Mənəviyyata tapınan şərəfli ömür

 

Nizami Cəfərov, Milli Məclisin Mədəniyyət Məsələləri Komitəsinin sədri. AMEA-nın müxbir üzvü, Əməkdar elm xadim

 Yaxşı insan, dəyərli şəxsiyyət, mənəviyyatlı ziyalı məfhumları istənilən zaman və məkan üçün aktualdır. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qürur duyub, onları özünün milli sərvəti sayıb. Mənəvi-əxlaqi dəyərlərin yad təsirlərə məruz qaldığı müasir qloballaşma dövründə yüksək insani keyfiyyətləri, saf həyat idealı, şəxsiyyətinin bütövlüyü, ziyalılığı ilə çoxlarından fərqlənən kamil insanların cəmiyyətdə yeri daha qabarıq duyulur. Belə seçilmiş insanların dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyəti həm də onların mənalı həyat yolunu, cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirib. Ziyalı adına layiq belə təmənnasız insanlar xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində, müdrik əməllərində təcəssüm etdiriblər.

   Millətin düşüncə sistemi, zəngin mədəni irsini, intellektual potensialını kamil şəxsiyyətlərində yaşadan, milli inkişafda elmi tərəqqinin alternativsizliyini daim ictimai rəyə aşılayan belə böyük insanlar hər zaman onları əhatə edən cəmiyyətin rəğbət və etimadını qazanıblar. Bu çətin və şərəfli taleyi bölüşənlər başqalarından fərqli olaraq mənəvi dəyərlərin cəmiyyətdə hakim olmasına çalışır, bununla da əlçatmaz ucalığa qovuşurlar. Bu insanlar xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində qoruyub, həyatda mərdliklə yaşamaq, ad qoymaq üçün insana ləyaqət və şərəf hissinin yetərli olduğunu sübuta yetiriblər.

   Dünyaya gəldikdən sonra qismətinə düşən ömür payını hər bir yaradıcı insan fərqli yaşayır, həyat adlanan uzun bir yolda özünəməxsus iz qoyur. Bəzən bu izlər var olmamış kimi insanın fiziki ölümü ilə yoxa çıxır, bəzən isə həyatın coşqun fırtınası ondan bir daş da qopara bilmir. Sağlığında böyük hörmət-izzət sahibi olan, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirində kamil insan, dəyərli ziyalı, qayğıkeş ailə başçısı kimi qalan belə insanlardan biriZakir Həsən oğlu Sərdarovdur. Cəmiyyətə xüsusi təqdimata ehtiyacı olmayan bu parlaq şəxsiyyət şərəfli və mənalı ömrü boyu insanlığın zinəti sayılan safmünis dəyərləri parlaq xarakterində yaşadıb, fani dünyadan yeganə umacağı şəxsiyyətini, mənliyini, ad-sanını və bir də həyat prinsiplərini qorumaq olub.

   Uzun illər jurnalistika sahəsində çalışaraq qələminin qüdrəti ilə publisistika zirvəsinə yüksələn, milli tariximizin sanballı araşdırmaçılarından biri kimi elmdə sözünü deyən, Milli Məclisin deputatı statusunda layiqli xidmətilə seçilən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti vəzifəsində gəncliyin nurlu sabahına çalışan Zakir Sərdarov bütün insani keyfiyyətləri öz şəxsiyyətində birləşdirib. Çağdaş tariximizin ən çətin, taleyüklü dövründə Azərbaycanın nicatını, xilas yolunu haqlı olaraq Heydər Əliyev dühasının böyük siyasətə qayıdışında - yenidən hakimiyyət olimpinə yüksəlməsində görən məşhur "91-lər"in sırasında adı daim ehtiramla çəkilən Zakir Sərdarov ləyaqətli və şərəfli ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə onu tanıyanların qəlbində silinməz iz qoyub.

    Müdriklərimiz əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. 1943-cü il dekabrın 31-də qədim yurd yerimiz olan Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqtəpə kəndində qulluqçu ailəsində anadan olan Zakir Sərdarovun cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ilk növbədə valideynlərinin böyük rolu olub. Ailəsini dolandırmaq üçün hər bir əziyyətə qatlaşan atası Həsən kişi el arasında mərdliyi, sözünə bütövlüyü, yüksək insani keyfiyyətləri ilə tanınıb. Tanınmış Əfəndilər nəslindən olan anası Züleyxa xanım isə Azərbaycan qadınına xas isməti, namusu, ailəcanlılığı nəcib xarakterində cəmləyib.

