Anamın yolu belə ağır olmuşdu...

 

   (Əvvəli 25 yanvar sayımızda)

  

   Ətəyindən baxanda sonu görünməyən, yuxarı hissələri qarla örtülü, zəhmli bir dağın - Murovun ətəyində, meşənin qırağında, bulağa yaxın yerdə məskunlaşmışdıq. Hər tərəf yaşıllıq idi. Bura Göygöl qoruğunun ərazisi idi. Ərazidə bizdən başqa da yüzlərlə çadır qurulmuşdu, oba-oba ailələr məskunlaşmışdı.

   Yay olmasına baxmayaraq havalar yağışlı, soyuq keçirdi, bir neçə dəfə sulu qar yağdı. Çadırlarda odun sobası qoyulmuşdu. Dəfələrlə sel çadırımızı basmış, bütün əşyalar suyun altında qalmışdı. Güclü yağış yağan bir gecə anam vaxtında yuxudan oyanmasaydı, bizi sel aparacaqdı.

   Böyük bir ailənin çadırda yaşaması asan deyildi. Baxmayaraq ki, oğuldərəlilər üçün yayda yaylağa qalxmaq, dağlarda çadır qurub yaşamaq yenilik deyildi. Kənd sakinləri hər il mal-qoyununu yaylağa çıxarırdı, payızda kəndə qaytarırdı.

   Murovda isə böyük bir ailə dar alaçıqda, soyuq, yağışlı havada, palçığın içində, axşamlar çıraq işığında yaşamını sürdürürdü. Ən ağırı bizim getməyə, sığınmağa bir yerimizin olmamasıydı. Murovda qurulan alaçıq yaylaq çadırı deyildi, yaşamaq uğrunda mübarizənin bir parçasıydı.

   Doğma torpaqlarımıza, evimizə qayıtmaq ümidi bizə çətinliklərə dözmək gücü verirdi. Mal-qoyun saxlayırdıq, meşədən odun qırıb gətirirdik, çətin şəraitdə yaşamımızı davam etdirirdik. Böyüklər Gəncə bazarına mal-qoyun aparıb satır, lazım olan əşyaları, ərzaq alıb gətirirdilər. Atam iki dəfə məni də özüylə Gəncəyə aparmışdı, şəhəri, onun tarixi yerlərini gəzdirmiş, keçmişindən danışmışdı. Bura mənim gördüyüm ilk böyük şəhərdi. Mənə indi də elə gəlir ki, dünyada Gəncədən gözəl şəhər yoxdur.

   Gözümüz yolda, qulağımız səsdəydi, kəndimizin erməni işğalından azad olunmasını, evimizə qayıdacağımız günü gözləyirdik. Ailələrdən birində el arasında "əl radiosu" adlandırılan radioqəbuledici vardı. Hər gün axşam saat 20-də hamı çadırların ortasında, obanın "mərkəzində" olan böyük daşın ətrafına toplanırdı. Yaxşı eşidilməsi üçün radionu ya daşın üstünə qoyur, ya da bir nəfər əlində tuturdu. "Xəbərlər" başlayanda ortaya sükut çökür, heç kim danışmır, diqqət radioya yönəlirdi. Diktor gur səslə əvvəlcə müharibə xəbərlərini, cəbhə bölgəsindəki döyüşlər haqqında məlumatları oxuyur, Azərbaycan ordusunun cəbhənin hansı istiqamətində düşmənə zərbə endirdiyini, hansı kəndlərin erməni işğalından azad olunduğunu müjdələyirdi.

   Azərbaycan ordusunun uğurları haqda informasiyalar böyük sevincə səbəb olurdu. Bu həmin dövr idi ki, milli ordu cəbhədə uğurlu döyüş əməliyyatları aparırdı, Ağdərəni, keçmiş Şaumyan rayonunu, Laçını erməni işğalçılarından təmizləyirdi, hər qarış torpaq uğrunda ağır döyüşlər gedirdi, qan su yerinə axırdı.

