Ünvanlı sosial yardımların miqdarı artırılacaq

 

Ekspertlərə görə, əsas diqqət aztəminatlı ailələrin sosial reabilitasiyasına yönəldilməlidir

Vüqar Bayramov: "Bu, bütövlükdə ünvanlı sosial yardım proqramının mahiyyətində ciddi dəyişikliyə gətirib çıxarmayacaq"

Ruslan Atakişiyev: "Sosial yardımların verilməsində şəffaflıq olmalıdır, ictimai nəzarət yaradılmalıdır"

 MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

   Bu gün çoxlarını maraqlandıran mövzulardan biri dövlətin aztəminatlı ailələrə göstərdiyi yardımlardır. Dövlət tərəfindən edilən belə yardımlar sırasında ünvanlı sosial yardım adlanan müavinətlər də mövcuddur. Dövlət tərəfindən hər il ünvanlı sosial yardımın miqdarı artırılır. Bu ilin sonunda da Milli Məclis 2013-cü ilin büdcə paketini təsdiq edərkən ehtiyac meyarını 93 manata qaldırıb. Qeyd edək ki, 2011-ci il üzrə ehtiyac meyarı 75 manat, 2012-ci il üçün isə 87 manat nəzərdə tutulmuşdu.

   Ehtiyac meyarının artırılması ünvanlı sosial yardımın orta məbləğinin də artırılmasına təsir edəcək. Gələn ildən Azərbaycanda sosial müavinət və ünvanlı sosial yardımların məbləğinin artırılacağı barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib. O bildirib ki, Milli Məclis tərəfindən təsdiqlənən gələn ilin büdcə paketində ilkin ehtiyac meyarı 93 manatdan başlayaraq müəyyənləşdirilib: "Bu da ünvanlı sosial yardımın məbləğinin artırılmasına və onu alanların sayının genişlənməsinə təsir göstərəcək. Əgər bu gün sosial yardımın orta məbləği 100-110 manatdırsa, gələn ildən bu məbləğ 120-130 manata qalxacaq. Bu gün 130 min ailə ünvanlı sosial yardım alır". İ.Rəhimov qeyd edib ki, gələn il digər ödənişlər kimi, sosial müavinətlərin də indeksləşdirilməsi və artırılması nəzərdə tutulur: "Sosial müavinətlərin bu gün 45 manat məbləğində olması onun orta məbləğidir. Sosial müavinət alanların bir çoxu 80-100 manat məbləğində də alırlar. Bundan əlavə, Azərbaycanda ünvanlı sosial yardım da mövcuddur. Az məbləğdə sosial müavinət alan insanlara əlavə ünvanlı sosial yardımlar vermək imkanı var". "Ünvanlı sosial yardım haqqında" qanuna görə, yardımın məbləği ehtiyac meyarı əsasında müəyyənləşir. Ehtiyac meyarı - ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Sosial yardım bir il müddətinə təyin edilir.

   Amma Şərqi Avropanın nisbətən orta inkişaf etmiş ölkələrini götürsək, adambaşına verilən ünvanlı sosial yardımların həcmi bizdən orta hesabla 8-10 dəfə yüksəkdir. Ölkədə hər ailəyə ödənilən yardımın orta aylıq məbləği təqribən 108 , bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24 manatdır.

   Bu baxımdan iqtisadçılar hesab edir ki, həm yaşayış minimumunun həddi artırılmalıdır, həm də ehtiyac meyarı yaşayış minimumu səviyyəsində olmalıdır. Yəni sosial yardımı yaşayış minimumu ilə eyniləşdirmək daha yaxşı olar.

   Amma fərqli düşünən ekspertlər də var. Onların fikrincə, ümumiyyətlə, ünvanlı sosial yardımların verilməsi get-gedə azaldılmalı və dayandırılmalıdır. Əsas diqqətsə ailələrin sosial reabilitasiyasına yönəldilməlidir. Məsələn, xüsusən kənd yerlərində işçi qüvvəsi var, amma yeri yoxdur. Öncə bu işlərə diqqət artırmaq lazımdır.

