İnternat
uşaqları...
18
yaşından sonra onlar taleyin ümidinə buraxılır
Hər bir dövlətin
əsas öhdəliklərindən biri də xalqın
sağlam gələcəyini təmin etməkdən ibarətdir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial
yönümlü siyasətin tərkib hissəsi olan uşaq
hüquqlarının qorunması dövlətimizin rəhbərinin
daim diqqət mərkəzindədir. Bu
baxımdan, ölkəmizdə ənənəvi olaraq cəmiyyətin
gələcəyi olan uşaqların
sağlamlığına, təhsilinə və
yaşayış şəraitinə xüsusi əhəmiyyət
verilir. Qeyd edək ki, bu gün əhalinin
sosial təminata ehtiyacı olan təbəqəsi kifayət qədərdir
və onların qarşılaşdıqları problemlərin
həlli vacibdir. Təbii ki, sosial
qayğıya ən çox ehtiyacı olan təbəqə
arasında kimsəsiz uşaqlara göstərilən
qayğı və diqqət ölkənin prioritet istiqamətlərindən
olmalıdır. Doğrudur, uşaq evlərində
məskunlaşan uşaqlara dövlətin və cəmiyyətin
qayğısı var. Bu, inkaredilməzdir. Amma
bununla belə aparılan tədbirlər bütünlükdə
uşaqların gələcəyi üçün təminat
vermir.
Şübhəsiz
ki, uşaq evlərində məskunlaşan uşaqların
harada və necə yaşadığını hamı bilir.
Amma əksər vaxtlar onların niyə,
hansı səbəbdən orada yaşadığının fərqinə
belə varmırıq. Halbuki orada da həyat
var, sadəcə, yaşam tərzi, qanun-qayda bir azca fərqlidir.
Orada da daim dəyişən, yeniləşən
kədərli, şirinli günlər bir-birini ard-arda əvəz
edir. Onlar da bir ailədirlər, amma bu ailənin
sakinləri 4-5 nəfərdən ibarət deyil, 50-60 nəfər,
bəlkə də daha çoxdur. Onların
gözləri səhərin doğan günəşinə bir
açılır, elə gecənin qaranlığına da
bir yumulur. Kənardan baxanda hər şey qənaətbəxş
görünsə də, nə yazıq ki, bu ailənin
üzvlərinin bütöv bir tamlığını pozan
yarım qalmış və bəlkə də heç vaxt
tamamlana bilməyəcək bir tərəfləri var. Körpə
yaşlarından həyatın sərt "şilləsinə"
tuş gələn, bu "şillənin" izini bir
ömür boyu özlərində hiss edən bu balacaların
natamam tərəfləri valideyn nəvazişindən uzaq
düşmələridir. Haqqında
danışdığımız bu həyat heç kimin
arzulamadığı, yaşamaq istəməyəcəyi bir
yaşam tərzidir. Bu həyat yalnız
onların özünə məxsusdur. Onları
birləşdirən məkan isə uşaq evləridir.
Valideyn qayğısından, sevgisindən uzaq
böyüyən bu evin sakinləri bəlli yaşa gəldikdən
sonra yaşadıqları yeri tərk etmək məcburiyyətində
qalırlar. Viktor Hüqonun təbiri ilə
desək, valideynlərin təpiklə vurub həyata
atdıqları günahsız uşaqlar ikinci zərbəni də
cəmiyyətdən almalı olurlar. Bax bu
zaman vəziyyət daha acınacaqlı olur.
İnternat
uşaqlarının sonrakı taleyi
Yəni erkən
yaşlarında uşaq evinə sığınanlar digər
həmyaşıdlarından fərqli olaraq valideyn
qayğısını dada bilmirlər. 18 il
uşaq evlərində dövlət onlara qayğı göstərdikdən
sonra yenidən gənc yaşlarında küçədə
qalmaq təhlükəsi ilə üzləşirlər. Kiçik yaşlarında valideynləri, gənc
yaşlarında isə dövlət onları saxlamaqdan, yuva
verməkdən imtina edir. Uşaq evindən
çıxarkən gənclərin əksəriyyətinin gedəsi
yeri olmadığı üçün də onlar həyatın
ən böyük "şillə"ni
küçələrdə dadırlar. Elə
bir problemlə üzləşirlər ki, ya kirayədə
qalırlar, ya da qohumu varsa, qohum yanına gedirlər. Həmin
yerlərdə ev sahibləri, qohumların
onların başına açdığı oyunları isə
hər zaman uşaq evinin "məzunları"nın həyat
hekayələrindən bilirik. Təəssüf
ki, uşaq evindən "məzun" olan qızlar daha
şanssız olur. Hər halda
oğlanlardan çox, qızlar "himayədarlar"a lazım
olurlar. Asan yolla, yaxşı pul qazanmaq
üçün. Bir sözlə,
qızlar uşaq evini tərk edəndən sonra pis yola
düşür və insan alverinin qurbanına çevrilirlər.
