxışa rəhmət diləyərək,
lətifələri olduğu kimi Sizlərə təqdim edirik.
Təbliğatçı
Sədrimiz Qurban Yusifzadə Qərbi
Almaniya səfərindən sonra qayıdıb gəldi və
camaatı akt zalına toplayıb dedi:
- Siz bu almanları tərifləyirdiniz,
bunlarda ağıl yoxmuş ki...
- Niyə?
- Niyəsi budur ki,
gedib ora çatan kimi məndən soruşdular:
"Haralısan?" Dedim: "Bakıdan - Azərbaycandan".
Dedilər "Əgər Bakıdansan, Azərbaycandansan, deməli
türksən". Dedim: "Azərbaycanlıyam". Dedilər
"Yox, türksən". Mən nə qədər
çalışdım, vuruşdum, sizin ağıllı
bildiyiniz almanları başa sala bilmədim ki, mən türk
deyiləm, azərbaycanlıyam.
İdarəmizin həmişə
qışqıranları yenə
qışqırışdılar:
- Sonra?
Qurban müəllim
dedi:
- Bizi bir türk kimi
mindirdilər avtobusa, apardılar türklərin
yaşadığı şəhərə. Dedilər ki, görün
bizim türklər necə yaşayır. Yəni sovet türkləri.
Həmişə
soruşan adamlar yerlərdən soruşdular:
- Şəhər necə şəhər idi?
Qurban müəllim
dedi:
- Zibil. Bizim Sumqayıt
kimi bir yer idi.
Ölü
Kollegiya zalında iclasların
birində sədr Qeysər Xəlilov mənim adımı
çəkib soruşdu:
- Ha indi,
burdadımı Eldar Baxış?
Əyləşdiyim
yerdəcə dedim:
- Burdadı.
Həmişə
qışqıran adamlar yerlərdən
qışqırışdılar:
- Dur ayağa, kişi
görsün!
Məcbur olub durdum
ayağa. Qurban müəllim... Bağışlayın, Qeysər
müəllim soruşdu:
- Siz o ölən Hafiz
Baxışsınız?
- Mən ölən
Hafiz Baxış deyiləm, diri Eldar Baxışam. Allah
ölülərin hamısına rəhmət eləsin, biz də
onların içində.
Dedi:
- Allah rəhmət eləsin...
...Bir neçə
gündən sonra Qeysər müəllim məni
çağırdı ki, yeni il verilişi hazırlamaq
lazımdı, ha indi, mən istəyirəm ssenari müəlliflərindən
biri olasız.
Dedim:
- Yox.
Dedi:
- Camaat ölür mənim
təkliflərimdən yana, amma siz...
Dedim:
- Mən yaza bilmərəm
o ssenarini.
Soruşdu:
- Niyə?
Dedim:
- Ona görə ki, mən
ölmüşəm.
Topçu
günü
Yuxarıdan radioya zəng eləyiblər
ki, filan günü topçu günüdür, gərək
topçulara həsr olunmuş bir Azərbaycan mahnısı
verəsiniz.
Radioçular deyiblər:
- Axı topçular
gününə həsr olunmuş Azərbaycan mahnısı
yoxdu, biz olmayan şeyi necə verək?
Yuxarıdan deyiblər:
- Verməlisiniz, vəssalam!
Göstəriş belədi!
Filan gün - yəni
topçular günü radioçular əlacsız qalıb qədim
bir mahnı veriblər. O mahnı ki, bu misralarla
başlayır:
Qalada yatmış
idim,
Top atdılar
oyanmadım...
Qrip
Foyedə rəhmətlik
Səməndər Rzayevlə qarşılaşdıq,
gördüm möhkəm xəstədi,
baş-gözünü bürüyüb.
Dedim:
- Noolub?
Dedi:
- Qrip.
Dedim:
- Get evə, kəkotu
çayı iç, ayağını qoy isti suya,
başını ver buxara.
Dedi:
- Yaxşı.
Biz ayrıldıq. Səməndər
getdi və elə mən də getmək istəyirdim ki,
diktorlardan biri yapışdı qolumdan. Salamlaşdıq,
görüşdük. Gülüb dedi:
- Səməndərə
yaman məsləhət verirdin ha!
Dedim:
- Neyləyim,
görmürsən nə gündədir?
Dedi:
- Ə, qoy olsun da...
Qoy xəstələnsin, biz də bir az oxuyaq, biz də bir az
qazanaq.
Gediş
Soruşdular:
- Sədr Məmməd
İsmayıl nə vaxt gedir? Doğrudanmı gedir? Sən
şair, o şair, yəqin bilərsən.
