Yol ağrısı...
MÖVZU: "Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
(Əvvəli
ötən sayımızda)
Yolda Laçının Danbulaq kəndindən olan
xeyli qadın, uşağa
rast gəldik. Onların bir
hissəsi atlı, bir hissəsi piyada idi. Bu
insanları əvvəldən tanıyırdıq. Biz onlara yaxınlaşanda kürəyində
körpə, yanında üç
körpə olan qadınlardan biri maşının qabağına
qaçdı. Ağlaya-ağlaya özünü maşının qabağına
atdı, sürücü
maşını saxladı. Qadın əllərini yuxarı
qaldırıb yalvarmağa başladı.
- Yorulmuşam, uşaqları apara bilmirəm. Bir dəfə
piyada tunelə gedib
qayıtmışıq, heydən düşmüşəm.
Atın üstündə dayana bilmirəm.
Məni burada qoyub getməyin,
bu körpələri ermənilər
qıracaq, yalvarıram, Allah xatirinə
kömək edin.
Qadının naləsi
ərşə dirənmişdi, insanın tükləri
biz-biz olurdu. Qadının yanında olan insanlar da onları
götürməyi xahiş etdilər.
Sürücünü
qınamaq olmazdı. Maşın köhnə və nasaz idi.
Sürücü qadını, uşaqları maşına
mindirdi. Atın belindən iki kisə düşürdülər.
Qadın kisələri maşına qoymaq istəyirdi.
Sürücü özündən çıxdı.
- Köhnə və
xarab maşındır. Maşını elə bil kürəyimdə
aparıram. İndi hamınızı burada tökəcəm,
özümü də öldürəcəm.
Amma qadın kisələri
maşına qoymaqda israrlı idi və qoydu.
Meşənin
qırağı ilə palçıqlı yolla gedirdik. Yol
yoxuş idi. Birdən maşın sürüşüb
sürətlə geri getdi. Sürücü maşına nəzarəti
itirmişdi. İnsanların naləsi ərşə
qalxmışdı. Bir tərəfdən də dayanmadan silah
səsi gəlirdi. İnsanların
qışqırığı ilə silah səsi bir-birinə
qarışmışdı. Mirzəni, Rəhiməni,
Xıdırı özümə tərəf çəkdim.
Maşın xeyli geri gedəndən sonra yolun içində
olan bir çalaya düşüb dayandı. Sağ
qaldığımıza görə sevindik, Allaha
şükür etdik. Amma bu sevinc ötəri idi.
Çünki sağ qalacağımıza hələ də
ümidimiz yox idi. Düşməndən uzaqlaşa bilməmişdik,
başımızın üzərindən ağır
silahlarla atırdılar.
Sürücü bir qədər
özünə gələndən sonra yolumuza davam etdik.
Maşın çətinliklə dağı qalxırdı.
Ayağı yer tutan, hətta qoca kişilər belə, yerə
düşüb maşını itələyirdilər,
palçıqlı dağdan çıxmasına köməklik
edirdilər. Maşın bir kəndə çatdı. Gecə
yağış yağmışdı, kəndin yolları
sarı palçıq idi. Bir qədər gedəndən sonra
maşın kəndin ortasında palçığa batdı
və çıxarmaq mümkün olmadı. Dayanmaq
olmazdı, düşmən başımızın üzərini
almışdı. Maşında yeriyə bilməyən -
iflic, yer xəstəsi olan Pəri İlyasova,
yaşlılardan Ənvər İlyasov, Şərif İsgəndərov,
Camal İsgəndərov, Məsudə İlyasova qaldı.
Hamı gileylənirdi, ağlayırdı, buradan sağ
çıxmaq üçün Allaha yalvarırdı.
Maşından düşüb piyada getməyə
başladıq. Bir qədər gedəndən bir yük
maşın gəldi. Bizi bu maşına yığdılar.
Dadaş İlyasov qucağındakı iki yaşlı nəfəsi
Dadaşı göstərib dedi:
- Bu uşağı
Allah üç dəfə imtahana çəkib, ata-anadan məhrum
edib, babasının, nənəsinin ümidinə qalıb.
Bir dəfə atası əməliyyat olanda, kinci dəfə
ötən il qaçqın düşəndə,
üçüncü dəf də indi qaçqın
düşəndə.
Dadaş İbrahimov
bunu deyib ağladı.
Bu maşında bir qədər
gedəndən sonra öz maşınımız arxadan gəlib
çatdı. Yodan gecənlərin köməyi ilə
maşınımız palçıqdan
çıxarılmışdı. Düşüb öz
maşınımıza mindik.
Yolda dəhşətli
mənzərə vardı. Qarlı və palçıqlı
yolda piyada gedən qoca, uşaq, qadın, kürəyində
yaşlı valideynlərini aparanlar, ağlayanlar, yol nəfəsini
dərənlər, mal-heyvan və sair.
