Azərbaycanın əlillər problemi
İqbal Ağazadə: "Nədən, Qarabağ əlillərinə aşağı
təqaüd verilir, amma
Böyük Vətən müharibəsində
iştirak edənlərə daha çox təqaüd verilir?!"
Könül Quliyeva:
"Belə şəxslərin cəmiyyətə adaptasiya oluna bilməməsi
insanlıq adına xəcalət gətirir"
MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"
Hər
il keçirilən Beynəlxalq Əlillər
Günü, əlillərin
ehtiyaclarını başa düşməyə
və məhdud imkanlara malik
olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli
çəkmək və həmçinin məhdud imkanlı
insanların siyasi, sosial
və mədəni həyatın bütün
aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda
məlumatlandırmanın
yaxşılaşdırılması məqsədilə elan edilib. Bu
günün elan
olunmasının məqsədi - insan
hüquqlarına tam və bərabər
riayət edilməsinə və əlillərin cəmiyyətin
həyatında iştirakına nail
olmaqdır. Bu məqsəd 1982-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş əlillərə münasibətdə
Ümumdünya hərəkət
proqramında göstərilir.
Beynəlxalq Əlillər
Günü hər il Azərbaycanda da qeyd olunur. Ölkəmizdə
əlil vətəndaşlar bir neçə
qrupa bölünür.
Anadangəlmə qüsurlu, sonradan qazanılan əlillik və Ermənistanın
Azərbaycana hərbi təcavüzü zamanı
torpaqlarımızın müdafiəsində iştirak
etmiş və əlil olmuş
şəxslər.
Beynəlxalq Əlillər
Günü münasibətilə hər il dekabrın 3-də
həm dövlət, həm siyasi partiyalar, həm də ictimai
qurumlar səviyyəsində tədbirlər keçirilir, əlillərin
problemləri haqqında danışılır, bu problemlərin
həllinin vacib olduğu vurğulanır.
Belə tədbirlərdən biri dekabrın 3-də Ümid Partiyasının Qərargahında keçirilib. "Ümid" Partiyası Qadınlar Təşkilatının sədri Könül Quliyevanın təşkilatçılığı ilə keçirilən tədbirə Qarabağ əlilləri, müharibə iştirakçılarının hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri qatılıb. Tədbirdə Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Vətən Müharibəsi İctimai Birliyinin sədri Firudin Məmmədov, Sosial Hüquqların Monitorinq Qrupunun sədri Azad İsgəndərli, "Mina Qurbanları" İctimai Birliyinin sədri Həsən Həsənov, Şəhid Ailələri və Qarabağ Əlilləri İctimai Birliyinin sədri Alman Abbasov iştirak ediblər.
"Əlillərin
əksəriyyəti evə qapanıb"
Tədbiri giriş sözü ilə açan K.Quliyeva bildirib ki, - Beynəlxalq Əlillər Günü münasibətilə biz də qadın təşkilatı olaraq özümüzə mənəvi borc bildik ki, bu günü sizlərlə birgə qeyd edək. Mövcud problemlərimizi həll etməyə gücümüz yetməsə də, ən azı cəmiyyətə bəzi müsbət mesajlar ötürərək diqqəti cəlb edə biləcəyimizi düşünürəm. Ölkəmizdə əhalinin təqribən 5 faizi əlil statusundadır. Bu da rəsmi statistikaya görə, təxminən 450 min nəfər təşkil edir. Bu rəsmi rəqəmi təəssüf ki, heç bir qeyri-rəsmi mənbələrdən dəqiqləşdirmək mümkün deyil. Bu, olduqca yüksək rəqəmdir. Mən tədbirə hazırlaşarkən bu kateqoriyadan olan insanlarla bağlı kiçik bir araşdırma apardım, onların sosial-psixoloji vəziyyəti ilə maraqlandım. Məlum oldu ki, hərəkət məhdudiyyəti, fiziki çatışmazlığı olan insanların əksəriyyəti evə qapadılıb. Onlar cəmiyyətdən təcrid olunmağa məhkum ediliblər. Məncə, belə şəxslərin cəmiyyətə adaptasiya oluna bilməməsi insanlıq adına xəcalət gətirir. Hazırda Türkiyədə yaşayan müəllimim deyirdi ki, onunla bir yerdə İstanbul Universitetinin hüquq fakültəsində təhsil alan, iki ayağından məhrum tələbə dərsə tək gəlib-gedirdi, onun kimsənin köməyinə ehtiyacı olmurdu. Həmin əlil tələbə bu gün Türkiyədə hakim işləyir. Dünya təcrübəsində belə şəxsiyyətlər heç də az sayda deyil. ABŞ-ın prezidenti olmuş Ruzvelt, dünyanın bir nömrəli fiziki, Nobel mükafatçısı Havkinq buna ən bariz nümunə ola bilər.
