Azərbaycanda millidini tolerantlığın tarixi inkişaf mərhələləri

 

   XX əsrin əvvəlində bir müsəlman dövləti olaraq dünyaya ilk cümhuriyyəti, demokratik respublikanı vermiş Azərbaycan və azərbaycanlılar üçün bu gün "biz dünyada haradayıq" sualına cavab axtarmaq vacib və zəruridir. Bu baxımdan Azərbaycanın hazırkı dünyadakı yeri, nüfuz çevrəsi barədə söz edərkən dünyanın bizi, bizim isə dünyanı necə, hansı dəyərlərlə tanıyıb qəbul etməyimiz üzərində düşünmək lazımdır. Bu gün bütün dünyada qloballaşma prosesi gedir. Qlobal inteqrasiya dünyanın dörd yanını bir-birinə bağlayır, dünyanın o tayında baş verən olaylar bu tayda əks-səda və fəsad doğurur.

    Belə bir vəziyyətdə Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri qlobal inteqrasiya prosesində qabaqcıl dövlətlərlə ayaqlaşmaq və bu zaman Azərbaycan xalqının milli varlığını, zənginliyini dünyaya layiqincə təqdim etmək, milli-mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərlərilə üzvi sintezinə nail olmaqdır. Qədim dövrlərdən başlayaraq bu günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya XIX əsrin sonlarından başlayaraq hər zaman özünü göstərib? Amma birmənalı şəkildə qeyd edə bilərik ki, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Milli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın - azərbaycançılığın banisi oldu.

   Vahid və bölünməz Azərbaycanın ideya əsası Azərbaycançılıq iki təməl ideyanı - "dövlətçilik" və "vətənpərvərliyi" özündə birləşdirir. Ümummilli lider Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib". Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Odur ki, azərbaycançılığı realist milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan türk dövlətləri arasında da bəlağət və pafosdan uzaq, səmimi və qarşılıqlı faydalı tərəfdaşlıqdan yana olduğunu daima nümayiş etdirir.

   Məlumdur ki, Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan islam ölkəsi olmasına rəğmən dini və milli tolerantlıq baxımından region dövlətləri arasında liderdir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə millətin xarakteri ilə bağlı olan məsələdir. Dünyada müsəlman dövləti kimi tanınan Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Həmçinin burada ənənəvi dini bağlılıqları olmayan toplumlar da yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib.

   Azərbaycanın tolerant bir dövlət olduğunu digər din daşıyıcıları da təsdiqləyirlər. Parlamentin yəhudi əsilli deputatı Yevda Abramov "Şərq"ə deyib ki, doğrudan da tolerantlığın bir Azərbaycan modeli var: "Bu, tamamilə doğru deyilən bir fikirdir. Mən yəhudi etnosundanam. Yəhudilərə münasibətdən, onların yaşamından deyə bilərəm ki, Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Həm konstitusiya yolu ilə, həm də cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə bir dözümlülük nümayiş etdirilir. Bütün millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edə bilir. Ən önəmlisi olan da budur. Çünki bunu başqa dövlətlərdə görə bilmirəm. Bu gün Bakı Dövlət Universitetində ivrit fakültəsi var. Fransa kimi dünyanın beşiyi sayılan bir ölkədə isə yəhudi qəbiristanlığı, sinaqoqları dəfələrlə təhqir olunub. Azərbaycanda belə hadisələrə heç zaman rast gəlinməyib. Ümumiyyətlə, Azərbaycanda doğulub burada böyüyən bir insan kimi burada təkcə yəhudilərə deyil, xristianlara qarşı da mənfi münasibət görməmişəm. Gözümü açıb Qubada, Bakıda kilsə görmüşəm. İstər dini, istərsə də milli zəmində Azərbaycan bütün dünya üçün açıq bir dövlətdir".

   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirir ki, Azərbaycanda tarixən tolerantlıq ənənələrinin olması və bu gün də davam etdirilməsi istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də dünyanın nüfuzlu din xadimləri, din mərkəzləri səviyyəsində təsdiqini tapmış faktdır: "Bu, hər kəs tərəfindən etiraf edilən bir həqiqətdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünyanın nüfuzlu din xadimləri dəfələrlə ölkəmizə səfər ediblər. Roma Papasından tutmuş Rus Pravoslav Kilsəsinin rəhbərinə, Konstantinopol patriarxına qədər hər bir nüfuzlu din xadimi Bakını, burada insanlara münasibəti gördükdən sonra bir həqiqəti söyləyiblər - "Azərbaycan təkcə neft ixrac etmir, o, elə Qərbin özünə tolerantlıq ənənələri ixrac edəcək bir ölkə ola bilər". Bu, bizim özümüzün dediyimiz bir söz deyil, dünya tolerantlığından danışan dövlətlərin nümayəndələrinin sözüdür. Həmçinin müəyyən dönəmlərdə BMT, ATƏT rəsmiləri, Azərbaycan üzrə məruzəçilər dəfələrlə etiraf ediblər ki, Azərbaycanda tolerantlığın böyük bir tarixi ənənələri var. Bu mənada Azərbaycanda dini tolerantlığın olduğunu kiməsə sübut etməyə ehtiyyac da yoxdur. Hər kəs, hər bir dövlət Azərbaycanın tolerantlığın mili mənəvi dəyərlərdən gəldiyini anlayır".