   Yaşa dolduqca, həyatın qəribəlikləri, bəzən də haqsızlıqları ədalət axtarışında olan nəcib insanlar kimi, onu da dünyanın ədəbi sualları ilə üz-üzə qoyub. Bu sualların cavabını humanitar elmlərdə axtaran Zakir Sərdarovun gələcək həyat yolu, peşə seçimi də məhz onun Azərbaycanın dünəni, bugünü və gələcəyi ilə bağlı saf və təmiz düşüncələrindən rişələnib. Orta məktəbi yaxşı qiymətlərlə başa vuraraq 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub. Bir tərəfdən tələbəlik dövrünün ehtiyacları, digər tərəfdənsə, daxilindən saf çeşmə tək çağlayan yaradıcılıq həvəsi elə tələbəlik illərindən onu dövrü mətbuata üz tutmağa sövq edir. Əmək fəaliyyətinə də məhz bu illərdə "Xəzər dənizçisi" qəzetində başlayıb. Bu illərdə onun müxtəlif mətbuat orqanlarında təkcə gənclik əzmi ilə qələmə aldığı məqalələri deyil, yüksək poetik ruh və yaradıcı enerji ilə ərsəyə gətirdiyi şeir, hekayə və povestləri də çap edilib.

   Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir il Salyan rayonunda müəllim işləyən Zakir Sərdarov bənzərsiz və maraqlı pedaqoji aləmə qovuşaraq həyatını bu yola sərf etmək istəyini tam yəqinləşdirsə də, sözə, qələmə sadiqliyini qoruyub saxlayıb. Böyük arzular sorağı ilə yenidən şəhərə dönərək 1969-1971-ci illərdə Azərbaycan Æurnalistlər İttifaqında ədəbi işçi, eyni zamanda Bakı Bədən Tərbiyəsi texnikumunda müəllim işləyib. 1971-1984-cü illərdə "Gənc müəllim" qəzetinin redaktoru vəzifəsində yüksək şövqlə yazıb-yaradıb, söz sənətkarlığında vətəndaş mövqeyi, insan amili, xalq mənafeyi hər zaman öndə dayanıb. Zakir Sərdarov publisistikasını oxuculara sevdirən ən başlıca amil isə onun mövzu çevrəsinin, toxunduğu mövzuların xalq ruhuna yaxınlığı, jurnalist yaradıcılığı üçün mühüm cəhət olan ahəngdar üslubu, dəsti-xətti olub. Onun peşəkar qələmindən, həyat gerçəkliklərinə dərin yaradıcı baxışından doğulan söz həvəslə oxumaqla yanaşı, insanları düşündürüb, nəticə çıxarmağa sövq edir.

   1971-ci ildən məzunu olduğu Azərbaycan Pedaqoji Universitetində pedaqoji fəaliyyətə başlayaraq ömrünün sonunadək qəlbinin odunu və hərarətini, ömrünün ən qaynar illərini gənc nəslin yüksək ali təhsil almasına, təlim-tərbiyəsinə, maariflənməsinə həsr edib. Bu ali təhsil ocağında pedaqoji fəaliyyətə böyük həvəslə girişən, öz üzərində ciddi şəkildə işləyən, biliklərini günü-gündən zənginləşdirən Zakir Sərdarov pedaqogika sahəsində yeni söz deməyə də ehtiyac duyub. Daxilindən gələn bu tükənməz enerji gənc pedaqoqun taleyini bu dəfə elm sahəsi ilə sıx şəkildə bağlayıb - Zakir müəllim yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi kimi üzərində səylə çalışdığı dissertasiya işini 1982-ci ildə müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini alıb. Həmin institutun baş müəllimi, daha sonra isə dosenti olub. Elmi işini əzmlə davam etdirərək müxtəlif arxivlərdə milli tariximiz üçün son dərəcə dəyərli faktları, sənədləri üzə çıxarıb. Bunların əsasında 3 kitab, 50-dən artıq elmi məqalə qələmə alıb. Düzgünobyektiv qənaətlərə, dərin mühakiməyə, tədqiqatçı fəhminə əsaslanan əsərləri həm də onun yüksək vətənpərvərliyindən, tarix elminə dəyərlə töhfə vermək istəyindən irəli gəlib.

   Mənəvi dünyasının, vicdanının səsi Zakir Sərdarovu yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa qoymayıb. O, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik nümayiş etdirməyib. Əsl ziyalılara xas tərzdə dövrünün ictimai-siyasi hadisələrinə laqeyd olmayıb, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünüb.

