Sevdalı ürəkdən süzülən misralar...

 

     Professor Nəsir Əhmədlinin 70 illiyinə..

 

     Hər bir insan, ələlxüsus da hər bir yaradıcı şəxs yaşadığı uzun ömrün zirvəsindən geri boylananda sözü ilə əməli, niyyətilə hərəkəti, yazdıqları ilə yaşadıqları arasında vəhdət, qırılmaz əlaqə görürsə, deməli, həmin adam bəxti gətirənlərdəndir. İndiki konyuktura zamanında, fərdi maraqların az qala hər şeyi üstələdiyi bir dövrdə bu xoşbəxtlik hər adama nəsib olmur. Çünki bu heç də az olmayan fədakarlıq tələb edir. Məşhur deyimdə olduğu kimi: insanları fədakar imtinalarından tanıdım

     Filologiya elmləri doktoru, professor, respublikanın əməkdar jurnalisti Nəsir Əhmədli bu baxımdan bəxti gətirənlərdəndir, ömrü hədər yaşamıyanlardandır. Mənalı ömür yolu keçən Nəsir müəllimin qazandığı "sərvət" - adı çəkiləndə könüldən dilə gələnlər də az deyil - müdrik, nikbin, hazırcavab, səxavətli, xeyirxah və prinsipial.

     Nəsir müəllim mənə dərs deyib, mənim jurnalistika üzrə ilk müəllimim olub, özü də elə müəllimim ki, qayğısının istiliyini hər zaman hiss etmişəm. Bir zamanlar mənə ilk "5" verən Nəsir müəllim indi müdirimdir.

     Nəsir müəllim tələbələrin yaddaşında daha çox demokratikliyi ilə həkk olundu. Onun metodikasında inzibatçılığa qətiyyən yer yoxdur. Yaxşı yadımdadır, bizə "müsahibə" janrını keçəndə Nəsir müəllim təklif etdi ki, öz aramızda bir -birimizdən müsahibə götürək. Bu "müsahibə məsələsi" bir az səs-küylü alındı və həmin vaxt ordan keçən, indi haqq dünyasında olan rektor bunu müəllimə irad tutdu. Nəsir müəllimin də heç də yumşaq saylımıyacaq cavabı özünü çox gözlətmədi. İxtisasca jurnalist olan rektora "başa saldı" ki, bu, sənətin tələbindən irəli gəlir və burada qeyri -adi bir şey yoxdur. Həmin vaxt 17-18 yaşlı tələbələr istəkli müəllimlərinin prinsipiallığı ilə üzləşdilər. Yəni, Nəsir müəllim hər nə qədər xeyirxah, mehriban və humanistdirsə, prinsipial məsələlərdə bir o qədər inadkar, haqsızlığın boy göstərdiyi yerdə ona qarşı bir o qədər qətiyyətlidir.

     Nəsir müəllim Şirməmməd Hüseynov məktəbini keçib, onun "şinel"indən çıxıb. Bu məktəbin halallıq, dürüstlük, prinsipiallıq kimi ənənələrini layiqli şəkildə yaşadanlardan, onu daim uca tutanlardandır. Şübhəsizdir ki, bu gün jurnalistika fakültəsinin belə təmiz və müqəddəs bir məkan kimi qalmasında Nəsir müəllimin də az əməyi yoxdur.

      Professor Şirməməd Hüseynov bizə dərs deyərkən tez-tez öz zəngin pedaqoji fəaliyyətindən danışırdı. Deyirdi ki, "uzun müəllimlik fəaliyyətimin elə vaxtları olub ki, mən 50 nəfərlik qrupda yalnız bir nəfər üçün xüsusi hazırlaşmışam. Görmüşəm ki, fənn proqramı həmin tələbəni qane etmir və mən xüsusilə onun üçün əlavə ədəbiyyata müraciət etmək zərurəti hiss etmişəm". Biz soruşanda ki, müəllim, bəs həmin tələbə kim olub, o cavab verdi:

      -İndi sizə dərs deyən, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli.

