Özünə oxşayan
Akif Səməd
Qulağına
çatmasın, xətrinə dəyər. Akif öləndə
yazmışdım ki, "Akif Səməd ölümüylə
ədəbiyyatımıza xəyanət elədi". Bu
doğrudan da böyük bir faciə oldu. Xalqın ən qədim
yaşantılarını hərisliklə canına çəkən,
hər addımbaşı onu bayraq kimi dünyaya bəyan eləyən
bir ürəyin dayanması, hamımızın gözündən
su içdiyimiz bulağın birdən-birə
gözünün tutulmağı hər kəsi pərişan
elədi. Akif cavan yaşında ölməsiylə xalqın mənəvi
çörəyini kəsdi. Özü-özünü
qoruyammadı, heç biz də qorumadıq onu.
Buna görə elə
hər iki tərəf cinayətkardı. Nəysə, olan oldu, keçən keçdi. İntəhası, adamın
bir quru çöpü itəndə
yerini çəkir. Onda aşıq Avdını, aşıq Cəlalı, aşıq Şəmistanı, aşıq
Yəhyanı, aşıq
Kərəmi, aşıq
Sədini, Səyyar Vəlini, Aslan Kəmərlini, Qaymaqlı
Cəlili, Ağamalı
Sadiqi, Akif Səmədi itirmək nə deməkdir! Əslində onlar ölməyib
- itməyiblər. Bu nahaq dünyadan haqq dünyasına köçüblər. Elə rəhmətliyin
qarnının azarı
da oydu ki,
bu dünyadan canını qurtarsın.
Dostlara xitabən yazırdı;
Könül
harda Akif orda,
Yolu olan
qalmaz darda.
Nə
tapıbsan adamlarda,
Məhəmməd, dərdiş, gəl gedək.
"Gəl, gedək" Hacı Məhəmməd
Astanbəyliyə. Deməyinə baxmayın, gedəndə də yerimirdi ha zalım oğlu. Elə bil, necə deyərlər, sarı yağdan tük çəkirdi. Ancaq bu getmək o getməkdən
deyildi. Akif Məhəmmədə deyir ki, gəl
göylərə çəkilək,
görək bu insanların əlindən
hara gedirik. Elə də elədi. Bizi adamların əlində qoyub özü oppalara qoşuldu, çıxıb getdi.
Dahi yumorist idi, dahi
zarafatcıl idi qardaşım. Bir dəfə
radionun həyətində
rastlaşdıq. Tələsirdim
deyə görüşdük,
öpüşdük, dedim
məni bağışla,
tələsirəm. Dedi,
Mahmud Vəli, qaçmaqla,
tələsməklə döy
ha, onsuz da mən səndən bərk gedirəm. Gülüşdük, düz
sözə nə deyəsən! Bu, Akifin ölümündən
bir neçə gün əvvəl idi. Elə həmin gün dostumuz Saday Budaqlının otağında,
Mövlud Süleymanlı,
Tahir Talıblı, Əhməd Oğuz, Akif Səməd və mən xeyli söhbətləşdik,
dağı arana, aranı dağa apardıq. Sonra Akif nəşriyyata
getdi, həmişə
olduğu kimi. Amma bu dəfə o gedən oldu, bir də qayıtmadı.
Fevralın 4-də yenidən qayıtmışdı
Akif Səməd. Bu güclü türk kişisi öləndən
sonra da dostları - onu sevənləri və özünün sevdiklərini
başına yığmışdı.
Atatürk Mərkəzində möhtəşəm bir görüş idi. Şairin seçilmiş əsərlərinin
təqdimatı idi.
Belə işlər həmişə
alqışa layiqdir.