   Ötən əsrin 80-ci illərinin sonlarını çoxlarımız qəlb ağrısı və məyusluqla xatırlayırıq. Uzun illər süfrəmizin ətrafında yallanan, çörəyimizi yeyib bizə xəyanət yolunu tutan bədnam qonşularımızın cəfəng Qarabağ iddialarına vətənpərvər tarixçi mövqeyi ilə tutarlı cavab verən, elmi yazıları, məqalələri ilə erməniləri ifşa edən dəyərli ziyalılardan biri də məhz Zakir Sərdarov idi. Tarixçi-alim ermənilərin Qarabağa və digər ərazilərimizə çar Rusiyası dövründə köçürüldüyünü, habelə İrəvanın əzəli Azərbaycan torpağı olduğunu konkret faktlara əsaslanaraq ortaya qoyur, habelə bədnam qonşularımızın azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı, terror aktlarını açıb göstərirdi.

   Haqq dünyasına qovuşmasından sonra işıq üzü görmüş "Heydər Əliyev və milli mübarizə tariximiz" kitabının ön sözündə Zakir müəllim ürək yanğısı ilə yazır: "Torpaqlarımızın bölünməsinin, xalqımızın parçalanmasının əsasını qoyan "Gülüstan" və "Türkmənçay" müqavilələri imzalandıqdan sonra mərhələ-mərhələ etnik və mənəvi soyqırımı aksiyalarına məruz qalmışıq. İrandan və Türkiyədən köçürülən yüz minlərlə ermənini imperiyanın cənub sərhədlərində yerləşdirməklə möhkəmlənməyə çalışan çar Rusiyası 1828-ci ildə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında "erməni vilayəti" deyilən inzibati ərazi vahidi yaratdı. Bu vilayətin yaradılmasından sonra xəstə şüurun məhsulu olan "Böyük Ermənistan" ideyasının təbliği daha da gücləndi. Həmin dövrdən etibarən bu uydurma dövlətin yaradılmasına hazırlıq məqsədilə Azərbaycan torpaqları ermənilər tərəfindən zəbt olunmağa başladı, erməni tarixi total şəkildə saxtalaşdırıldı, onların Qafqazda aborigen etnos olması barədə uydurma tezis ortaya atıldı".

   80-ci illərin sonuna doğru Azərbaycanın milli müstəqilliyinə qovuşması prosesinə əsaslı təkan verən milli azadlıq hərəkatında fəal şəkildə iştirak edən Zakir Sərdarov həm də zamanın nəbzini iti fəhmi, yüksək intellekti və parlaq zəkası ilə tutan, siyasi gerçəklikləri obyektiv dəyərləndirməkdən çəkinməyən ziyalılardan idi. Sonrakı mərhələdə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər göstərdi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində yaşanan sarsıntı və təlatümlər həm də bu reallığı təsdiqlədi ki, yalnız fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik lider milli müstəqilliyi qorumaqyaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Belə bir şəraitdə xalqın aparıcı ziyalıları haqlı olaraq çıxış yolunu ulu öndər Heydər Əliyevin fəal siyasi səhnəyə qayıtmasında, böyük öndərin rəhbərliyi altında hakimiyyət uğrunda sivil mübarizə aparacaq siyasi təşkilatın yaradılmasında görürdülər.

   Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədi ilə xalqın sağlam qüvvələrinin ümummilli lider Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. İlk dövrlərdə kortəbii başlanan dağınıq fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün ulu öndər Heydər Əliyevə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu.

   Məhz belə bir ağır dövrdə - 1992-ci il oktyabrın 16-da Zakir Sərdarov da daxil olmaqla, 91 nəfər nüfuzlu Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın çağdaş tarixinə "91-lər"in müraciəti" kimi daxil olan həmin sənəd bütövlükdə xalqın arzu və istəklərinin ifadəsi idi.

