MƏNin məkanı

 

     Gülamayil Muradın yaradıcılığında MƏN adlı bir qəhrəman var. Narahat bir qəhrəman. Özünü tanımağa və özünü tanıtmağa can atan (cəhd edən) MƏN. Qayğılıdı, dərdlidi. Həm də nikbindi. Qayğısına, dərdinə tale deyilən Tanrı ssenarisi, nikbinliyinə isə həyat eşqi, özünütəsdiqə yönələn inam eşqi rəvac verir. Doğrusu, bu nikbinliyə, inama mən də inanmaq istədim. Inandım da...

      ...Yerlə Göy arasında məsafə çox böyükdü. Yerdən aşağıda yer, Göydən yuxarıda göy var və intəhasızdı. Amma onların bitişiməsi də varo qədər bitişir ki, Yerlə Göy arsında əndişələnənin nəfəsi təngiyənə qədər onu sıxır. Fəqət, ayağı yurdunda (torpaqda), əli Tanrının ətəyində (fəza sonsuzluğunda) olan adam Yerlə Göyü qovuşduran adamdı. Yerin dərdi o qədər üst-üstə yığılır ki,Tanrının ətəyindən yapışanın ətəyindən salxım-salxım asılan günahlılar o qədər çoxalır ki, bir də görürsən ki, Yerlə Göy Adəm övladını sıxıb, canından puçur-puçur söz çıxarır.

     

      Mənim qabağımı niyə kəsiblər?

      Yerə marağımı niyə kəsiblər?

      Göyə ayağımı niyə kəsiblər?

      Yol , bu dünyadan çıxıb gedim mən.

    

    Və təntihatəntidə birdən MƏN adlı qəhrəman yada düşür, onu xilas cəfasına düçar olursan. Bax, Güləmayil Murad da bu taleyin, bu yığvalın yiyəsidi. Bu yolun yolçusudu. Tələsə-tələsə özündən özünə yol gedir - tanımaq və tanıtmaq istədiyi özünə.

     

       Mən,

       sükutun yamacında

       Sən isə acında-

       Məni

       mənə döndərən şeirim,

       İçimə yığ məni...

    

    Şair könlünün təlatümünü sonda dünyanı şairanə dərkin təmkinli diqtəsi səhmanlayır.

  

       Ay işığında,

       Gecə qaranlığında,

       Ulduzlar sırasında.

       Yerlə göy arasında

       Yaşar... yaşar

       bir eşq adası.

       Dünya...

    

    Gülamail Murad bu səbəbdən fərqli şairədi. Ən azı regionun şairlərindən (dəqiqi şairə xanımlardan) fərqli olaraq o da Vidadinin, Vaqifin, Vurğunun, Dilbazinin və sazın köynəyindən çıxmağına baxmayaraq MƏN-ini soraqlaya-soraqlaya, axtara-axtara müasir şeirin bütün formalarına urcah oldu.bizim şeirin orbitindən çıxıb, yapon haykularına, nə bilim xokkilərə,.. tuş gəldi. Nəzər-diqqətə yönəldi. Sanballı xridarlara MƏNi haqqında söz dedirtdi. Düz dedirtdi.

       Burası Gülamayil xanımın sənət kredosu, içinin istəyi. Ümumiyyətlə, istedadlı olmaq başqa məsələdi və G. Murad da istedadlı adamdı. Əvvəldən-axıra obrazlı düşünə bilir.

  

       ...Su üçün yaranan su da da ölər,

       Hicran dənizində batır bir gəmi.

      

       Zamandan asılmışam

       İstini soyuğa dəyişən

       küləklər kimi...

   

     Onun kiçik şeirlərinə aforizmlər, müdrik deyimlər kimi baxmaq olur. Şeiriyyətinin mayasını, ana xəttini düşüncə, təfəkkür motivləri şərtləndirsə maraqlı təhkiyələrdən, danışıq dilindən gələn enerjidən xali deyil.

   

       Otları şehlimi çölün-çəmənin?

       Qoynu çiçəklimi düzün-düzənin?

       Varammı yadında mən Göyəzənin?

       Dostlarım görüşə çağırır məni.

   

    Gülamail xanım epik təfəkkürünü sərgiləyə bilib. Nurani-pirani ağsaqqalımız Teymur Bünyadovun adına ismarladığı "Teymurun səsi" poemasında hər şey görüntülüdü.

  

       Üzünü sevimli nəvəsinə tutub

       Sən ki, aydan arısan,

       Sən ki, sudan durusan.

       Evimizin nurusan,

  

    Ay mənim Murad balam

   

   -dediyi bütün uşaqların psixaloji dünyasına da vara bilir.

  

    Şairi birinci SÖZündən, ikinci ÖZündən tanıyarlar. Güləmail Muradın özüylə sözü birbirinə çox oxşayır. Bu isə ədəbi səmimiyyətin ölçüsüdü. Bu gözəl şairi yaxşı-yaxşı tanımağa dəyər. Onun ədəbi MƏNini haqq olan məqamında, məkanında görmək arzusundayıq.

 

 

   Rəfail İNCƏYURD

  

   Şərq.- 2012.- 28 aprel.- S. 19.