   "Dini tolerantlıq" sözünü mən Azərbaycan dilində bir növ başlıq seçərdim. Bu, nə bu günkü, nə də dünənki nailiyyətdir. Bu əsrlər boyu Azərbaycan xalqının keçdiyi tarixi yoldur. Yaratdığı milli, bədii irs, mədəni irs formalaşıb. Azərbaycan dindarlığının süzgəcindən gəlib keçib, elə bir tolerantlıq nümunəsi dünyaya sərgiləyir ki, Azərbaycan haqqında, dini qurum haqqında danışanda bu sözü rahat bir şəkildə ölkəmizə hətta xarici müşahidəçilərə də aid edə bilirlər". Azərbaycanın dini tolerantlığı ilə bağlı bu sözləri "Şərq"ə ilahiyyatçı alim Nəriman Qasımoğlu deyib. Onun sözlərinə görə Azərbaycanın coğrafi məkanında, xalqımızın etnogenezində iştirak edən müxtəlif xalqlar, əsasən başlıca olaraq türklər bir sıra dinlərdən keçiblər: "Zərdüşt dini, xristianlıq dini, göy tanrıçılığına inanc, hətta bir qismi - Xəzər türkləri var ki, yəhudi dininə sitayiş ediblər. Sonradan islam və islama sahib çıxan xalqımız ən müxtəlif dinləri özündə yaşatdığına görə, şüuraltı şəkildə onda başqa dinlərə çox normal, dözümlü bir tolerantlıq münasibət formalaşıb. Şübhəsiz ki, bu tolerantlıq məsələsi müəyyən tarixi dövrlərdə zədələnmələrə məruz qalan anlarda Azərbaycanın mütərəqqipərvər insanları o ruhda tərbiyyə etməyə çalışıblar ki, o nailiyyəti qoruyub saxlaya bilək. Quranın tərcüməçisi kimi onu da vurğulamaq istəyirəm ki, quran islamında tolerantlıq çox böyük dəyər kimi təlqin olunur. Dində məcburiyyət yoxdur. Şübhəsiz ki, tolerantlığı qoruyub saxlayan dövlət qurumlarıdır və bu elə bir nailiyyətdir ki, biz bununla fəxr etməliyik".

   Göründüyü kimi Azərbaycan tolerantlığı bütün dünya dövlətlərinə nümunə ola biləcək qədər güclü əsaslara malikdir. Digər tərəfdən, tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edən azərbaycançılıq ideologiyası və bunun içərisində tolerantlığın olması ölkəmizin, şovinist siyasətli, monoetnik Ermənistanla apardığı informasiya mübarizəsində güclü siyasi və təbliğati silahdır. Çünki ifrat ksenofobiya, davakar millətçilik üzərində köklənən ermənilik ideologiyasından fərqli olaraq, azərbaycançılıq sağlam vətənpərvərlik ideologiyasıdır. Onun mayasında başqa xalqlarla sülh içində yaşamaq, milli və dini dözümlülük fəlsəfəsi dayanır. Bu baxımdan dünyaya açıq, mütərəqqi ümumbəşəri dəyərlərin təcəssümü olan azərbaycançılıq özünütəcrid üzərində köklənən, qonşu xalqlara düşmənçilik, milli nifrət aşılayan ermənilik ideyasının tam əksidir.

   Odur ki, azərbaycançılıq fəlsəfəsini vahid Azərbaycanın ideya əsası, dünya azərbaycanlılarını birləşdirən ortaq dəyər və Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs olaraq öyrənmək və təbliğ etməklə yanaşı, onu ölkəmizin milli təhlükəsizliyinin mühüm postulatı kimi də diqqətdə saxlamaq gərəkdir. Bu baxımdan əminliklə qeyd etmək olar ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda azərbaycançılığın milli-ideoloji plast olaraq dərindən tədqiqi, onun dünya azərbaycanlıları arasında və bütövlükdə beynəlxalq miqyasda təbliği təkcə bu günün deyil, həm də sabahın tələbidir.

 

 

  Anar Bayramoğlu

 

  Şərq.- 2012.-28 fevral.-S.11.