   Hər gün Xanlardan Kəlbəcər və Laçın istiqamətində hərbi maşın, ağır texnika karvanları gedirdi. Əsgərlərlə dolu maşınları görən kimi yolun kənarına qaçır, onları salamlayırdıq. Əsgərlər də bizə əl yelləyirdilər. Yol boyu hamının birlikdə mahnı oxuması hərbçilərin döyüşə yüksək əhval-ruhiyyə, əzimkarlıqla getdiklərini göstərirdi. Hərbi karvan yavaş-yavaş Murova qalxır, gözdən itirdi.

   Dövlət qurumlarından isə bizi yada salan, bir dəfə də olsun çadırda yaşayanlara baş çəkən, problemləri ilə maraqlanan yoxuydu. Yalnız bir dəfə meşəbəyi gəlmişdi. Meşədən odun qırmamağı tələb edirdi. Qoruq gözətçisi ilə odun mübahisəsi xeyli davam etdi. Amma heç kim onun dediyinə əhəmiyyət vermədi. Axı bizim başqa yanacağımız yoxuydu. 

   Yağışlı bir gündə isə Azərbaycan Dövlət Televiziyasından gəlib çəkiliş apardılar, çadırda yaşayanların vəziyyəti haqda reportaj hazırladılar. Dörd nəfərlik jurnalist qrupu özləri ilə "Astra" siqareti və bir qədər çörək gətirmişdilər.

   1992-ci ilin yayında Azərbaycan ordusu cəbhədə uğurlu hərbi əməliyyatlar keçirdi, Ağdərənin böyük hissəsini, Laçının bir neçə kəndini, o cümlədən Oğuldərəni erməni işğalından azad etdi. Yayda bir neçə ailə - Kamal Abdulkərimov, Kərəm Abdulkərimov, Möylan Rəsulov, Musa Rəsulov, Yusif İsgəndərov, Cəlal İsgəndərov, Rasim Məcnunov, Cabbar Cabbarov Oğuldərəyə qayıtmışdılar.

   Müxtəlif yerlərdə məskunlaşmış oğuldərəlilər tez-tez kəndə baş çəkirdilər. 1992-ci ilin avqust ayında Murovda olan əhali yavaş-yavaş köçürdü. Həmin dövrdə atamla kəndə getmişdim. Murovdan Oğuldərəyə gedənə qədər bir neçə maşın dəyişdik. Kəlbəcərin Tirkeşəvənd kəndində hərbi maşına mindik. "Zil-131" markalı maşının kabinəsində hərbçilər oturmuşdu, kuzova qalxdıq. 

   Yola bələd deyildim, tez-tez Oğuldərəyə nə qədər qaldığını, nə vaxt çatacağımızı soruşurdum. Kəndə getdiyimə görə sevincimin həddi-hüdudu yox idi. Maşında hərbçilər musiqiyə qulaq asırdılar, maqnitofonda aşıqların ifasında "Baş sarıtel" səsləndirilirdi. İndi də harada "Baş sarıtel" musiqisini eşidirəm, tüklərim biz-biz olur, çiskinli, dumanlı, narın yağışlı bir gündə hərbi "Zil-131" maşının kuzovunda doğma Oğuldərəyə qayıtdığımız gün gözlərimin önündə canlanır.

   Axşama yaxın Qorçu kəndinə çatdıq. Qorçu Oğuldərə ilə qonşu kənddir. Maşın Laçın cəbhəsinə gedirdi. Qorçuda maşından düşdük. Qaranlıq idi. Atam dedi ki, burada qohumların birinin evində gecələyək, səhər tezdən Oğuldərəyə gedərik. Etiraz etdim. Oğuldərə ilə Qorçu qonşu kəndlər olsa da, aralarnda bir xeyli məsafə var. Yağış yağmışdı, gecə və həm də yol palçıq olduğundan piyada getmək çətin idi. Laçın Rayon Polis Şöbəsinin qərargahı Qorçuda yerləşirdi. Gecə qərargaha getdik, atam Oğuldərəyə getmək üçün maşın istədi, vermədilər. Gecəni Qorçuda qohumların evində qalası olduq.

