Məmməd Səid Ordubadinin
Androniklə müsahibəsi
Ömrü siyasi, ədəbi mübarizələrlə dolu olan Məmməd Səid
Ordubadi "Həyatım və mühitim" adlı memuarında tək Azərbaycanda
deyil, Cənubi Qafqazda,
Rusiyada baş verən
hadisələri qələmə alıb. Maraqlı, həmçinin
təzadlı bir ömrün
timsalında baş verən proseslər sanki XX əsrin əvvəllərinin siyasi tarixidir. Sosial demokratlara
qoşulması, həbsxana həyatı, Bakı
qoçularının onunla eyni kamerada olması,
"Hümmət" firqəsinə qoşulması,
Naxçıvan hadisələri demək olar
ki, M.S.Ordubadinin
memuarında hərtərəfli yer
alıb.
Ən maraqlısı odur ki, M.S.Ordubadi 1918-ci ildə
Andronikin Osmanlı Türkiyəsindən
Naxçıvana keçib, orada qırğınlara
hazırlanmasını da qələmə
alıb. Hətta "Səda", "Sədayi-həqq" kimi bir sıra qəzetlər
nəşr etdirən Haşım bəy Vəzirovun verdiyi jurnalist vəsiqəsi
əsasında Naxçıvanda olan
Androniklə görüşüb
müsahibə alıb. Vaxtilə qəzetdə çap olunmayan həmin
müsahibəni memuarına daxil edib. Qərara gəldik ki,
həmin müsahibəni "Söz
odası"nın oxucularına çatdıraq.
Dünya müharibəsi hələ
başlanmamışdı. Çar
orduları İrana və Türkiyə hüdudunda vaqe Xoy şəhərinə sel
kimi axışıb gedirdi.
Türkiyə hüduduna göndərilənlərin
əksəriyyəti erməni könüllülərindən
ibarət idi. Culfada olan
erməni gənclərindən də könüllü
yazılanlar var idi. İran ilə həmhüdud olan
şəhərlərdə yenə də 6-cı illərdə
baş verən erməni-müsəlman
ixtilafının və milli
vuruşmaların qoxusu gəlməyə
başlamışdı. Çar hökuməti
Türkiyəyə qarşı açacağı
müharibədə yerli müsəlmanların
Türkiyə lehinə işləyəcəklərindən qorxurdu. Buna görə də yerli ermənilərdən
müsəlmanlara qarşı istifadəyə
hazırlanırdı. Daşnaqlar
Naxçıvan ilə Culfa arasında, Ordubad ilə Naxçıvan arasında yenə
də yol ilə gedən müsəlmanları
söyür, döyür
və təhqir edirdi. Hələ
Türkiyə hüduduna göndərilən
erməni könüllülərinin rastına keçən
müsəlmanın dinini və müqəddəs
şeylərini söyməsi də bura əlavə
olunarsa, çar
hökuməti, demək olar ki, yenə də mütəşəkkil bir avantyura
hazırlayırdı. Erməni xuliqanları tərəfindən
zərərdidə olanlara və Culfa pristavı Yeşşolta
şikayətdə bulunanlara heç də əhəmiyyət verilmirdi. Milli ixtilafın
alovlanmasına az qalırdı. Bizim yoldaşlar çar siyasətinin dəyişdiyini əllərində
ünvan tutub hökumətin
bir daha milli ixtilafa səbəb
olmamasına inanmırdılar.
Sərnişin qatarının islığı eşidilən
kimi birinci dərəcəli
vaqon duran yer faytonların yanına qədər polis və jandarm tərəfindən
əhatə edilmişdi. Kimsə
buraxılmırdı. Mən müsafirin vağzaldan düşəcəyi pilləkənin
qarşısında duran ikinci
faytonda onu görməyə
tələsirdim. Müsafir vağzaldan çıxdı. Bu
zat məşhur erməni çitehçisi
Andronik idi. Müsafir vağzaldan
çıxar-çıxmaz daşnaqlar əski
erməni padşahları vaxtının milli
bayrağını qaldırdılar. "Yaşasın!
Yaşasın!" səslərinə rus
jandarm və zabitlərinin səsi
qarışmışdı. Müsafir hərbi
avtomobildə oturub Abramovun
evində hazırlanmış mənzilinə getdi.
Biz yarın bu məsələni
müzakirəyə qoyduq. İclasda
Nəsrulla Şeyxov, Baxşəli ağa Şaxtaxtlı, Ağa
Məhəmmədhüseyn Sahibov,
İsmayıl Bolqanlı, Arsen və Aleksandr iştirak etdilər.
Bu iki erməninin əvvəlincisi Culfa kəndlisi, ikincisi isə
İrəvandan Culfaya ticarət üçün gəlmiş neft
taciri idi. İclasda bədbəxt hadisəyə imkan verməmək üçün
geniş müzakirə
açılmışdı. Müzakirədən sonra Andronik ilə
görüşmək, ondan erməni-müsəlman
ixtilafına yol verilməməsi üçün rica etmək,
ermənilərlə müsəlmanları qandırmaq,
daşnaqların fitnələrinə soyuqqanlıqla baxmaq üçün
müsəlmanları başa salmaq və s. bu kimi məsələlər
qərara alındı.
