"Gənc ailələrin sosial müdafiəsi" layihəsi hazırlanır

 

MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

 Musa Quliyev: "Qanun layihəsini tərtib edib parlamentin 2013-cü il yaz sessiyasına qədər hazırlamalıyıq"

  

   Əhməd Abbasbəyli: "Bu, Konstitusiyadan irəli gələn bir addımdır"

   Vüqar Bayramov: "Qarşıda duran problemlərin həlli üçün zamana ehtiyac var"

  

   Gənc ailələr qarşısında duran sosial problem və çətinliklər həm ailə qurmaq, həm də uşaq sahibi olmaq istəyənlərin sayını azaldır. Dövlət də müəyyən vaxtlar gənc ailələrin əsas problemlərinə çevrilmiş evsizlik və digər məsələləri aradan qaldırmağa çalışır. Dəfələrlə bu mövzuda müzakirələr aparılsa da, məsələ hələ ki, öz həllini tapmayıb. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev isə jurnalistlərə açıqlamasında "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanunun yaxın günlərdə parlamentə təqdim ediləcəyini bildirib: "Biz komitəmizin qarşıdan gələn 2013-cü il yaz sessiyası ilə bağlı qanunvericilik işləri planını indidən hazırlamalıyıq.

   Eyni zamanda hesab edirəm ki, növbəti sessiyanın qanunvericilik işləri planında "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi öz əksini tapmalıdır". Belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulduğunu dilə gətirən deputat bildirib ki, həmin qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq İşçi Qrupu yaradılmalıdır: "Şəxsən mən özüm də həmin İşçi Qrupunun içində iştirak etməyə hazıram. Qeyd edim ki, bu məsələ ilə bağlı müəyyən materiallar da toplamışıq. Həmin materiallardan istifadə edərək müvafiq qanun layihəsini tərtib edib parlamentin 2013-cü il yaz sessiyasına qədər hazırlamalıyıq".

   M.Quliyev qeyd edib ki, bu sənəddə gənclərin və gənc ailələrin mənzillə təminatı, onların sosial ipotekadan güzəştli və uzunmüddətli yararlanması, o cümlədən, işlə təminatı məsələsi öz əksini tapmalıdır. Onun sözlərinə görə, ailə quran gənclərin əksəriyyətinin ya mənzili, ya da olan mənzilinin yaxşılaşdırılmasına, genişləndirilməsinə çox böyük ehtiyac vardır. Bununla belə gənc ailələrlə bağlı digər problemlər də var və bunların kompleks şəkildə həlli üçün qanunun hazırlanması vacibdir. "Ümumiyyətlə, gənc ailələrin sosial problemlərini bir neçə istiqamətə ayırmaq olar. Bunlardan ən mühümü mənzil-məişət, məşğulluq, yeni qurulan ailədən sonra övladın dünyaya gəlməsi ilə bağlı yaranmış sonsuzluq və ailələrdə meydana gələn psixoloji problemlərdir. Bütün bunların hər birini adıçəkilən qanun layihəsi ilə aradan qaldırmağı nəzərdə tuturuq. İlk növbədə mənzil məsələsinin həlli üçün düşünürük ki, sosial ipotekanın şərtləri yumşaldılmalı, verilmə müddəti uzadılmalı, məbləği artırılmalı və faizlər aşağı salınmalıdır ki, gənc ailələr öz ailə büdcəsinə çox ciddi ziyan vurmadan mənzillə təmin olunsunlar.

   Məsələn, bəzi tələbələr təyinatla müxtəlif bölgələrə işləməyə gedirlər. Odur ki, həmin insanların orada mənzillə və ya ev tikdirmək üçün torpaq sahəsi ilə təmin olunması məsələsi çox vacibdir. Bu baxımdan hesab edirəm ki, hazırlayacağımız qanun layihəsində bu məsələ də öz əksini tapmalıdır".

   Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən komitənin sədri, millət vəkili Hadi Rəcəbli də sözükeçən qanun layihəsi ilə bağlı maraqlı fikirlər səsləndirmiş və "Gənc ailənin sosial müdafiəsi haqqında" qanun layihəsi hazırlandığını demişdi. O deyib: "Araşdırmalar göstərir ki, gənc ailələrin başlıca problemi mənzil təminatı və işsizliklə bağlıdır. İpoteka proqramının həyata keçirilməsindən sonra gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı əsas tədbirlərdən biri kimi dövlət büdcəsi hesabına Gənclər Şəhərciyinin salınması nəzərdə tutulsa da, bu hələ rəsmi orqanlarla kommersiya qurumları arasında mübahisə predmeti olaraq qalır. İşlə təminata gəlincə, gənc ailə üzvləri üçün idarə və müəssisələrdə xüsusi kvota nəzərdə tutulmayıb. Ancaq Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyası və Beynəlxalq Əmək Təşkilatının "Sosial Norma və Normativlər haqqında" 102 saylı Konvensiyasından irəli gələn bir sıra tələblər, gənc ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq üçün qanun qəbul olunmadan belə, addımlar atmağa imkan verir".

