Yol ağrısı...
(Əvvəli ötən
sayımızda)
Demişdilər ki, Laçın cəbhəsindən
qoşunların çıxarılması ermənilərin Kəlbəcərə
hücumu ilə bağlıdır,
yuxarıdan Kəlbəcərə kömək göndərilməsi
haqda göstəriş verilib.
Ermənilər Kəlbəcərə hücum
edib, cəbhənin həmin istiqamətində
kömək lazımdır, bir neçə
gündən sonra ordu
geri - Laçındakı mövqelərə
qayıdacaq.
Mart ayının 30-da
axşamtərəfi məlumat aldıq ki, Qorçu sakinləri
artıq kəndi tərk etməyə başlayıblar. Bu xəbəri
eşidəndə hamı kəndin ortasına toplandı. Qadınlar
dizlərinə, sinələrinə döyüb
ağlayırdılar, nalələri ərşə dirənmişdi.
Kişilər onları sakitləşdirməyə
çalışırdılar, ancaq özləri də gərgin
vəziyyətdə idilər, dayanmadan siqaret çəkirdilər.
Xeyli danışdılar, belə qərara gəldilər ki,
sabaha qədər gözləmək lazımdır. Sabah isə
yenidən Laçın cəbhəsinin qərargahı yerləşən
Ərikli kəndinə gedib vəziyyəti öyrənməyi
planlaşdırdılar.
Gecəni narahat
yatdıq. Yatmamışdan əvvəl atam bizə bir
neçə tapşırıq verdi: "Heç kim
paltarlarını soyunmasın. Əgər ermənilər gecə
kəndə hücum etsələr, evdən
çıxmayın. Evin künclərində, pəncərənin
alt hissədində gizlənin. Qorxmayın, atanız
yanınızdadır, arxayın yatın".
Atam
tapşırdığı kimi etdik. Özü də
paltarlarını soyunmadı. Avtomat silahını ehtiyat
güllələri ilə birlikdə yastığının
altına qoydu. Narahat yatdığımız həmin gecə
Oğuldərədə doğma və isti evimizdə
qaldığımız sonuncu gecə oldu.
Martın 31-də səhər
sübhdən yuxudan oyandıq. Həmişə olduğu kimi
mal-qoyuna ot verdik, anam inəkləri sağdı və evə
qayıtdıq. Kənddə sakitlik idi. Səhər yeməyi
üçün süfrə arxasında oturduq. Atam dedi ki, tələsir,
Ərikliyə gedəcək. Anam samovardan çay
süzürdü. Ancaq heç kim bir tikə də
çörək yeməmişdi. Oturduğumuz otağın pəncərəsindən
kəndə daxil olan yol görünürdü. Kəndimizə
iki nəfər hərbi geyimli şəxs gəldi. Atam
söylədi ki, Laçın polisinin əməkdaşları
idi. Biri qorçulu Cəfərin oğlu Zöhrabdır. Atam
həyətə çıxdı, biz də onun ardınca.
Atama dedilər ki, vəziyyət çox ağırdır:
"Laçın cəbhəsindəki bütün qüvvələr
mövqelərini tərk eləyib. Ermənilərlə
üzbəüz olan postlarda heç kim qalmayıb. Erməni
hərbi birləşmələr heç bir maneəyə
rast gəlmədən bura yaxınlaşırlar. Təkcə
siz qalmısınız. Təcili kəndi tərk eləyin".
Hərbçilər bunu deyib getdilər.
Onlardan fərqli olaraq
bizim kəndimizi, doğma evimizi, ata-baba yurdumuzu tərk etməyimiz
asan iş deyildi. Digət tərəfdən isə piyada getməsi
mümkün olmayan qocaları, qadınları, uşaqları
aparmaq üçün maşın yox idi.
Kənddə yalnız
bir nəfərdə - Abdulrərimov Kamalın oğlu Məcidin
"QAZ-52" markalı sınıq-salxaq bir avtomobil
vardı. Həmin "QAZ-52"ün texniki imkanları
qarlı-palçıqlı dağ yolları ilə hərəkət
etməyə imkan vermirdi. Kəndin ortasında dəhşətli
vəziyyət yaranmışdı. İnsanlar
ağlaşır, nə edəcəklərini bilmirdilər.
