42 illik həyat...
Şıx-Əli Qurbanov
çox işlər görmüşdü
Şıx-Əli
Qurbanov 1925-ci il avqustun 16-da Bakıda qulluqçu ailəsində
dünyaya göz açmışdır. 1942-ci ilin iyun ayında, 17
yaşı tamam olmamış könüllü olaraq cəbhəyə
getmişdir. 1942-ci ilin
dekabrında o, artıq dairə snayper (sərrast nişançı) məktəbinin
bölmə komandiri idi. Birinci
gündən sonuncu günə kimi Leninqrad mühasirəsinin
iştirakçısı olaraq, şəhərin
müdafiəsində durmuşdur.
1944-cü ilin yayını 2-ci
Baltikyanı cəbhənin əlahiddə atıcı
alayının bölmə komandiri kimi qarşılamışdır. 1944-cü ilin sonundan -
Qırmızı Bayraqlı Baltik
Donanmasının əlahiddə artilleriya
divizionunun komendorlar
bölməsinin komandiri olmuşdur.
Cəbhə yolunu Berlinə kimi keçmiş və
1946-cı ilin dekabr
ayında Svinemyunde şəhərində
ordudan tərxis edilmişdir.
Cəbhədə Şıx-Əli Qurbanov
Kommunist Partiyasına üzv
olmuşdur. Böyük Vətən müharibəsində fəal
iştirakına görə "Za otvaqu" ("İgidliyə görə",
1944), "Za vzətie Keniqsberqa"
("Keniqsberqin alınmasına görə",
1944) və "Za pobedu
nad Qermaniey v Velikoy Oteçestvennoy
Voyne 1941-1945 qq."
("1941-1945-ci illər Böyük Vətən
müharibəsində Almaniya üzərində
qələbəyə görə", 1945)
medalları ilə təltif edilmişdir.
Şıx-Əli Qurbanov V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir.
Tələbəlik illərindən başlayaraq
ömrünün son
günlərinə kimi ictimai-siyasi
fəaliyyətlə məşğul olmuş
və respublikada bir
sıra rəhbər vəzifələrdə
çalışmışdır.
Əqidəsinə görə beynəlmiləlçi olan bu insan,
öz xalqını və Vətəni Azərbaycanı
hədsiz dərəcədə sevirdi. Məhz bu məhəbbətin
sayəsində Şıx-Əli Qurbanov
1958-ci ilin noyabrında rəsmi Moskvaya qarşı "İmkan
verin öz tariximizi özümüz yazaq!" - deyə etiraz etmişdir və bunun nəticəsi
olaraq 1961-ci ilin 11
aprelində Azərbaycan Kommunist
partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat
şöbəsinin müdiri
vəzifəsindən azad edilmişdir.
Lakin buna baxmayaraq, 1966-cı il fevral ayının 27-də Şıx-Əli Qurbanov Azərbaycan Kommunist
partiyası Mərkəzi Komitəsinin ideoloji
işlər üzrə katibi seçilmişdir.
Hələ tələbəlik illərində
dahi A.S.Puşkinin
poeziyasına vurğun olan
Şıx-Əli Qurbanov özünəməxsus
vəcd və inadla rus
ədəbiyyatı ilə ciddi məşğul
olmağa başlamış, A.S.Puşkinin Azərbaycan poeziyasına təsirini
tədqiq etmişdi. Onun
diqqətini rus şairinin
Şərqə və Azərbaycana olan
marağı, Azərbaycanın görkəmli maarifçiləri
ilə dostluq əlaqələri cəlb edirdi. Bu işin
yekunu Ş.Qurbanov tərəfindən
1956-cı il iyun
ayının 30-da müdafiə olunan namizədlik
dissertasiyası olur. Həmin işin əsasında
Şıx-Əli Qurbanov "Puşkin və
Azərbaycan poeziyası" (Bakı, "Azərbaycan Uşaq və Gənclər ədəbiyyatı
nəşriyyatı" - 1956), "A.S.Puşkin
i Azerbaydcan" (Baku, "Detönizdat"
- 1959. Bu kitab Moskvada
keçirilən Azərbaycan İncəsənəti və Ədəbiyyatı
ongünlüyü münasibəti ilə
nəşr edilmişdir) kitabları nəşr
edildi. Görkəmli puşkinşünas
alimin bu əsərləri
respublikamızda A.S.Puşkinin
yaradıcılığına aid ilk böyük tədqiqatlar
olmuşdur və məhz bu,
Şıx-Əli Qurbanovu Azərbaycanda ilk puşkinşünas alim hesab etməyə əsas
verir.