 

   Maliyyə yardımından

   mənzillə təminatadək

  

   Təbii ki, qanunun müzakirəsində və qəbulunda məqsəd yeni evlənən gənclərə sosial güzəştlər verilməsi, onların qarşısında duran müəyyən problemlərin aradan qaldırılmasıdır. Burada birdəfəlik maliyyə yardımından tutmuş ev problemi istiqamətində olanlara köməklik göstərilməsi nəzərdə tutulur. Belə bir qanunun qəbulu gənc ailələrin sosial müdafiəsini gücləndirməklə yanaşı, boşanmaların və gec ailə quranların sayını azalda bilər. Rəsmi rəqəmlərə görə, bu gün Azərbaycanda nikaha daxil olan kişilərin orta yaş həddi 28, qadınlarda isə 23-dür. 90-cı illərdə bu rəqəm kişilərdə 26, qadınlarda 22 olub. Bu gün erkən nikahlarla yanaşı, gənclərin gec ailə qurması da narahatlıq doğurur. Bu gün gənclər əvvəl təhsil, daha sonra isə karyera haqqında düşünürlər. Əksər gənclər ailə qurduqdan sonra öz valideynlərindən asılı olmaq, onların mənzillərində yaşayıb, onların pulu ilə dolanmaq istəmirlər. Mütəxəssislərin fikrincə, qanun layihəsi təsdiqlənərsə, gənclərin ailə həyatı qurmağa marağı indikindən yüksək olacaq.

   Azərbaycan sosial dövlətdi

   Sosioloq Əhməd Abbasbəyli isə hesab edir ki, qanunun qəbulu təqdirəlayiqdir. Amma daha vacib məsələ qanunun işləməsidir. Ekspert onu da bildirdi ki, gənc ailənin sosial müdafiəsilə bağlı Avropa ölkələrində konkret təcrübə varonu Azərbaycanda tətbiq etmək mümkündür: "Azərbaycan Konstitusiyasına referendum yolu ilə edilmiş əlavə və dəyişikliklərə görə, Azərbaycan sosial dövlət elan olunub. Yəni vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təşkili dövlətin qarşıya qoyduğu başlıca vəzifədir. Ona görə də bu, Konstitusiyadan irəli gələn bir addımdır. Gənc ailə dedikdə, 30 yaşına qədər olan şəxslərin ailəsi nəzərdə tutulur. Gənc ailələrin sosial müdafiəsinin təmin olunması normal haldır. Problem qanunun işləmə mexanizmində ola bilər. Sovet dövründə gənc ailələrin sosial müdafiəsini dövlət birbaşa üzərinə götürürdü. Hazırda Skandinaviya ölkələrində də dövlət bu metoddan istifadə edir. Xüsusilə də İsveçNorveç, digər Avropa dövlətlərindən fərqli olaraq, gənc ailələrə, əlillərə, təqaüdçülərə yüksək qayğı göstərir. Azərbaycanda da həmin təcrübəni tətbiq etmək mümkündür".

   Ekspert Vüqar Bayramov bu gün ölkənin iqtisadi göstəricisinin ölkədəki gənc ailələrin sosial durumunun normallaşdırılması üçün kifayət qədər olduğunu düşünür: "Bu gün Azərbaycan dünyada iqtisadi baxımdan bir çox qabaqcıl ölkələrin sırasındadır. Bu göstəricilər gənc ailələrin rifahının hər baxımdan yaxşılaşdırılmasına imkan verir. Ancaq nəzərə almaq lazımdır ki, qarşıda duran problemlərin həlli üçün zamana ehtiyac var".

   Ekspertin fikrincə, dövlətin gənc ailələr üçün ipoteka kreditləri ayırması, mənzil proqramları kimi çətin məsələlərdə köməklik etməsi bu istiqamətdə atılan önəmli addımlardandır: "2013-cü ilin büdcəsi də göstərdi ki, ölkənin iqtisadi durumu gənc ailələr üçün nəzərdə tutulan dövlət proqramının reallaşmasına imkan verir. Həm ölkəmiz də maliyyə resursları baxımından kifayət qədər zəngindir. Qeyd etdiyiniz layihələrin reallaşması isə zamanla həyata keçiriləcək proqramlardır".

   Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev bu gün gənc ailələrin dağılmasına səbəb kimi sosial problemlərlə yanaşı, sosial psixoloji yardımın olmamasını da göstərdi. Onun sözlərinə görə, dövlət "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanunu qəbul etməkdə maraqlı olsa, bununla da gənc ailələrin problemlərini aradan qaldıra bilər: "Sosial psixoloji yardım dedikdə, bunu təkcə psixoloji durum kimi başa düşmək düzgün deyil. Burada ailələrin sosial problemləri səbəbindən yaranmış psixoloji vəziyyəti nəzərdə tutulur. Bu da ailələrin dağılmasında əsas problemlərdən biri olaraq qalan məsələlərdəndir". Psixoloqun sözlərinə görə, bir çox ölkələrdə sosial psixoloji yardım mərkəzləri var ki, onlar da sırf gənc ailələrin qorunmasına xidmət edir: "Ancaq bizdə belə mərkəzlər fəaliyyət göstərmir. Ümumiyyətlə, ailədə problem olduğu zaman bunu danışacaq bir mərkəz belə yoxdur. Ailədaxili problemlər, evsizlik və bəzi digər çətinliklər ailənin, xüsusilə də gənc ailələrdə psixoloji problemlər yaradır. Bu gün dövlətin gənc ailələrə qayğısı demək olar ki, yox səviyyəsindədir". Dəyanət Rzayevin sözlərinə görə, ölkəmizdə sosial mühit də gənc ailə modelinin dağılmasına səbəb olur. Psixoloq qeyd edir ki, maddi durumu ilə seçilən ailələr və onların uşaqlarına qarşı ayrı-seçkiliklər sosial-psixoloji durumu daha da çətinləşdirir: "Xaricdə 911 xidməti var ki, istənilən problem və hətta psixoloji yardım məqsədilə də o nömrəyə zəng edə bilərsiniz. Həmin ölkədə uşaqdan böyüyə, hər kəs xidmət nömrəsini əzbər bilir. Lakin bizdə nə elə bir mərkəz, nə də xidmət nömrələri var".

    

Şəymən

Şərq.-2012.-15 dekabr.-S.11.