Xocalı fəryad edirdi...

 

MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

26 fevral 1992-ci il... Xocalı soyqırımı kimi tarixləşdi bu dəhşətli gün. 1941-1945-ci illər müharibəsində Belarusiyanın Xatın kəndində də belə bir faciə baş vermişdi. Dünya hələ də bu kənd qəbiristanlığına gəlib illərin faciəsini gözlərinə köçürür. Bəs Xocalı faciəsi?! 70 il əvvəl baş verən hadisələrlə maraqlananlar, ermənilərin bu çox yaxın keçmişdə Xocalıda törətdikləri vəhşilikləri görmədilərmi? Soyqırım deyirlər. Bəs onda ermənilərin Xocalıda törətdikləri qırğınlar soyqırım deyildimi? Yaxşı, əgər Xocalıda törədilənlər soyqırım deyilsə, bəs onda biz bu vəhşətə nə ad verməliyik? Bu da bir həqiqətdir ki, qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı. Çünki Xocalı unudulmaz dərdimiz, sağalmaz yaramızdır.

    Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış mərkəzi idi. 1990-cı ildə şəhər statusu almışdı. Dağlıq Qarabağdakı yeganə Hava limanı Xocalıda yerləşirdi. Erməni silahlı qüvvələri Xocalı şəhərinə gecə saat 22 radələrində quldurcasına hücum etmiş, əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutmuş, sonra isə çoxsaylı tanklar, PDM və bronetransportyorlar vasitəsilə şəhərə daxil olmuş, evlərində yatmış dinc əhalini vəhşicəsinə məhv etməyə başlamışlar.

    Vəhşiləşmiş ermənilər azərbaycanlıları xüsusi amansızlıqla işgəncə verərək öldürürdülər. Onlar mühasirədən çıxıb qaçan azərbaycanlıları da yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, vəhşicəsinə məhv edirdilər.

    Bu gün Xocalı deyə bir şəhər yoxdur, çünki 26 fevral 1992-ci ildə burada yaşayanlar soyqırıma məruz qalmış, bu şəhər erməni daşnakları tərəfindən yandırılmış, yer üzündən silinmişdir. Bu məsələ beynəlxalq hüquq baxımından ələ alındığı zaman Xocalıda törədilən soyqırım rəsmən ortaya çıxır. Nəyə görə bu məsələ türk dünyası tərəfindən BMT-nin gündəminə gətirilmir? Axı ermənilərin Xocalıda törətdikləri soyqırım, 1948-ci il dekabr ayının 9-da BMT tərəfindən qəbul edilən "Soyqırım cinayətinin cəzalandırılması ilə əlaqəli müqaviləsinin 2-ci maddəsində yer alan "Milli, etnik, irqi və ya dini bir qrupu qismən və ya tamamilə yox etmə" soyqırım qavramına tamamilə uyğundur. Heç şübhəsiz, ermənilərin Xocalıda törətdikləri "Cenevrə müqaviləsi"nə, "İnsan haqları bəyannaməsi"nə, "Vətəndaş və siyasi haqlar mövzusunda Beynəlxalq müqavilə"yə və "Döyüşlər zamanı qadın və uşaqların qorunması bəyannaməsi"nə qarşı olaraq işlənmiş bir CİNAYƏTDİR. Ermənilərin Xocalıda törətdikləri toplu qətliam BMT-nin soyqırım müqaviləsində soyqırımı hazırlayan 2-ci maddənin "a" bəndində yer alan "Qrup üzvlərinin qətl edilməsi" və "b" bəndində yer alan "Qrup üzvlərinə bədəni və ağlı baxımdan ciddi zərər verilməsi" qaydaları ilə tamamilə uyğundur, hətta daha qorxuncdur.

   Bilindiyi kimi, Azərbaycan Milli Məclisi Xocalıda ermənilər tərəfindən törədilənləri 1994-cü ildə soyqırım olaraq qəbul etmiş və qərar çıxarmışdır.

    Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı soyqırımı günü elan etmiş, hər il fevralın 26-da Xocalı soyqırımını anma törənləri keçirir. Bax bu törənləri bütün türk dünyası keçirməli, ermənilərin kimliyini bütün dünyaya yaymalıdır.

  

    Ötən 20 ildə Xocalıya lazımi qiymət verilməyib

  

    Bütün dünyanın gözü qarşısında törədilən bu qətliama BMT, AB kimi beynəlxalq quruluşlar lazım olan qiyməti verməmişlər. Doğrudur, BMT Təhlükəsizlik Şurası yeddi ay ərzində dörd dəfə! 822, 853, 874 və 884 saylı qərarları çıxarmışdır. Amma dünyanın ən başda gələn təşkilatının çıxardığı bu qərarlar qərar olaraq qalmışdır. Yəni Azərbaycan torpaqları ermənilər tərəfindən işğal altında qalmağa davam edir. Dünyanın ən gözəl bölgələrindən biri olan Qarabağ bölgəsi qaniçən erməni daşnaklarının tapdağı altında qalmağa davam edir, güclü dövlətlər başda olmaqla bütün dünya ictimaiyyəti də bu gözəl bölgənin ermənilər tərəfindən yandırılıb-yaxılmasını uzaqdan seyr edirlər.

