"...bu şəhərdə hər şey qürbətdəki kimidi"

 

    Şükür Şənol çox fərqli düşünüb yazır. Özünü şair sanmır. Deyir mən yazaram - post modern yazar. O hesab edir ki, əslində vərəqə köçürdükləri roman və povestlərin əsl materialı ola bilər. Şənol bu cür yazı üslubu ilə şeirin şəklini çəkdiyini deyir. Onun "Hansı şair güclüdür?" dartışmasına özünəməxsus baxışı da var. "Mən Ramiz Rövşəndən, Akif Səməddən artıq yazmıram. Amma onlardan əskik də yazmıram. Bütün yaxşılar yaxşıdır. Qoy həmişə yaxşı olsun!" Beləliklə budəfəki poeziya səhifəmizin sahibi Şükür Şənoldur.

  Şükür Şənolun kitabına erkən gənclik illərindən yeni yüzilliyin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir. "Ağ qoç, qara qoç" ( 1988 ), "Nə gözəl onu andı, sevdi, düşündü hər türk" ( 1989 ), "Son bahar rüzgarları" ( 1999 ), "...aranızdakı bir mələk" ( 2007 ), "...bu eşqin bir anlamı" (2007 ), "Yüz ildən bir sətir" ( 2009 ) və s. əsərləri təsdiqləyir ki, müəllif fərqli, dəyişik və qeyri-adi ifadə tərzi ilə özünə xas bir üslubun sahibidir.

   Bənzərsiz, səlis, axıcı yazı dəst-xətti olan Şükür Şənolun yaşam dünyası ilə şeirləri iç-içədir, o, mövzunu gerçək həyatdan alır.

  

   Yüz ildən bir sətir qardaşım Arifin əziz xatirəsinə

  

   ...yurd yerlərimiz Qarabağ

   otuz iki Cavanşirin bir tirəsindən

   atamız Alıoğlu Şükürün soyundan

   anamız Arazın qarşı yaxasından

   bir güneyli Xosrovoğlu Fərəcin

   sonbeşiyi Tutu bəyim

  

   1900-lərin

  

   üstünə gələn yüz ilin yolçuları

   obamız Qızılbaş çölünün

   çiynindəki Bəhmənli söyləyim...

  

   o yüz ilin əvvəli

   atəş, qurşun, inqilab

   hədəfində məsum, ahıl qadın

   sonralar xatırlanan

   güllələnmə sürgün

   ağır, uzun bir savaş

   o zamana bağlı sənin adın...

  

    sənnən dünyaya gələn çocuqlar

    1941-1945-lərə

    üç, dörd yaşında girdilər

    hər sabah, hər axşam istədiyiniz

    dil-qəfəsə qoymadan dediyiniz

    təndir çörəyi

    sac yayması vardı təhnədə

    ananızın çöllərdən

    ətəyində gətirdiyi

    şomun, salmanca yediyiniz

    aclıq xəstəlik zamanında

    umudunuz şirin xəyallarınız oldu

    adına həyat deyilən bu səhnədə...

  

    amma o böyüklərin

    yapdığı savaş və qavğa

    sonda əyildi analara

    bir siz çocuqlara

    şox şükür böyüdünüz

    doqqaz, qapı başından

    bir çağıran olanda

    6 sız çıxdınız qabağa...

  

    sonralar

    sən məmləkətin baş kəndində

    universitet tələbəsi idin

    dostların Əşrəf Seyran Səxavət

    imzan gənc yazarlar sırasında

    çox illər fərq vardı yaşımızda

    mən, daha bir kiçik qardaşın

     bir bacın

    kənddə ayları, illəri qovurduq

    qohum, qonşular arasında...

    namız uşaqlıq illərindən

    on yeddi il atasız qalmağından

    acılarla dolu hekayələr danışardı

    sanki anamızın qəlbində

    qələmə almaq istədiyi

   "Arifin atasız illəri" adlı

     bir kitab, bir roman vardı...

     ilk gəldiyim gündən sənin bildim

     yaşıl zeytun ağacları

     ətri iydə çiçəyi

     sahil bağları olan şəhəri

     sənə görə doğma oldu mənə də

     mavi Xəzərin sahilindəki

     bu yerin sakinləri

     kimsə istədi, istəmədi

     hər tərəfə uçan alapaxtaları və sərçələri...

     indi sənsiz

     bu şəhərdə hər şey qürbətdəki kimidi

     səni sevənlərin yollarına

     düşən solğun yarpaqlar

     artıq paramparça olan

     yarpaq-yarpaq ürəyimin sarı simidi...