1964-cü ildə Bakıda Elmlər Akademiyasının
nəşriyyatı tərəfindən Şıx-Əli Qurbanovun "XIX əsrdə Azərbaycan-rus ədəbi
əlaqələrinin inkişaf mərhələləri"
adlı monoqrafiyası nəşr edilib. Bu monoqrafiya əsasında
o, doktorluq
dissertasiyası müdafiə etmişdir (20
may 1965-ci il). Həmin
əsər 1976-cı ildə Moskvada,
SSRİ Elmlər Akademiyasının "Elm"
nəşriyyatının "Şərq ədəbiyyatı"
Baş redaksiyasında (müəllifin
ölümündən sonra) çap edilmişdir.
Monoqrafiyanın xüsusi əhəmiyyəti
ondan ibarətdir ki,
müəllif bu əsərdə tədqiqat
predmetinə, yəni Azərbaycan və rus
ədəbiyyatlarının əlaqələrinə aid "qarşılıqlı təsir"
anlayışını ilk dəfə daxil etmişdir.
Şıx-Əli Qurbanov həm də
qədim zamanlardan bizim
dövrə kimi Azərbaycan - rus siyasi, iqtisadi,
ədəbi və mədəni əlaqələrinin tarixini özündə cəmləşdirən
iki cildlik əsaslı
elmi əsərin - "Velikaə drujba azerbaydjanskoqo i russkoqo narodov"
("Azərbaydcan və rus
xalqlarının böyük dostluğu", Baku - 1964)
müəllif-tərtibatçılarından biridir.
Bir qədər
sonra, 1975-ci ildə Şıx-Əli Qurbanovun anadan
olmasının 50 illiyi ilə əlaqədar
tanınmış sovet şərqşünası İosif
Samuiloviç Braginski "Narodı Azii i Afriki" ( 1975 q., N
5) jurnalında yazmışdi: "Onun (Şıx-Əli
Qurbanovun - red.) vətənpərvərlik və beynəlmiləlçilik
ruhu hopmuş tədqiqatları nəinki Azərbaycan ədəbiyyatının
öyrənilməsinə olunan töhfədir. Onların
qarşılıqlı əlaqələr və milli mədəniyyətlərin zənginləşdirilməsi
probleminin, Şərq mədəniyyətində
milli və beynəlmiləl münasibətlərin
öyrənilməsi üçün böyük metodoloji əhəmiyyəti
var. Bununla Şıx-Əli
Qurbanovun əsərləri şərqşünaslıq
tədqiqatlarının qızıl fonduna
da daxil olur".
Şıx-Əli Qurbanov
ali məktəbdə illər ərzində
Rus ədəbiyyatı üzrə
mühazirələr oxumuş, 1961-1967-ci
illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda özünün
yaratdığı Ədəbi əlaqələr şöbəsinə
rəhbərlik etmiş, bu
sahədə elmi kadrlar
yetişdirmiş və bununla da Azərbaycan ədəbiyyatşünaslığında
bütöv bir cərəyanın
əsasını qoymuşdur.
Şıx-Əli Qurbanovun ədəbi
istedadı hərtərəfli və çoxşaxəli idi. O, şeirlər, hekayələr, novellalar, libretto və
pyeslər yazırdı.
"Milyonçunun dilənçi oğlu" (1966) musiqili
komediyasının librettosuna görə
Şıx-Əli Qurbanov 1967-ci ildə Üzeyir Hacıbəyov adına Dövlət
mükafatının ilk laureatlarından olmuşdur.
Şıx-Əli Qurbanovun "Son nəğməsi" 1967-ci il 2 iyun tarixində Məşədi
Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının
səhnəsində tamaşaya qoyulan (müəllifin vəfatından sonra) "Sənsiz" dramı oldu. Bu pyesdə Stalin repressiyalarının
qurbanı olan insanların taleyi əks olunur. Bu, keçmiş
SSRİ ərazisində bu
mövzuya aid səhnədə
qoyulan ilk əsərdir.
"Sənsiz" haqqında
fikir söyləyən
görkəmli Azərbaycan
ədəbiyyatşünası, akademik Yaşar Qarayev yazırdı:
"...Təsadüfi deyil
ki, pyes özü işıqla, gözəlliklə, dirilik
ehtirası ilə dolu idi və
bizə həyat eşqi, sədaqət, etibar, vəfa, inam təlqin edirdi".
Müəllif ancaq əsərin baş məşqini yarımçıq görmüşdür.
Onun vəfatından sonra "Sənsiz" dramı Böyük Oktyabr Sosialist inqilabının
50-ci ildönümünə həsr olunan respublika müsabiqəsində
I yerə layiq görülmüşdür.
