Ünvanlı sosial
yardımlar məsələsi debata
çıxarıldı
MÖVZU:
"Qaçqın və məcburi köçkünlərin,
əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin
problemlərinin həlli ilə bağlı həyata
keçirilən tədbirlərin
işıqlandırılması"
Natiq Cəfərli:
"Ünvanlı sosial yardımı almaq üçün
aparılan sənədləşmə prosesi
hər hansı bir kriteriyalara
uyğun olaraq təşkil
olunmur"
Səadət
Bənənyarlı: "İmkanlı bir ailənin
yaşlı üzvünə müavinət ayırırlar,
amma doğrudan da ehtiyacı olan insanlar sosial yardımdan kənarda
qalır"
Anar İsayev: "Ünvanlı sosial yardım məsələsi
ilə bağlı suallara bizim qurum cavabdeh deyil"
Dünən "Caspian Plaza"da "Æurnalistlər Ekstremal
Şəraitdə" İctimai Birliyinin təşkilatçılığı
ilə "Ünvanlı sosial
yardımlar xidməti sahəsindəki problemlər" mövzusunda teledebat
formatında tədbir keçirilib. Tədbirdə iqtisadçı-ekspert Natiq Cəfərli, tanınmış hüquq müdafiəçisi Səadət Bənənyarlı,
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Anar
İsayev, müxtəlif vətəndaş
cəmiyyətləri və media nümayəndələri
iştirak ediblər. Qeyd
edək ki, tədbirə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
nümayəndə dəvət olunsa da, nazirlikdən debata gələn
olmayıb.
Bu isə ünvanlı yardım məsələsində
jurnalistlərin bir çox suallarının cavabsız
qalmasına səbəb oldu. Söhbət daha çox sosial təminat sahəsindəki mövcud problemlərdən, təqaüdlərdən,
özəl pensiya fondlarında və s. bu kimi
mövzulardan getdi.
Teledebatı giriş sözü ilə
təşəbbüskar birliyin rəhbəri Firuzə Əsədullayeva
açdı. O və digər təşkilatçılar
həyata keçirdikləri layihədən və tədbirin mövzusundan qısaca danışdılar:
"Teledebatımızın bugünkü
mövzusu ünvanlı sosial
yardım sahəsindəki ümumi problemlərdən
ibarətdir. Mövzu ətrafında
müzakirələr debat formatında
keçiriləcək. Əsas məqsədimiz bu sahədəki ciddi
problemləri araşdırmaq və onların aradan
qaldırılması ilə bağlı təklifləri
müzakirə etməkdir. Nəzərinizə çatdırım
ki, burada müzakirə
olunan təkliflər sistemli
hala salınaraq həm donor
təşkilatlara, həm də aidiyyəti qurumlara
təqdim olunacaq. Mövzumuz
çox aktualdır. Bilirsiz
ki, əhalinin sosial təminatla
bağlı fəaliyyət göstərən aidiyyəti orqanlardan, onların işindən kifayət qədər
ciddi narazılıqları var. Tədbiri təşkil etməkdə məqsədimiz
sadəcə problemlərin niyə yarandığını
öyrənmək deyil, eyni
zamanda problemləri necə aradan qaldırmaq olar,
onları araşdırmaqdır. Yəni çıxış
yolları üçün konkret nəticəyə gəlmək lazımdır".
Daha sonra çıxış
üçün söz iqtisadçı-ekspert Natiq Cəfərliyə
verildi. İqtisadçı sözügedən
sahədəki ciddi problemlərdən
danışdı: "Öncə təşkilatçılara
çox ciddi və aktual məsələylə əlaqədar
ardıcıl olaraq debatlar
keçirdikləri üçün təşəkkür
edirəm. Qeyd olunduğu kimi,
bu cür tədbirlərin
məramı odur ki, sonda bir təkliflər paketi hazırlansın və təqdim olunsun. Ümid edək ki, əlaqədar orqanlar bunlardan bir nəticə
çıxardıb işlərində müəyyən dərəcədə
müsbət çevriliş edəcəklər.