Xeyli yol gedib bir kəndə
çatdıq. Kənd meşənin qırağında yerləşirdi,
ortasından çay keçirdi. Kəndin adını
bilmirdik. Kənddə heç kim yox idi. Bu kənd də Kəlbəcərin
digər kəndlərindən fərqlənmirdi. Yiyəsiz
mal-qoyun, sahibsiz itlər, sərgidə qalan paltar.
Sürücü bu ərazilərə
bələd deyildi. Heç kim bu yolun hara getdiyini, bizim
hansı istiqamətdə hərəkət etməli
olduğumuzu bilmirdik. Sürücü maşını bir evin
yanında saxladı. Düşüb bir evə girdi. Evdə
heç kim yox idi. Həyətə çıxıb uca səslə
çağırdı. Lakin hay verən olmadı.
Sürücü geri qayıtdı, yolumuza davam etdik. Yolda
piyada gedən insanlardan yolu soruşa-soruşa gedirdik.
Yolda
maşınımız yenidən palçığa batdı.
Yenidən düşüb piyada getməyə başladıq.
Burada xeyli insan vardı-Kəlbəcərin müxtəlif kəndlərindən,
əksəriyyəti isə Milli, Bağırlı kəndlərindən
idi. Burada insanların çoxu itirdiyi doğmalarını
soraqlayırdı. Mən də Oğuldərədə qalan
atamı, anamı, qardaşlarımı axtarırdım.
Qarşıma çıxan hər kəsdən Laçın
rayonundan gələnin olub-olmadığını, ailə
üzvlərimi görüb-görmədiklərini
soruşurdum. "Gördüm" deyən olmadı.
Yaşlı
qadınlar "can bala, sən də adam axtarırsan, sənin
nə yaşındır adam axtarasan. Bura qədər kimlə
gəlmisiz, çalışın insanlardan geri qalmayın,
buradan çıxın", deyib ağlayırdılar. Mən
də kiminlə gəldiyimizi, bacı-qardaşlarımı
göstərirdim. Mirzənin, Rəhimənin,
Xıdırın əlindən tutmuşdum, yanımdan uzaq
getmələrinə imkan vermirdim, onları itirməkdən
qorxurdum.
Yolumuza davam etdik. Xeyli
gəldikdən sonra dəmir körpülü bir kəndə
çatdıq. Dedilər ki, bura Yanşaq kəndidir. Bir qədər
gəlib Murovun ətəyinə çatdıq. Maşın
karvanı yolu bağlamışdı, yolda tıxac
yaranmışdı. Hamını maşından
düşürdülər. Dedilər ki, gözləyəcəyik axşam
olsun, şaxta yeri dondursun, maşın onda irəli gedə bilər, yeriyə bilən
getsin, çalışın ki, bu dağı
aşın, erməni araxadan gəlib bizə
çata bilər, yoldan
çıxmayın, insanların izi ilə
gedin, qara-palçığa batıb
qalarsız.
Donub qalmışdım. Dedim
ki, atamı, anamı gözləyəcəm,
tək gedə bilmərik. Cavab verdilər
ki, Oğuldərədə qalanlardan xəbər yoxdur,
gözləmək olmaz, onların nə vaxt gələcəkləri məlum deyil.
Bir ailənin vəziyyəti
yadımdan çıxmaz. Üzsüz kəfrəm
yorğan-döşəyi özü kürəyinə
bağlamış, balaca uşaqları da ev əşyaları
ilə yükləmiş, uşaqlar toyuq-cücəni
qoltuğuna vurub aparırdı, malı, qoyun-keçini
qabağına qatıb aparırdı. Murova qalxdıqca vəziyyət
ağırlaşırdı. Hava şaxtalı idi. Yolda
palçığa, qara batıb qalan, donub qırılan heyvan
leşindən tərpənmək mümkün deyildi.
Qadın uşaqlarından yolda yorulub qalan körpə
quzuları, buzovları yolun kənarına
çıxarmağı istəyirdi. Çünki onları
maşınlar tapdayırdı
Su donmuşdu, buzdan
körpü yaranmışdı.
Bacı-qardaşlarımı maşından
düşürüb piyada yola düşdük. Bir xeyli gəlmişdik
Dadaş əmi arxadan gəlib çatdı. Dedi ki, iki
öküz tottuşdu, Bəbirlə Rahiləni vurdu, ürəkləri
getdi, vəziyyətləri ağırdır, yeriyə bilmirlər,
onları yenidən maşına qaytardıq.
Yolda Sərdar
dayını gördük. Rəhimənin ayaqlarında
ayaqqabı yox idi. Yalnız yun çorab vardı.
