Xocalı: Ağrıyan yaramız

 

MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

(Əvvəli ötən sayımızda)

    

   Biz isə hər zaman deyirik ki, beynəlxalq ictimaiyyət belə gəldi, beynəlxalq ictimaiyyət elə getdi. Mən hesab edirəm ki, beynəlxalq ictimaiyyət-filan hamısı yalandır. Xocalı bizim dərdimiz, bizim ağrımızdır. Ona görə də biz özümüz tədbir görməliyik. Doğma torpaqlarımızı yalnız biz özümüz müdafiə etməliyik. Avropalı, ya da amerikalı gəlib bizim torpaqlarımızı qorumalı və ya onu işğaldan azad edib bizə verəsi deyil ki.

   Torpaq bizimdir və biz də torpaqlarımız uğrunda döyüşməli, mübarizə aparmalıyıq. Düşünürəm, bu gün aparılan danışıqların hamısı mənasızdır. İldə bir neçə dəfə beynəlxalq ictimaiyyətlə danışıq aparmaqla torpaq azad edilmir. Həm də ki, mən başa düşmürəm danışıq nə qədər gedər. İyirmi-iyirmi beş ildir biz danışırıq, amma hələ də heç nəyə nail olmamışıq. Bunun da bir səbəbi var, bizbir millət, xalq olaraq, nə də dövlət olaraq fəal deyilik. Biz öz hüquqlarımızı bilmədiyimizə görə, haqqımız olanı da tələb edə bilmirik. İnandırım sizi ki, əgər Xocalı faciəsi bizdə yox, ermənilərdə baş versəydi, biz onların insanlarını qırıb, yurdlarını boş qoysaydıq, onlar bizim kimi oturub gözləməzdilər ki, kimsə torpaqlarımızı alıb bizə qaytaracaq. Onlar bütün dünyanı bizim başımıza tökərdilər. Biz hər zaman deyirik, Azərbaycan qüdrətli bir dövlətdir. Televiziya kanallarımız, mətbuatımız, informasiya portallarımız aləmə car çəkir, Azərbaycan istənilən vaxt öz torpaqlarını düşmən işğalından azad etməyə hazır və qadirdir. Bunu hər kəs oxuyur və izləyir. Bizim güclü ordumuz var. Bəs onda biz niyə dayanmışıq? Kimi gözləyirik? Güclü orduya malik olan qüdrətli bir dövlətin ən gözəl guşələri niyə düşmən tapdağı altında qalmalıdır? Niyə Xocalıda yerlə-yeksan edilən millətimizin qanı yerdə qalmalıdır? Gəlin biz müxalifətli-iqtidarlı, hamımız bir yumruq olaq və torpaqlarımızı işğaldan azad etmək üçün düşmənlə mərdi-mərdanə mübarizə aparaq. Amma buna imkanımız və gücümüz olduğu halda bunu da etmirik. "Lazım gələrsə, biz müharibə də edərik", deyib bir küncdə oturmağın axı nə adı var. Bu gün ağır vəziyyətdə, işğal altında olan bizim torpaqlarımızdır. Ona görə də nəyisə gözləmək lazım deyil. Biz günü bu gün gedib, torpaqlarımızı azad etməliyik. Lazımi vaxt bizdən asılıdır. Çünki bizim öz torpaqlarımızı azad etməyimiz yalnız bizə lazımdır. Bu ermənilərə lazım deyil ki. Odur ki, biz hər an mübarizəyə hazır olmalıyıq.

