Yol ağrısı...

 

(Əvvəli ötən 8 fevral sayımızda)

 

MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

 

   Kamal Abdulkərimov və bir neçə nəfər ata minib Zülfüqarlı kəndinə getdilər. Bir qədər sonra geri qayıdıb dedilər ki, vəziyyət çox ağırdır, ermənilər tuneli tutub, yol bağlıdır, nə vaxt açılacağını heç kim bilmir, hərbçilər yolu açmaq üçün heç nə etmirlər: "Ermənilərin mühasirəsinə düşmüşük, burada qalmaq təhlükəlidir, indi yalnız sağ qalmağa çalışmaq lazımdır".

   O, oğlanlarına və qohumlarına evdən özləri ilə gətirdikləri bütün əşyaları atmağı, mal-qoyunu buraxmağı, yalnız atları və çörəyi götürməyi tapşırdı. Bir neçə nəfər bununla razılaşmadı, mal-qoyunu aparmağı təklif etdi. Onlardan biriCabbar Cabbarov idi.

   O, yaşlı adam idi (hazırda Bakının Sabunçu rayonunda məskunlaşıb, bir neçə il əvvəl Həcc ziyarətində olub). Dedi ki, bu heyvanlar mənim kəfən haqqım, ehsanımdır, onları qoyub gedə bilmərəm, sabah ölsəm, ehsanım necə veriləcək?

   Cabbar kişi bu sözləri ağlaya-ağlaya dedi və ətrafdakıları da ağlatdı. Lakin bu da Kamal Abdulkərimova təsir etmədi. O, dediyindən dönmədi və avtomatı Cabbar Cabbarova tərəf çevirərək heyvanların yanından uzaqlaşmasını tələb etdi, dedi ki, burada qalsan, onsuz da səni ermənilər ya qətlə yetirəcək, ya da əsir aparacaq. Bundan sonra bir neçə nəfər Cabbar kişinin qoluna girib onu mal-qoyunun yanından uzaqlaşdırdı.

   Kamal Abdulkərimov bizdən də evdən götürdüyümüz paltarları atmağı, yalnız çörəyi götürməyimizi istədi. Yola düşməyə hazırlaşarkən bizimArif Zülfüqarovun atı (özü Oğuldərədə qalmışdı, atı övladları minirdi) bir-birinə qoşulub kəndimizə - Oğuldərəyə tərəf qaçdı. Ənvər Zülfüqarovla birlikdə atların arxasınca qaçdıq, Tirkeşəvənddən xeyli uzaqlaşandan sonra onlara çatdıq, atları minib geriyə çapdıq.

   Yolda at məni daşlığa yıxdı, möhkəm zədə aldım. Sürünüb çayın qırağına gəldim, üzümə su vurdum, özümə gəldim, üst-başımı təmizlədim. At məni yıxandan sonra qaçmamışdı, yanımda dayanmışdı. Ənvər məni çətinliklə ata mindirdi, yavaş-yavaş gəlib Tirkeşəvənddəkilərə çatdıq. Anam məni görəndə sifətimin ağardığını dedi, nə olduğunu soruşdu. Atdan yıxıldığımı, ciddi bir şey olmadığını dedim.

   Artıq yola düşürdük. Evdən götürdüyümüz paltarları da atdıq, yalnız kimdə çörək vardısa onu götürdü. Oğuldərədən çıxanda əksəriyyətimizdə çörək ehtiyatı da yox idi.

   Kamal Abdulkərimov dedi ki, tuneldən kənar keçən bir yol tanıyır, avtomobil yolu deyil, meşələrin içindən, sıldırım uçurumlardan və qayalıqlardan, qarlı dağlardan keçən piyada yoludur. Əvvəllər Kəlbəcərə gəlib-gedəndə bu yoldan istifadə etdiyini söylədi.