Amma təəssüf
olsun ki, buna o qədər də inanmaq olmur. Çünki məsələyə münasibət
göz qabağındadır.
Ünvanlı sosial yardımla birbaşa məşğul olan
nazirlikdən nümayəndələr belə debatlarda
çox az-az iştirak edir və ya ümumiyyətlə heç
iştirak etmir. Bu davranış vətəndaş cəmiyyətinə
verilən qiymətdir. Üzücü
haldır. Keçən dəfəki tədbirlərdə də
problemin kökü
haqqında, onu yaradan
ünsürlər barəsində müəyyən müzakirələr
aparmışdıq. Həmin problemlər dəyişmədiyindən,
ümumiyyətlə, mövcud
çatışmazlıqlara baxış açısı dəyişmədiyindən,
mövzu aktual olaraq qalır". Ekspert hesab edir ki,
insanların narazılıq etdiyi əsas
problemlərdən biri sənədləşmə
məsələsidir: "Yəni ünvanlı sosial yardımı almaq üçün aparılan sənədləşmə
prosesi hər hansı bir
kriteriyalara uyğun olaraq təşkil olunmur. Proses tez-tez dəyişir,
yaxud hər rayonda fərqli
işlər aparılır. Eyni zamanda kiçik torpaq sahəsi olan, amma ondan istifadə etməyən,
həyətində 1970-ci illərdən qalmış "sovet" maşını olan
insanların sosial yardım ala bilməsi mümkünsüzdür.
Narazıçılığa daha çox sadaladığım amillər səbəb
olur".
İqtisadçının fikrincə,
digər əsas məsələlərdən biri isə
prosesdəki neqativ hallarla bağlıdır: "Əsasən
də rayon bölgələrində bu cür hallar çox
yaşanır. Bizə bu haqda çoxlu məlumatlar
daxil olur. Hətta
hökumət orqanları proseslə bağlı bir sıra cinayət işlərini də
aşkarlayıb. Məsələn, rüşvət
halları tez-tez baş
verir. Amma çox təəssüf ki, belə neqativ
halların əsasən də rayon yerlərində
davamlı olmağı hissi yaradır və
insanların narazıçılığına və
narahatlığına səbəb olur.
Ünvanlı sosial yardımla
bağlı çox ciddi
məsələni də nəzərinizə çatdırmaq
istəyirəm. Artıq iki ilə
yaxındır, belə bir ritorika
ilə çıxış edirlər ki,
ölkədə kasıbçılıq həddindən
artıq aşağı düşüb.
Yəni 2003-cü ildə 49 faiz idisə, indi 7.6 faizə düşüb.
Niyəsə kasıbçılıq həddi
aşağı düşdükcə, ünvanlı sosial yardımın miqdarı artır. Burada disbalans yaranır ki, niyə görə bu baş verir? Əgər doğrudan da ölkədə
kasıbçılıq azalırsa, ünvanlı sosial yardımın artması bizi
niyə sevindirir? Düşündürücü
məsələlər bunlardır. Amma orqanlar heç vaxt səbəblərini insanlara
izah etmirlər. Adicə hər hansı bir rəqəmi elan etməklə,
rəqəmlərin arxasında dura biləcək
arqumentləri səsləndirməməklə, dialoq yox, monoloq
şəklində söhbət edirlər. Opponentlik
və diskussiya olmadıqda, təbii ki, problemlərin həlli yollarını tapmaq da çətinləşir.
Qurumlar öz bildikləri
kimi məsələləri çözməyə
çalışırlar. Uzun illərdir ki, müəyyən irəliləyişlər
olsa da, problemin köklü şəkildə
həllinin olmadığı göz
qabağındadır".
N.Cəfərli deyir ki, fəlsəfi
nöqteyi-nəzərdən də problemə yanaşsaq,
görərik ki, ümumiyyətlə aidiyyəti dövlət
qurumlarının məsələyə münasibətində
ciddi səhvlər var: "İnsanlara balıq vermək
lazım deyil, balıq tutmağı öyrətmək
lazımdır. Normal cəmiyyətlərdə
yeməyi yox, tutmağı öyrədirlər.