   Azərbaycan türkünün taleyinə yazılan amansızlığın bəlkə də ən birincisi, onun ermənilərlə qonşuluqda yaşaması, öz ərazisində, öz torpağında bu namərdlərə yer verməsidir. Məşhur tarixçi V.Veliçko yazırdı: "Ermənilər haqqında çox-çox qədimlərdən pis bir fikir yaranıb və şübhəsiz, bu, əsassız deyildir. Çünki əsası olmasaydı, bütöv bir xalq haqqında həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi".

    1992-ci il fevral ayının 26-da ermənilər tərəfindən törədilən Xocalı faciəsi Ermənistanın türk millətinə qarşı yeritdiyi soyqırım siyasətinin tərkib hissəsidir. Bu faciə zamanı şəhid olmuş, əsir və girov düşmüş, qətlə yetirilmiş insanların rəqəmlə ifadə olunmuş siyahısına baxanda adamın canından gizilti keçir. Lentə köçürülmüş dəhşətli məqamları seyr etmək mümkün deyildir. Çünki tükürpərdici mənzərələr adamın varlığına vahimə gətirir. İnsan adlanan bəşər övladı bu dərəcədə qəddarlığı necə bacarır? Təbiətdə yaşayan heyvanlar belə, öz cinsinə qarşı bu qədər amansız olmurlar. Bu səbəbdən də bəşər tarixində heç bir xeyirxah əməlin sahibi olmayan ermənilər haqqında pis fikirlər mövcuddur.

   Xocalı faciəsinin törədilməsində günahı olan cinayətkarlar hələ də azadlıqda gəzir. Bu dəhşətli faciənin törədilməsində günahı olanların heç biri cinayətə cəlb edilməyib. Nə cinayəti törədən erməni- rus birləşmələri, nə də cinayətə mənəvi dəstək olan "azərbaycanlılar".

  

   Xocalı faciəsi...

  

   Səhlənkarlıqlarla dolu bir tarix

  

   1993-94-cü illərdə Xocalı fəciəsi ilə bağlı açılan cinayət işi ilə bağlı həmin illər ölkəmizdə baş prokuror vəzifəsini icra edən Əli Ömərov məlumat verib. Keçmiş prokuror bildirib:

   - Biz həmin illərdə Xocalı faciəsi ilə bağlı qərar qəbul etmişdik və həmin qərarda cinayətdə kütləvi şəkildə əli olan və məsuliyyət daşıyan 12 nəfərin adını yazmışıq. Əhalinin Xocalıdan çıxarılmasına və Xocalının dağıdılmasına zəmin yaratdıqlarına və öz vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə, düşünülməmiş kadr siyasətinə, xalqa yalan məlumatlarla vədlərinə görə, əməllərində konkret olaraq Cinayət Məcəlləsinin hansı maddəsi tətbiq edilməsi göstərilməsə də, Xocalı faciəsinin törədilməsində buya digər mənada aşağıdakı şəxslər Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır.

   Ayaz Mütəllibov, Həsən Həsənov, Tofiq Kərimov, Gülhüseyn Hüseynov, Fəhmin Hacıyev, Niyazi Kərimov, Tacəddin Muraz oğlu, Osman Məmmədov, Şahin Musayev və b.

    Bu şəxslərin faciədə mənəvi məsuliyyəti olduğunu yalnız mən müəyyənləşdirməmişəm. Həmin vaxt mən komissiyada məsul katib idim. Komissiyanın sədri isə Ramiz Fətullayev idi. Və bir neçə üzvü vardı. Və biz Xocalı faciəsinin baş verməsində onları günahkar bildik. Və bunların bəzisini cinayət məsuliyyətinə, bəzisini isə maddi-mənəvi məsuliyyətə cəlb olunması haqqında qərar çıxarmışdıq. Və Milli Məclisin qərarında belə bir maddə var idi ki, Xocalı faciəsinin baş verməsində günahı olanların heç biri vəzifəyə təyin ola və vəzifədə işləyə bilməz. Amma təəssüflər olsun ki, həmin adamların əksəriyyəti bu dəqiqə də vəzifədə oturublar.

  

   "Bu gün tezdi, sabah gecdi"

  