Bacı-qardaşlarım uşaq olduqlarına görə
artıq yeriyə bilmirdilər. Xıdırı kürəyimə
alıb bir qədər irəli aparırdım, geri
qayıdıb Rəhiməni götürürdüm, sonra
qayıdıb Mirzəni aparırdım. Sərdar dayı
ağladı, atamgilin qarsınca gileyləndi. Dedi ki,
üç körpəni də bir uşağa qoşub yola
salarlar. Sərdar dayı dedi ki, Rəhimə belə
ayaqyalın gedə bilməz. Bir qədər
aşağıda Laçının Qorçu kəndinin
sakinlərinə məxsus maşın var. Maşın Murovun
bir neçə döngəsini qalxıb tıxacda dayanıb:
"Rəhiməni aparıb həmin maşına mindir".
Rəhiməni aparıb həmin maşına mindirdim.
Xıdırla Mirzəni yenə də əvvəlki kimi
kürəyimdə Murovu qaldırırdım. Mirzə dedi ki,
mənim ayağımda rezin çəkimə var, çətin
də olsa gedəcəm. Aclıq, susuzluq, soyuq bizi taqətdən
salmışdı. Beş yaşlı Xıdır acından
ağlayırdı, çörək istəyirdi.
Bir qadın məndən
haradan olduğumu, kiminlə getdiyimi soruşdu.
Laçından olduğumu, balaca bacı-qardaşlarımla
birgə getdiyimi, ata-anamın, iki qardaşımın Oğuldərədə
qaldığını dedim. Qadın dedi ki, uşaqları
itirərsən, yanlarından ayrılma. Qadın belə deyəndən
sonra geri qayıtmaq, bacım Rəhiməni götürmək
qərarına gəldim. Mirzə və Xıdıra
qoyduğum yerdə dayanmağı tapşırdım. Sərdar
dayı da orada idi. Geri qayıtmağıma etiraz etdi, dedi ki,
maşın bu gün Murovu aşacaq Rəhiməni də gətirəcək
geri qayıtma.
Xeyli geri qayıdıb
Rəhiməni götürdüm. Rəhimə aralıdan məni
görəndə ağlaya-ağlaya çağırdı:
"Bacı mən buradayam".
Maşında olan
qadınlar Rəhiməni maşından düşürüb
aparmağıma etiraz etdilər. Dedilər ki, ayaqyalın
uşağı hara aparırsan. Onlardan ayaqqabı istədim.
Dedilər ki, yoxdur. Rəhiməni kürəyimə
götürüb geri qayıtdım. Rəhimə bir neçə
dəfə dedi ki, məni qoy yerə yeriyim, Xıdırı
götür. Amma ayaqları ayaqqabısız olduğuna
görə onu kürəyimdən yerə qoymadım.
Sərdar dayı
Xıdırın, Mirzənin əlindən tutmuşdu. Rəhiməni
kürəyimdən düşürmürdüm. Xıdır
tez-tez dayanırdı. "Yoruldum, bir az dayanaq" deyirdi.
Dayanan kimi aşağı çökürdü, qarın
üstündə otururdu, açından ağlayırdı.
Yoldan keçən bir neçə insandan çörək
istədim. Bir nəfər para çörək verdi,
Xıdırın əlinə bir parça çörək
verdim. Onu dilə tuturdum. "Sən dayansan bacın da
dayanacaq. Ermənilər gəlib bizi çatacaq. Bir az da gedək
çatmışıq" deyirdim. Xıdır əllərini
dizlərinin üstünə qoya-qoya gedir, dayanır, yenidən
gedirdi.
Murovu qalxmaq asan deyildi.
Acından, susuzluqdan dizimizdə taqət qalmamışdı.
Sürəkli qar yeyirdim. Yolda bir bulaq vardı. İnsanlar su
içmək üçün növbəyə
dayanmışdı. Su içmək üçün bir qədər
növbədə dayandıq. Vaxt getdiyinə görə
növbə çatmağı gözləmədik, yolumuza
davam etdik.
Yolda bir neçə
nəfər haradan olduğumuzu soruşurdular. Laçından olduğumuzu deyəndə
təəccüblə necə
sağ qaldığımızı,
hansı yoldan çıxdığımızı soruşurdular. Deyirdilər ki,
Kəlbəcərin elə
kəndləri var ki, hələ də vəziyyəti bilmirlər, tam mühasirəyə
düşüblər.