   Səhər açılanda gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Qorçu altı kəndin mərkəzi hesab olunurdu. Vaxtilə natamam orta və orta məktəb, kənd soveti, kolxoz idarəsi, xəstəxana ancaq bu kənddə yerləşirdi. Hamının yolu bu kənddən düşürdü. Ona görə də Qorçuya hamı doğma evi kimi baxırdı.

   Namlı və Qorçu çaylarının arasında yerləşir bu kənd. Qorçu çayının kəndlə üzbəüz sahilində meşə zolağı uzanır. Aşağı tərəfdə də nəhəng ağacları, dadlı meyvələri olan meşəlikdir. Bu meşənin qırmızı palıdı dünyada məşhurdur. Babamın anası, nənəmin anası bu kənddəndir.  

   Babamın əmisi, Qori Müəllimlər Seminariyasının məzunu, görkəmli maarifçi, 1937-ci ilin qanlı sovet repressiyasının günahsız qurbanı olmuş Museyib İlyasovun tikdirdiyi Qorçu məktəbini ermənilər yandırmışdı, külü qalmışdı. Adamlar yanmış məktəbə baxıb göz yaşı axıdırdılar.

   Növbəti gün Oğuldərəyə getdik, üç aylıq ayrılığa, doğma ev, torpaq həsrətinə son qoyuldu. Bir neçə gün kənddə qaldıq, evimizdə özümüzə yer hazırladıq, orada gecələdik, rahat nəfəs aldıq, ruhumuz dincəldi. Kənd yüz illərlə insan ayağı dəyməyən xarabalığı xatırladırdı. Yanmış evlər, sahibsiz itlər, biçilməmiş biçənəklər... Amma təbiət göz oxşayırdı, hər tərəf yaşıllıq idi. Adam doğma yurdundan, evindən ayrılıb soyuq, yağışlı Murovdakı çadıra qayıtmaq istəmirdi. Amma buna məcbur idik. Müvəqqəti evimiz, ailə Murovda idi.

   1992-ci ilin sentyabr ayının sonunadək Murov dağın ətəyində alaçıqda yaşadıq. Murovun ətəyində məskunlaşan insanlar arasında köçmək məsələsində böyük mübahisə yaranmışdı. Bir qrup Oğuldərəyə, digəri isə Azərbaycanın başqa rayonlarına köçməyi təklif edirdi. Hara köçmək məsələsində mübahisələr həftələrlə davam edirdi. Doğma yurdundan didərgin düşən, taleyinə köçkünlük yazılan bu insanlar üçün bir-birindən ayrılmaq çətin idi. Ona görə də eyni yerdə məskunlaşmaq üçün hamını qane edəcək varinat axtarılır, ortaq məxrəcə gəlinməyə çalışılırdı.

   Murovda isə havalar getdikcə soyuyurdu. Bir dəfə qar yağdı, çox əziyyət çəkdik, qorxu keçirdik. Güclü qar insanlara mal-qoyuna ciddi ziyan vurardı. Amma qar tez kəsdi.

   Köçməyə maşın axtarırdıq. Atamgil bir neçə dəfə Xanlar rayonuna getmiş, maşın tapmayıb əliboş qayıtmışdılar. Atam yenə Xanlara maşın dalınca getmişdi. Atam gecə qayıtmadı. Həmin axşam oğuldərəli Həsən Salahov gəldi, onun maşını ilə kəndə qayıtdıq. Bizdən sonra Şəki Qaxda qaçqın kimi məskunlaşmış bir neçə ailə kəndə qayıtdı. Ailəsi ilə birlikdə köçüb Oğuldərəyə qayıdanlar bunlar idi:

  

   Əliyev Əli  

   Zülfüqarov Arif  

   İbrahimov Dadaş 

   İbrahimov Mötəbər 

   İbrahimov Təvəkkül  

   İlyasov Əşrəf  

   İbrahimov Xasay  

   İbrahimov Temir  

   Salahov Tofiq

  

   Lacın Rayon İcra Hakimiyyətinin başcısı Azər Məmmədov, Ali Sovetin deputatı Səlim Səlimov, məsul şəxs Qəzənfər Hüseynov, hərbi komendant Hüseynalı Həsənov Oğuldərəyə gəldilər, ev-eşiyinə qayıdanlara baş çəkdilər, gözaydınlığı verdilər.  