Mühüm müsafirlər ilə
müsahibə etmək üçün
Haşım bəy Vəzirov mənə müxbirlik
vəsiqəsi göndərmişdi. Mən həmin vəsiqə
ilə Andronik ilə müsahibə üçün Abramovun
mülkünə getdim. Qapının
qabağında dərzi Karapet fəxri qaravul durmuşdu. Karapet məni çox
yaxşı tanıyırdı. Mən ona
Andronik paşanı görmək və qəzet
üçün müsahibə etmək
istədiyimi söyləyərək vəsiqəmi göstərdim.
Karapet nədənsə özünü
itirmiş kimi nə
deyəcəyini bilmədi. Azdan sonra:
- Yanında mühüm bir adam vardır.
Gedin, yarım saatdan sonra gəlin.
- Eybi
yoxdur, gözləyərəm.
Qorxuram mən gedənlən sonra başqası gəlsin.
- Sizi
əmin edirəm ki, elə iş
olmaz. Mən özüm gəlib
sizə xəbər verərəm.
- Yox,
sizin zəhmətinizə
razı deyiləm. Bir az gözləməklə insan
ölməz ki, - dedim.
Mən dedikcə
Karapet də bəhanə gətirib məni kabinetin qabağından uzaqlaşdırmaq
istəyirdi. Nəhayət, mən heç vəcdlə qapıdan uzaqlaşmadım. Çünki içəridə olanlar ilə maraqlanırdım.
Çox bəhanə
və üzrlərdən
sonra Karapet yenə mənə müraciət etdi:
- Elə
isə gəlin otaqda oturub bir
çay için. Andronik paşa sizi qapıda saxladığımı
bilsə, bəlkə
də, razı qalmaz.
- Şübhəsizdir
ki, bunu paşaya bildirməməlisiniz,
- dedim.
Biz bu danışıqda ikən Haykın qadını, yəni məşhur Culfa taciri Safrazyansın qızı rəngi qızarmış bir halda Andronik paşanın otağından
çıxdı. Qadın 10 dəqiqə
idi ki, getmişdi.
Mən hələ qapıda durmuşdum. Yan otaqda erməni aristokrat qadınlarından
daha bir neçəsinin oturduğunun
və paşanı ziyarət etmək istədiklərini gördüm.
Karapet içəri girdi. Qəzet müxbirinin gəldiyini söylədi. Mən içəri
girdim. Furaşkamı götürdüm. Sözümü nə ilə
başlamağım haqqında
düşünərkən Andronik "Mərhəba",
- deyərək yumşaq
bir səndəldə
oturmağımı rica
etdi. Özü də əlini çiynimə qoyub bərabərimdə əyləşdi:
- Söhbətə
başlamazdan əvvəl
bir qəhvə içsək olmazmı?
- Zəhmətinizə
razı deyiləm.
- Burada Türkiyə qəhvəsi hazırlamırlar.
Bzüm hazırlamışam. Türkiyə qəhvəsinə adətiniz
yoxsa, yenə də arkadaşlıq etməyinizi arzu edirəm.
- Məmnuniyyətlə
bu arkadaşlığı
qəbul edirəm.
Andronik ayağa
qalxdı. Spirt ilə qaynayan qəhvədandan iki fincan qəhvə töküb gətirdə
və əyləşdi:
- Türkiyədə
bu vəziyyətləri
yaradanların Allah bəlasını
versin. Mən ən sevdiyim Osmanlı məmləkətinin
yabançısı, kim bilir, bəlkə də, xaini kəsildim. Ölkədə görüb öyrəndiyim
adətlərin heç
birisindən əl çəkə bilmərəm.
Qəhvədən, qəlyandan heç
əl götürə
bilmərəm.
Mən
gülümsünərək:
- Osmanlı
məmləkətini çoxmu
sevirsiniz?
- Sevirəm.
Orada seviləcək bir şey yoxdursa, mən yenə də sevirəm. Zira mənim cocuqluğum, gəncliyim orada keçmişdir.
Mən
qəhvəni əlimə
aldıqda o:
- Əfv edərsiniz. Əcəmmisiniz? Qafqazlımısınız?
- Qafqazlıyam,
qafqazlı olduğum üçün də yanınıza gəlmişəm.
- Qafqaz
hüduduna keçdiyimdən
bəri birinci olaraq görüşümə
bir türkün gəldiyindən ziyadəsilə
məmnunəm. Bununla bərabər,
etdiyimiz müsahibənin
qəzetə göndərilməməsini
də arzu edirəm. Söhbətimizdə mətbuata yarayacaq
bir mahiyyət olmadığı bəllidir.
- Əcəba, mühüm müsahibədə bulunmaq
olmazmı?
- İştə mənim dediyim budur. Mühüm söhbətlərin mətbuat
səhifəsinə girməyin
vaxtı hələ yetişməmişdir.
