"Təslim olmağın əleyhinəyik"

 

Dəyərli oxucular, 1920-ci ilin bu günü Azərbaycan istiqlalının süqutu tarixidir. Elə bu gün Rusiya tərəfindən 23 ay yaşayan istiqlalımıza təcavüz olundu, üçrəngli bayrağımız endirildi. Məhrumiyyətlərə, şərə məğlub olduğumuz həmin günü xatırlamaq istədik. Bunun üçün akademik Ziya Bünyadovun 1991-ci ildə "Elm" qəzetində çap etdirdiyi MTN-in arxivindən əldə etdiyi sənəddən daha mükəmməlini tapmadıq. Z.Bünyadov tərəfindən şərhsiz təqdim olunan sənədi də biz sizə eyni cür təqdim edirik. Azərbaycan parlamentinin son iclasını oxuyun və duyun.

  

   Azərbaycan parlamentinin təcili fövqəladə axşam iclası.

  

   27 aprel, 1920-ci il, saat 20, dəqiqə 45.

  

   Sədr - Məhəmməd Yusif Cəfərov

  

   Katib - Rza bəy Qaraşarlı

  

   Sədr - Fövqəladə iclas açıq elan edilir. İntihab olunan (seçilmiş) komissiyanın izahatı müzakirəyə qoyulacaqdır.

  

   Mən istəyirəm bizim bu tarixi iclasımızın qapalı və ya açıq olmağı haqqında fikrinizi bilim.

  

   Səslər -

  

   Açıq olsun... bağlı olsun... açıq olsun.

  

   Sədr: - Bəlkə bir şəxs bu haqda danışmaq istəyir?

  

   Sözü Məhəmməd Əmin Rəsulzadə alır.

  

   Məhəmməd Əmin: - Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək (Şəfi bəy Rüstəmbəyov "Azərbaycan" qəzetinin redaktoru ağlayır)

  

   Səslər.

  

   Sədr: - Təklifi rəyə qoyuram. Kim iclasın açıq keçirilməsinin əleyhinədir əl qaldırsın.

  

   Səslərin çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alındı. Komissiya tərəfindən onun sədri Məhəmməd Həsən Hacınski izahat verir.

  

   M.H.Hacınski: - Cənablar, vəziyyət hamıya məlumdur və bu barədə danışmaq istəmirəm. Bir komissiya təşkil olunmuşdur və mən onun sədriyəm. Arxadaşlarla bərabər biz yerli kommunist firqəsi nümayəndələri ilə müzakirəyə girişdik. Burada olan "Azərbaycan kommunist" firqəsindən bir məktub gəlib. Bu məktubun məzmununu hamı bilir. Lakin onu təkrarən oxuyuram. (rusca oxuyur). Tərcümə etmək lazımdır, müxtəsər tərcümə edirəm.

    Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşat saat 7-yə qədər hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl ordu əsla Bakıya gəlməyəcək və Qızıl ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyir ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur.

    Altıncı şərtləri budur: - əgər bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan parlamentinə daxil olan siyasi firqələr musavi (bərabər) və azad fəaliyyət göstərəcəklər. Onlara qarşı və xüsusən, hökumət üzvlərinə qarşı heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaqlar. Sonra, gələn Qızıl ordunun məqsədləri məzlum millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi. Lakin onlar qəbul etmədilər. Onlar bir şeyi də söylədilər ki, hərgah onların təklifi qəbul olunmasa, gələcəkdə məsuliyyət parlament üzvlərinin üzərinə düşəcək. Onların təklifi onlarla birlikdə müzakirədən sonra, komissiya üzvləri tərəfindən və müzakirə olundu. Biz bu qərara gəldik ki, o şərtlər ki, onlar qoyur və deklarasiyanın özü komissiya tərəfindən qəbul edilə bilər. Biz onlara etiraz edən deyilik və bizim də məqsədimiz budur. O ki qaldı dedikləri sözlərin doğru olub-olmamasına, bunu onların görəcəyi iş göstərər və bunun məsuliyyəti də həmin təklifi verən firqənin üzərinə düşür. Əgər bu gün onlar millətimizin və kəndlilərimizin lazım olduğu qədər hazır olmadıqlarından dolayı, müşkül bir müdafiə vəziyyətində qalarlarsa, biz öz məsuliyyətimizdən heç vaxt boyun qaçırmayacağıq.

