Xocalılılar: Dövlət qayğısı olsa da, soyqırım yarası sağalmır

 

2008-2010-cu illərdə faciə yaşayanlara Aşağı Ağcakənddə 4 yeni qəsəbə inşa edilib

 

MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

 

Qaçqın və məcburi köçkünlərin problemləri və onların mənzil-məişət qayğılarının həlli dövlətimizin əsas fəaliyyət istiqamətlərindən hesab olunur. Əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərin normal yaşayışı, həyat şəraitinin təmin edilməsi hökumətin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. Məlum olduğu kimi, uzun illərdir ki, bu sahədə dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilir, qaçqınların sosial problemlərinin həllinə böyük miqdarda vəsaitlər ayrılır. Xüsusən də Xocalıdan olan qaçqın və məcburi köçkünlərə dövlət qayğısı göz önündədir.   

    Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Xocalı Rayon Rabitə Qovşağının rəisi Cavid Əliyev bildirib ki, bu gün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşır və öz siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurur. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ problemini nizama salmaq üçün mövqeyi həmişə birmənalı olaraq dəyişməzdir. Dövlətimizin başçısı cənab İlham Əliyev mötəbər tribunalardan da Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan tərəfinin sülh variantına üstünlük verdiyini dəfələrlə bəyan edib. Problemin aradan qaldırılmasında beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmağın yeganə yol olduğunu bildirən dövlət başçımızın mövqeyi dünya birliyində hörmətlə dəstəklənir. Bir neçə gündən sonra XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümüdür. Faciənin üzərindən 20 il keçməsinə baxmayaraq, hadisələr sanki dünən cərəyan edib. Bu faciənin ağırlığı ondadır ki, vaxtilə Azərbaycana qonaq kimi köçürülən və sonradan postsovet məkanında onillərlə birgə yaşayan ermənilər azərbaycanlılara qarşı belə bir vəhşilik aktını həyata keçirdilər. Belə bir faciəyə, soyqırıma məruz qalan, yüzlərlə şəhidi olan xocalıların həyatında ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra yeni dövr başlandı. Ulu öndərin hələ də faciənin şokunu yaşayan Xocalı uşaqları ilə Bakı şəhərində, Filarmoniyadakı görüşü bütün xocalılılara böyuk ruh verdi. Sonra ulu öndər ilk olaraq işğal edilmiş rayonlardan Xocalı nümayəndələrini qəbul etdi, onların fikirlərini dinlədi, dərdlərinə şərik oldu. Tədbirin sonunda ulu öndər xocalılıların qəhrəmanlığını, mətinliyini vurğuladı və cinayətkarların beynəlxalq aləmdə cavab verəcəyini bəyan etdi. Bundan sonra prezident Heydər Əliyev xocalılıların dərdinə şərik olmaq üçün Qızıl-qum sanatoriyasında şəhidlərin ruhuna hazırlanmış ehsan süfrəsində iştirak etdi və bir daha geniş nitq söylədi. Xocalı faciəsinin beynəlxalq aləmə çatdırılmasında Heydər Əliyev Fondu böyük işlər görür. Faciənin dünyaya çatdırılmasında, soyqırım qurbanlarının fotoşəkilləri, kinolentləri, kitablar, bukletlər və digər materiallar fondun köməkliyi ilə əldə olunur və yayılır. Bundan əlavə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət kampaniyası" layihəsi üzrə artıq dünyanın 50-yə yaxın ölkəsində tədbirlər keçirilmiş və imzalar toplanmışdır. Xocalı məktəbliləri də imzatoplama devizinə qoşulmuşlar.

   Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və inkişaf etdirilməsilə bağlı Dövlət Proqramına uyğun olaraq Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi çətin vəziyyətdə yaşayan Xocalı köçkünlərinin istifadəsinə verildi. 2008-2010-cu illərdə Aşağı Ağcakənd qəsəbəsi ətrafında əlavə daha 4 yeni qəsəbə Xocalı köçkünləri üçün inşa edilib. Bu qəsəbələrdə tikilən müasir tipli orta məktəblər, uşaq bağçaları, mərkəzi rayon xəstəxanası, mədəniyyət mərkəzi, musiqi məktəbləri xocalılılara xidmət edir. Aşağı Ağcakənd qəsəbəsi 2003-cü ilin yanvar ayında istifadəyə verildikdən sonra Xocalı Rayon İcra Hakimiyyəti və rayona aid bütün idarə və təşkilatlar Aşağı Ağcakənd qəsəbəsinə köçürülüb. Hazırda qəsəbədə yeniyetmə və gənclərimiz müasir tipli məktəblərdə təhsil alır, mini idman meydançalarında müxtəlif idman növləri ilə məşğul olurlar. Burada həmçinin körpələr evi və uşaq bağçaları balacalara xidmət göstərir.

   Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi İdarə Heyətinin üzvü kimi bildirmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində möhtərəm prezidentimiz İlham Əliyevin apardığı siyasət bölgədə, o cümlədən Xocalı rayonunun ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanır. Bu siyasətin reallaşması üçün biz də öz köməyimizi əsirgəmir, bir sıra tədbirlər görürük. Bu işlərin əsasını yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək, dövlət atributlarına hörmət etmək və onları sevmək, gənclərimizi hərbi xidmətə hazırlamaq, işğal altında olan torpaqlarımız və orada olan tarixi abidələr haqqında tam məlumatları əldə etmək və rayonların coğrafi mövqeyini öyrənmək təşkil edir. Son iki ildə rayonumuzda məktəblilərin və gənclərin təşəbbüsü ilə bir sıra tədbirlər həyata keçirilmişdir. 2010-cu il fevral ayının 22-də Xocalı şəhər 4 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə "Erməni terroru və onun acı nəticələri" mövzusunda, fevralın 24-də Qarabağ döyüşlərində fərqlənən gənc döyüşçü Natiq Qasımova həsr edilmiş poemanın təqdimatı, 2011-ci il fevralın 22-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Mübarizləri olan Vətən basılmaz" devizi altında elmi-praktik konfrans, aprelin 23-də Xocalı şəhər 4 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdlərinin Mübariz İbrahimovun valideynləri ilə görüşü, mayın 24-də rayon ümumtəhsil məktəb şagirdləri arasında "Azərbaycan tarixindən nələri bilirəm" mövzusunda bilik yarışmaları keçirilən tədbirlərə aiddir. Azərbaycan Milli Musiqi Akademiyasının rektoru, professor Siyavuş Kəriminin də Xocalının anım tədbirləri ilə əlaqədar qəsəbəmizə gəlməsi yeniyetmə və gənclərimizin, eləcə də mədəniyyət işçilərimizin böyük sevincinə səbəb olmuşdur. Keçirilən belə tədbirlər, gənclərdə və yeniyetmələrdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir. Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı Xocalı RİH-nin və Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcmasının dəstəyi ilə xüsusi kitab yazılır, bukletlərin hazırlanması üçün materiallar toplanır. Xocalı RİH saytının internetdə yerləşdirilməsi yekunlaşmaq üzrədir. Sayt açılandan sonra soyqırım materialları internet vasitəsilə beynəlxalq aləmə çatdırılacaq. Eyni faciəyə düçar olmuş Xocalı və Lidice şəhərlərinin adlarını əbədiləşdirmək üçün Lidicedə və Aşağı Ağcakənddə iki küçəyə həmin şəhərlərin adları verilmiş, orada abadlıq işləri görülmüş, küçələrə xatirə lövhələri vurulmuşdur. Ermənistanın hakim dairələri tərəfindən Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla həyata keçirilmiş Xocalı soyqırımı bəşər tarixinə ən ağır cinayətlərdən biri kimi daxil olmuşdur. Ermənilərin törətdiyi bu soyqırım Xatın, Xirosima, Naqasaki, Lidice cinayətləri ilə bir sırada durur. Bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." Qeyd edək ki, dövlətin Xocalı faciəsi zamanı məcburi köçkün düşmüş soydaşlarımıza dəstəyi və yardımı hər zaman davam etdirilir. Bu məqsədlə ölkənin Xocalıdan olan köçkünlər məskunlaşdığı ərazilərdə daimi yoxlamalar aparılır, onların problemləri araşdırılıb, dərhal aradan qaldırılır. Bildiyimiz kimi, bu il Xocalı faciəsinin törədilməsindən nə az, nə çox, düz 20 il ötüb. Bu heç də az zaman deyil. Nəzərə alsaq ki, bu illər ərzində Xocalıdan olan köçkünlər hansı problemlərlə üzləşib, nələr yaşayıb, onda ötən bu illəri əsrlərlə də əvəzləmək azdır. Amma müsbət haldır ki, xocalılılar köçkün düşdükdən sonra özlərini o qədər də qərib hiss etmədilər. Dövlətimiz xocalılılara qucaq açdı və onların yaşam şəraitini daim diqqətdə saxladı və bu günə qədər də davam edir. Ölkə başçısı şəxsən özü hər bir köçkünün taleyi ilə maraqlanır. Onun dərdinə şərik olmaqla, onların problemlərini tez bir zamanda həll edir. Təqdirəlayiq haldır ki, hər il bayram günlərində prezidentin göstərişi ilə məcburi köçkünlərə bayram sovqatı verilir. Növbəli şəkildə paylanılan bayram sovqatları tez bir zamanda ünvanlara çatdırılır. Sovqatın verilməsini ərazi üzrə həyata keçirən Nizami Ələkbərovun bildirdiyinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncə şəhər şöbəsinin nəzarəti ilə həyata keçirilən paylanılma prosesi Gəncədə məskunlaşan köçkün ailələrin hamısı üçün nəzərdə tutulub. Qeyd edək ki, Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Gəncədə məskunlaşan xocalılılara da yardım edilib. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncənin həkim briqadası bu gün Hacıkənd qəsəbəsində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərə tibbi-profilaktik xidmət göstərib. Gəncə Şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev bildirib ki, tibbi-profilaktik baxış üçün avadanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinə, elektrokardioqrafik və laborator müayinələrin aparılmasına, Səhiyyə İdarəsinin baş mütəxəssislərinin, terapevt, pediatr, mama-ginekoloq, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq və digər ixtisasdan olan həkimlərin iştirakına daha çox diqqət yetirilib.

   Günün ikinci yarısınadək 500 nəfər tibbi müayinədən keçib və bir neçə şəxs xəstəliyi dərinləşdiyi üçün Gəncəyə dəvət edilib.

   Qeyd edək ki, zaman-zaman "Akkord" Şirkətlər Qrupu da Xocalı şəhərindən olan məcburi köçkünlərlə görüşlər təşkil edir və onların problemləri ilə maraqlanıb, dəstək olur.

  

 

   Şəymən

 

  Şərq.- 2012.- 25 fevral.- S.11.