Şıx-Əli
Qurbanov 1967-ci ilin mart ayında tutduğu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə
katibi vəzifəsindən
istifadə edərək
Azərbaycan xalqının
ən qədim və istəkli bayramı olan "Novruz bayramı"nın uzun illik həbsdən qurtarmasının və onun dövlət səviyyəsində keçirilməsinin
təşəbbüskarı və təşkilatçısı
olmuşdur. Bununla da Şıx-Əli Qurbanov xalqının milli şüurunun oyanmasına nail olmuşdur.
Məhz elə ona görə də o, 1967-ci il
may ayının 24-də müəmmalı
şəraitdə, faciəli
surətdə vəfat
etmişdir.
Şıx-Əli Qurbanov iki çağırış
Azərbaycan SSR Ali Sovetinin
deputatı olmuşdur.
Ölümündən sonra Lenin Ordeni
ilə təltif edilmişdir.
Natamam qırx
iki illik həyatında Şıx-Əli
Qurbanov çox işlər görmüşdür.
Yaşının hərbi
çağırışa çatmadığına baxmayaraq
gənc Şıx-Əli
Böyük Vətən
müharibəsinin iştirakçısı
olmuşdur, çünki
artıq o vaxt Vətəni və xalqı qarşısında
öz vətəndaşlıq
borcunu dərk etmişdi. Məhz bu, vətəndaşa mənsub olan borc duyğusu, bu insana ədəbiyyatşünaslıq
sahəsində yeni bir cərəyan yaradan elmlər doktoru, Azərbaycan Æurnalistlər İttifaqının
yaranmasına rəhbərlik
edən qələm ustası, yaradıcılığı
ilə tanış olan hər bir
insanın ürəyində
dərin iz qoyan yazıçı və dramaturq, Azərbaycan xalqının
milli özünüdərkinə
nail olan görkəmli
partiya və dövlət xadimi olmağa imkan vermişdir. Məhz ona görə bu gün də,
onun ağlasığmaz
faciəli ölümündən
40 il keçəndən
sonra da xalq Şıx-Əli Qurbanovu ancaq və ancaq xoş
sözlə yad edir.
İ.S.Braginski
bu barədə belə yazırdı:
"Təsəvvür etmək
çətindir ki, kifayət qədər cavan bir insan
belə qısa müddətdə bu qədər çox işlər görə bilmişdir. Bu ilk baxışdan
inanılmaz görünür,
lakin bu, Şıx-Əli Qurbanovun
xasiyyətində xeyir
və ədalət prinsiplərinə hədsiz
sədaqətin, sakitlik
tapmayan fədakar enerjinin, çox böyük yaradıcılıq
istedadının, elmi
dərinliyin, əsl humanistin sonsuz xeyirxahlığının, cəsurluğun,
mübariz insanın müdrik yetkinliyinin harmonik birləşməsi
sayəsində mümkün
olub..."
Yaşar Qarayev Şıx-Əli Qurbanov fenomenini qiymətləndirərək yazırdı:
"Şıx-Əli tipli
və miqyaslı şəxsiyyətlər günümüzə,
çağımızadək nə qədər çox qorunub-saxlansaydı,
bizim indiki azadlıq və Qarabağ hərəkatımız
da bir o qədər az qanlı-qadalı, səhvli-xəyanətli,
qurbanlı-itkili olardı.
... Yazıçı-vətəndaşın
və ideoloqun Şıx-Əli tipi, onun,
xüsusən rəhbər
təşkilati işdə
göstərdiyi həqiqətçilik,
millilik, beynəlmiləllik
və vətənpərvərlik
ənənələrinin miqyası
və mənası indi, yeni sosial-ictimai
və mənəvi mühitdə xüsusilə
aydın və əyani görünür..."
Həyatını və amallarını Azərbaycan xalqının
xoşbəxtliyi ilə
bağlayan, sağlığında
qəhrəmanlığı ilə seçilən bu insan, dünyasını
dəyişəndən sonra
əfsanəyə çevrilərək
gənc nəsil üçün igidlik və vətənpərvərlik
nümunəsi oldu.
Qeyd:
Şıx-Əli Qurbanovun
adını Azərbaycan
Dövlət Musiqili Komediya teatrı, paytaxtımızın mərkəzi
küçələrindən biri və respublikanın
bir çox şəhər və rayonlarında bir sıra müəssisə
və küçələr
daşıyır.
(16 avqust 1925 -
24 may 1967)
Şərq.-
2012.- 9 iyun.- S. 17.