Ortada olan məqam müəyyən suallar
yaradır. İnternatı tərk edən
uşaqların sonrakı taleyi necə olur? Onlar harada yaşayır, necə həyat tərzi
sürür?
Təminat
var, amma...
Rəsmi məlumatlara
görə, hazırda ölkəmizdə ümumilikdə 65
uşaq müəssisəsi (internat, uşaq və körpələr
evi) fəaliyyət göstərir. Həmin
müəssisələrdə valideyn himayəsindən məhrum
olan 21 min uşaq tərbiyə alır. Kimsəsiz
uşaqlarla bağlı indi Azərbaycanda ən böyük
problem 18 yaşdan sonra onların bu müəssisələrdən
məcburən uzaqlaşdırılması və sonrakı
taleləri ilə maraqlananların olmamasıdır. Yəni həmin yaş dövründən sonra
müstəqil həyata qədəm qoyan gənclərin
çoxu ağır şəraitdə yaşamağa məcbur
olurlar. Çünki yaşamaq üçün üz
tutmağa evləri, döyməyə qapıları,
dolanışıqlarını təmin etmələri
üçün iş yerləri yoxdur.
Yeri gəlmişkən,
Azərbaycanda valideyn himayəsindən məhrum olan
uşaqlarla bağlı məsələlər Ailə Məcəlləsinə
əsasən tənzimlənir. Həmin məcəllədə
18 yaşı tamam olmuş yeniyetmələrin təminatı
ilə bağlı xüsusi bir maddə var. Məcəllədə
qeyd olunur ki, 18 yaşından sonra həmin yeniyetmələrin
problemlərinin həlli ilə yerli icra hakimiyyətləri məşğul
olmalı, onları işlə və evlə təmin etməlidirlər.
Təəssüf ki, indi Azərbaycanda bu məsələ,
sözün həqiqi mənasında, əsl problemə
çevrilib. Yəni məcəllənin
müvafiq maddəsində göstərilən bu öhdəlik
yerli icra hakimiyyətləri tərəfindən yerinə yetirilmir.
Nəticədə həyatın sərt
qanunları onları ən pis halda caniyə və fahişəyə
çevirir. Onların içindən insan
alverçilərinin qurbanları, dünyasını dəyişənlər,
küçələrdə "bomj" həyatı sürənlərə
də rast gəlmək müşkül məsələ
deyil. Çünki bu uşaqların gələcək
taleyi heç nə ilə sığortalanmayıb.
Müstəqil
həyata doğru
"Təmiz
Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova
bildirdi ki, bu problemlə bağlı rəhbəri olduğum
birliyə mütəmadi müraciətlər daxil olur.
Onun sözlərinə görə, sovet dövründə 18
yaşdan sonra internat evlərini tərk edən kimsəsiz
uşaqların həm təhsillərini davam etdirmələri,
həm də mənzil və işlə təmin olunmaları
üçün şərait yaradılırdı: "Amma
indi bu problemi həll edilən yeniyetmələrin sayı
çox aşağı səviyyədədir. Məhz
buna görə onların ailə qurmaq, gələcək
müqəddəratlarını həll etmək
şansları yoxdur".
Mehriban Zeynalova qeyd
etdi ki, indi internat evlərində uşaqların taleyi həmin
müəssisələrin rəhbərlərinin insafından
asılıdır. Onun fikrincə, cəmiyyətdə
onlar üçün lazımi şərait
yaradılmadığına görə internatların rəhbərləri
18 yaşı tamam olandan sonra da həmin yeniyetmələri
internat evlərində saxlamağa məcbur olurlar. Halbuki bu, qanunla qadağan olunub və onlar
uşaqların sonrakı taleyinə cavabdeh deyillər.
