Kimsəsiz uşaqlara evlər tikiləcək

 

Ekspertlər hesab edir ki, bu qayğı onların təhsilə marağını artıracaq

MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

 Azərbaycanda dövlətin və cəmiyyətin xüsusi diqqət və qayğısına hər zaman ehtiyac duyan təbəqələrdən birivalideyn nəvazişindən, ata-ana himayəsindən məhrum olmuş uşaqlarımızdır. Müəyyən yaşa qədər internat evlərində qalan kimsəsiz uşaqlar nəinki doğma valideynlərindən, hətta bir çox həyat imkanlarından da məhrum olurlar. Onlar nə düz-əməlli təhsil alır, nə də ki, həyatlarını istədikləri kimi qura bilirlər. Azərbaycanda on minlərlə ailəsiz, valideynlərindən hər ikisini itirmiş uşaqlar və 18 yaşına çatmamış yeniyetmələr var.

   Yarıac, yarıtox uşaq evlərində "yetim" həyatı yaşayan uşaqlar müəyyən yaş həddinə çatdıqdan sonra internatdan xaric edilirlər. Himayəsiz və sahibsiz qalan gənclərin sonrakı taleyi isə məlum olmur. Şübhəsiz ki, uşaq evlərində məskunlaşan uşaqların harada və necə yaşadığını hamı bilir. Amma əksər vaxtlar onların niyə, hansı səbəbdən orada yaşadığının fərqinə belə varmırıq. Halbuki orada da həyat var, sadəcə, yaşam tərzi, qanun-qayda bir azca fərqlidir. Orada da daim dəyişən, yeniləşən kədərli, şirinli günlər bir-birini ard-arda əvəz edir. Onlar da bir ailədirlər, amma bu ailənin sakinləri 4-5 nəfərdən ibarət deyil, 50-60 nəfər, bəlkə də daha çoxdur. Onların gözləri səhərin doğan günəşinə bir açılır, elə gecənin qaranlığına da bir yumulur. Kənardan baxanda hər şey qənaətbəxş görünsə də, nə yazıq ki, bu ailənin üzvlərinin bütöv bir tamlığını pozan yarım qalmış və bəlkə də heç vaxt tamamlana bilməyəcək bir tərəfləri var. Körpə yaşlarından həyatın sərt "şilləsinə" tuş gələn, bu "şillənin" izini bir ömür boyu özlərində hiss edən bu balacaların natamam tərəfləri valideyn nəvazişindən uzaq düşmələridir. Haqqında danışdığımız bu həyat heç kimin arzulamadığı, yaşamaq istəməyəcəyi bir yaşam tərzidir. Bu həyat yalnız onların özünə məxsusdur. Onları birləşdirən məkan isə uşaq evləridir. Valideyn qayğısından, sevgisindən uzaq böyüyən bu evin sakinləri bəlli yaşa gəldikdən sonra yaşadıqları yeri tərk etmək məcburiyyətində qalırlar. Viktor Hüqonun təbiri ilə desək, valideynlərin təpiklə vurub həyata atdıqları günahsız uşaqlar ikinci zərbəni də cəmiyyətdən almalı olurlar. Bax, bu zaman vəziyyət daha acınacaqlı olur.

    İnternat uşaqlarının sonrakı taleyi

   Yəni erkən yaşlarında uşaq evinə sığınanlar digər həmyaşıdlarından fərqli olaraq valideyn qayğısını dada bilmirlər. 18 il uşaq evlərində dövlət onlara qayğı göstərdikdən sonra yenidən gənc yaşlarında küçədə qalmaq təhlükəsi ilə üzləşirlər. Kiçik yaşlarında valideynləri, gənc yaşlarında isə dövlət onları saxlamaqdan, yuva verməkdən imtina edir. Uşaq evindən çıxarkən gənclərin əksəriyyətinin gedəsi yeri olmadığı üçünonlar həyatın ən böyük "şillə"sini küçələrdə dadırlar. Elə bir problemlə üzləşirlər ki, ya kirayədə qalırlar, ya da qohumu varsa, qohum yanına gedirlər. Həmin yerlərdə ev sahibləri, qohumların onların başına açdığı oyunları isə hər zaman uşaq evinin "məzunları"nın həyat hekayələrindən bilirik. Təəssüf ki, uşaq evindən "məzun" olan qızlar daha şanssız olur. Hər halda oğlanlardan çox, qızlar "himayədarlar"a lazım olurlar. Asan yolla, yaxşı pul qazanmaq üçün. Bir sözlə, qızlar uşaq evini tərk edəndən sonra pis yola düşürinsan alverinin qurbanına çevrilirlər. Ortada olan məqam müəyyən suallar yaradır. İnternatı tərk edən uşaqların sonrakı taleyi necə olur? Onlar harada yaşayır, necə həyat tərzi sürür? Yəni dövlət nəzarətindən bir mənada azad olmuş bu yeniyetmələr düşdükləri yad mühitdə yanlış istiqamətlərə, mənfi yollara meyl edirlər. Bu tip uşaqların çox az bir hissəsi təhsil almaq, cəmiyyətə faydalı olmaq niyyətində olur. Bu da təbiidir, çünki valideyn himayəsində olan normal ailədə uşaqlar təhsilini birtəhər başa vurur. Axı pulsuz-parasız, kimsəsiz gənclər necə təhsil alsın? Bununla belə sevindirici və təqdirəlayiq haldır ki, bundan sonra sahibsiz uşaqların da pulsuz təhsil əldə etmək imkanı ola bilər. Belə ki, Milli Məclisdə "Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi"nə dair əlavə qanun layihəsi hazırlanır. Əgər sözügedən qanun layihəsi qəbul olunarsa, ölkəmizdə valideynlərini itirmiş, məhrumiyyət həyatı yaşayan uşaqlar aliorta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alarkən onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Həmçinin qanun qəbul olunduğu təqdirdə