   Bu arada Kəlbəcərin Başlıbel kəndinin sakinləri avtobus, yük maşını, qoşqulu traktor, kiçik minik maşınları ilə Tirkeşəvənddən keçib Zülfüqarlıya - tunel istiqamətində getdilər. Hay-küy yayıldı ki, Azərbaycan ordusu hücuma keçib, tunel ermənilərdən azad olunub, yol açılıb. Lakin az sonra başlıbellilər getdikləri formada geri qayıtdılar, tunelin bağlı olduğunu dedilər.

           Yol bağlı olduğuna görə Başlıbel sakinləri kəndlərinə qayıtmağı, dağlarda gizlənməyi qərara almışdılar. Sonradan ermənilər onların əksəriyyətinin dağlarda gizləndikləri yerləri tapmış, qətlə yetirmiş, əsir aparmışdılar. Yalnız bir hissə mühasirədən çıxa bilmişdi.

   Günortaya yaxın Tirkeşəvənd kəndindən yola düşdük. Narahat, ümidsiz, ac-susuz, piyada, gözümüz arxada, gözüyaşlı... Oğuldərədə qalanlardan, bir gün əvvəl nasaz yük maşını ilə gedənlərdən xəbərimiz yox idi. Düşmən bizim ailəni üç hissəyə parçalamışdı, bir-birimizdən xəbərimiz yox idi - ölmüşük, əsir düşmüşük, yoxsa salamatıq.

  

  

  

   Tirkeşəvənd kəndi qurtaran kimi sağa dönüb körpünü keçdik və Əsrik kəndinə qalxdıq. Bu kənddə yalnız orta yaşlı bir qadın qalmışdı. Ona bizimlə getməyi təklif etdik, lakin razılaşmadı. Dedi ki, doğma yurdunu qoyub heç yerə gedən deyil.

   Əsrikdən çıxandan sonra məlum oldu ki, bu heç piyada yolu da deyil. Sadəcə, istiqamət götürüb gedirdik, mühasirədən çıxmaq, sağ qalmaq ümidi ilə.

   Yolda ağsaqqal kişiyə rast gəldik, yorğan-döşəyin arasında qarın üstünə qoymuşdular. Yataq xəstəsi olan bu nurani ağsaqqalı övladları çiyinlərində bura qədər gətirmişdilər. Qarşıda sıldırım qayalıq və zirvəsi görünməyən bir dağ vardı. Görünür, buranı qalxa bilməyəcəklərinə görə kişini qoyub getmişdilər.

   Ağsaqqal keçənlərdən kömək istəyirdi. Bir neçə adam onun yanında ayaq saxladı. Kişi dedi ki, övladları onu bura qədər gətiriblər, sonra qoyub gediblər.

  

   Ona para çörək verdilər. Lakin onu götürməyə, kömək etməyə imkanımız yox idi.

      

   YOL AĞRISI (2)  

  

   Mühasirədən çıxmaq istəyənlər arasında xeyli əsgər də vardı. Bir əsgər çayın kənarında çəkmələrini çıxarmış, silahını dizinin üstünə qoyub daşın üstündə oturmuş, ayaqlarını suya salmışdı. Anam hirslə "Dur, nəyə oturmusan, sən də dur mənimlə qaç" dedi.

   Əsgər yerindən qalxdı, ağlaya-ağlaya əlindəki avtomatı göstərib "Xala, sənə qurban olum, mən bununla nə eləyə bilərəm, iki gün postda ac-susuz qalmışıq, bir də onda xəbər tutmuşuq ki, hamı gedib, biz qalmışıq" dedi.

   Yol boyu çox əzabla üzləşirdik. Demək olar, iki gün idi ac-susuz yol gedirdik. Bu müddətdə suyumuz da, qidamız qar idi, gedə-gedə yol qırağından qar götürüb yeyirdik. Qarlı, palçıqlı yollarla, sonu görünməyən dağ yamacları ilə gedib erməni mühasirəsindən çıxmaq lazım idi. Oğuldərə sakini Əşrəf İlyasovun iki körpəsinin vəziyyəti isə daha pis idi. Uşaqların - Dağbəyi İlyasovun dörd, Xaləddin İlyasovun isə iki yaşı vardı. Ac-susuz körpələr yol boyu ağlayır, sakitləşmək bilmirdilər.