Yəni insanlara şərait
yaradılmalıdır. Onların peşə sahələri inkişaf etdirilməlidir. İşlə
bağlı problemlərdə ciddi
dönüşlər olmalıdır. Problemlərdən biri də indiqatorlarla
bağlıdır. Bu nə deməkdir? Azərbaycanda
kasıbçılıq və yoxsulluq həddi
çox köhnə, sovetdən
qalmış indiqatorlarla müəyyən
edilir. Son açıqlamalara görə, yoxsulluq
həddi 93 manat civarında hesablanır və
bir çox kateqoriyalara görə dəyişir. Ümumi isə kasıblıq həddi ortalama 106 manat səviyyəsində
göstərilir. Əgər həmin ölçü
"alətlərinə" diqqətlə nəzər yetirsək
görərik ki, onlar
nəinki mənəvi cəhətdən zaman
etibarı ilə köhnəlib, həm də insanların bugünkü, çağdaş
tələblərinə də cavab vermir. Orada nə istirahətlə,
nə də internetlə bağlı maddələr var. İnsanın yaşaması təkcə bir tikə quru
çörək, bir stəkan su demək deyil.
İnsanın minimum tələbləri var ki, onlar
qarşılanmalıdır. Məsələn, Avropa Birliyi tərkibində
olan ölkələrdə çox sahələr bizdən ucuzdur. Daşınmaz əmlakdan tutmuş ərzaq mallarına qədər. Həmin
ölkələrdə yoxsulluq həddi təxminən
178-200 avro arası dəyişir. Yəni bu, əhalinin kateqoriyalarına görə
müəyyən edilir. Amma
bizdə dediyim kimi,
106 manatdır. Rəqəmlərlə oynamaqla,
onları aşağı çəkməklə ölkədə
yoxsulluq həddini azaltmaq
mümkün deyil. Real addımlar atmaq
lazımdır".
Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə azyaşlı uşaqların aldığı sosial müavinətin həddindən artıq az olduğunu deyib: "Xüsusən azyaşlı uşaqlara verilən yardım standartlara cavab vermir. İlk növbədə yardım həddinin artırılmasına ciddi ehtiyac var. Çünki qeyd etdiyimiz kimi, Azərbaycanda mövcud olan bazar qiymətləri ilə azyaşlı uşaqlar üçün verilən müavinətlər arasında çox yüksək fərq var. Axı bu uşaqların yeməyi, içməyi var, geyimi var, gigiyenik ehtiyacları var. Çox yaxşı olardı ki, aidiyyəti orqanlar bunun haqda düşünsünlər və məsələnin müsbət həllinə səy göstərsinlər". Hüquq müdafiəçisinin fikrincə, digər problem sosial müavinətlərin alınması ilə bağlıdır: "Bizə bu barədə çox şikayətlər olur. Məsələn, rayon yerlərində hamı bir-birini çox gözəl tanıyır, maddi vəziyyətlərini yaxşı bilirlər. İmkanlı bir ailənin yaşlı üzvünə müavinət ayırırlar, amma doğrudan da ehtiyacı olan insanlar sosial yardımdan kənarda qalır. Xaçmazda bir qadın mənə müraciət etdi ki, ehtiyacı olduğu halda ünvanlı sosial yardım ala bilmir. Səbəb isə odur ki, o qadın evi olmadığı üçün qayınatasının evində qalır. Qayınatasının isə köhnə bir "Æiquli"si var. Məhz bu köhnə "arabaya" görə həmin qadın müavinət ala bilmədi. Problemlərin yaranması daha çox məmurlardan asılıdır. Əgər onlar bir qədər obyektiv olsalar, sənədləşmə prosesində bəzi məsələləri nəzərə alsalar, çox gözəl olar". N.Cəfərli bir daha vurğuladı ki, əgər insanları hansısa suallar maraqlandırırsa, o, sorğu şəklində suallarını aidiyyəti orqanlara göndərməli və qurumlar