     

     Sənsizliyin mənim üçün olduğunu

     heç kimsə görməz, eşitməz,

     duymazmı bunu

     anladığım o ki

     yox bu fani dünyanın önəmi

     hamı gedir eyni əbədiyyət yolunu...

  

     bu bizim köçdü

     öncə Siz yola çıxdınız

     atam, anam, oğlum və qardaşım sən...

 

   12 dekabr 2009

  

   Ağ qoç, qara qoç

  

   (üç bölümlü acıtmalı, çatdırmalı təkərləmə)

  

   "Ağ qoç, qara qoç" 1988-ci ildə - Qarabağ münaqişəsinin başlanğıc dövründə qələmə alınıb. O vaxtkı olayların təsiri mənə də türk xalqlarının tarix boyu iki bir-birinə zidd qütblərə bölünməsini və acılar-ağrılarla dolu taleyini bir daha dönə-dönə xatırlatdı. Şifahi xalq ədəbiyyatımızda qurd, öküz, qoç və s. totem kimi mövcuddur. Əfsanə, rəvayət və nağıllarda ağ qoç, qara qoç "xeyir" və "şər" qüvvələr bölgüsü çərçivəsində olması səbəbiylə çox rastlanan bir motivdir. "Ağ qoç, qara qoç" fəlsəfəsi təbiətdəki ikiliyin ifadəsidir. Məqsədim bu mövzunu, ideyanı fərqli, dəyişik vasitə və üslubda yenidən oxucunun diqqətinə çatdırmaq olub.

  

   1.ə

  

   ...biri varmış

      biri yoxmuş

      yuxarı mərtəbədə Allahın

      aşağı mərtəbədə qulu çoxmuş...

      ...dəvə itib batarmış

      hayın, huyun içində

      xəlbir üzə çıxarmış

      selin, suyun içində

      o varmış, bu yoxmuş

      bu varmış, o yoxmuş

      əvvəl zaman içində...

      ...biri ac, biri toxmuş

      sarı saman içində

      mərd və

      namərd də varmış

      xan və xaqan içində

      yumru, yumaq qarı nənə

      ip və kəndir içində

      çörəkçi kündə yapmaz

      soyuq təndir içində

      kisəçi kisə tapmaz

     köhnə hamam içində...

  

   2.

  

   ...bir xaqanın üç qızı

      ətəkləri ağ, bəyaz

      köynəkləri qırmızı

     sandığa girdi, çıxdı

      kiçik qız o qış, bu yaz

      səbətdə göndərdilər

      heyvasını, narını

      ağ atı çapan gördü

      bir röyada yarını...

      ...dərələrdən yel kimi

      təpələrdən sel kimi

      çapırdı bu ağ atlı

      o sanki quş qanadlı

      orman keçdi, dağ aşdı

      bir baxdı arxasına

      arpa boyu getdiyi yol

      sağında kos, solunda kol...

      ...qalxdı, getdi, önə baxdı

      unutdu zamanı, vaxtı

      göründü xanın və

      xaqanın bağları

      qırx otaqlı sarayları...

      ...nə taxta nərdivan

      nə daş nərdivan

      hasarı aşdı, keçdi

      bu igid yel atında

      bir sevda qanadında...

  

   3.

  

   ...gözəl gördü mələk kimi

      o bir xəyal, xoş əfsanə

      bir könüldən, min könülə

      igid vuruldu gözələ

      gözləri xurma və badam

      saçları hörmə-hörmədi

      şan-şan oldu, tel-tel oldu

      ürəyinin sarı simi

      demə, belə sən heç nədən

      ölüb, dirilərmiş adam

      qırx qapı açdı, qırx otaq

      igid, nə gözəl, nə mələk

      aradı, baxdı görmədi...

      ...döndü urum yoluna

      gözəli boynu bükük

      kətan yaylıq qolunda

      gördü Şuşa yolunda...

      ...yaylaq yolunda çoban

      qurdu basar köpəyi

      qal, aç burda səhəri

     duman dağı bürüsün

     təpədən hoppan, huppan

     say ki görüm, sayasan

     qoyun-quzu sürüsün...