   Azərbaycanın ən görkəmli və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi təşkilata - Yeni Azərbaycan Partiyasına rəhbərlik etmək xahiş olunurdu. Müraciətə böyük ümidlərlə imza atan Zakir Sərdarov çıxışlarında və məqalələrində uzaqgörənliklə bildirirdi ki, yeni müstəqillik qazanan ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

   Siyasi baxışlarında hər zaman sabitprinsipial olan Zakir müəllim ümummilli liderin siyasi kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə layiqli töhfəsini verməyə çalışıb. Ulu öndərin siyasi fəaliyyətinə YAP-ın yaradıcılarından və fəallarından biri kimi fəal dəstək verən, dövlətçilik maraqlarının keşiyində dayanan Zakir Sərdarovun "Əliyevçilik - Azərbaycançılıq" məqaləsi ideya məzmunu, poetik ruhu ilə insanı təsirləndirir, lider amilinin xalqın taleyindəki əvəzsiz roluna bir daha parlaq işıq salır: "XX əsrin yetişdirdiyi görkəmli siyasi və dövlət xadimləri arasında Heydər Əliyev kimi çətin, mürəkkəb, amma şərəfli həyat yolu keçmiş ikinci bir tarixi şəxsiyyət təsəvvür etmək çətindir. Onun böyük və zəngin həyat yolunun elmi təhlili aydın göstərir ki, o, bütün varlığını şüurlu şəkildə Azərbaycana və azərbaycançılığa həsr etmişdir. Bəlkə də buna görədir ki, Heydər Əliyev xalqın qəlbində heykəlləşmişdir. Antey torpaqdan güc alan kimi, Heydər Əliyev xalqından, Vətənindən güc alır. Millət atası ilə gücü birləşən millət əzəmətli, daha qüdrətli və məğlubedilməz olur".

   Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Zakir Sərdarov son dərəcə cazibədar auraya, pozitiv enerjiyə malik idi. Tanınmış ziyalı ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyyəti, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edirdi. Yaxından tanıyanlar Zakir müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirdilər. Bu ictimai rəğbətin bariz nümunəsi olaraq Zakir Sərdarov 1999-cu il fevralın 14-də 26 saylı birinci Nəsimi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildi.

   Belə bir deyim var - hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Zakir Sərdarov deputatlıq fəaliyyətini ilk gündən seçicilərə layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışıb. Yeni Azərbaycan Partiyasının xalqın mənafeyi naminə irəli sürdüyü təklif və ideyaların reallaşmasında, mütərəqqi ruhlu qanunların hazırlanmasında və qəbulunda fəallıq göstərib. İnsan Hüquqları Komissiyasının üzvü kimi daim seçicilərinin hüquq və mənafelərinin keşiyində dayanıb, imkanı daxilində onların hər bir müraciətinə böyük həssaslıqla, ürək yanğısı ilə yanaşıb. Amansız, vaxtsız əcəl üzündən deputatlıq fəaliyyəti cəmi 10 ay çəksə də, Zakir Sərdarov Milli Məclisdə seçicilərini qayğılarından, narahat edən problemləri dəfələrlə səsləndirir, aidiyyəti qurumları bu problemlərin həllinə çağırırdı. Eyni zamanda cəmiyyətdə baş verən proseslərə adekvat reaksiyası, Milli Məclisdə müzakirə olunan müxtəlif məsələlərə konkret, aydın münasibəti ilə seçilən Zakir müəllim yüksək insani keyfiyyətləri ilə deputat həmkarlarının da nüfuzunu qazanıb.

   Zakir Sərdarov ictimai-siyasi, elmi fəaliyyəti ilə kamil və yetkin şəxsiyyət olmaqla yanaşı, həm də son dərəcə qayğıkeş və diqqətcil ailə başçısı idi. İxtisasca pedaqoq olan ömür-gün yoldaşı Leyla xanımla birgə böyüdüb boya-başa çatdırdığı, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişdirdiyi iki oğul, iki qız övladı ata ocağının mənəvi ruhunu - Zakir Sərdarov şəxsiyyətinin ucalığını əməllərində qoruyur.

   Bəli, Zakir Sərdarov qarşıya qoyduğu saf və ülvi məqsədlərlə əsl ziyalı və insan idi. Azərbaycanı daim firavan görmək istəyir, böyük ürəyi dövlətə, xalqa layiqli xidmət əzmi ilə döyünürdü. Fəqət, atalarımız "Sən saydığını say, gör fələk nə sayır" deyiblər. Bu alicənab insanın, layaqətli atanın, alovlu vətənpərvərin mənalı ömür teli məhz dünyaya göz açdığı ayda - 1999-cu il dekabrın 14-də qırıldı. Torpağa, yurda, xalqa vurğun ürəyi həmişəlik susdu. Fəqət, bu böyük şəxsiyyət onu tanıyanların, sevənlərin qəlbində əbədi yaşayır. 

 

Şərq.-2012.-14 dekabr.-S.12.