Dedim:
- Gedir, hər gün
gedir.
Soruşdular:
- Hər gün, yəni
nə vaxt?
Dedim:
Hər gün səhər
və axşam...
Dedilər:
Başa düşmədik.
Dedim:
Burda başa düşməməli
nə var ki,.. hər gün səhər Məmməd
İsmayıl evdən çıxıb gedir işə. Hər
gün axşam işdən çıxıb gedir evə.
Gedir, vallah, gedir!
Başı kəsik
Bir gün toplantıların
(letuçkaların) birində Qaçay Köçərli
haqlı olaraq bir cümlədən yapışıb dedi:
- Ə, qardaş, bu nə
cümlədi? Bu nə xəbərdi? Bu nə mübtədadı
belə?
Cümlə yiyəsi
soruşdu:
- Necə xəbərdi?
Necə mübtədadı?
Qaçay dedi:
- Belədi ki, elə
bil toyuğun başını kəsib atmısan bir yana, bədənini
o biri yana.
Qaçay bunu deyib,
üz tutdu Rafiq Savalana:
- Düzdümü,
Rafiq Savalan?
Rafiq dedi:
- Düz
olmağına düzdü, amma bir şey var ki, toyuq elə
başıkəsik yaxşıdı.
Yoxsulluq
Radionun ədəbiyyat
redaksiyasında işləyəndə məndən də
kasıb bir şair mənə zəng eləyib dedi:
- Bir şüşə
konyak bağışlayıblar mənə. Yeməyini al, gedək
yeyək, içək, dərdləşək.
Dedim:
- Məndə pul yoxdu,
qoy İbrahim Göyçaylıya deyim, görək neyləyir?
Sən də bir azdan yenə zəng elə.
Dedi:
- Yaxşı.
Dəstəyi qoyub, məsələni
necə var, eləcə İbrahimə danışdım.
İbrahim çox düşünüb, daşınıb,
axırda dedi:
- Saxlayaq sabaha.
Soruşdum:
- Niyə?
Dedi:
- Bu gün
içkisini təşkil eləyib, sabah da yeməyini təşkil
eləsin, gedək, yeyək, içək, dərdləşək.
Bebe
Sədr İmran Mirzəyev
rus və erməni redaksiyalarını birləşdirib,
adını da qoyub "Dostluq" redaksiyası. Buna etiraz əlaməti
olaraq rus redaksiyasının baş redaktoru Natan Zorin gəlib
İmran müəllimin yanına, deyib:
- İki redaksiyanı
niyə bir redaksiya eləmisiz?
İmran müəllim
başını qaldırıb, diqqətlə baxıb Natan
Zorinin üzünə və deyib:
- Bilirsiniz nə var,
be-be!
Natan Zorin soruşub:
- Nə?
Sədr deyib:
- Be-be!
Natan Zorin deyib:
- Başa düşmədim.
İmran müəllim
deyib:
- Yəni, bas
bayıra!
Xəbərlər
Qəzetçi Nizami Təhməzov
gəlib "Xəbərlər" redaksiyasının
baş redaktoru Valid Sənaninin yanına:
- M-m-məni də
i-şə götür.
Valid Sənani deyib:
- Götürərdim,
heyif ki, dilində bir balaca qüsur var.
Nizami deyib:
- "Xəbərlər"də
nə d-dil, nə d-danışıq?.. Bir cümlə ilə
d-deyirsən: "Söz verilir f-filan kolxozun, ya s-sovxozun
d-direktoru Filankəsov Filankəs Filankəs oğluna və...
Valid Sənani
soruşub:
- Sonra?
Nizami deyib:
- Sonra da qoy k-kolxozun sədri,
ya s-sovxoz direktoru nə deyir desin.
Bethoven əhvalatı
Sovetlər birliyinin xarici
dövlətlərlə münasibətlərinin kəskinləşdiyi
bir dövrdə sədr Qurban Yusifzadə Təbliğat
Baş Redaksiyasından tutmuş, Musiqi Baş Redaksiyasına qədər
bütün redaksiyalara tapşırıb ki, xariclə
bağlı nə verəcəksinizsə əvvəlcədən
gətirin mənə göstərin.
Tapşırığın səhəri günü Musiqi
Baş Redaksiyasının baş redaktoru cəld tərpənib
ay ərzində efirdə gedəcək xarici bəstəkarların
adlarının siyahısını gətirib qoyub Qurban müəllimin
stolunun üstünə.
Qurban müəllim siyahını
başdan ayağa, ayaqdan başa nəzərdən
keçirib və Bethovenin üstündə dayanıb:
- Bu kimdi?