   Artıma münasibət bildirən iqtisadçı Vüqar Bayramov ehtiyac meyarının artırılması qərarını müsbət hal kimi dəyərləndirir: "Bütün hallarda bu qərar ünvanlı sosial yardım proqramı çərçivəsində verilən yardımların məbləğinin artmasına gətirib çıxaracaq. Hər adambaşına düşən ünvanlı sosial yardım təxminən 5 manat artacaq. Ünvanlı sosial yardım hesablanan zaman "ehtiyac meyarı" ilə ailədə hər adambaşına düşən gəlir arasındakı ümumi fərq əsas götürülür. Ailədə adambaşına düşən gəlir 40 manatdırsa, növbəti ildən etibarən ünvanlı sosial yardım çərçivəsində əlavə 40 manat veriləcək"

   İqtisadçının sözlərinə görə, ehtiyac meyarının 1 manat artırılması belə müsbət hal kimi dəyərləndirilməlidir: "Lakin bu, bütövlükdə ünvanlı sosial yardım proqramının mahiyyətində ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Ehtiyac meyarının artırılması belə indiki qiymətlər əsasında real ehtiyac meyarı hesab edilmir. Problemin digər tərəfi odur ki, müstəqil hesablamalarda ölkədə ortaillik inflyasiya göstəricisinin 15 faiz təşkil edəcəyi əksini tapıb. Dövlət Statistika Komitəsi 9, Beynəlxalq Valyuta Fondu 14,5 faizlik inflyasiya proqnozlaşdırıb. Deməli, ünvanlı sosial yardım proqramı çərçivəsində adambaşına artırılacaq 5 manat inflyasiya tərəfindən artıq yeyilib". İqtisadçı Ünvanlı Sosial Yardımın (ÜSY) səmərəsinin artırılması məqsədilə ehtiyac meyarına dəyişikliklərlə yanaşı, bu meyarın yenidən hesablanmasını təklif edir: "Mərkəzi Şərqi Avropa ölkələrində ehtiyac meyarı həm dövlət qurumları tərəfindən hesablanır, həm də dövlət müstəqil beyin mərkəzlərinə bu yöndə hesablama aparmaq istiqamətində sifariş verir. Müstəqil və dövlət qurumlarının hazırladığı ehtiyac meyarı əsasında sosial yardımlar üçün real ehtiyac meyarı qəbul edilir. Qiymətləndirmələrimizə görə, indiki halda adambaşına ehtiyac meyarı 100 manatdan az deyil. Bu o deməkdir ki, ehtiyac meyarı 100 manata, hətta ondan da yüksəyə qalxmalıdır.

   İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin rəhbəri Ruslan Atakişiyev ünvanlı sosial yardımın artırılmasını müsbət qiymətləndirsə də, bu sahədəki mövcud problemlərdən danışıb: "Məsələ ünvanlı sosial yardıma cəlb olunan insanların, yəni müraciət edən aztəminatlı ailələrin seçim meyarları ilə bağlıdır. Proses ehtiyac sahibi ailələrin durumu ilə, mənzil şəraiti ilə, evdə olan adamların sayı və s. bu kimi meyarlarla müəyyən edilir. Ünvanlı sosial yardım alanlar içində həqiqətən çox kasıb vəziyyətdə olanlar az deyil. Yəni aldıqları yardıma həqiqətən ehtiyacları var. Amma daha çox ehtiyac sahibləri var ki, onlar dəfələrlə müraciət etmələrinə baxmayaraq, istədikləri yardımı ala bilmirlər. Əksinə, ünvanlı yardım alan elə ailələr var ki, onlar sahib olduqları əmlakları gizlətmək yolu ilə, kimlərinsə vasitəsilə həmin sosial yardımı əldə edə bilirlər. Hesab edirəm ki, sözügedən prosesdə şəffaflıq olmalıdır, ictimai nəzarət yaradılmalıdır. Həmin şəxslərin seçilməsi və onlara ünvanlı sosial yardımın verilməsi ilə bağlı həyata keçirilən işlər nə qədər təmiz aparılsa, saxtakarlıq halları olmasa, ümumi prosesin gedişində ciddi problemlər olmaz. Məsələn, ehtiyac içində olan elə insanlar var ki, onlara bəzi hallarda qədər sərhədlər, maneələr qoyurlar ki, onlar get-gəldən bezib sosial yardım almaqdan vaz keçirirlər. Sanki çalışırlar ki, insanlar bu sahəyə soyuq yanaşsınlar. Halbuki həqiqi mənada onların dövlət tərəfindən verilən maddi yardıma daha çox ehtiyacları var. Sosial yardımı almaqda çətinlik çəkən aztəminatlı ailələrin müraciət edə biləcəyi qaynar xətt və sair üsullar artıq heç bir mahiyyət daşımır. Yəni problemi həll etmək üçün bunlar kifayət etmir. Daha artıq görülməlidir. Aztəminatlı ailələrlə yaxından maraqlanan, onları təlimatlandıran qurumlar, strukturlar lazımdır. İlk növbədə ehtiyac sahibi insanların problemləri öyrənilməlidir. Onlarla yaxından əməkdaşlıq etmək lazımdır".

