Əlil övladından utanan
valideynlər...
"Əlil uşaqların valideynləri istəmirlər ki, övladlarını kimsə görsün"
MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"
Hazırda Azərbaycandakı
əlillər sırasında həyat tərzini digər həmyaşıdları
kimi normal keçirməkdən
məhrum olan minlərlə uşaq var. Dövlət Statistika Komitəsinin (DSK) hesablamalarına
görə, ölkədə 48 minə yaxın
sağlamlıq imkanları məhdud olan uşaq yaşayır. Belə uşaqlar
üçün onun imkan və bacarıqları nəzərə
alınaraq lazımi şərait yaradılmadıqda, ailələrindən
və sosial-müdafiə strukturlarından asılı vəziyyətə
düşürlər. Xüsusi
qayğıya ehtiyacı olan insanların
sayı artdıqca, cəmiyyət də bəhrələnə
biləcəyi böyük
potensialını itirir.
Qeyd edək ki, respublikada Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nəzdində
605 yerlik ağıldankəm uşaqlar üçün 2
internat evi fəaliyyət göstərir. Həmin müəssisələrdə
isə 300 nəfər əlil uşaq
yaşayır. Sözügedən internatlara hər hansı səbəbdən
ailə şəraitində yaşaması mümkünləşməyən
4 yaşdan 18 yaşa
qədər əqli cəhətdən zəif inkişaf
etmiş, Təhsil Nazirliyi
sistemində təhsilə cəlbi mümkün
olmayan uşaqlar qəbul
edilirlər. Lakin xüsusi
qayğıya ehtiyacı olan elə uşaqlar var ki, onlar təhsil hüququndan bəhrələnmirlər. Eyni zamanda, müalicə
hüquqlarından da yararlana
bilmirlər. Belə uşaqlar arasında sosial yardım ala bilməyənlər
də az deyil. Düzdür, bu sahədə
müəyyən işlər aparılır. Amma
görünür, mövcud
problemləri həll etmək üçün
lazımi qədər səy göstərilmir. Hazırda dünyada belə uşaqlara
xeyriyyə və sosial yardımlar obyekti kimi baxmırlar.
Onların da hamı kimi
hüququ var. Məsələn,
təhsil almaq onların ali
hüquqlarından biridir. Əgər
valideynlər uşağa görə
utanıb, onu məktəbə göndərmirlərsə,
deməli, Azərbaycan qanunvericiliyini pozurlar. Bu sahədə İtaliya, Xorvatiya,
Qırğızıstan, Türkiyə kimi
ölkələrin təcrübəsindən istifadə olunsa da, hələ də
bir sıra problemlər qalmaqdadır. Məsələn,
hələ də əlil uşaqların mütəmadi
müayinəsi həll edilməyib. Bundan başqa, bu gün ölkədə bir
sıra inşaat işləri
aparılır və gözəl infrastruktur
yaradılır. Ancaq yeraltı keçidlərin
inşasında xüsusi qayğıya
ehtiyacı olanlarla bağlı heç nə nəzərdə tutulmayıb.
Digər tərəfdən əlil uşaqlara
müavinətlər və yardımlar ayrılmalıdır.
DSK-nın məlumatına əsasən, hər il əlilliyi ilk dəfə
müəyyənləşən uşaqların sayı 8-9 min nəfər artır. Amma
həmin uşaqların çox az qismi təhsil müəssisələrində,
reabilitasiya mərkəzlərində cəmləşib.
Bütün bunlarla
yanaşı, əlilliyi olan
uşaqların təhsilə, idmana,
peşə təliminə, incəsənətə və əməyə
çıxışı məhduddur. Bu gün əlilliyi olan
uşaqların cəmiyyətin bütün
sahələrinə inteqrasiyasına malik
olması və onların ailələri ilə işləmək
üçün xüsusi
bacarıqlara malik sosial
işçilərin yoxluğu da çətinliklər törədir. Eləcə də, ailə, icma
və məktəb mühitində əlilliyi olan
uşaqlarla iş qurmaq bacarığına malik
müəllimlər, valideynlər və sosial
işçilərin hazırlanması üçün
xüsusi tədris müəssisələrinə
ehtiyac duyulur.