Baş redaktor
çaşıb deyib:
- Bethovendi...
Qurban müəllim
soruşub:
- Haralıdı?
Baş redaktor deyib:
- Almandı...
Qurban müəllim
deyib:
- Alman olduğunu bilirəm.
De görüm Almaniya Demokratik Respublikasındandı, yoxsa
Almaniya Federativ Respublikasından?
Qoçaqlıq pis
şeydi
Sədrin radio üzrə
müavini Cəmil Əlibəyov "Ədəbiyyat və
İncəsənət" Redaksiyasının baş redaktoru
rəhmətlik Rauf İsmayılovu cavan bir jurnalistlə
tanış eləyib deyib:
- Bu cavan oğlanın
qələmi var, sizin redaksiyada da yer var. Ancaq mən istəyirəm,
bu cavan oğlanı sizin o redaksiyadakı yerə götürməmişdən
əvvəl yoxlayaq.
Rauf müəllim o yerə
ayrı adam götürmək istədiyindən,
könülsüz-könülsüz deyib:
- Nə deyirəm,
yoxlayaq deyirsən, yoxlayaq.
Rauf müəllim
oğlanı götürüb, otaqdan çıxıb və
elə qapının dalındaca oğlana elə bir iş
tapşırıb ki, bu işi on günə görmək
olmazmış.
Oğlan on günə
görülə biləcək bu işi bir gündəcə
görüb və səhər tezdən kəsdirib Rauf müəllimin
qapısının ağzını. Rauf müəllim deyib:
- A, bala bu nədi belə?
Mən sənə iş tapşırmışam, sən də
o işin dalınca getmək əvəzinə, səhər-səhər
gəlib kəsdirmisən mənim qapımın
ağzını. Yox, belə getsə, biz səni işə
götürə bilməyəcəyik.
Oğlan deyib:
- Rauf müəllim, mən
elə-belə gəlməmişəm ey, siz deyən işi
görüb gəlmişəm.
Rauf müəllim
görüb doğrudan da oğlan onun
tapşırığını yerinə yetirib, özü də
əməlli-başlı.
Bu dəfə Rauf
müəllim götürüb oğlana daha ağır
tapşırıq verib, elə bir tapşırıq ki, bu
işin öhdəsindən azı bir aya gəlmək
olarmış.
Oğlan bu
tapşırığı da bir günə yerinə yetirib və
əvvəlki qaydada səhər tezdən yenə kəsdirib
Rauf müəllimin qapısını deyib:
- Buyurun, bu da sizin istədiyiniz
yazı.
Rauf müəllim bir
oğlana baxıb, bir yazıya baxıb, bilməyib neyləsin.
Elə bu vaxt Allahdan
olan kimi Cəmil müəllim böyürdən
çıxıb, soruşub:
- Hə, Rauf müəllim,
necə oğlandı bu oğlan?
Rauf müəllim bir
az duruxub deyib:
- Yaxşı
olmağına yaxşıdı, istedadlı olmağına
istedadlıdı, qələmli olmağına qələmlidi,
amma...
Cəmil müəllim
soruşub:
- Ammasını de.
Rauf müəllim
deyib:
- Amma çox qoçaqdı
ey, həddən artıq qoçaqdı.
Vaxt
Gözəl rejissor Kərim
Kərimov gözəl televerilişlər çəkdiyi kimi,
gözəl də araq içir.
Günün hansı
vaxtı olur-olsun, Kərim Kərimovdan soruşanda ki, saat
neçədi, Kərim bəy arağa işarə vurub deyir:
- Vaxtdı, qədeş!..
Ovçarka
Şirkətdə
kaset oğurluğu başladı, nə başladı. Bir
gün bizim otaqdan kaset oğurlandı, başqa gün
başqa otaqdan, o biri gün o biri otaqdan, belə-belə iş
böyüdü.
Günlərin bir
günü sədr Məmməd İsmayıl toplantıda (letuçka)
dedi:
- Kaset oğurluğu bu
cür davam eləsə, mən məcbur olub, ovçarka gətizdirəcəyəm
oğrunu tapsın. Yoxsa, bu cür olmaz...
Bu cür oldu, bundan da
betər oldu, oğrular kiçik kaset oğurluğundan
keçdilər böyük kaset oğurluğuna.
Növbəti toplantıda
Məmməd İsmayıl daha acıqlı, daha əsəbi
halda camaata üz tutub dedi:
(Davamı gələn şənbə
sayımızda)
Şərq.- 2012.- 21 aprel.- S.19.