Heç kim də qocaları, arvad-uşağı düşmən
caynağına vermək fikrində deyildi, onları nəyin
bahasına olursa-olsun xilas etmək lazım idi. Düşmən
qarşısında əlacsız və köməksiz qalan
adamların bir fikri vardı: nəyin bahasına olur-olsun
hamımız bir yerdə hərəkət etməliyik.
İstər kənddən çıxmaq olsun, istər qalmaq.
Arif Zülfüqarovun vəziyyəti
daha ağır idi. Anası Pəri xala bir neçə il əvvəl
iflic olmuşdu, ağır yataq xəstəsi idi. Arif söylədi
ki, anasını aparmaq imkanı olmasa, heç bir yerə getmək,
Oğuldərəni tərk etmək niyyətində deyil, ailəsi,
uşaqları ilə birlikdə kənddə qalacaq.
Erməni silahlı
birləşmələri artıq bizdən bir qədər
aralıda olan kəndləri də tutmuşdular, evləri
yandırırdılır, tüstü göyə
qalxırdı. Düşmən heç bir maneəsiz bizim
olduğumuz əraziyə yaxınlaşsa da, Arif dediyindən
dönmürdü. Qohum-qardaşı belə bir vəziyyətdə
tək qoyub getmək yolverilməz olduğuna görə
heç kim bununla razılaşmırdı.
Belə bir ağır
vəziyyətdə Kamal oğlunu göndərdi ki,
qocaları və uşaqların hamısı
hazırlansın, maşın gəlir onları götürməyə.
Bir qədər sonra maşın gəldi və yeriyə bilməyən
yaşlıları, uşaqları maşına
yığdıq. Maşın evlərdən bir qədər
aralıda dayanmışdı. Arif Zülfüqarov neçə
illərdir yataq xəstəsi olan anası Pəri xalanı
kürəyində maşına gətirdi, yerini rahatladı
(Pəri xala Murovdağda donaraq dünyasını dəyişdi).
Qocaları, on
yaşdan kiçik uşaqları maşına
yığdılar. Maşın yerindən tərpənəndə
uşaqlı-böyüklü hamı ağlayırdı.
Ağlaşma səsi dağları lərzəyə
salmışdı. Bu, bir ildə ikinci dəfə doğma
evindən, torpağından didərgin salınan insanların
ürək göynədən fəryadı idi. Həmin mənzərə
onun şahidi olanların yaddaşından heç vaxt silinməyəcək.
İnsanla dolu
"QAZ-52" palçığı yara-yara,
sürüşü-sürüşə yola
düşdü. Palçığa bata-bata gözdən itdi.
Evə tərəf qayıtdıq. Hər kəs öz evindən
gücü çatanla - təzə paltar, adyal, ayaqqabı
şəllənmişdi. Bundan başqa yalnız çörək
götürülürdü. Az şey götürmək
lazım gəlirdi ki, at yolda yorulmasın, tez yerimək
mümkün olsun. Piyada gedən qadınlar, uşaqlar
ağlaya-ağlaya yola düşdülər.
1993-cü il martın 31-də mənim 13 yaşım
vardı. Yadımda qalanları nəql edirəm...
Səhər saat 11 radələrində
piyada gedən adamlar yola düşdülər. Mən kənddə
təsərrüfata, mal-qoyunun saxlanmasına kömək etmək
üçün atamın yanında qaldım. Lakin bir qədər
sonra atam dedi ki, dünyanın işini bilmək olmaz, ermənilər
bura qədər gələ bilər: "Ona görə də
sən qalma, qaç gedənlərə çat, onlarla birlikdə
get".
Etiraz etdim, razı
olmadı. Piyada gedənlər arasında anam Zeynəb Əliyeva
və ortancıl qardaşım, 11 yaşlı Babək Əlizadə
də vardı. Qaça-qaça atamdan uzaqlaşdım və
kənddən xeyli aralanmış adamlara çatdım. Ermənilərin
qurbanı olmaqdan qurtulmaq üçün dağlardan,
yamaclardan keçən yüz kilometrlərlə qarlı,
palçıqlı yolu piyada qət etməli idik.