   Yol boyu isə eyni mənzərə idi - insanların tərk etdiyi kəndlər, piyada gedən qoca-uşaq, nalə çəkib ağlayan qadınlar, silahı çiynində mühasirədən çıxmağa çalışan əsgərlər, yiyəsiz mal-qara, sahibsiz itlər...

   Axşama yaxın Kəlbəcərin Nadirxanlı kəndinə çatdıq. Bu kənd Tərtər çayının sahilində yerləşir. Kəndi ermənilərin işğal etdiyi deyilirdi. Qaranlıqda yavaş-yavaş kəndin yuxarı hissəsində yerləşən dəmir körpüyə yaxınlaşdıq. Kənddə sakitlik idi. Körpüdən keçib yolumuza davam etdik.

   Gecə saat 2 radələrində Kəlbəcərin Sarıdaş kəndinə yetişdik. Zülmət qaranlıq idi, adam özündən qabaqda gedəni görə bilmirdi.

   Burada vəziyyətimiz daha da ağırlaşdı. Sarıdaş kəndi dağın döşündə yerləşir, yoxuşu qalxanda atlılardan çox geridə qaldıq. Elə bildik qabaqda bizi gözləyəcəklər, lakin Sarıdaşa çatanda məlum oldu ki, atlılar gedib. Çıxılmaz vəziyyətə düşmüşdük, edəcəyimizi bilmirdik. Çünki heç kim bura bələd deyildi, yolun bizi hara aparacağını bilmirdik. Gecənin bu vaxtında yolu tanımaya-tanımaya getmək isə təhlükəli idi, ermənilərin hansı istiqamətdən gəldiyini, harada mövqe tutduğunu bilmirdik. Dəfələrlə yüksək səslə atlı gedənləri çağırdıq, lakin cavab verən olmadı. Bir neçə nəfər bir qədər irəli getdi, az sonra qayıtdılar, dedilər ki, heç kim yoxdur. Hamı ağlayırdı, atlılardan gileylənirdi.

   Sarıdaşda bir evdən zəif çıraq işığı gəlirdi. Bir neçə nəfər ehtiyatla işıq gələn evə yaxınlaşdıq, ev yiyəsini çağırdıq. Qapıya orta yaşlı kişi çıxdı. Vəziyyəti ona izah etdik. Sarıdaş kəndindən olduğunu, burada bələdçi qaldığını, səhərə yaxın, alaqaranlıqda burada toplaşan insanları Kəlbəcərin Qamışlı kəndinə - Murova aparan yola çıxaracağını dedi.

   Bələdçidən yolumuza davam etmək istədiyimizi, bu yolun hara getdiyini, qarşıda hansı kəndlərin olduğunu, Murova aparan yola necə çıxa biləcəyimizi soruşduq. Getməyimizi məsləhət bilmədi. Dedi ki, nabələd adam gecənin bu vaxtında Murova gedən yola çıxa bilməz. Çünki yolun bir hissəsi meşəlikdən keçir, yol qardır. Ondan öyrəndik ki, ermənilər hazırda Kəlbəcərin mərkəzindədir, Qamışlı körpüsü, Murova aparan yol tutulmayıb, ermənilər hələ həmin yerlərə gəlib çıxmayıblar. Bələdçi Qamışlıdan axşam qayıtdığını bildirdi.

   Yolun kənarında bizi gözləyən insanların yanına qayıtdıq, onlarla birlikdə Sarıdaş kəndinin evlərindən birinin qarşısına getdik. Evin ya qapısını, ya da pəncərəsini açıb içəri girmək, bələdçinin vaxt yola düşəcəyini gözləmək istəyirdik. Bu zaman bələdçi özünü yetirdi. Bildirdi ki, kəndi ona tapşırıblar, evlərin qapı-pəncərəsinə əl vurmağımıza razı olmadı.