Bu məsələnin tərifli tərəfi öz yerində. Mən tədbirboyu müşahidə
etdiyim xırda qüsurları demək istərdim. Məsələn, hamımızın hörmət bəslədiyimiz
ədəbiyyat tənqidçisi
Vaqif Yusiflinin aparıcılığından razı qaldım. Əlbəttə, burda Aydın
İbrahimov da, Tahir Talıblı da, Qənirə Paşayeva, Aqil Abbas və başqaları
da söz deməlidir. Lakin Zöhrab Zeynalov, Mehdi Şıxlı, Osman Ənvəroğlu, Mübariz Məsimoğlu,
Nurafiz, Mahmud Vəli də yaddan çıxmamalıdır. Çünki bu insanlar da
Akifin ən yaxın ürək dostları olub. Amma yenə küsməyə,
inciməyə əsas
yoxdur. Hər şey yüksək
səviyyədə təşkil
olunmuşdu, yüksək
səviyyədə də
başa çatdı.
Amma hər
zaman Akifə dağ kimi arxa
olan, dar gününün dayağı
Maisə xanımı
və balalarını
görmədim elə
bil. Məncə, Akifə dörd
övlad böyütməyin
özü yetərlidir.
Bir də ki, belə
bir fikir var - deyir övladlar
valideynlərindən daha
çox zəmanəsinə
bənzəyirlər. İnşallah, Akifdən qırağa
düşməzlər. Bizim digər əsas təsəllimiz var - bu, Akifin ölməz
yaradıcılığıdır.
Onun özünə ən çox oxşayan yazdığı şeirləridir.
Akif bu dünyanı vaxtından tez yaşadı. 40 yaşında 60-ı haqladı. Çoxları bu dünyanı
sevməyə başlayanda,
Akif bu dünyanı
sevib qurtardı.
Mən deyəndə ki,
Dumanımda
batan oldun,
Darımda
əl tutan oldun,
Anam oldun, atam oldun,
Ay başına
dönüm, dağlar.
Akif deyirdi ki,
Yan, oduna
yanan deyil,
Bir dərdini qanan deyil,
Atan deyil, anan deyil,
Dünya sənin
nəyindi ki?!
Allah Akifi çox istedadlı yaratmışdı.
Düzdür, etiraf edək
ki, istedad az-çox hamıda var. Amma onun bizdən
üstün tərəfləri
vardı. O onun hər gün mətbuatı izləməsi,
yenicə çap olunan kitabları oxuyub onlara münasibət
bildirməsi, vətəndaşlıq
mövqeyini ortaya qoyması və sair idi. Akifin Qarabağ
mövzusunda yazdığı
şeirlərin hərəsi
bir topa, tüfəngə əvəz
idi. Torpaqlarımızın zorla əlimizdən
alınıb ermənilərə
verilməsi ona çox yer edirdi. O bunu özünə böyük
dərd eləmişdi,
böyük milli təhqir sayırdı və gücsüzlüyümüzə,
zəifliyimizə acıyırdı.
On illərlə qulluğunda durduğumuz rusun erməniyə qahmar çıxması, onların bu duzsuzluğu şairi yandırıb yaxırdı.
Çünki bu böyük
şairin mənliyi, mənəmliyi var idi.
Akif yüksək
mənəvi keyfiyyətlərə
malik idi. Bakıya oxumağa gələn qarabığ oğlan bir də baxdı
ki, böyründə
kül-külfət "yaxası
taleyin əlində qalıb". Bir yandan
çörək, bir
yandan dar ağacı. Ancaq o heç
zaman keyfiyyətini itirmədi. Əlində
badəsi, beynində sağlıqlar bu dünyadan getsə də, fələk bu dünyanı "sadələrə bağışladı",
hələ ki, birimizi aparıb, bizə dəymir, toxunmur.
... Dəyirmi masa
ətrafında oturanlara
baxdıqca, elə bil Azərbaycanın xəritəsini nəzərdən
keçirdim. Çünki Akif Səmədi bütöv Azərbaycan sevir və hələ
Akif indən belə seviləcək.
