Həsən bəy Zərdabiyə aid yeni əşyalar tapıldı

 

Zərdab rayonunun Qoruqbağı kəndində Həsən bəy Zərdabiyə aid yeni əşyalar tapılıb. Jurnalist Nicat İntiqamın Lent.az-a verdiyi məlumata görə, sözügedən əşyalar - 2 ədəd kasa kənddə yaşayan Şirinovlar ailəsində aşkarlanıb.

116 yaşı olan bu kasaları Həsən bəy Zərdabi 1895-ci ildə kənd sakini Məmməd Səmədova hədiyyə edibmiş. Faktın üstü Məmməd Səmədovun nəvəsi, hazırda 100-ə yaxın yaşı olan Sərəncam nənənin dediklərindən sonra açılıb. O, bu əşyaların tarixçəsini belə nəql edib: "Kəndimiz (Qoruqbağı kəndi - red.) köhnə yurdda olanda Ağcabədi bazarının yolu bu kənddən keçib. Kürün sol sahilində atları, faytonları saxlamaq üçün "Düşərgə" deyilən bir yer olub. Müxtəlif yerlərdən gələn adamlar bu "Düşərgə"də atlarını, arabalarını nəzarətçiyə təhvil verər, sonra gəmi ilə o taya keçib oradan arabalarla Qarabağ torpağına - Ağcabədi bazarına yollanıb bazarlıq edərdilər. Böyüklərdən eşitdiyimə görə, Ağcabədi bazarı o vaxtlar çox zəngin olub. Bir gün babam Məmməd öz gəmisi ilə Kürdə balıq ovlayırmış. Qarabağ tərəfdə faytondan bir nəfər düşüb gəmiçilərdən heç kimin olmadığını görüb babamı çağırıb, onu Kürdən keçirməsini xahiş edib. Babam öz gəmisi ilə sahilə yaxınlaşıb həmin şəxsin aldığı şeyləri gəmiyə yığıb, qarşı sahilə doğru irəliləyib. Babam savadsız adam olduğu üçün əvvəl onu tanımayıb. Lakin həmin şəxs zərdablı Rəhim bəyin oğlu Həsən bəy Zərdabi olduğunu söyləyib. Beləcə, babam Həsən bəy Zərdabi ilə tanış olub. Növbəti görüşlərin birində Zərdabi babama - 2 bahalı kasa hədiyyə edib. Onu da deyim ki, Həsən bəy Zərdabi babama bu hədiyyələri səbəbsiz yerə verməyib. Belə ki, həmin ərəfədə, yəni 1895-ci ildə babamın ikinci qızı, 17 yaşlı Lığa Səmədovanın toyu olmalı imiş. Həsən bəy Zərdabi hədiyyələri məhz buna görə bağışlayıbmış. O vaxtdan bu kasalar nənəmin evində əziz bir əşya kimi qorunub saxlanılır. Rəhmətlik babam bu əşyaları "bəy kasaları" adlandırırdı. Elə indi "bəy kasaları" deyəndə nəslimizdə hər kəs söhbətin hansı əşyadan getdiyini yaxşı bilir".

 Qeyd edək ki, bu əşyalar itməsin deyə, Sərəncam nənə onları öz qardaşı oğluna - Zərdab rayonunun Qoruqbağı kənd orta məktəbinin müəllimi Şirin Şirinova hədiyyə edib. Ş. Şirinov isə həmin əşyaları Həsən bəy Zərdabinin Zərdab rayonunda fəaliyyət göstərən ev muzeyinə hədiyyə edəcəyini söyləyir.

 

 

Şərq.- 2012.- 21 aprel.-S.6.