   İki gündür piyada yol gəlirdik, aclıq, susuzluq, soyuq bizi taqətdən salmışdı. Bələdçiyə izah etməyə çalışdıq ki, ermənilər arxamızca gəlir, kəndi sənə əmanət edə bilərlər, amma təkbaşına bu kəndi ermənilərdən qoruya bilməzsən. Ona təklif etdik ki, evlərin birinin qapısını , orada gecələyək, soyuqdan donuruq. Amma bu sözlərin ona heç bir təsiri olmadı, bələdçi dediyindən dönmədi.

   Evin həyətində tövlə vardı. Qışdan qalan otu bağlayıb tövlənin talvarına yığmışdılar. Ot bağlamalarını yerə tökdük, onun arasında gecələdik.

   Qardaşım Babək atlılarla getmişdi. Anam özünə yer tapa bilmirdi.

   Mən yalnız onu xatırlayıram ki, ot bağlamalarının arasına girən kimi yuxuya getdim. Səhər alatoranda anamın səsinə oyandım, məni durğuzdu, yola düşürdük. Gecə Sarıdaşa xeyli insan yığılmışdı, çünki erməni mühasirəsindən çıxmaq üçün qalan yeganə yol buradan keçirdi.

   Ac-susuz yenidən yola düşdük. Bu ərazilərdə yollar qarlı, palçıqlı idi, hərəkət etmək asan deyildi. Günorta saatlarında Qamışlı kəndinin yuxarısında yerləşən dağlara qalxdıq. Ermənilər Kəlbəcərin mərkəzi hissəsini, Qamışlı ilə üzbəüz yerləşən, çayın qarşı tərəfindəki kəndləri işğal etmişdilər, evlərə od vurmuşdular, tüstü göyə qalxırdı. Qamışlı körpüsü, bu ərazilər şiddətli top, "Qrad" atəşinə tutulurdu.

   Sarıdaşın qonşuluğunda yerləşən kəndlərdə xeyli adam bizə qoşuldu. Bələdçi xəbərdarlıq etdi ki, bundan sonra yolla getmək təhlükəlidir, ermənilər üzbəüz mövqeləri tutmuşdular. Dağın zirvəsinə qalxanda Qamışlıya tərəf irəliləyən insanlar iki hissəyə bölündü. Bir dəstə qarlı və palçıqlı meşənin arası ilə, digər hissə yolla getdi. Yolla getmək təhlükəli olduğuna görə meşənin arası ilə Qamışlıya - Murova gedən yola tərəf getdik. Bu ərazi son üç gündə qət etdiyimiz ən çətin yol oldu. Qar, palçıq, yaş xəzəl... Meşədən çıxmağımız heçasan deyildi, bir neçə saat çəkdi.

   Qamışlıda yolun qırağında qapıları açıq böyük bir mağaza vardı. Mağazaya girib sarafan torbada olan təxminən bir kilo konfeti götürdüm. Bu bizim son üç gündə dilimizə dəyən yeganə qida idi.

   Qamışlıya çatanadək gecə bizdən ayrılanlardan heç kimi tapa bilmədik. Əslində onları soruşmağa heç kim yox idi, hamı öz canının hayında idi, başına çarə qılmağa çalışırdı, kimdən soruşasan. Anam isə sakitləşmirdi, elə hey Babəki haylayırdı - səsini eşidib gələr ümidi ilə. Babəkdən isə səs-soraq yox idi, o cümlədən digər atlılardan.

   Qamışlı körpüsünə düşəndə Babəki yolun kənarında tapdıq. Soyuqdan donmuş, bozarmış, pərişan halda dayanıb bizi gözləyirdi. Bizi görəndə ağladı, dili söz tutmurdu, dedi ki, səhərdən burada dayanıb. Anam Babəki görəndə çox sevindi. Bu sevincgöz yaşlarına səbəb olmuşdu, qardaşımı bağrına basdı.

  

   (Davamı var)

İmdad Əlizadə

 

Şərq.- 2012.- 10 fevral.- S. 11.