   Ermənilər Oğuldərəni işğal edəndə onlarla evlə yanaşı, kənd məktəbini yandırmışdılar. Atam məktəb təşkil etdi. Dərsə gedirdik, müəllimlərin hamısı kənddə yox idi. Amma dərslərimiz boş keçmirdi, kəndə qayıdan müəllimlər onları əvəz edirdi.

   Oğuldərədə sakit həyat yaşayırdıq. Qonşu Qorçu kəndində Şuşa Laçının polis şöbələri, Ərikli kəndində isə Laçın Rayon İcra Hakimiyyəti yerləşirdi. Oğuldərədə yaşadığımız dövrdə döyüşən əsgərlərə əlimizdən gələn qayğını göstərməyə çalışırdıq. Elə bir gün olmurdu ki, onların vəziyyətindən xəbər tutmayaq.

   1993-cü ilin fevralında radio məlumat verdi ki, Kəlbəcər-Ağrərə yolunu ermənilər bağlayıb. Bu yol əvvəlki illərdə ermənilərin nəzarətində olmuşdu. 1992-ci ilin yayında Azərbaycan ordusu hücum etmiş, yolu onun ətrafında olan kəndləri ermənilərdən azad etmişdi.

      1993-cü il martın 31-i. Soyuq küləkli bir gün idi. Görünür, təkcə təbiətlə bağlı deyildi, həm yaxınlaşan düşmən təhlükəsinin gətirdiyi soyuq idi. Oğuldərədən bir neçə kilometr aralıdakı cəbhə bölgəsindən həyəcanlı xəbərlər gəlirdi. İşğal zamanı elektrik telefon xətləri sıradan çıxarılmışdı. Azərbaycan ordusu Laçının bir neçə kəndini, o cümlədən Oğuldərəni erməni işğalından azad etsə , Laçının mərkəzi düşmənin nəzarətində olduğundan kommunikasiya xətlərini bərpa etmək mümkün olmamışdı. Ona görə Azərbaycanda, cəbhə xəttində baş verən hadisələr haqda xəbərləri öyrənmək çox çətin idi. Məlumatları yalnız el arasında "əl radioları" adlandırılan kiçik radioqəbuledicilərdən almaq mümkün olurdu. 

   Radio xəbər verirdi ki, Ermənistan silahlı birləşmələri Kəlbəcərə hücumları intensivləşdirib, rayon bir neçə istiqamətdən düşmən həmləsinə məruz qalırdı. Cəbhə bölgəsindən aldığımız xəbərlər narahatlığımızı artırırdı. Çünki Kəlbəcərin işğalı bizim erməni mühasirəsinə düşməyimiz demək idi. Düşmənin caynağından qurtulmaq üçün uzaq yol qət edib Kəlbəcərdən keçməliydik. Ermənilər Kəlbəcəri işğal edənədək oradan çıxa bilməsək, bizi ölüm ya əsir düşmək təhlükəsi gözləyirdi.

   Laçından Kəlbəcərə gedən yolun kənarında yerləşən Qorçu kəndinin sakinləri deyirdilər ki, bir neçə gündür Laçın cəbhəsində yerləşən Azərbaycan qoşun birləşmələrini hərbi texnikanı yerləşdikləri mövqelərdən çıxarıb gecəylə Kəlbəcər istiqamətinə aparırlar. Qorxu içində yaşayırdıq. Valideynlərimiz ordunun Laçından çıxarılmasının səbəbini öyrənməmyə çalışırdı. Lakin bunun bir nəticəsi olmadı. Laçın cəbhəsində yerləşdirilmiş ordu hissələrinə rəhbərlik edən şəxslərdən yamlan cavablar vermişdilər.

  

   (Davamı var)

 

   İmdad Əlizadə  

  

   Şərq.- 2012.- 7 fevral.- S. 11.