K.Quliyeva
çıxışında müharibə əlillərinin
problemlərinə xüsusi diqqət yönəldib və
onların qarşılaşdığı məişət
problemlərinin ən çox ailələrində
sıxıntı yaratdığını deyib:
- Vətən uğrunda müharibəyə
yollanıb əlil olan kişilərin əziyyətini evdə
qadınlar, həyat yoldaşları, analar və bacılar
çəkir. Dövlətimiz bu
insanların normal
yaşayışını təmin etməlidir ki, ailələr sıxıntı içində
qalmasın.
"Niyə Qarabağ əlilləri
II Dünya müharibəsi veteranlarından az təqaüd
almalıdır?"
Tədbirdə
çıxış edən partiyanın sədri, millət vəkili
İqbal Ağazadə isə bildirib ki, bu gün Azərbaycanda
500 minə yaxın əngəlli insan var. Onların
böyük bir qismi anadangəlmə fiziki qüsurlu
insanlardır:
- Amma 8-12 min civarında qüsurlu insan da var ki, bunlar Ermənistan-Azərbaycan müharibəsi nəticəsində canını qurban verib, Vətən yolunda sağlamlığını itiriblər. Mən çox istərdim ki, 450 min əngəlli insan Qarabağ münaqişəsi nəticəsində sağlamlığını itirmiş insanlarla eyni sıraya aid edilməsin. Ona görə yox ki, onlar cəmiyyətin fərqli bir kateqoriyasının nümayəndələridir. Ona görə ki, bu insanlar həyata sağlam doğulmuş, sağlam fiziki görünüşə malik olmuş, vətənpərvərliyin nümunəsi olaraq torpaqlarımız uğrunda vuruşmuş insanlardır. Bu qəhrəman insanlar tamam başqa bir kateqoriyadır. Vətən uğrunda sağlamlığını itirən insanları anadangəlmə qüsurlu insanlarla eyni sıraya qoymaq nə qanunun, nə insafın, nə vicdanın nümunəsi ola bilər. Təəssüflər olsun ki, bu gün biz nə 460-470 mindən yuxarı anadangəlmə, bu və ya digər şəkildə əlil olan və ya əmək münasibətlərində sağlamlığını itirən insanlara sahib çıxa bilmişik, nə də Qarabağda, müharibədə əlil olanlara. Ən son parlament çıxışlarımın birində Böyük Vətən Müharibəsində əlil onlara verilən təqaüdün Qarabağ müharibəsində sağlamlığını itirmiş insanlara verilən təqaüddən yuxarı olmasına etiraz etdim və bildirdim ki, əgər onlar sovet ölkəsi, SSRİ uğrunda vuruşublarsa, Qarabağ əlilləri müstəqil Azərbaycan dövləti uğrunda vuruşublar. Nədən, 1-ci, 2-ci, 3-cü qrup Qarabağ əlillərinə aşağı təqaüd verilir, amma Böyük Vətən müharibəsində iştirak edənlərə daha çox təqaüd verilir?! Çox təəssüflər olsun ki, baxış bu cürdür.
Bu gün
Qarabağ qazilərinin Azərbaycanın
digər vətəndaşlarından bir az artıq problemləri var.