Əlilliyi olan uşaqlara
qarşı cəmiyyətin yanaşmasını dəyişmək
üçün maarifləndirmə
və məlumatlandırmaya zərurət var
ki, bunun üçün də proqramlar
mövcud deyil. Həmçinin
əlilliyi olan uşaqların təhsilə
cəlb edilməsi, sosial, iqtisadi,
idman və mədəni sahələrdə
hərtərəfli iştirakları üçün
fiziki şəraitin yoxluğu
problemi də mövcuddur.
Digər problem isə müvafiq
dövlət qurumları tərəfindən aktual
sahələrdə xidmətlərin təşkili və ya davam etdirilməsi üçün ünvanlı sosial
qrantların olmamasıdır.
ƏƏSMN-dən verilən məlumata
görə, əlillərlə bağlı yeni proqram
hazırlanıb. Bu proqram
çərçivəsində tibbi-sosial
reabilitasiya, psixo-sosial
yardım kimi layihələr öz əksini tapıb. Belə ki, gələcəkdə sosial
xidmət layihəsinin həyata keçirilməsi üçün əhalinin sosial
müdafiəsi ilə məşğul olan
qurumlarda günərzi sosial
xidmət mərkəzləri yaradılacaq. Bu
isə tərkibində 2-3 əlil və ya
ahıl vətəndaş olan ailələr
üçün işləmək
imkanları yaradacaq. Tibbi-sosial
reabilitasiya layihəsinə gəldikdə
isə elə ailə üzvləri var ki, onların əlilliyinin bərpası mümkündür. Və həmin əlillərə
uyğun peşələrin,
ixtisasların seçilməsi, öyrədilməsi və
işə cəlb edilməsi nəzərdə tutulur.
"Göy qurşağı" Mərkəzinin rəhbəri Yeganə Məmmədəliyeva isə bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə uğurla inteqrasiya olmaları üçün "Finlandiya" təhsil modelini ölkəmizdə tətbiq etmək istəyirlər: "Bu məqsəd ilə dövlət məmurlarına və müvafiq qurumlara müraciət etmişik". "Finlandiya" modeli haqqında məlumat verən Y.Məmmədəliyeva qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan 3 yaşına qədər uşaqlar ev şəraitində saxlanılır və onlara daha çox sosial işçilər nəzarət edirlər: "3-6 yaş qrupuna daxil olanlar isə bağçalara yerləşdirilməlidir". Onun sözlərinə görə, ölkəmizdə əsasən, inklüziv bağçalar var ki, bunların da sayı azlıq təşkil edir. Son dövrlərə qədər mövcud olan xüsusi bağçalar isə hamısı özəlləşdirilib. O, digər problemin ağır dərəcəli xəstə uşaqların inklüziv təhsilə qəbul edilməməsini göstərdi: "Nəticədə belə uşaqlar cəmiyyətdən təcrid olunur və evə qapanır. Üstəlik, problemli uşaqlar ümumi bağçaya qəbul edilmir". Ağır dərəcəli əlil uşaqların məktəb dövründə elə də böyük problemlərlə üzləşmədiklərini deyən Yeganə Məmmədəliyeva bununla yanaşı, məktəbi bitirən belə uşaqların ancaq 1-2 faizi peşə və ali təhsil ala bildiklərini söyləyib: "Digərləri təhsildən kənar qalırlar, əldə etdikləri bacarıqları həyatda tətbiq edə bilmirlər. Çünki onlar üçün iş yerləri yoxdur. Bizim sərf etdiyimiz əmək də nəticəsiz qalır. "Finlandiya" modelində bu cür uşaqlar üçün də iş yerləri nəzərdə tutulub. Ağır dərəcəli uşaq və yeniyetmələr üçün iş yerləri açmaqla, onların cəmiyyətə yararsız olmadıqlarını hiss etdirmək mümkündür". Mərkəzin direktoru "Finlandiya" modelinin böyük maliyyə vəsaiti tələb etdiyini və bu baxımdan dövləti anlayışla qarşıladığını nəzərə çatdırdı: "Ümid edək ki, 5-10 ilə bu modeli ölkəmizdə reallaşdırmaq mümkün olacaq. Dövlətin əlillərə münasibəti onun mədəniyyətinin və müasirliyinin göstəricisidir. Xaricdə əlil uşaq və yeniyetmələrin reabilitasiyasına maliyyə vəsaiti ayıran şəxslərin müəyyən qədər vergiləri azaldılır. Bizdə də bu metoddan yararlanmağın faydası olardı". Y.Məmmədəliyeva cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara biganə münasibət bəslədiyini qeyd etdi. Onun sözlərinə görə, bəzi valideynlər əlil övladlarının qınaq obyektinə çevrilməməsi üçün onları evə təhkim edirlər: "Mərkəzimizin əsas məqsədlərindən biri də valideynlərin maarifləndirilməsidir. Əlil uşaqları gizlətmək problemi daha da dərinləşdirir". Mərkəzin iş prosesindən