Bir qadın Kəlbəcərin
Laçınla həmsərhəd olan kəndlərindən
olduğunu dedi. Qadının saçı dağınıq,
üzü şırım-şırım, qan içində
idi, səsi batmışdı. Qadın saçını
yolmuş, üzünü cırmışdı. Dedi ki,
martın 31-də ermənilər qəfildən
yaşadıqları kəndə hücum edib. Erməni
hücum edəndə qadın sacda çörək bişirirmiş:
"Ermənilər bir oğlumu qətlə yetirdi, birini
yaraladı. Oğlumun meyitini götürə bilmədik, təndirin
yanında kolun arasında qoyub gəldik, ermənilərlə
döyüşə-döyüşə kəndi tərk
etdik.
Qızım, indidən sonra oradan sağ
insan gəlməz. Tunelin o üzündən sonucu çıxan bizik, yolda da
heç kimi görmədik. Buradan çıxıb
hara gedəcəksən,
getməyə yeriniz varmı? Can ay körpə
bu uşaqları hara aparacaqsan".
Qadın ağladı,
mən də ağladım. Onlar ötüb
keçdilər.
Axşama yaxın
Murovu aşdıq.
Murovun xeyli aşağı düşmüşdük bir
maşın gəldi.
Bizi maşına yığdılar.
Xanlar rayonunun Toğana kəndinə gətirdi.
Bizə sığınacaq verməsi
üçün sürücü
Toğana kəndinin icra nümayəndəsini
axtardı. Dedilər ki,
icra nümayəndəsi
Kəlbəcərdən olan
qaçqınları məskunlaşdırmaq
üçün gedib.
Toğana kəndi qurtaranda
yolun kənarında düşərgə salınmışdı.
Sürücü bizi orada düşürdü. Burada yaxınlarını
axtaranların sayı
hesabı yox idi. İnsanlar yolun kənarında
dayanmışdı, gələn
maşınların qabağına
qaçıb yaxınlarını
soruşurdular. Bir qadın
havalanmışdı, xalasını
axtarırdı, hamıya
şəklini göstərirdi,
ağlayırdı.
Bizi avtobusa
yığıb Hacıkənddəki
sanatoriya binasında yerləşdirdilər. Otaqlar isti
idi. Ayağını şaxta vuranlara,
qocalara, uşaqlara, yaralılara tibbi yardım göstərdilər.
Bizi Toğanadan Hacıkəndə
gətirən avtobusda
da həkim vardı. Hacıkəndə qaldığımız gecədən heç nə xatırlamıram.
Otağa
daxil olan kimi yatmışam, bir də günəş
işığına, insanların
səsinə oyandım.
Hacıkənddə sakinlər başımıza
toplandı. Çay, yemək
verdilər, isti paltar gətirdilər.
İnsanlar günümüzə ağlayırdılar.
Sərdar dayı dedi
ki, gedək bizə, atangilin gəlməsi Allaha pənahdır,
onların sağ qalmasına ümid böyük deyil. Gedək
bizə, evdəkilər sağ
çıxdığımı bilsinlər, mən yenə
Murova qayıdacam, atangili soraqlayacam. Dedim ki, dayım evinə
gedəcəyik. Əmin qızları dedilər ki, gələn
olmadı, ancaq biz sağ qalmışıq, dağılmayaq,
bir yerə yığılaq. Gecə bir nəfər gəldi,
dedi ki, tuneldə, Murovun ətəyində ağır
döyüş olub. Sağ qalan olmayıb.
Hacıkənddə
qohumlarımız gəldi, onlar da dedilər ki, gələn
yalnız sissiz, kənddə qalanlardan heç bir xəbər
yoxdur.
Növbəti gün
avtobus verdilər, dedilər bu avtobus kim hansı ünvana getsə,
ora aparacaq. Avtobus bizi Tərtər rayonunun Hüsənli kəndinə,
böyük dayım Hüseyn Talıbovun evinə gətirdi.
Dayımgilin heç nədən xəbəri yox idi, vəziyyəti
danışdım, atamın, anamın, iki
qardaşımın kənddə qaldığını,
onlardan bir xəbər olmadığını dedim. Hamı
ağlayırdı. Dayım pencəyini götüb evdən
çıxdı, dedi ki, Murova gedir, əgər Zeynəb
(bacısı) sağ gəlməsə, mən qayıdan deyiləm.
Aprelin 4-də dayım
anam, qardaşlarım İmdad və Babəklə birlikdə
qayıtdı. Onlar erməni mühasirəsindən
çıxmışdılar.
Biz o yerlərə
mütləq qayıdacağıq. Mənim ən böyük
arzum da budur. Və mən onda yaşımın neçə
olmasından asılı olmayaraq əlimdə bir xəritə
Murovun bəri üzündən aşıb piyada Oğuldərəyə
qədər gedəcəm. Onsuz da xəritəyə ehtiyac
yoxdur. Həmin yollar onsuz da daimi yaddaşımdadır.
İmdad Əlizadə
Şərq.- 2012.- 24 fevral.- S. 11.