Onun doğulub boya-başa çatdığı İncə
dərəsi böyük
miridlər, mirşidlər
yetişdirib. Qəhrəmanları, uləmaları var. Hacı
Əfəndi babam ağılda, kamalda, Qaçaq Kərəmin sağ əli olan qaçaq İsmayıl babam sədaqətdə, etibarda
ad çıxarıblar. Akifin bu kitabının
üzə çıxmasında
zəhməti olan hər kəs sağ olsun.
Mən xüsusi minnətdarlığımı
Tovuz elinə, Tovuz ziyalılarına bildirmək istəyirəm.
Əslində onlar da bir zamanlar qazaxlıydılar.
Amma indi Zaməddin Ziyadoğlu deyir ki, qazaxlı
olmaq üçün
gərək bir il tovuzlu
olasan. Zarafat bir yana, minnətdarlığım
isə ondan ibarətdir ki, bu işin fəhləliyini
edən Məmməd İsmayıl, Aydın İbrahimov, Bəsti Əlibəyli, Ehtiram İlham və Ramiz Hümbətovun Akif Səməd yaradıcılığına bu
qədər münasibət
göstərmələri çox
təbiidir. Əvvəla, bu insanlar başqalarından bizə
bir köynək yaxındılar, ikinci də İncə dərəsi, həqiqətən
də çox zəngin özünəməxsusluğu
olan ciddi tədqiqat obyektidir. Kitabın tərtibçilərindən İbrahim
İlyaslı mərhumun
doğmaca xalası oğlu, Həmid Ormanlısa ədəbiyyatı
duyan, yaradıcı insanı duyan öz balamızdır.
Güman edirəm ki, Akifin şeirlərinin
kull halında toplanması bir yana, onun
yaradıcılığının təhlili zamanı bu insan bir
ay kimi, gün kimi üzə çıxacaq. Bu Akif Səməddir, var olsun Akif
Səməd. Hələ
mən Ağamalı Sadiqi, Məmməd İlqarı, Məmməd
Dəmirçioğlunu demirəm.
Sözümün əvvəlində "hələ" sözü
böyük səslənməsin.
Bunların hərəsi
beş alimin,
on alimin ömürlük
çörək ağacıdır.
Ələddin İncəli,
Əhməd Hontoğlu,
Rəfael İncəyurd,
Avdı Qoşqar, Əhməd Oruc, Sayad Mustafaoğlu, Şöhrət Cəlaloğlu,
Daşdəmir Kəmərli,
Firudin Oruc, Mübariz Qaragözov, Haqverdi Şeyda, Mahmud Allahmanlı, Oqtay Xəliloğlu, aşıqlar
Şaiq Kəmərli,
Nazim Qaymaqlı, aşıq Qərib, Həsən və Kifayət Dəzgahquliyev qardaş bacıları, aşıq Etibar, rəssamlar - Nəvai, Qafar, Səyyad və çoxları, yəni yadımdan çıxanlar çoxdu
- bunlar hamısı ürək adamı, könül adamlarıdır.
Köklü nəsillər var
ki, onları saymaqla qurtarmaz. Çiynini verib İncə dərəsini uca saxlayan bunlardır. Akif Səməd də onlardan biridir və birincilərindəndir.
Ruhu şad
olsun qağamın,
"görüşümüzə gəlməklə". Məni
bir az
duyğulandırdı və
düşüncələrimi onun ruhuna bağışladım.
Onsuz da kim nə
bilir ki, sabah başına nə gələcək. Yol gedəndə də, evdə oturanda da elə oturub
durduğumuz dostlar, tanışlardı. Akifdi,
Ağamalıdı, başqalarıdı.
Odur ki, hər birimiz
çalışırıq ki, özümüzə oxşayaq, adət-ənənəmizə,
ata-anamıza, dilimizə-ləhcəmizə,
İncə dərəmizə
oxşayaq. Onda qazaxlı,
qarabağlı, naxçıvanlı
kimi də, azərbaycanlı və azəri türkü kimi də başımız
uca olacaq. Ruhu şad olmuş Akif Səməd kimicə.
Mahmud Vəli
Şərq.-
2012.- 28 fevral.- S.12.