    

   Xocalı cinayəti nə qədər mürəkkəb olsa da, biz onu tamamlaya bildik

    

   İndi Xocalıdan bizi iyirmi il ayırır. Və mən də çoxdandır ki, vəzifəmdən azad olunduğum üçün Xocalı faciəsi ilə əlaqədar açılan cinayət işinin neçə nömrəli olduğunu dəqiq deyə bilmərəm. Çünki indi həmin işin nömrəsi mənim yadımdan çıxıb. Bunu Respublika Prokurorluğundan öyrənmək olar. Həmçinin işin nəticəsini də. Xocalı faciəsi ilə bağlı açılan cinayət işinin istintaqında bizə nə Moskvadan, nə də dövlətin daxilində heç bir müdaxilələr və maneələr yox idi. Və ola da bilməzdi. Mən heç vaxt başqalarının göstərişi, sifarişi ilə işləməmişəm. baş prokuror olan vaxtı, nə də digər işlərimdə. Mən hər zaman istintaqın ədalətli aparılması üçün çalışmışam. Şübhəli bilinən cinayətkarı tutmuşam, onun müqəssir olmadığını biləndə isə onu sərbəst buraxmışam. Əslinə qalsa, mənə heç kəs apardığım işlə bağlı, xüsusən də Xocalı cinayəti ilə bağlı nə göstəriş, nə də sifariş verib. Qeyd edim ki, Xocalı faciəsi ilə bağlı açılan cinayət işi çox çətin və mürəkkəb idi. Demək olar ki, mən o işi üzümə, tərsliyimə salıb sona çatdırdım. Hətta vəziyyətin çətinləşdiyini və aranın qarışdığını görəndə, bizim Komissiyanın sədri R.Fətəliyev neçə dəfə qaçıb Türkiyəyə getdiorada gizləndi. Və Bakıya gəlmədi, Xocalı ilə bağlı açılan cinayət işi ilə maraqlanmadı. Məsul katib olduğum üçün qaldı mənim öhdəliyimdə. Və komissiyanın digər 10 üzvü də maraqlı idi ki, bu işdə biz yekun nəticəyə gələk.biz bunu bacardıq. İş mürəkkəb olsa da, biz işi tamamlaya bildik. Amma o vaxtkı iqtidar istəmirdi ki, biz bu işin tez bir zamanda həllinə nail olaq. Ona görə də vəzifədə olanların çoxunu ya məzuniyyətə göndərir, yaxud da işin ləngiməsi üçün müəyyən planlar qururdular. Amma bütün bu təsirlərə baxmayaraq, biz bu işi vaxtında çatdırdıq.

    

   Həqiqəti danışdığım   üçün çox sevilmirəm

    

   Bizim ən böyük bəlamız, problemimiz budur ki, qəbul edilmiş qərarların, qanunların yerinə yetirilməsi ləngidilir, üstündən uzun müddət keçdikdən sonra da həmin verilmiş qərar dəyişdirilir. 1994-cü ildə Milli Məclis qərara almışdır ki, Xocalı faciəsinin törədilməsində iştirakı olan, buya digər mənada məsuliyyət daşıyan adamların vəzifədə işləməsi qadağandır, amma heç kəs buna əməl etmədi. Xocalı faciəsində məsuliyyət daşıyan insanlara vəzifə verdilər. Yenidən bu millətin idarəsini onlara verdilər. Siyahıda adı olan insanların bu gün hansı vəzifəni tutduğu da insanlara məlumdur.

    Mən yalnız həqiqəti danışdığıma görə, bəzən insanlar arasında çox sevilmirəm. Amma demək istəyirəm ki, mən bir cinayət işinin, həm də ki tamamlanıb, qurtarmış işin 20 il süründürülməsini həyatımda təsəvvür eləmirəm. Mənim aləmimdə əgər həmin cinayət işinin nəticəsinə ciddi yanaşılsa idi, indi hər şey öz yerini tapmış olardı. Çünki burada kifayət qədər əsaslar da var, günahkarların adları da var. Yalnız qalırdı onların məsuliyyətə alınması. Mən yenə qeyd etmək istəyirəm ki, o vaxtı biz qərara almışdıq ki, cinayət məsuliyyəti olanlar cinayət məsuliyyətinə cəlb olunsun, maddi-mənəvi məsuliyyəti olanlar da vəzifəyə təyin olunmasın. Sonrakı gedişat isə bizdən asılı olmadığı üçün ona əməl etmədilər, ləngitdilər. Amma mən həm bir vətəndaş kimi, həm də baş prokuror olaraq, əlimdən gələni etdim ki, xalqımızın başına Xocalı hadisəsi kimi bir dəhşət gətirənlər və buna zəmin yaradanlar məsuliyyətə cəlb olunsun. Bunun üçün də cinayət işi açdıq və günahkarları müəyyən edərək nəticəyə nail olduq.