   Xocalı faciəsi Azərbaycan xalqının başına gətirilən, millətimizə qarşı törədilən ən dəhşətli fəlakətdir. bildiyiniz kimi , bu faciəni rus ordusunun 366-cı diviziyası törədib. Biz hakimiyyəti etdikləri səhlənkarlığa görə, faciədə məsuliyyətli şəxs kimi yazmışıq. onların bir daha vəzifəyə keçməmələrini qərarlaşdırmışdıq. Amma bununla belə hər kəsə yaxşı bəllidir ki, əsl cinayətkar rus ordusudur. Onların topunu isə Şuşada gizlədən Şuşanın hərbi komendantı Rəhim Qazıyev olmuşdu. Həmin illər həqiqətən bizim üçün çox dəhşətli idi. Azərbaycan çox ağır günlər yaşayırdı. Xalqımızın əksəriyyəti müharibədə mübariz iştirak edirdi. Amma məndən yaxşı bilənlər var ki, bəziləri rus ordusuna satılmışdı. Özümüzünküləri arxadan vururdular, silah satırdılar. Elə bir vəziyyət yaranmışdı ki, bəyənmədiyimiz ermənilər bizim torpaqlarımızı işğal etmək üçün öz canlarından keçirdilər. Bizim bəzi "vətəndaşlarımız" isə öz xalqımıza xəyanət edib, düşmənlə həmrəy olurdular. Xocalı doğrudan da bizim ən ağrılı yerimizdir. Xocalıda xalqımızın başına gətirilən dəhşətli kadrlar Milli Qəhrəman Çingiz Mustafayevin lent yazılarında da əks olunub. Qaldı ki, o vaxtı açılan cinayət işinin nəticələrinə, düzdür, mən indi həmin işin aqibəti barəsində heç bilmirəm. Çünki o illərdən artıq 18 il ötür məndə işin aqibəti barəsində dəqiq məlumatlar yoxdur. Amma bilirəm ki, həmin vaxt Milli Məclis tərəfindən çıxarılan qərara əsasən yalnız Fəhmin Hacıyev məsuliyyətə cəlb edilib. Qalanları isə məsuliyyətdən kənarda qalıb. Baxmayaraq ki, Xocalı faciəsi məhz Ayaz Mütəllibovun səhlənkarlığı ucbatından edilib, o, xalqımızın başına gətirilən bu cinayətə görə vəzifə məsuliyyəti daşıyır, amma o bu gün Moskvada özü üçün yaşayır. Vəzifə cinayəti budur ki, həmin vaxt Tamerlan Qarayev oradan prezidentə teleqram göndərib. Teleqramda isə yazıb "bu gün tezdi, sabah gecdi". O, prezidentin nəzərinə çatdırıb ki, Xocalı camaatını burada rus-erməni birləşmiş qoşunları qırır. Xahiş edirəm, Xocalıya təcili kömək göndərin. T.Qarayev Ali Sovetin sədri olaraq öz üzərinə düşəni edib, oradakı qarışıq fövqəladə vəziyyətlə bağlı ölkə başçısını məlumatlandırmış kömək istəmişdi. Amma çox təəssüf ki, hakimiyyət tərəfindən bu teleqrama vaxtında reaksiya verilmədi. Orada qırılan əhaliyə heç bir kömək göndərilmədi. Xocalı fəryad edirdi, camaat hakimiyyətdən kömək gözləyirdi. Amma A.Mütəllibov susurdu. Xocalıda olan qırğınlar, çarəsiz xalqın taleyi onu zərrəcə narahat etmirdi, onun tükünü belə tərpətmirdi. Çünki o yalnız öz kürsüsünün taleyi barədə düşünürdü Rusiyanı müdafiə edirdi. Əgər Xocalıya vaxtında dövlət səviyyəsində köməklər olsaydı, bu gün oradakı qırğınların 70 faizinin qarşısını almaq olardı. Bu qədər camaat əsir düşməzdi. Amma bu olmadı. Könüllülərin dəstəyi isə nəticə vermədi. Çünki qarşımızdakı ordu çox güclü başdan-ayağa silahlanmış bir ordu idi.

  

   O vaxtkı hakimiyyətin ölkənin problemlərini həll etməyə iradəsi yox idi

  

    Bununla belə əgər Azərbaycan hakimiyyəti faciə ərəfəsində Xocalıya vertolyotlarla hərbi qüvvə sursat çatdırsa idi, bu qədər itki olmazdı, istəsələr edə bilərdilər. Amma Ayaz Mütəllibov Xocalıya hərbi sursat daşınarsa, erməni tərəfi daha da aqressivləşəcəyindən ehtiyatlanıb. Bir məsələ var ki, o vaxtlar Azərbaycanın prezidenti olan Ayaz Mütəllibov, bir başqa məsul şəxs Xocalı faciəsində özünün məsuliyyətini görmür. Əksinə, Ayaz Mütəllibov hesab edir ki, Xocalının nicatı Azərbaycanda yox, Moskvada imiş. Halbuki, Azərbaycanı gücsüz edən elə Ayaz Mütəllibovun özü idi.

   Xocalı faciəsinin baş verməsində Azərbaycanda hakimiyyətdə olan vəzifəli şəxslərin hər birinin təqsiri olub. Çünki onların hər biri öz vəzifələrini düzgün icra etməyi bacarmayıblar buna görə Xocalı ilə bağlı məsuliyyət daşıyırlar. Cinayəti törədən rus ordusunun niyyəti isə başda Qorbaçov olmaqla Azərbaycanı tarix səhifəsindən silmək olub. Necə ki, 20 Yanvarda xalqımızı qırdılar. Xocalı faciəsini törətdilər. Biz isə...

  

   (Davamı var.)

Şəymən Aşırlı

 

Şərq.- 2012.- 22 fevral.- S.11.