Kənddən çıxanda bir at götürmüşdük. Yol boyu atı gah mən, gah
da qardaşım Babək minirdi. Anam dedi ki,
at arıqdır, mən
minsəm, yorulacaq, siz də yolda
qalacaqsız. Ona görə
də anam ancaq piyada gedirdi.
Xeyli gəldikdən sonra Laçın-Kəlbəcər yoluna çıxdıq.
Yolda mülki adamlara, hərbçilərə rast
gəldik. Mülki adamlar
Laçın kəndlərinin
sakinləri, hərbçilər
isə Laçın cəbhəsində döyüşənlər
idi. Hamı Kəlbəcər istiqamətində gedirdi -
Murovu aşmaq ümidi ilə. Dağlarda qar yenicə əriməyə başlamışdı,
yollar palçıq idi, elə yer
olurdu ki, atlar, piyada insanlar
palçığa batır,
çətinliklə çıxırdılar.
Günortadan sonra
Laçınla Kəlbəcərin
arasında yerləşən
Çilgəz dağına
qalxdıq. Dağın başında
Azərbaycan ordusunun postu vardı. Lakin postda heç
kim qalmamışdı.
Əsgərlərin oranı nə
vaxt tərk etdiyi məlum deyildi. Yalnız sahibsiz itlər
dolaşırdı.
Bizim heç
nədən - Kəlbəcərdə,
Laçın cəbhəsində
nə baş verdiyindən xəbərimiz
yox idi. Elə bilirdik ki, ermənilər
yalnız Laçın
cəbhəsindən hücuma
keçiblər, Kəlbəcərdə
isə sakitlikdir.
Oğuldərəni tərk edənlər
müvəqqəti olaraq
Kəlbəcərin Tirkeşəvənd
kəndinə getməyi,
bir müddət qohumların evində qalmağı, vəziyyət
sabitləşəndən sonra
doğma evlərinə
qayıtmağı planlaşdırırdılar.
Ona görə də Oğuldərdən çıxanda
Kəlbəcərə o qədər
də tələsik getmirdik, Kəlbəcərdəki
vəziyyətdən xəbərimz
olmadığına görə
arxayın idik.
Ancaq Çilgəz
dağını aşıb
Kəlbəcər ərazisinə
daxil olanda tamamilə başqa mənzərənin şahidi
olduq. Çilgəzin ətəyində Fikrət bəyin böyük təsərrüfatı
vardı. Bura "Qazıxanlı
binəsi" adlanırdı.
Dağı aşanda Fikrət
bəyin sahibsiz qalan mal-qoyununun dağlara dağıldığının
şahidi olduq. Axşama yaxın Fikrət bəyin evinə çatdıq. Evdə
heç kim
qalmamışdı. Həyətdə bir necə hərbçi
xarab olmuş
"KAMAZ" və "ZİL-131" avtomobillərin təmiri ilə məşğul idi. Kəlbəcərdən Laçın cəbhəsinə,
Laçın cəbhəsindən
geri qayıdan hərbi avtomobillər, texnika xarab olanda
kənar şəxslərin
söküb aparmaması
üçün Fikrət
bəyin həyətində
qoyurdular. Hərbçilər isə xarab olmuş avtomobillərdən
lazım olan hissələri söküb
öz maşınlarına
əlavə edirdilər.
Çıxıb getməyə hazırlaşırdılar.
Bir neçə
nəfər Fikrət
bəyin evində olduq. Odun sobasının üstündə
çaydan vardı.
Soba yanırdı və çaydan isti idi. Həyətə çıxıb
bizi gözləyənlərə
xəbər verdik ki, soba yanır, çaydan istidir, deməli, ev
yiyəsi təzəlikcə
gedib. Hərbçilər
qayıtdılar ki, iki gündür buradadırlar, sobanı onlar yandırıb özlərinə çay
hazırlayıblar, ev yiyəsi isə iki gün
əvvəl gedib.
Artıq vəziyyət
bizə aydın olurdu. Qaranlıq düşməmiş Tirkeşəvənd kəndinə
çatdıq. Kənddə bir nəfər də qalmamışdı.
Yiyəsiz mal-qoyundan tərpənmək
mümkün deyildi.