vətəndaşın öyrənmək istədikləri hər şeyə dolğun şəkildə cavab verməlidir: "Buna borcludurlar. Əhali bilmək istəyir ki, cəmiyyətimizdə yoxsulluq həddi nəyə görə hesablanır, indiqatorlar bunu necə müəyyən edir, standart çörək, yağ, ət neçə qramla hesablanır və s. Amma illərdir çalışsaq da, bunların cavablarını ala bilməmişik. Bizimkilər deyir ki, Avropada insanlar o qədər acdır ki, "oboy" yeyirlər. Böhranlı ölkə olan İspaniyada orta aylıq əmək haqqının miqdarı 890 avrodur. Dövlət bu rəqəmi dondurub. Bunu ona görə edib ki, ölkədə ucuzluqdur və insanlar 890 avro ilə istədikləri kimi dolana bilirlər. Mən orada olmuşam, özüm bunun şahidiyəm. Əlavə olaraq, gəzirlər, səyahət edirlər. Yəni biz təkcə orta hesabı götürməməliyik, fiziki qanunlara da nəzər yetirməliyik. Pensiyaçılarımız arasında fərq çoxdur. Hətta uçurum var". Tədbirin qonaqlarından biri öz timsalında yaşlı pensiyaçıların dərdlərini dilə gətirdi: "34 il yaxşı vəzifədə işləmişəm, yaxşı da maaş almışam. İndi mənə 157 manat pensiya verirlər. Bundan sonra əgər artım olsa, pensiyam olacaq 160 manat. Mən təklif edirəm ki, o məbləği bizə təyin edən məmurlar bütün var-yoxlarını qoysunlar bir kənara, həmin 157 manatla bir ay keçinsin, görüm dolana bilər? Heç nəyi yox, adicə yol nəqliyyatını deyirəm. Harasa getmək üçün bir neçə marşrut dəyişməlisən. Elə hər gün neçə manatın yollara gedir. Hələ mən kommunal xərcləri-filan demirəm. Çox gülünc haldır. Bir yüksək məmurumuz dediyi sözü qulağımla eşitmişəm, deyirdi ki: "Məcburdur ki, yaşlı adamlar qışda xiyar yesinlər?". Məgər adam yaşlıdır deyə ölməlidir? Axı bütün ömrünü çalışıb, dövlətə xidmət edib. Onda belə çıxır ki, yaşlıların yaşamağı heç kimə xeyir eləmir. Deyirlər ki, "yıxıl öl".
Sosial Müdafiə Fondunun nümayəndəsi Anar
İsayev isə dedi ki, konkret olaraq
bəhs edilən mövzu Əmək və
Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqədardır. Çünki ünvanlı sosial
yardım məsələsi onların həyata keçirdiyi sistemidir:
"Ünvanlı sosial yardım məsələsi
ilə bağlı suallara bizim qurum cavabdeh
deyil. Æurnalistlərin bununla
bağlı suallarına ƏƏSMN cavab
verməlidir. DSMF sadəcə pensiyaların verilməsinə cavabdehdir. Beynəlxalq pensiya
sistemlərinə görə, yəni ümumi
qayda belədir ki, orta aylıq pensiya orta aylıq əməkhaqqının 40 faizinə
çatmalıdır. Yəni hazırda bu
faizə biz gəlib
çıxmışıq. Bunlar ödənişlərin,
pensiyaçıların sayına görə, bir
də əhalinin kateqoriyalarına uyğun
hesablanır. Prosesi ümumi
pensiya fondunda cəmlənən
pul hesabına həyata keçirilir.
İndi Azərbaycanda bu
sahədə vəziyyət qənaətbəxşdir. Bir sıra Avropa ölkələrinə
nəzər salsaq görərik ki, onlarda pensiya
həddi aşağı düşür.
Dövlətimiz mümkün qədər
çalışır, səy göstərir ki,
əhalinin güzəranı yaxşı olsun.
Axı kim istəyər ki,
xalqının maddi vəziyyəti
aşağı səviyyədə olsun?".
Şərq.-2012.-12 dekabr.-S.11.