söhbət açan Y.Məmmədəliyeva deyib ki, gün ərzində 9-10 uşaqla cədvələ əsasən fərdi şəkildə məşğul olunur. Y.Məmmədəliyeva "Göy qurşağı"na son zamanlar daha çox autizmdən əziyyət çəkən uşaqların valideynlərinin müraciət etdiyini vurğuladı: "Bundan başqa, daun sindromu, əqli inkişafın geriliyi, nitq, davranış, psixoloji və iflic problemləri ilə üzləşən uşaqlar da üstünlük təşkil edirlər". "Göy qurşağı" tibbi deyil, sosial reabilitasiya yönümlü mərkəzdir. Belə ki, burada psixoloq, loqoped, fizioterapevt, inkişaf terapevti və məktəbəhazırlıq mütəxəssisi çalışır və müxtəlif uşaq nevroloji dispanserlərlə əməkdaşlıq edilir. Mütəxəssislərin hamısı öz sahəsi üzrə ali təhsil almış peşəkarlardır. Yeganə xanım gələcək planlarından danışaraq bildirdi ki, mərkəzin dövlət büdcəsindən maliyyələşməsini istəyirlər: "Bu, daha səmərəli fəaliyyət göstərməyimizə və uşaq qəbulunun sayını artırmağımıza kömək edəcək".
Məsələyə münasibət bildirən Əlillərə Dəstək İctimai Birliyinin sədri Yaşar Hümbətov əlil uşaqların təhsili ilə bağlı bir sıra məktəblərin açıldığını deyib: "Ölkənin bir çox orta təhsil müəssisələrində əlillərin təhsili ilə məşğul olmaq üçün siniflər və müəllimlər ayrılıb. Amma təəssüflər olsun ki, müəllimlər öz funksiyalarını yerinə yetirmirlər. Səbəbkar isə təbii ki, həmin məktəb direktorlarıdır. Necə olur ki, dövlət müəllim və siniflər təşkil edir, amma sən əlil uşaqların təhsilinə biganə yanaşırsan? Təbii ki, bu cür olaylar ölkədə əlil uşaqların savadsız və elmsiz böyüməsinə səbəb olacaq. Bunların aradan qaldırılması üçün müəyyən bir dövlət qurumu yaradılmalıdır və o da əlillərin təhsilini daim diqqət mərkəzində saxlamalıdır. Onların da bütün vətəndaşlara bərabər hüquqları var. Bu cür münasibət sərgiləmək düzgün deyil. Çünki dövlətin, cəmiyyətin bu səpkili münasibət göstərməsi onlarda hansısa psixi durğunluğa səbəb olur. Bilirik ki, əlil uşaqların əksəriyyəti xüsusi bacarıqlara malik olur. Onların işlərini, bacarıqlarını qiymətləndirməyəndə isə bu onlarda ruh düşkünlüyü yaradır. Yəni dövlət istənilən halda, bütün dönəmlərdə onlara diqqət və qayğı göstərməlidir. Baxın, dövlət büdcəsindən anormal körpələr üçün vəsait ayrılır. Amma həmin vəsait uşaqlara çatırmı? Bu, sual altındadır". Y.Hümbətov qeyd edib ki, hazırda şəhərimizin yeraltı keçidlərində, yollarda, səkilərdə, binalarda fiziki qüsuru olan sakinlər üçün keçidlər yox vəziyyətindədir: "Rəhbərlik etdiyim qurumun bütün tədbirlərində əlillər üçün keçidlərin yaradılmasını vurğulamışam. Köhnə tikintiləri anlamaq olar, amma modern binalarda və iaşə obyektlərində də sözügedən keçidlərin tikilməsi zəruridir. Keçidlərin hansı səbəblərdən qoyulmaması isə bəlli deyil. Keçidlərlə yanaşı, əlillərin digər problemləri də onlarla işləyə biləcək müəllim və psixoloqların hazırlanması məsələsidir. Bilirik ki, psixoloqa ehtiyacı olan təbəqə elə məhz əlillərdir. Çünki onlar özlərini cəmiyyətdən təcrid hesab edirlər. Buna baxmayaraq, bu gün heç bu istiqamətdə də addımlar atılmır. Düzdür, əvvəllər bu istiqamətdə müxtəlif layihələr həyata keçirildi. Amma indi isə demək olar ki, bütün bunlar arxa plana keçib". ƏDİB-nin rəhbəri onu da əlavə edib ki, əlilliyi olan uşaqlara cəmiyyətin yanaşmasına dair maariflənmə işləri aparılır: "Yəni daim ictimaiyyətə çatdırılır ki, əlillər də bizimlə bərabər hüquqa malikdirlər. Onlar da Azərbaycan vətəndaşlarıdır. Onlara ögey münasibət göstərmək düzgün deyil. Əlilləri cəmiyyətdən kənarlaşdırmaq olmaz. Etiraf edək ki, son dövrlər cəmiyyətin əlillərə münasibəti müsbət balanslaşmaya yönəlik dəyişib ki, bunun da nüvəsində maariflənmə işlərinin aparılması durur".