Tirkeşəvəndin ortasından keçən
yolda isə Laçın cəbhəsini
tərk edib Kəlbəcərə doğru
gedən ordu birliklərinin ardı-arası
kəsilmirdi. Biz çıxılmaz vəziyyətə
düşmüşdük. Oğuldərədə qalanlara vəziyyətin
nə yerdə olduğunu çatdırmaq
lazım idi. Kənddən çıxanda iki
nəfər - Ağaşirin
İbrahimov və Muxtar İbrahimov da qadın və
uşaqları evlərdə
yerləşdirmək, Kəlbəcərdəki
vəziyyətlə bağlı
məlumat aparmaq üçün Tirkeşəvəndə
gəlmişdi. Ağaşirin İbrahimov və Muxtar İbrahimov Oğuldərədə qalanlara
vəziyyət barədə
xəbər vermək
üçün dərhal
geri qayıtdılar.
Baxış bəyin evinin
qarşısına getdik.
Evin qapısı açıq
idi. İçəri yığıldıq. Ev yiyəsi heç nə aparmamışdı,
illərlə əziyyətlə
tikib qurduğu evindən yalnız əyninin paltarı ilə çıxmışdı,
bütün əmlak yerində idi. Qadınlar çay qaynatdılar, bir gün idi
ac-susuz idik, Oğuldərədə səhər
yeməyinə yenicə
oturmuşduq ki, ermənilərin hücuma
keçdiyi xəbəri
gəlmişdi, tikə
kəsə bilməmişdik.
Gecəni bu
evdə qaldıq.
Ev Laçın-Kəlbəcər magistral yolunun kənarında yerləşirdi.
Laçın cəbhəsindən çıxıb Kəlbəcər
istiqamətində gedən
hərbi texnika və avtomobillərin səsindən səhərə
qədər yatmaq mümkün olmadı.
Səhər açıldı.
Təqvimdəki tarix 1 apreli
göstərirdi. Bütün dünya
zarafat və gülüş gününü
qeyd edəndə biz tarixin ən ağır və dəhşətli həqiqətlərindən
biri ilə üz-üzə qalmışdıq.
Kəlbəcəri iki hissəyə
bölən və bir hissəsinin digəri ilə əlaqəsini təmin edən tuneli ermənilər gecə tutmuşdular və biz tam olaraq erməni mühasirəsinə düşmüşdük,
sağ qalmaq üçün yeganə
ümid yolumuz da bağlanmışdı.
Səhər açılanda
Oğuldərə kəndinin
bir qrup sakinini də Tirkeşəvənddə gördük.
Kamal Abdulkərimov oğlanları
və qohumları ilə birlikdə mal-qoyununu da götürüb
gecə ilə Oğuldərəni tərk
edib Kəlbəcərə
adlamış, Tirkeşəvənd
kəndinə gəlmişdi.
Burada
mənzərə isə
dəhşətli idi:
ağlaşan insanlar,
batalyon-batalyon hərbçilər,
yiyəsiz evlər, sahibsiz mal-qoyun, itlər... Baxış bəyin həyətində
xeyli mal-qoyun vardı. Bir neçə inək
yenicə balalamışdı,
sahibi olmadığı
üçün körpə
quzular, buzovlar mayalanmamışdı, yerdə
sürünürdü. Bu mənzərə adamın içini göynədirdi. Müharibə heyvanların da həyatını cəhənnəmə
döndərmişdi.
Uşaqlarla birlikdə
Baxış bəyin həyətində və qonşu həyətdə
bir neçə buzovu mayalandırdıq.
Tövlədə bağlı qalan
heyvanları açıb
həyətə çıxardıq.
Savab olsun deyə. Təbii ki, bundan sahiblərinə
heç bir xeyir yox idi.
Həmin
heyvanların hamısı
ermənilərə qaldı.
Laçın cəbhəsindən çıxan
hərbçilərin böyük
əksəriyyəti Tirkeşəvənddə,
bir hissəsi isə Zülfüqarlı
kəndində, Kiçik
İstisuda dayanmışdı.
Çünki ermənilər yolu
bağlamışdılar.
(Davamı
var)
İmdad Əlizadə
Şərq.-
2012.- 8 fevral.- S.11.