   bioloji valideyni olmayan 18 yaşına çatmış kimsəsiz uşaqlar üçün evlərin tikilməsi məsələsi gündəmdədir. Bu barədə jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O bildirib ki, bütövlükdə internatda qalan uşaqların hamısına ev tikməyə ehtiyac yoxdur. H.Rəcəblinin sözlərinə görə, amma bioloji valideyni olmayan kimsəsiz uşaqlar üçün evlərin tikilməsi gündəmdə olan məsələdir: "İmzalanması üçün ölkə başçısına təqdim edilmiş "Gənclər siyasəti haqqında" yeni qanunda evlərin tikilməsi haqqında müddəalar öz təsdiqini tapacaq. Bildiyiniz kimi, respublikanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qızlar üçün 20 mənzildən ibarət evlər tikilərək istifadəyə verilib. Bu qanunda uşaqların ordu sıralarına getməsi, peşə məktəblərində təhsil almaları kimi məsələlər öz əksini tapacaq. Azərbaycanda uşaq müəssisələrində qalan, eyni zamanda atılmış uşaqların sayı azalır. Son məqsəd budur ki, uşaq ailədə böyüsün. Biz on ildən sonra buna nail olmalıyıq. Onda belə uşaqların mənzil problemiöz həllini tapmış olacaq".

   Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov sözügedən qanun layihəsinin təqdirəlayiq olduğunu və kimsəsiz uşaqların təhsilə meylinin müəyyən mənada artacağını deyib. Y.Bəkirov eyni zamanda bioloji valideynləri olmayan 18 yaşına çatmış kimsəsiz uşaqlar üçün evlərin tikilməsinin də alqışalayiq bir hal olduğunu deyib. Amma o, bütün bunlara rəğmən bitməyib. Yəni tək təhsil prosesini sadələşdirmək kifayət deyil, başqa problemlər də var: "İnternatlarda valideyn himayəsindən məhrum olmuş uşaqlar, internatdan sonra dövlət onları evlə yanaşı, həm də işlə təmin etməlidir. Təəssüflər olsun ki, bu vaxta qədər hansısa bir kimsəsiz uşaqya gənc nə bir ev alıb, nə də haradasa işlə təmin edilib. İnternatlarda 18 yaşını başa vurmuş sahibsiz yeniyetmələr içində oğlanları əsgərliyə göndərirlər. Qadınları isə onlar üçün olan xüsusi yataqxanalara yollayırlar. Çox vaxt oğlanlar narkomaniyaya qurşanır, pis yola düşürlər. Və ya cinayət törədib girirlər həbsxanaya, bu da onların həyatı. Bədbəxt həyat sürürlər. Qadınların müəyyən qismi isə bir sıra kafelərə cəlb olunur. Ticarət obyektlərinə satıcı düzəlirlər və s. Yəni təhsilsiz adamlardır, onlar başqa nə etməli, hansı işlə məşğul olmalıdır?

   Y.Bəkirov həmçinin qeyd edib ki, kimsəsiz gənclərə pulsuz təhsil imkanı yaratmaq gözəl fikirdir. Amma bir şeyi unuduruq. Ali təhsil ocaqlarının pullusuna belə daxil olmaq üçün insanda bilik lazımdır: "Bu yazıqlar hansı biliklə qəbul olunsunlar? Heç nə oxumayıblar axı, lazımi səviyyədə təhsil almayıblar. Bunları nəzərə almalıyıq. Öncə onların həyatlarını özlərinə qaytarmalıyıq. Onların cinayətkar və ya əxlaqsız olmalarına müəyyən mənada səbəb bizlərik".