   Zənn edirəm ki, başqa firqələr də millətin müqəddaratını bizlə bərabər həll etməlidirlər və bunu onlar da inkar etməzlər. Boynumuza almalıyıq ki, bu gün sərhəddə lazımi qədər düşmənə qarşı mütəşəkkil müdafiəyə hazır deyilik. Hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdır. Bununla belə ictimaiyyətin fikrilə də razılaşmalıyıq ki, Şimaldan heç bir qorxu yoxdur və orada yaşayanlar da Azərbaycan kəndliləri kimi kəndlilərdir və azərbaycanlı kəndlilərin razılığı və istəyi olmasa, heç kəs Azərbaycana soxula bilməz.

  Cənablar, bu firqə münaqişələri sonu görünməyən mübahisələrə çevrilib. Lakin deyirlər ki, belə bir fikirlərlə xalqımızın əksəriyyətinin etimadını qazanmaq olar və onların vəzifələri Azərbaycandan keçib Türkiyəni zalım imperialistlərdən azad etməkdir. Əgər məqsəd budursa, şimaldan gələn qüvvələrin təzyiqi altında hökuməti təslim etməyə nə ehtiyac var? Bir halda ki, türklərin imperializm əsarətindən azad olmasına hamı və o cümlədən biz də sevinirik.

  Bu fikrə qarşı cümhuriyyət daxilində zidd çıxan olmaz. Əslində Türkiyəyə və Zəngəzura kömək etmək istəyənlər ictimaiyyət arasında elə bir fikir yaratmalıdırlar ki, bu qüvvələr Azərbaycana yalnız onun ərazisindən keçib Türkiyəyə getmək üçün daxil olurlar.

  Fəqət, millətin müqəddaratını bir firqəyə, hətta təzyiq altında belə vermək olmaz. Zira hər kəs, o cümlədən kommunist firqəsi də tamamilə əmin ola bilər ki, parlament vasitəsilə, yaxud başqa bir mütəşəkkil vasitə ilə öz fikirlərini deyə bilər və qəbuluna da nail ola bilərlər.

  Əgər bu həyata keçirilərsə, Azərbaycan özünü azad hesab edə bilər.

  Məmməd Ağa Ağamalı oğlu: - Bu təklifdən qorxmaq lazım deyil. Demək olar ki, burada təhlükəli bir şey də yoxdur. Deyək ki, təklif edən türk qardaşımız deyil, Poqos və ya başqa bir adamdır. Nə deyə bilərsiz? Onlar indi deyir: "Sür dərəyə, biz də gərək sürək. Onlara deyəndə ki, bu belə deyil, cavab verirlər ki, köpəkoğlu, belədir! İndi əsgər dayanıb orada, sən də heç bir şey edə bilmirsən. Danışmağa da macal yoxdur. Nə edəsən? Deyirlər ki, tarixdə belə bir şey olmayıb, amma elə hal olub ki, İsgəndər Zülqərneyni də məcbur ediblər tabe olsun. Bizdə deyirlər ki, qaçmaq igidlikdir, amma yeyin qaçmaq daha yaxşıdır.