      Elə anlar da olub ki, Azərbaycanda kifayət qədər tanınan və Nəsir müəllimə ədəbiyyatdan dərs deyən bir müəllimə ona məsləhət görüb ki, onsuz da o, hər şeyi bilirbu səbəbdən onun dərsə gəlməsinə ehtiyac yoxdur. İmtahan zamanı isə ona "əla" yazmağı da yaddan çıxarmayıb.

      Tanrı Nəsir müəllimə heyrətamiz istedad, güclü hafizə, dərin müşahidə qabiliyyəti və çevik idrak bəxş eləyib, bu sahədə səxavətini ondan əsirgəməyib. Onun istedadı qarşısında heyrətlənməmək olmur. Təsəvvür edin ki, ömrünün yeniyetməlik çağına qədər rusca kəlmə kəsə bilməyən Nəsir müəllim, sonralar bu dildə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, çoxlu məqalələr və elmi əsərlər yazıb. Bir zamanlar məhz rus dilinə mükəmməl yiyələnmək üçün Nəsir müəllim əsgəri xidməti keçmiş Sovetlər İttifaqının ucqarlarında keçməyi arzulayıb. Onun arzusu çin olub. Şərqi Almaniyadakı xidmət ona rus dili ilə yanaşı, alman dilini də qazandırıb.

     İndi vaxtilə məşhur rusdilli jurnalist, rəhmətlik Azad Şərifovun kafedrada Nəsir müəllimin rusca yazdığı rəylə tanış olarkən necə heyrətləndiyini xatırlayıram. Azad müəllim rəy müəllifinin rus dili savadına təəccübünü gizlətməmiş, hətta, zarafatla "rusca heç mən belə yaza bilmirəm" - demişdir.

     2008-ci ildə ədəbi ictimaiyyət Nəsir müəllimin daha bir sürprizi ilə üzləşdi. Daha çox elmi -pedaqojipublisistik fəaliyyəti ilə tanıdığımız - 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin müəllifi olan Nəsir müəllimin kitablarının siyahısına biri də əlavə olundu. Həmin ildə onun "Ürəkdə bəslənən sevdaya şükür" adlı özünün təbirincə desək, "ilk, çox güman ki, həm də son şeirlər kitabı.." işıq üzü gördü. Sən demə, bu dünyada "Dalğın" təxəllüslü söz sərrafı, sevdalı ürəkdən süzülən misraları ipə -sapa düzməyi bacaran bir şair də varmış və bu elə bizim Nəsir Əhmədli imiş. Özübu barədə kitabın annotasiya hissəsində yaxşı yazır: "..Kitabın üstündəki "Dalğın" təxəllüsü sizi çaşdırmasın. Mən elə həmin Nəsirəm. Sizin bir jurnalist və müəllim kimi tanıdığınız Nəsir Əhmədli. "Dalğın" mənim gənclik təxəllüsüm, təqdim olunan şeirlərin çoxu isə gənclik, ən çox da tələbəlik illərimin yadigarıdır..".

      Etiraf edim ki, bu kitaba qədər elə bilirdim ki, Nəsir müəllimin poetik yaradıcılığı yalnız "Tovuza gəlsin" şeirindən ibarətdir. Demə, sandıqda bir kitab bağlamağa yetəcək könül arzuları qorunub -saxlanırmış. Kitabı vərəqlədikcə gənclik çağlarından günümüzədək olan 70 ilə yaxın bir ömür gözümüz qarşısında canlanır. Nəsir müəllimin şeirləri də özü kimi sadə və səmimidir. Burada gəlişigözəl sözlər, təmtəraqlı ibarələr, boğazdan yuxarı pafos yoxdur.