    

   Azərbaycanlılar fəallaşmalıdır

    

   Biz Azərbaycan xalqı olaraq, hər bir şeyə məsuliyyətlə yanaşmalıyıq. Xüsusən də Xocalı bizim ağrımız olduğu üçün xalqımızın başına gətirilən bu dəhşəti dünya ictimaiyyətinə də çatdırmalıyıq. Hesab edirəm ki, Xocalı faciəsi Azərbaycan türkünün başına gətirilmiş o qədər dəhşətli bir faciədir ki, onun haqqında həmişə danışılmalı və bu mövzu dünya ictimaiyyətinin gündəmində tutulmalıdır. Məsum insanların vəhşicəsinə qətl edildikləri cinayətlərin isbatını ortaya qoyan rəsmi sənədlər, lentə çəkilmiş görüntülər belə var ikən Xocalı faciəsinin unudulmasına imkan verilməməlidir. Təəssüflər olsun ki, iyirmi il keçməsinə baxmayaraq bu faciənin dəhşətləri beynəlxalq aləmdə, dünya ictimaiyyətinin rəyində özünün həqiqi və layiqli qiymətini ala bilməmişdir. Belə biganəlik həm də onunla təhlükəlidir ki, bəşəriyyətə qarşı çevrilmiş bu kimi fəlakətlərin bundan sonra da baş verməsinə zəmin yaradır. Yəni faciəni törədən canilərin cəzasız qalmaları, insan sevgisindən uzaq olan və mənfəət ardınca qaçan millətləri yeni-yeni cinayətlər törətməyə sövq edir. 

   Düşünürəm ki, Türkiyədə baş verən son vəziyyət bizə dərs olmalıdır. Biz Xocalıda o qədər insanlarımızın ölməsinə, yurdumuzun talanmasına, qız-gəlinlərimizin namusunun tapdalanmasına, körpə balalarımızın göz görə-görə məhv edilməsinə, ümumilikdə Xocalı adlı bir yurd yerimizin talanmasına baxmayaraq, hələ də səsimizi dünyaya eşitdirə bilmirik.

   Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. O cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də bəlli deyil. Dövlətin və əhalinin əmlakına 5 mlrd. rubl ( 140 milyon manatya 170 milyon dollar) dəyərində ziyan vuruldu. Heç şübhəsiz, Xocalı faciəsi bütün insanlığa qarşı törədilən dəhşətli bir soyqırımdır. Xocalı faciəsi XX əsrin sinəsində açılan bir yara, Azərbaycan türkünün tarixinə yazılmış ən qorxunc səhifələrdən biridir. Xocalı faciəsini törədən ermənilərin və onların havadarlarının əməlləri insan hüquqlarının kobud surətdə pozulması, beynəlxalq hüquq aktlarına həyasızcasına məhəl qoyulmaması deyilmi?

   İyirmi ildir ki, 26 fevral tarixi XX əsrin son onilliyinin köksündə bir yara olaraq qapqara qaralır. İnsanlıq faciələrinə biganə qalmayanların nəzərində həmin o gün də təcavüz qurbanıdır. İnsanlığını itirib vəhşiləşmişlərin, körpə, cavan, qoca qanına susamışların qara əməllərini həmişə yada salacaq o gün. Əsri ləkələmiş, insan adını rəzil etmiş bu havadarlı cəlladlar, təəssüflər olsun ki, hələ də cəzasız qalırlar. Bu boyda dünyada onların yaxasından tutub cəllad damğası yapışdıran, layiq olduqları adı onlara qoyan hələ ki tapılmır. Axı şər şirnikləndirildikdə əl-qol açar, zaman-zaman yenidən baş qaldırar.