   Gürcüstanın böyüyü Æordaniya deyir ki, onlarda hər şey yaxşı gedir. Ona görə ki, onlar istədiklərini vaxtında edirlər. Bəziləri deyir ki, xeyir a, mən divarı döyəcləyəcəyəm, amma bundan heç bir şey çıxmaz və ağrıyan yalnız onun əli olacaq. İş barədə düşünmək lazımdır. Təslimdən başqa çarə yoxdur, çünki artıq iş işdən keçib. Məsələ burasındadır ki, millətin əmin-amanlığını qorumaq lazımdır. Onlar da buna söz verirlər və deyirlər ki, Azərbaycanın istiqlaliyyəti qorunacaq və mən də yəqin edirəm ki, indiki istiqlaliyyət əvəzinə Azərbaycan digər istiqlaliyyətə nail olar. Tarix bunu göstərir ki, bir adam daimi qala bilməz. Doğrudur, bir az ağır gəlir ki, bu vaxta qədər ağalıq edəsən, sonra da deyəsən ki, Əliheydər Qarayev, indi də gəl sən otur, görək neyləyirsən. Bizdə kişilik varsa, bunu etiraf etməli və deməliyik ki, sən otur, bəlkə sənin məramnamən bizimkindən daha yaxşıdır və millətə bizdən də yaxşı xeyir verə bilərsən.

    Sədr: - Danışan yoxdur? Məhəmməd Əmin, siz təklifinizi buyurun. Söz Aslan bəy Səfikürdlünündür.

   Aslan bəy: - Həzarat, doğrudur, biz indi çox məsuliyyətli bir vaxtda, məsuliyyətli dəqiqələrdə yaşayırıq. Millət üçün çalışan hər bir şəxs qarşısına fəqir-füqəranın müdafiəsi məsələsini məqsəd qoymalıdır. Bu yoldan da qorxub dönməməlidir. Ələlxüsus parlament üzvləri ki, bir ildən artıqdır cəmiyyətin müqəddaratını öz üzərinə götürmüşlər. Burada hər kəs, o cümlədən, indiyədək parlamentin sol firqəsi sayılan sosialist firqəsi daima istiqlaliyyəti müdafiə etmişdir. Böyük Rusiya inqilabının bizə xeyri bundan ibarətdir ki, o, hər bir millətin hökumət təşkilatının və cümhuriyyət məsələlərinin həllini onların öz ixtiyarına vermişdir. Camaat bu ixtiyarı heç kimə verməyəcək və verməz də. İndi bir məsələ var ki, bu vaxta qədər heç bir iş başında olmayanlar, parlamentdə oturmayıb, hökumət işində iştirak etməyənlər, indi bizə təklif edirlər ki, camaatın müqəddaratının həlli onlara verilsin və deyirlər ki, əgər verməsən bunu Qızıl ordu və fəhlələr özləri alacaqlar.

   İndi biz nə etməliyik? Təbii ki, razı olmalıyıq. Hərgah bizim millət bu istiqlaliyyətdən həqiqi bir ləzzət ala bilməzsə, onda millət özü-özünü indi də olmasa, bir aydan sonra, ya da bir ildən sonra müdafiə edəcək. Bu məsələni millət özü həll etməlidir. Bizim sosialistlərin əqidəsi odur ki, gərək hökumət onların əlində olaydı. Necə ki, deyirlər: "Biz bacarsaydıq hakimiyyəti özümüz ələ alardıq, lakin qüvvəmiz olmadığı üçün bunu edə bilmədik". İndi başqa bir firqə var ki, o da Azərbaycanın fəhlələri tərəfindədir. Onlar da bizim vətəndaşlarımızdır, özlərini azərbaycanlı sayırlar və hökuməti bizdən istəyirlər. Biz isə heç bir şey bilmədən hökuməti veririk öz camaatımıza - yəni fəhlələrə və kəndlilərə ki, onlar da bunu istəyirlər. Məhəmməd Əmin demişkən, öz edamımıza özümüz qol çəkirik. Bu da doğrudur. Amma etiraf etməliyik ki, bu ixtiyarı və hökuməti öz camaatımıza veririk, Azərbaycanın ixtiyarını Azərbaycan fəhlələrinin nümayəndələrinə veririk. Bu nümayəndələr deyirlər ki, bütün məsuliyyəti biz öz üzərimizə götürürük.

   Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib, qəbul etməli və hakimiyyəti bununla birlikdə millətin ixtiyarını onlara verməliyik. Hökumət ixtiyarı gərək Azərbaycan kommunistlərinə verilsin və istiqlaliyyətin müdafiəsi və bütün məsuliyyət onların firqəsinin öhdəsinə qoyulsun. Hərgah onlar istiqlaliyyəti müdafiə edə bilməzlərsə, onda camaat özü onu müdafiə edər və özü istədiyinə nail olar.

   Sədr: - Təklif var ki, 10 dəqiqə istirahət edək. Etiraz yoxdur ki?

      10 dəqiqə tənəffüs elan edilir.

      İclasın davamı

      Qarabəyov Qarabəy: - (İttihad firqəsinin sədri)

      Öylə olmalıdır ki, aləm islamın xilası üçün çalışsın.

      Sədr: - Daha danışan yoxdur?

      Təqdim olunan təklifi səsə qoyuram. Təklif birdir, kommunist firqəsi tərəfindən.

      Məhəmməd Əmin Rəsulzadə: - Mənə bu barədə söz verin.

      Sədr: - Buyurun.

   Məhəmməd Əmin Rəsulzadə: - Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq.

   Sədr: - Söz Sanıyev Hacıkərimə verilir.

   H.Sanıyev: - Müsavat firqəsinin namizədi burada yeni bir şey söyləmədi. O şəxsə ki, etimad göstərilir və o bu vəzifəni layiqincə yerinə yetirirsə, deməli, bu etimad doğrulmuş hesab olunur. Yox, əgər bu vəzifə yerinə yetirilmirsə, onda bu etimad geri götürülür. Biz də əlbəttə bu cür hərəkət edəcəyik.

   Sədr: - Məsələ səsə qoyulur. Təklif olunur ki, bütün ixtiyarat kommunistlərə verilsin. Hökumət və parlament onların rəyi əsasında təşkil olunsun. Kim buna tərəfdardırsa, əl qaldırsın.

  

   Kim əleyhinədir?

  

   M.Ə.Rəsulzadə: - (yerindən)

  

   Bəs səs verməyənlər?

  

   Sədr: - Kim səs vermədi?

  

   Demək, əksəriyyət səslə hakimiyyətin kommunistlərə verilməsi qərara alınır. Bir səs əleyhinə, üç bitərəf, üç nəfər səs vermədi.

   Qardaşov İslam bəy: - (yerindən), (Əhrar fraksiyası)

   Bəs bu parlamentin taleyi?

   Sədr: - Onlara verilməsi qəbul olundu. Madam ki, bütün ixtiyarat kommunistlərə verildi, demək parlament də onların ixtiyarına keçir.

   Səs: -

   Məsələ belə deyil axı.

   Sədr: - Bu barədə danışmaq istəyən varmı? Təklif var ki, parlamentin nə cür olmağı barədə müzakirələr açılsın.

   Aşurov Ağa: - Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə hökuməti adlandırırlar. Biz isə burada dövlətli, tacir və o şəxslərin ki, hərəsi bir yerdən gəlibdir. Siz onlarla bir yerdə işləyə bilməyəcəksiniz. Onların fikirlərinə görə bu vaxta qədər olan hökumət parlamentə qulluqçu idi. Amma indi elə deyil. O adam sənə hökm edir, sən də qəbul edirsən. Məsələ bu növ bitir. Parlamentin qalmasını heç onlar da istəmirlər. Qəbul etsələr belə, yeni bir nəticə verməyəcəkdir.

    Sədr: - Söz Məhəmməd Həsən Hacınskiyə verilir.