Mən söhbəti
uzatmaq istəmədim.
Çünki Karapet içəri
girib pristavın görüşə gəlmək
istədiyini bildirdi və nə vaxt təyin edəcəyini soruşdu.
Andronik isə bir saatdan
sonra qəbul edəcəyini söylədi.
Demək,
mənim oturmaq vaxtım azalırdı.
Ona görə də dedim:
- Andronik
paşa! Mən qəzet müxbiriyəm.
Lakin sizinlə yalnız qəzet müsahibəsi üçün
deyil, mühüm bir iş üçün
gəlmişəm.
Andronik özünü
yığışdıraraq mənə diqqətlə
baxdı.
- Dinləyirəm!
Dinləyirəm!
- Mən
bu yerlərdə çoxdan bəri yaşayıram. 1905-1906-cı illərdə baş verən erməni-müsəlman
ixtilafından törənmiş
faciələrin bir çoxunu öz gözümlə görmüşəm.
Mən hər iki tərəfdə
dağılan kəndlər,
yanan evlər, günahsız öldürülən
sürülərlə cocuqlar
və qadınlar görmüşəm. İndi də
onları düşünərkən
ürəyim ağrıyır.
Hazırda Osmanlı-Rusiya münasibətinin
pozulması nəticəsində
əski faciələrin
yenidən başlanması
qorxusu meydandadır.
Bu faciələrin zəmini hazırlanır.
Zənnimcə, bunların qarşısını
almış olarsınızsa,
öz xalqınıza
da böyük bir atalıq etmiş olarsınız.
- Nə
olmuşdur? Hələ ki, bir hadisə baş verməmişdir.
Mən
Naxçıvan, Culfa,
Ordubad arasında olan bütün xırda hadisələri saydım. Paşa gözlərimin içinə
baxırdı. Əlini
çiynimə qoyub sözə başladı:
- Yavrum!
Mənim
saçlarım mübarizədə
ağarmışdır. Mən mübarizəsih yaşaya
bilmərəm. Mübarizədə bir çox səhvlər də buraxmışam. Bir çox
hadisələrdə isə
bilərkən aldanmışam.
Artıq
ixtiyarlaşdım. Daha səhv
etməməyə çalışacağam.
Bu mübarizə "İttihadi-tərəqqi" firqəsilə
başladığım son mübarizədir. Bu mübarizənin planı bir dövlətin, yaxud bir diplomatın
planı deyildir.
Bu planı şəxsən
mən özüm düzəltmişəm. Bunun üçün
siz məhəlli türkləri, bəlkə
də, tanışınız
olursa, ağıllı
bildiyiniz erməniləri
əmin edə bilərsiniz. Bu mübarizə türklər
əleyhinə deyil, Osmanlı dövləti, daha açığı ittihadi-tərəqqiçilərin əleyhinədir. Əleyhimə çıxmayan hər bir türkün gözünü bağlayan
erməni bizim hazırkı məqsədimizin
düşmənidir. Mən bunu
sözdə yox, işdə də göstərəcəyəm. Lakin siz türklərlə danışın. Onlar da oraq-tüfəng işlərə
əhəmiyyət verməsinlər.
Düşüncəm sizi qane etdimi?
- Siyasətlə
işimiz yoxdur. Bizim üçün "İttihadi-tərəqqi"
firqəsi də, daşnaksütyun firqəsi
də fərqsizdir.
Çünki onların hər
ikisi bir sözü deyir. Bu firqələr ətrafıda
toplananların hər
ikisi bir millət olsaydı, bu iki firqənin
kölgəsində sərvət
qazanan burjuaziya birləşə bilsəydi,
bu iki firqənin
cəbhədən işləyəcəyi
şübhəsiz idi.
Çünki dedikləri, düşüncələri
birdir. Hər birisi bir milləti hakim çıxarmağa
çalışır. Halbuki bu xalqın hər ikisi birlikdə başqa bir vasitə ilə də hakim çıxa bilərdi.
- Doğrudur,
arkadaş, məsləkiniz
müqəddəsdir. Lakin onu
xəyal şəklindən
çıxarıb həyata
keçirmək olsaydı,
bəlkə, mən sizinlə razılaşa bilərdim. Lakin bu müqəddəs
düşüncəni Anadolu
kürdlərinin başına
yerləşdirmək və
erməni ailələrini
onların pəncəsindən
qurtarmaq mümkün deyildir.
Mən qalxdım.
O, əlimi sıxaraq:
- Bu əvvəlinci
və son görüşdür.
Axşam
getməliyəm, yenə
də söhbət edərik. Lakin siz əmin olun ki, keçmiş
xətaların təkrar
olunmamasına çalışacağam.
Bilirəm, fikriniz bir cəmiyyətin fikridir.
Onlara salam
söyləyin.
Paşa bu
sözləri dedikdən
sonra qalxdım. Əllərini belinə qoydu.
Alnının qırışıqları yuxarı qalxdı, kaman şəklini aldı. Gözlərindən dərin bir düşüncə parladı...
Şərq.-
2012.- 9 iyun.- S.16.