      İndi ömrünün müdriklik zirvəsində olan Nəsir müəllimin adı çəkilən kitabı onun ömür xronologiyasıdır desək, yəqin ki, yanılmarıq. Sevdalı ürəkdən süzülən misralar onun ən xoş və ən bəd anlarına şahidlik edir. Həyatın ağır sınaqları Nəsir müəllimdən də yan keçməyib. O, ilk ömür -gün yoldaşı Zərifə xanımı, Bəşir Əhmədli kimi qardaşını, son tikəsini böldüyü Akif Səməd kimi dostunu itirib:

  

   Ayrılıq -bir su içimi,

   Yoxluğun didir içimi.  

   Susuz qalmış ağac kimi

   Quruyuram yavaş -yavaş... 

   Yaşamağa dözüm yoxdur,

   Sənsiz görən gözüm yoxdur,

   Söyləməyə sözüm yoxdur,

   Kiriyirəm yavaş -yavaş.

   ...Sahmana sal oraları,  

   Tərk edirəm dostu, yarı.  

   Üz tutmuşam sana sarı,  

   Yeriyirəm yavaş -yavaş.

  

   Və yaxud, 70 yaş ərəfəsində dünya haqqında düşüncələr:

  

   Başdan -başa müəmmadır bu dünya,  

   Gizlisi , agahı , bilinmir.  

   Çox şeyləri uzaqdadır, əl çatmır, 

   Əl çatanın izahı nə, bilinmir.

  

   ...Bu dünyanı dərk eləmək - boş xülya,  

   Nəsir Dalğın duyammadı, kim duya?  

   Anlaşılmaz bir bazardır bu dünya,

   Satanı kim, mətahı nə, bilinmir.

  

   Nəsir Əhmədli elmiliklə bədiiliyi, alimliklə poeziyanı bir canda, bir qəlbdə birləşdirən şəxsdir. O, ilk baxışdan bir -birinə əks qütblərdə görünən bu sahələri elə mahir şəkildə birləşdirir ki, onlar bir -birinə mane olmurlar, biri digərinin ayağına verilmir. Nəsir müəllim jurnalistikanın peşə ilə yanaşı həm də elm olduğunu sübut edənlərdən və bunu öz tutarlı arqumentləri ilə əsaslandıranlardandır. Elmə bağlılığı poeziyada da onu reallıq hissindən çox da uzaqlaşmağa qoymur. Hər nə qədər humanitar və tətbiqi elm sahəsi olsa da, jurnalistikanın düsturlar, elmi formullar əsasında izahını də mən ilk dəfə Nəsir müəllimdə görmüşəm. Æurnalistikanın nəzəriyyəsi və təcrübəsi, nitq mədəniyyəti, xarici təbliğat sistemində KİV-in rolu, beynəlxalq radio, beynəlxalq jurnalistika və s. istiqamətlərdə Nəsir müəllimin zəngin və maraqlı araşdırmaları mövcuddur.

  Nəsir müəllim kimi olmaq, onun kimi yaşamaq asan deyil, necə deyərlər, hər igidin işi deyil. Bunun üçün gərək bu qədər istedadın ola -ola, bu qədər təvazökar qalasan, həyatın ağır sınaqlarına rəğmən tələbənin üzünə dik baxasan, vicdanın xilafına yazmıyasan, son qəpiyini belə əsirgəmiyəsən və s. və i.a. Æurnalistikaya çox da bələd olmayan bir çoxlarının bu peşənin arbitri kimi çıxış etdikləri bir zamanda Nəsir müəllim öz güşəsinə çəkilib elmi məqələ və kitablarını yazmaqdadır. Bəlkə elə bu səbəbdəndir ki, bəzi həmkarları onu "iddiasız professor" adlandırır.

  Aramızdakı yaş fərqinin imkan verdiyi dərəcədə mən Nəsir müəllimi özümə dost bilirəm - hər zaman güvənə və arxalana biləcəyim dost! Əziz dostumun yubiley yaşını təbrik edərkən ona öz təbirincə deyirəm: əsl qeyd olunası yaşdır!

 

 

   Arzu ELBRUSOĞLU,

   "Təfəkkür" Univnrsitetinin

   jurnalistika kafedrasının müəllimi

 

   Şərq .- 2012.- 5 iyul.-  S. 5.