    M.H.Hacınski: - (Müsavat)

    Mən bir qədər izahat vermək istəyirəm. Bu məsələ bizim müzakirəmizdə olanda onlar bizə belə cavab verdilər ki, inqilabi hökumət ilə parlament yaşaya bilməz. Məsələ orasındadır ki, parlament öz ixtiyarını həmin inqilab komitəsini verir.

    Beləliklə, məslə aydındır.

    Sədr: - Söz Muxtar Mahmudova verilir.

    M.Mahmudov: - (Müsavat)

    Həzərat, bu gün parlamentin çıxardığı qərar bilirik ki, şimaldan hücum edən qüvvənin təsiri altında çıxarılan qərardır və təkcə bu məsələyə görə parlament 2 dəfə yığılır və məsuliyyəti tamamilə öz öhdəsinə götürən firqə ilə danışıq aparır.

    Danışığın səbəbi qan tökülmə bəlasının qabağını almaqdır. Şimaldan gələn bu qüvvənin dəf etməyə təəssüf ki, cavan Azərbaycanın qüvvəsi olmadığına görə, parlament öz işini dayandırıb, hüquqlarını məsuliyyəti öz üzərinə götürən firqəyə verir.

    Deyirlər ki, təzə firqə bəlkə parlamenti qovub dağıtsın, lakin parlament bütün Azərbaycan millətinin nümayəndələrindən olduğu üçün onu kimsə dağıda bilməz. Nə vaxta qədər ki, parlament öz dağılması haqqında qərar çıxartmayıb, yenə parlamentliyində qalır.

    Bizə burada müsavat firqəsi adından deyirlər ki, onlar hökumətin kommunistlərə verilməsinin tərəfdarı və nə qədər ki, müstəqillik şüarı mövcuddur, onlarla həmkarlıq etməyə razıdırlar, ancaq o vaxta qədər ki, kağızla yazdıqlarına əməl edəcəklər. Yenə təkrar edirəm: - Azərbaycanın müstəqilliyini mühafizə edəcəklər, onlarla bərabər işləyib müttəfiq olacaqlar.

    Məhəmməd Hacınskinin verdiyi izahatdan belə məlum oldu ki, parlament bu gün kommunist firqəsinin tələbnaməsini qəbul edib hökuməti onlara təslim etməyi qərara almışdır. Lakin bu tələbnamə yoxdur. Təslim olmağın bir çox texniki cəhətləri vardır ki, onları sabaha qədər qurtara bilməyəcəyik. Məsələn, hökumətin dəniz avadanlığı, ordusu, nefti və sairəsi var. Tutaq ki, hökumət yıxılır, amma ola bilər ki, sabah silah başında olan əsgər təslim olmasın, müqavimət göstərsin. Gərək bunların hamısını hökumət qayda-qanun çərçivəsində həll etsin və əhali də bilsin ki, bu, parlamentin və hökumətin qərarıdır. Parlament məsələsinə gəldikdə isə, o gərək öz hüquqlarını layiqincə saxlasın və təmin etsin. Parlamentin dağılmaması barədə qərar çıxarmaq üçün başqa iclas lazımdır, yoxsa belə hay-küylə iş getməz. Millətin müqəddaratını həll etmək üçün buraya yığışanlar bu səviyyəli olmamalıdırlar. Bir də təkrar edirəm, başqa iclas lazımdır.

    Sədr: - Söz Aslan bəy Qardaşova verilir.

    A.Qardaşov: - Parlamentin necə olmağını təklif edən mən idim. İndi isə təklifimi geriyə götürüb rica edirəm ki, müzakirəsi olmasın.

   Sədr: - Beləliklə, parlamentin məsələsi bağlanır. Ona görə də iclası qapalı elan edirəm.

   Saat 23, dəqiqə 25.

 

 

  Ziya Bünyadov,

  akademik

 

 Şərq.- 2012.- 28 aprel.- S.16.