Uşaq
Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov da hesab edir ki,
əlil uşaqların təhsil problemləri hələ də
qalmaqdadır: "Əlillərin problemləri həddən
artıq çoxdur. Azərbaycan dövləti
isə bu məsələləri aradan qaldırmaq üçün
müəyyən konvensiyalar qəbul edib. Konvensiya əsasında
isə əlillərin təhsili ilə ilgili
komitə yaradıldı. Amma
sözügedən komitə uşaqların təhsili ilə heç də maraqlanmır. Onun
hansı məntiqə xidmət etdiyini demək
çox çətindir". Y.Bəkirov
söyləyib ki, Azərbaycanda əlil
uşaqların heç bir
hüququ yoxdur:
"Ölkədə elə bir şərait
yaradıblar ki, əlil uşaqların
valideynləri istəmirlər ki,
övladlarını kimsə görsün.
Onlar üçün
reabilitasiya mərkəzləri
yaradılmır. Yaradılan mərkəzlər də 3-5 aydan sonra fəaliyyətini
dayandırır. Onların oxuyub-yazması üçün,
idman etməsi üçün,
müayinə olunması üçün
hansı işlər görülmür? Bu səbəbdən düşünürəm
ki, əgər əlillərin də də hüquqları olsaydı, bütün vurğuladığım problemlər
həlli yolunu tapardı. Sadəcə,
deyirlər ki, əlillərə
qayğı var, onlar daim diqqət mərkəzindədir. Bunlar isə yalan vədlərdən
başqa bir şey deyil". Y.Bəkirovun
qənaətincə, Azərbaycan cəmiyyətində əlil
uşaqlara biganə yanaşma
var: "Kim deyə
bilər ki, Əlillər Günündən
başqa hansısa uşağa
nəsə alıb? Niyə onlar məhz bu gündə yada
düşməlidirlər? Başqa vaxt hamı eyş-işrətdə olur. Sonra isə əlillərə
doğma münasibətdən
danışırlar. Bəzən olur ki, Əlillər Günündə də nə
dövlət qurumları, nə özəl dairələr əlilləri
yada salırlar. Dövlət cəmiyyətdə
əlillərə münasibəti dəyişmək üçün heç bir tədbir həyat keçirmir.
Zənn edirəm ki, hazırda əlillər
üçün keçidlərə də
lüzum yoxdur. Yəni
ilk növbədə, onlar
keçidləri deyil, əlillərin
ictimaiyyətə çıxarılmasını təmin etməlidirlər.
Sonradan keçidlər düzəldərlər.
Əgər əlillər evdən bayıra
çıxarılmırsa, o keçidlərdən
kim istifadə edəcək? Bir sözlə, əlillər tam
olaraq dövlət nəzarətindən kənardadırlar.
Çünki bir vaxtlar anormal uşaqlar üçün
müəllim kadrının hazırlanmasına
başlamışdılar. Amma indi belə bir şey yoxdur.
Aydındır ki, əlil uşaqlarla
işləmək, onlara qayğı
göstərmək, istəklərini anlamaq,
başa salmaq çox çətin məsələdir. Bunu edəcək kadrlar var idi. Onlara
verilən əməkhaqlarının azlığından
müəllimlər işləmədilər. Hazırda da heç bir
vətəndaş əlillərlə işləmək istəmir.
Nəticədə olan yenə əlillərə
oldu".
Ayyət
Şərq.-2012.-14 dekabr.-S.11.