    Həmişə gözü onun-bunun torpağında olan, tez-tez ərazi iddiaları qaldıran və bunun naminə hər cür cinayətə qanlı imza atanların ünvanı və himayəçiləri çoxdan bəllidir. Onların izləri düşdüyü yerlərdən silinməyib. Xocalı xarabalıqları onların avtoqrafıdır.

    Amma bütün bunlara baxmayaraq biz Xocalını SOYQIRIM olaraq bütün dünyada tanıtdıra bilmirik. Amma ermənilər öz saxta soyqırımlarının Fransa Senatı tərəfindən tanınmasına və qəbul edilməsinə nail oldular. Halbuki bu, beynəlxalq aləmdə demokratiyaya da, haqqa-ədalətə də zidd olan bir şeydir. Necə olur ki, biz danışmırıq, sadəcə susuruq. Belə çıxır ki, bizim danışmağa haqqımız yoxdur!? Niyə bizim ixtiyarımız yoxdur ki, qalxıb dünyaya bəyan edək ki, ermənilərə qarşı heç bir soyqırım olmayıb. Erməni öz yalanı, böhtanı ilə özünü təmizə çıxardır, beynəlxalq aləmin diqqətini öz üzərinə çəkir. Bunun üçün sübutu olmadığı, üstündən uzun vaxt keçmiş bir tarixi gündəmə gətirdiyi halda. Amma biz dünənimizi işıqlandıra, bütün dünyanın nəzərinə çatdıra bilmirik. Olmayan cinayəti Senatda qəbul etdirən millətə də baxın, faciəmizi, soyqırımımızı hələ də aşkar etdirə bilməyən bizə də baxın. Biz öz gücümüzü artırmalı və fəallaşmalıyıq. Bu gün kimi dindirsən deyir, məndən nə asılıdır. Hər kəsdən hər şey asılıdır. Xocalı bütün xalqımızın faciəsidir. Ona görə də məndən nə asılıdır sözünü işlətmək düzgün deyil. Hər kəs öz səlahiyyəti dairəsində əlindən gələni etməlidir.

  

  

  

   Xocalı işi üzrə istintaq

  

   tədbirləri davam etdirilir

    

   1994-cü ildə açılan cinayət işinin hazırda nə yerdə olduğu barəsində isə Azərbaycan Respublikasının hərbi-prokuroru, ədliyyə-general leytenantı Xanlar Vəliyev məlumat verib. Hərbi prokuror "Azərbaycan" qəzetinə deyib ki, hazırda cinayət işinin Xocalı soyqırımı epizodu üzrə 3000 nəfərə qədər şəxs şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2000 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən artıq müxtəlif ekspertizalar keçirilib. Xocalı şəhərinin işğalı ilə əlaqədar dövlət mülkiyyətinə və vətəndaşların xüsusi mülkiyyətinə dəymiş maddi ziyan müəyyən olunub, əşyaların maddi sübut kimi tanınması təmin edilib, habelə baxış, götürmə və digər zəruri istintaq hərəkətləri aparılıb. Nəticədə 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Onların Azərbaycan Respublikası CM-nin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-nin 107 (deportasiya), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb. Hazırda Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin barəsində sübutların toplanması, onların şəxsiyyətləri barədə tam anket məlumatlarının əldə edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilib və müəyyən edilmişdir ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdanya 170 milyon dollardan artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir. Xanlar Vəliyev vurğulayıb ki, soyqırım cinayətinə zaman məhdudiyyəti tətbiq olunmur. Milli qanunvericilikdə bu cinayətin sonradan təsbit edilməsi bu məsələdə heç bir maneə yaratmır. Törədildiyi zaman beynəlxalq hüquqa görə cinayət sayılan əməlin milli hüquq sistemində retroaktiv təqibi məqbul sayılır.

 

 Şəymən Aşırlı

 Şərq.- 2012.- 22 fevral.- S.11.