Uşaq evlərindən
uzaqlaşan qızların taleyinin daha narahatedici olduğunu
vurğulayan Mehriban Zeynalova onların iş tapa bilmədikləri
üçün təhlükəli yollara düşdüklərini
xüsusi qeyd etdi: "Həm oğlanlar, həm də
qızlar iş tapa bilmir və cinayətkar qruplar onları
öz dairələrinə cəlb edirlər. Məsələn,
onlar narkotik alverçilərinin toruna düşə, silah
alverinə qoşula, dilənçiliyə, oğurluğa,
fahişəliyə cəlb edilə bilərlər. Qızların qadın alverçilərinin
qurbanına çevrilmək qorxusu isə daha
böyükdür". Mehriban Zeynalova onu da əlavə
edir ki, bütün bunlarla yanaşı, sözügedən
problemin aradan qaldırılması üçün əvvəlki
illərə nisbətdə tədricən işlər
görülür: "İnternat evini tərk etmiş
qızların mənzil problemini qismən həll etmək
üçün Heydər Əliyev Fondu tərəfindən
paytaxtda beşmərtəbəli daş bina inşa edilib. Bundan başqa, uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı çərçivəsində də
müəyyən işlər həyata keçirilir".
Kimsəsiz
tələbələr təhsil haqqından azad edilə bilər...
Milli Məclisin
Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili
Musa Quliyev 18 yaşı tamam olan gənclərin uşaq evlərini
tərk edəndən sonra da dövlətin nəzarətində
olmasını vacib hesab edir. Onun sözlərinə
görə, dövlətin siyasətinə əsasən
internatlarda 18 yaşı tamam olana qədər mümkün qədər
az uşaq qalmalıdır. Onlar
müxtəlif ailələrə övladlıq olaraq verilməli
və ailə tərbiyəsi almalıdırlar. Deputatın sözlərinə görə, müəyyən
səbəblərdən ailələrin saxlamaq
üçün götürmədikləri kimsəsiz
uşaqlar isə 18 yaşınadək uşaq evlərində
qalmalı, orada böyüyüb, tərbiyə, təhsil
almalı olur. Və həmin uşaqlar
artıq 18 yaşına çatdıqdan sonra uşaq evlərini
tərk edirlər. Onlar uşaq olaraq yox,
artıq yetişmiş gənc olaraq həyatın
ağuşuna atılırlar. Həmin gənclər
internatdan çıxdıqdan sonra yataqxanalar və işlə
təmin olunmalıdırlar. Əgər
onların arasında təhsil alanları varsa, həmin gənclər
də təhsil aldıqları müəssisələrin nəzdindəki
yataqxanada məskunlaşmalıdır. Sonrakı
proseslərdə isə onlar üçün daimi
yaşayış yerlərini müvafiq icra hakimiyyətləri
təmin etməlidir. Deputat bildirib ki, şəhər
icra hakimiyyətlərinin hər birinin mənzil fondu var:
"Sosial təminatı çox aşağı olan,
yaşamağa yeri olmayan insanlar da həmin fondun vasitəsilə
müvafiq icra hakimiyyəti tərəfindən mənzillə
təmin olunmalıdır. Müvəqqəti,
yaxud da daimi. Bundan başqa, əgər uşaq evini tərk
edənlərin işi varsa, onlara ev almaq
üçün birinci növbədə sosial ipoteka kreditləri
verilməlidir. İşi olmadığı üçün
ipoteka ala bilməyənlər isə torpaq sahələri ilə
təmin olunmalıdır ki, özlərinə ev
tiksinlər. Onlar da əsasən bölgələrdə
və kənd yerlərində məskunlaşdırılır.
18 yaşı tamam olandan sonra kimsəsiz
uşaqlara qarşı bu tədbirlər görülməlidir.
İndi bu işlər hansı səviyyədə
görülür, yaxud da niyə görülmür,
bütün bunları yalnız icra hakimiyyətlərindən,
həm də yerli yox, müvafiq nazirliklərdən öyrənmək
lazımdır. Çünki bu məsələdə
yeganə məsuliyyətli qurum onlardı. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi onların məşğulluq problemlərini həll
etməlidir. Təhsil Nazirliyi isə onların
uşaq evlərini tərk etdikdən sonrakı müddətdə
təhsilini davam etdirməsi ilə maraqlanmalıdır. Bəzən həmin uşaqlar imkansızlıq
ucbatından uşaq evlərini tərk etdikdən sonra məcbur
qalıb təhsillərini yarıda kəsirlər. Nazirlik həmin tələbələr barəsində
məlumatlı olmalı və onların problemləri ilə
maraqlanmalıdır. Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi
onların müvafiq mənzillərlə təmin olunması məsələsini
yerli icra hakimiyyətləri qarşısında
qaldırmalıdır". M.Quliyevin
sözlərinə görə, dünya təcrübəsinə
əsasən, oğlanlar daha çox hərbi işlərə
cəlb olunurlar. Onlar hərbi məktəbləri
oxuduqdan sonra zabit kimi hərbi xidmətə cəlb olunurlar.