  

   4.

  

   ...gəzər örüş yerində

      gəzər sürü içində

      bu ağ qoç - buynuzlu qoç

     yerişi təşər-təşər...

      ...yad adam yal-yamacda

     ağ qoça ürcah olsa

     əlindən çomaq düşər

      başından papaq düşər...

      ...dağın otu-əncəri

     cincilimi, pəncəri

      yeyər, qalmaz heç nədən

      bu ağ qoç - buynuzlu qoç...

      ...qara qoç da eləcə

      yeyər-içər beləcə

      yeyər-içər yekələr...

    ...bu qara qoç və ağ qoç

      hərdən göz-gözə gələr

     hərdən üz-üzə gələr...

     ...baxmazlar yarğan olsun

     dərə olsun, dağ olsun

     və heç nəyə, heç hara

      baxmazlar qoçlar o vaxt

      və bozara-bozara

      gəlib kəllə-kəlləyə

     itirərlər huşların

     itirərlər başların

     bu qoç qara qoç...

 

    11 dekabr 1988

     

   Röyalarımın bənzərini aramaq

  

      ,,,telefon açdın mənə

     ilin bu fəslində

      fəslin bu ayında

      səsin yanımda - Bakıda iş otağımda

      özün uzaqlarda

      bir uzun ayrılığın o tayında...

  

      nə qədər xoşdu bu səs

      unutmadığım, unuda bilmədiyim

      əvvəlki həlim səsdi

      bu yazda açılan bir düymə, bir qönçə

      bir atlas yarpaq pıçıltısı kimi

      ağ telefon dəstəyində

      o şirin sözləri, mələk sözləri

      sənsizliyinə alışa bilməyən

      qəlbimə yetirmək istəyində...

  

      ayrılıqdan mənə qalan

      qəmli kədərli türkülər

      ayrılıqdan mənə qalan

      röyalarımın bənzərini aramaq

      ayrılıqdan sənə qalan

      məni yadlardan, özgələrdən sormaq

      sənə qalan

      ayrılıqdan göyərən göz yaşların

      isidər alma yanaqlarını

      və bal dodaqlarını

      isidər əllərimə çatmayan əllərini

      vaxtsız soldurar

      hər gələn yazın çiçəklərini və güllərini...

  

      bu tənha sevgini, tənha sevdanı

      dan yerindən doğan şəfəqlərə

      tutmağım gəlir

      olsun deyirəm, yaşasın deyirəm

      şəfəqlərin boyu bərabərində

      ulduzların vərində

      ay işığının həndəvərində...

  

     röyalarımın bənzəri - sən, bir böyük şəhərdən

     on dəqiqəlik yolda bir əyalətdəsən...

   

    27 mart 1993

   Şükür Şənol

   Oxunub: 50

 

ARXİV

 

"Mən durub onlarla söyüşə çıxan deyiləm"

Nizami Cəfərov: "Qan Turalın sözlərində təhqiramiz bir şey yoxdur"

Unutmuşam məndən hürkən qadınları da

Döyüşlər davam edir...

Ötən həftənin ədəbi mənzərəsi

"Anar müəllimə deyə bilmərəm ki, bunu çap etməyək"

Rəşad Məcid: "Yüz ildən sonra da Anar müəllimin yazdığı əsərlərlə bərabər bu həcv qalacaq"

"Min möhtəşəm günəş"

AzTV lətifələri

"Mən zəhərlənməyi, tənqidi, istehzanı, təhqiri sevmirəm"

Süleyman Rüstəm: "Mehdi Hüseyn kəskin, əsəbi, çox həyəcanlı danışdı"

"...bu şəhərdə hər şey qürbətdəki kimidi"

Pensiya yaşının artırılmasına ehtiyac yoxdur

Nazim Məmmədov: "Dövlət Statistika Komitəsinin rəqəmlərində belə görünür ki, Azərbaycanda orta yaş həddi yüksək götürülür"

Ceyhun Osmanlı "İrəli" sədrliyindən istefa verib

Səriyyə Müslümqızı Xocalı gənci özü ilə Türkiyəyə aparır

Araşdırmaçı - jurnalist telekanalların da qonağı olacaq

Həsən bəy Zərdabiyə aid yeni əşyalar tapıldı

 

 

Şərq.- 2012.- 21 aprel.- S. 17.