   Liqanın rəhbəri hesab edir ki, məsələnin köklü şəkildə həll olunması üçün daha geniş qanun layihəsi hazırlanmalıdır: "Onların problemini ümumi şəkildə həll etmək üçün başqa bir qanun layihəsi hazırlanmalıdır. Yenə də deyirəm ki, yeni həyata atılan kimsəsiz yeniyetmələr üçün ev təmin olunmalı, onların aktiv şəkildə müstəqil həyata atılmalarına köməklik göstərmək lazımdır. Əks halda, kimsəsiz uşaqlara 18 yaşından sonra nəzarət etmək mümkün olmayacaq. Axı onları bir yerə cəlb etməmişiksə, istədiklərini verməmişiksə, onda necə nəzarət edək? Belə olan halda onlardan nəsə tələb etmək də doğru deyil".

   Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev 18 yaşı tamam olan gənclərin uşaq evlərini tərk edəndən sonra da dövlətin nəzarətində olmasını vacib hesab edir. Onun sözlərinə görə, dövlətin siyasətinə əsasən internatlarda 18 yaşı tamam olana qədər mümkün qədər az uşaq qalmalıdır. Onlar müxtəlif ailələrə övladlıq olaraq verilməli və ailə tərbiyəsi almalıdırlar. Deputatın sözlərinə görə, müəyyən səbəblərdən ailələrini saxlamaq üçün götürmədikləri kimsəsiz uşaqlar isə 18 yaşınadək uşaq evlərində qalmalı, orada böyüyüb, tərbiyə, təhsil almalı olur. Və həmin uşaqlar artıq 18 yaşına çatdıqdan sonra uşaq evlərini tərk edirlər. Onlar uşaq olaraq yox, artıq yetişmiş gənc olaraq həyatın ağuşuna atılırlar. Həmin gənclər internatdan çıxdıqdan sonra yataqxanalar və işlə təmin olunmalıdırlar. Əgər onların arasında təhsil alanları varsa, həmin gənclər də təhsil aldıqları müəssisələrin nəzdindəki yataqxanada məskunlaşmalıdır. Sonrakı proseslərdə isə onlar üçün daimi yaşayış yerlərini müvafiq icra hakimiyyətləri təmin etməlidir. Deputat bildirib ki, şəhər icra hakimiyyətlərinin hər birinin mənzil fondu var: "Sosial təminatı çox aşağı olan, yaşamağa yeri olmayan insanlar da həmin fondun vasitəsilə müvafiq icra hakimiyyəti tərəfindən mənzillə təmin olunmalıdır. Müvəqqəti, yaxud da daimi. Bundan başqa, əgər uşaq evini tərk edənlərin işi varsa, onlara ev almaq üçün birinci növbədə sosial ipoteka kreditləri verilməlidir. İşi olmadığı üçün ipoteka ala bilməyənlər isə torpaq sahələri ilə təmin olunmalıdır ki, özlərinə ev tiksinlər. Onlar da əsasən bölgələrdə və kənd yerlərində məskunlaşdırılır. 18 yaşı tamam olandan sonra kimsəsiz uşaqlara qarşı bu tədbirlər görülməlidir. İndi bu işlər hansı səviyyədə görülür, yaxud da niyə görülmür, bütün bunları yalnız icra hakimiyyətlərindən, həm də yerli yox, müvafiq nazirliklərdən öyrənmək lazımdır. Çünki bu məsələdə yeganə məsuliyyətli qurum onlardı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onların məşğulluq problemlərini həll etməlidir. Təhsil Nazirliyi isə onların uşaq evlərini tərk etdikdən sonrakı müddətdə təhsilini davam etdirməsi ilə maraqlanmalıdır. Bəzən həmin uşaqlar imkansızlıq ucbatından uşaq evlərini tərk etdikdən sonra məcbur qalıb təhsillərini yarıda kəsirlər. Nazirlik həmin tələbələr barəsində məlumatlı olmalı və onların problemləri ilə maraqlanmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onların müvafiq mənzillərlə təmin olunması məsələsini yerli icra hakimiyyətləri qarşısında qaldırmalıdır". M.Quliyevin sözlərinə görə, dünya təcrübəsinə əsasən, oğlanlar daha çox hərbi işlərə cəlb olunurlar. Onlar hərbi məktəbləri oxuduqdan sonra zabit kimi hərbi xidmətə cəlb olunurlar. Beləliklə də onlar həm , həm də mənzillə təmin olunurlar. Yəni bu, kimsəsiz uşaqların gələcək taleyini müəyyən etməyin asan yollarından biridir. Yəqin ki, bizdə də bu istiqamətdə ciddi işlər görülür. Millət vəkilinin sözlərinə görə, uşaq evlərini tərk edən gənclərin sosial təminatı üçün ən yaxşı üsul onlarla bağlı bütün problemlərin cəmlənib Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsinə verilməsi daha yaxşı olar. Çünki səlahiyyətlər pərakəndə şəkildə bölündüyü üçün bəzən həmin işlər lazımi səviyyədə yerinə yetirilmir. Əgər kimsəsiz uşaqların işi bir Komitədə birləşərsə, onlara nəzarət etmək də daha asan olar.

 

Şəymən

Şərq.-2012.-27 dekabr.-S.11.