   Birlik rəhbəri deyir ki, ikinci önəmli məsələ isə ehtiyac sahibi ailələrin ünvanlı sosial yardım aldığı zaman həyata keçirilən prosesin sadələşdirilməsidir: "Bu cür ailələr qısa zaman ərzində müraciət edə bilməli və onların sənədləşdirmə işi sürətlə və sadə üsulla həyata keçirilməlidir. Ehtiyac içində olan ailələri bir neçə manat üçün yormaq yaxşı hal deyil. İnsanlıqdan kənardı".

   R.Atakişiyev hesab edir ki, ünvanlı sosial yardım bəzi hallarda ələbaxımlığa gətirib çıxardır: "Amma bu ələbaxımlığın aradan qaldırılması üçün də müxtəlif yollar var. Məsələn, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra üsullar, planlar həyata keçirib. Belə ki, nazirlik ünvanlı sosial yardım alan ailələrə aylıq verilən məbləği bir yerə toplayıb, onlara birdəfəlik maddi yardım verib ki, heç olmasa, bu pulla həmin insanlar müəyyən bir qura bilsinlər. Özlərini dolandırsınlar. Çünki qurum da yaxşı bilir ki, ailələrin aldığı aylıq yardım həddindən artıq kiçikdir, ehtiyacları ödəmir. Düşünürəm ki, sözügedən proses də seçmə yolu ilə həyata keçirilməlidir. Çünki elə insanlar var ki, aztəminatlı ailələr var ki, onlar ümumiyyətlə işləmək qabiliyyəti olmayan adamlardır. Məsələn, yaşlı qadınlar, əlil vətəndaşlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, sadəcə bir valideynini itirmiş ailələr və s. Təbii ki, bu kateqoriyaların qurmaq, çalışmaq imkanları olmur. Ona görə də onlar daimi sosial yardımla təmin olunmalıdır".

   İqtisadçının fikrincə, başqa bir məsələ ünvanlı sosial yardımın hesablanmasıdır: "Bu da ondan ibarətdir ki, məsələn, bir sıra hallarda hər hansı ailə başçısını itirmiş ailə və yaxud əlil şəxslər bəzən müəyyən qaydada özləri də işləməyə cəhd göstərirlər. Onların işləməklərinə görə, bəzi hallarda sosial müdafiə işçiləri həmin ünvanlara edilən yardımı kəsməyə çalışırlar. Əlbəttə ki, bu cür vəziyyət ehtiyac içində olan həmin ailələri daha pis vəziyyətə salır. Yəni aztəminatlı dediyimiz ailələr özləri də müəyyən kateqoriyalara bölünməlidirlər. Hesab edirəm, məsələyə bu şəkildə yanaşma daha düzgün olardı. Çünki ehtiyac sahibi insanlar müxtəlif meyarlara uyğun təyin oluna bilər. Məsələn, elə qrup insanlar var ki, onların qabiliyyəti var. Amma çalışmaları üçün yeri yoxdur. Bunları düzgün anlamaq lazımdır. Fikrimcə, mövcud sahədə çox ciddi işlər görülməlidir. Yerlərdə, rayon bölgələrində, ehtiyacı olmadığı halda sosial yardım düzəltdirənlər çoxdur. Bunları araşdırmaq, təmizləmək lazımdır".

   "Sosial Tərəqqi" İctimai Birliyinin rəhbəri Elvin Əhmədov isə ünvanlı sosial yardım sahəsində ciddi problemlərin olmasını qəbul etmir: "Bir var iqtisadi göstəricilər, bir də var zəruri iqtisadi göstəricilər. Faktiki olaraq hamı bilir ki, Azərbaycanda aylıq əməkhaqqı 400 manata yaxındır. Yəni minimum əməkhaqqının 93 manata qaldırılması yaşayış minimumunun konkret göstəricisini əks elətdirmir. 400 manatın yanında kiçik rəqəmləri nümayiş etdirmək və cəmiyyətdə rezonans doğurmağa ehtiyac yoxdur. Mənə elə gəlir, o göstəriciləri müəyyən etmək üçün real göstəricilərə baxmaq lazımdır. Maliyyəçi kimi deyə bilərəm ki, ünvanlı sosial yardımların ailələrə çatdırılmasına heç bir problem yoxdur. Proses kifayət qədər şəffafdır. Real ehtiyac sahibləri öz pullarını vaxtında əldə edirlər".

   İqtisadçı hesab edir ki, əgər Azərbaycan indiki templə inkişaf etsə, yoxsulluq səviyyəsi aşağı ensə, artıq heç kim ünvanlı sosial yardım almayacaq: "Yəni buna artıq ehtiyac olmayacaq. Bu da olduqca təbii prosesdir".

 

İsmayıl

  Şərq.-2012.-7 dekabr.-S.11.