Əgər fiziki cəhətdən imkanları
bütöv olan insanlar bu qədər
problemlərlə, ağrı-acı ilə yaşayırsa, görün, sağlamlığını itirmiş Azərbaycan qaziləri nə qədər
çətin həyat şəraiti sürürlər.
Vətən Müharibəsi
Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov
çıxışında əlillərin problemlərinə
toxunub:
- Burada iştirak edən hər kəsə
minnədarlığımızı bildiririk. Beynəlxalq
Əlillər Günü müxtəlif tədbirlər
keçirilir, o tədbirlər
yekunlaşdıqdan sonra isə əlillər
yenə öz problemləri ilə baş-başa qalırlar. Bu
gun Azərbaycanda əlillərin problemləri
ilə məşğul olacaq demək olar ki, heç
bir dövlət strukturu
yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Dövlət Sosial Müdafiə Fondu və başqa orqanlar var. Lakin onlar
faktiki nə əlillərin problemləri,
nə sağlamlıqlarının qorunması, nə də maddi vəziyyətlərinin
yaxşılaşması ilə bağlı heç
bir iş
görmürlər. Əlillərin mənzil, təqaüd, avtomobil, sağlamlıq, yaşayış
problemləri hələ də həll olunmamış
qalır.
Nərminə Məmmədova:
"Hər kəs potensial əlildir"
Yevlax şəhərində fəaliyyət
göstərən məhdud
fiziki imkanlı şəxslər üçün
Regional İnformasiya Mərkəzinin
rəhbəri Nərmin
Məmmədova qeyd edir ki, bu
gün cəmiyyətimiz
əlil insanlara qarşı qərəzli
düşüncəyə sahibdir:
- Yevlax şəhərində yeni istifadəyə verilmiş Məhdud Fiziki İmkanlı İnsanlar üçün Regional İnformasiya Mərkəzində biz bu hallarla tez-tez qarşılaşırıq. Mərkəz H.Əliyev Fondunun "Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi" layihəsi çərçivəsində istifadəyə verilmişdir. Başlıca məqsəd kor və görmə qabiliyyəti zəif olan insanların İKT ehtiyaclarını ödəməkdir. Lakin cəmiyyətdə var olan bir sıra tabular bu məqsədləri yerinə yetirməkdə bizlərə də çətinlik yaradır. "Kitab oxumaq, informasiya resurslarından istifadə etmək bizə lazımdırmı" sualı qarşısında hansısa yeniliyi qəbul etdirmək çox da asan məsələ deyil. Məhz bu anlamda ilk olaraq ictimaiyyətin fikrini dəyişməyə ehtiyac var. Rəsmi statistikaya əsasən hazırda Azərbaycanda 506 127 nəfər (ümumi əhalinin 5,5 faiz) əlil siyahıya alınıb. Lakin bu da dəqiq say deyil. Çünki əlillik dərəcəsi almayan və ya almaqda çətinlik çəkən insanlar var. 104 043 nəfər əlil dövlətdən sosial müavinət almaqdadır. Dövlət tərəfindən həyata keçirilən bir sıra tədbirlər nəticəsində əlil insanlar üçün müəyyən qədər şərait yaradılıb. Təbii ki, bu tədbirlərin daha da gücləndirilməsi üçün zaman lazımdır və ən başlıcası ictimaiyyətin diqqəti. Beynəlxalq Əlillər Günü bizdə də qeyd olunur. Məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsi, onların rifahının yüksəldilməsi aidiyyətli qurumların diqqət mərkəzindədir. Əlil insanlara qarşı daim diqqət və qayğı göstərmək yalnız dövlətin deyil, bir vətəndaş kimi, bir insan kimi bizim də borcumuzdur. Əlillərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə dövlət maraqlı olduğu kimi imkanlı şəxslər də öz xeyirxahlıqlarını əsirgəməməlidir. Xüsusən də əlillikdən əziyyət çəkən körpələr üçün. Unutmayaq ki, hər kəs potensial əlildir. Heç birimiz bu cəhətdən sığortalanmamışıq.
Məlahət Rzayeva
Şərq.-2012.-6 dekabr.-S.11.