Beləliklə də onlar həm iş, həm
də mənzillə təmin olunurlar. Yəni
bu, kimsəsiz uşaqların gələcək taleyini müəyyən
etməyin asan yollarından biridir. Yəqin
ki, bizdə də bu istiqamətdə ciddi işlər
görülür. Millət vəkilinin
sözlərinə görə, uşaq evlərini tərk edən
gənclərin sosial təminatı üçün ən
yaxşı üsul onlarla bağlı bütün problemlərin
cəmlənib Ailə, Qadın və Uşaq üzrə
Dövlət Komitəsinə verilməsi daha yaxşı olar.
Çünki səlahiyyətlər pərakəndə
şəkildə bölündüyü üçün bəzən
həmin işlər lazımi səviyyədə yerinə
yetirilmir. Əgər kimsəsiz
uşaqların işi bir Komitədə birləşərsə,
onlara nəzarət etmək də daha asan olar.
Qeyd edək ki, millət vəkili
parlamentin payız sessiyasında 18 yaşı tamam olandan sonra
uşaq evlərini tərk edənlərin təhsil haqqı məsələsinin
müzakirəyə çıxarılacağını deyib:
"Fikrimiz var ki, Qanuna müvafiq əlavə və dəyişikliklər
etməklə həmin uşaqların qəbul olunduqları
özəl və ya dövlət ali məktəblərinin
təhsil haqqı dövlət tərəfindən ödənilsin.
Əvvəldə də dediyim ki, bəzən təhsil
haqqına görə kimsəsiz uşaqların əksəriyyəti
təhsilini yarımçıq qoyur. Və
biz də bu problemin qarşısını almaq
üçün çalışacağıq".
Uşaq
Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev isə
bildirir ki, internatda böyüyən uşaqların
qanunvericiliklə müxtəlif hüquqları olsa da, onlar
faktiki olaraq bu hüquqlardan məhrumdurlar: "Onların mənzillə
təmin olunmaq, torpaq təminatı kimi hüquqları var.
Amma praktikada bu, işləmir. Ona görə
işləmir ki, yerli səviyyədə uşaq müdafiə
mexanizmi güclü deyil. Qanunvericiliyin
icrası mexanizmi hansısa formada həyata keçirilməlidir,
bu, özü yoxdur. Bu səbəbdən
internatları bitirənlərin böyük əksəriyyəti
küçə həyatı keçirir. Onlar həyatın ümidinə
buraxılır".
Nazir Quliyev bildirdi
ki, internatları bitirən uşaqlar arasında fahişəliyin
və cinayətkarlığın artması danılmaz fakt
olsa da, bununla bağlı heç bir araşdırma
aparılmır və rəsmi statistika da yoxdur. Onun sözlərinə görə, bu istiqamətdə
Qeyri-hökumət Təşkilatları müəyyən
işlər görür. Lakin həmin uşaqların
sayının çoxluğu və problemin
böyüklüyü daha çox resurslar tələb edir:
"Parlamentdə "Sosial xidmətlər haqqında"
qanun qəbul edildi. Ümid edirəm ki, bu qanunun
qəbulu sözügedən yeniyetmələrin probleminin həllinə
qismən də olsa kömək edəcək".
Onu da deyək ki,
ölkədə internatları, uşaq evlərini tərk etməkdə
olan və ya tərk etmiş gənclərin şəbəkəsi
də yaradılıb. Mərkəzin fəaliyyətində
məqsəd ondan ibarətdir ki, bu cür gənclər
bir-biri ilə əlaqə quraraq öz problemlərinin həllinə
yol tapsınlar. Onları öz problemlərinin
həllinə cəlb etməkdir. Bu məqsədlə
təlimlər, görüşlər keçirilir. Uşaqlar dövlət nümayəndələri ilə
BMT, UNİCEF kimi beynəlxalq təşkilatların nümayəndələri
ilə görüşüb problemlərini onlara
çatdıra bilirlər.
Şəymən
Şərq .- 2012.- 12 iyul.- S. 11.