Məmməd Səid Ordubadinin Bayıl həbsxanası
və Bakı qoçuları barədə xatiratı
Məmməd Səid
Ordubadi klassik Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi olmaqla yanaşı, maraqlı və
ziddiyyətli ömür sürən, XX əsr Azərbaycan
ictimai-siyasi tariximizdə fəal rol oynayan şəxsiyyətdir.
"Söz odası"nın ötən sayında onun qəddar
türk düşməni Androniklə müsahibəsini dərc
etmişdik. Bu dəfə isə M.S.Ordubadinin Bayıl həbsxanasında
həyatı və Bakı qoçuları ilə
bağlı xatirəsinin bir hissəsini oxucuların diqqətinə
çatdırırıq. Xatırladaq ki, oxuculara təqdim
olunan bu xatirat da müəllifin "Həyatım,
mühitim" adlı kitabından götürülüb.
Axşam
lampaları, su altında uyumuş sabah yeli şəhərin tərli
çöhrəsinə işıq saçırkən biz
Bakı bulvarının qarşısında idik. Yeni əkilmiş
nazik ağacların titrək kölgəsində Bakı
varlılarının qalın və nahamvar kölgələri
bir-birinə toxunurdu.
Biz həbsxanaya
yetişdikdə hava artıq tamamilə
qaranlıqlamışdı. Bizi sayıb içəri
buraxdılar. Mən salındığım odada bir yəhudi,
bir də rus var idi. Bunlar rus-yəhudi ixtilafı haqqında
danışırdılar. Söhbətləri
qızışmışdı. Mən şeylərimi qoyub
oturmuşdum. Qalxmağa, hətta yıxanmağa taqətim yox
idi. Çox yorğun idim. Stansiyadan Bayıl həbsxanasına
qədər ağır şeylərimi daşımağa məcbur
olmuşduq. Araba verməmişdilər. Odanın döşəməsi
taxta idi. Yer də quru idi. Odadakıların söhbəti daha
da qızışdı. Bunlar yüz ildən bəri çar
Rusiyasında hökm sürmüş yəhudi məsələsini
həbsxanada həll etməyə tələsirdilər. Onlar
danışdıqca sözləri bir vuruşmaya qədər
varıb çıxdıqda mənə müraciətlə:
"Siz də doğrusunu deyiniz. Belə deyilmi?" - deyib
soruşurdular. Mənim cavab verməyə vaxtım yox idi.
Gözüm, qulağım onlarda olsa da, fikrim,
düşüncəm tamamilə başqa tərəfdə
idi. Bu söhbətdə qapının bacasından uzun bir
papağın içəri soxulduğunu gördüm. Papaq
bütün bacanı qapadığından səs sahibinin
üzünü görmək mümkün deyildi. Səslədi:
- Burada neçə
müsəlman vardır?
Mən:
- Yalnız bircə
nəfərdir, - deyə cavabını verdim. Papaq çəkildi.
Odada söhbət edənlər yenə də sakit
olmamışdılar. Az sonra həmin papaq sahibi əlində
böyük bir podnos içəri girdi. Podnosu mənim
yanımda yerə qoydu:
- Bunu sizin
üçün Kəblə Ağakərim göndərdi, -
dedikdə mən ona cavabla:
- Mənim hər bir şeyim vardır. Bu zəhmətə
heç razı deyiləm, - dedim. Papaq sahibi
qaş-qabağını turşudub mənə təəccüblə
baxdı:
- Yox, elə etməyin.
Qəbul etməsəniz Kəblə Ağakərim inciyər.
- Kəblə Ağakərim
kimdir?
- Təəccübdür,
bütün dünyada Qoçu Kəblə Ağakərim məşhur
ola-ola, siz onu tanımırsınız?
Mən ona tanıdığımı
söylədim. Çox razılıq etdim. O yenə də
sözünə davam edərək:
- Kəblə Ağakərim
buyurdu ki, yenə də hər nəyə ehtiyacı varsa, xəbər
versin, - dedi.
- Bu qədər kifayətdir.
Tək adamam. Çox zəhmət çəkib. Məndən
ona salam söylə.
Papaq sahibi getdi.
Açarçı qapını bağladı. Yəhudi ilə
rus Ağakərim qoçu ilə Teymur bəyi bir-birinə tərif
etdilər. Mən iki məşhur Bakı qoçusunun həbsxanada
olduğunu anladım. Taleyimin təsadüf
yaratdığından təəccübləndim. Məni istər
Əhməd bəy Ağayev, istərsə Haşım bəy
Vəzirov qəzetdə işləmək üçün bir
neçə kərə Bakıya dəvət etmişdilər.
Fəqət, mən qoçuların qorxusundan Bakıya gəlməmişdim.
İndi isə bunlarla bir damın altında yaşayıram.
Ac idim. Yeyib yatmalı
idim. Ayağa qalxıb yıxanmaq istədikdə oda
arkadaşlarım əlimə su tökmək üstündə
bir-birinə macal vermirdilər. Yıxandım. Yerimi
açdım. Adyal və balışım var idi. Şeylərimi
balışın altına qoydum. Bu, həbsxananın ümumi
adətlərindəndir. Podnosu aralığa çəkdim.
Odadakılar çox həris və iştahalı bir surətdə
podnosa və mənə baxırdılar. Onlara pay verib-verməyəcəyim
barəsində bir şey öyrənmək istəyirdilər.
Mən əvvəlcə podnosu gözdən keçirdim.
Üç dənə yağlı və qalın
çörək, beş girvənkəlik doğranmış
şəkər, çay, üz dəsmalı, sabun, şit
yağ, pendir, papiros, diş poroşoku və diş
şotkası idi. Burada mənim üçün ən qiymətli
şey bir çaynik isti çaydan ibarət idi. Sonra
dönüb arkadaşlara baxdım. Onların ağzıma
dikilmiş göz bəbəkləri titrəyirdi. Bir kərə:
- Buyurun görək! -
dedim.
Onlar inanmadılar. Bir
də təklif etdim:
- Gəlin çay isti ikən
için! - dedikdə şad bir surətdə irəli gəldilər.
Stəkan bir idi. Onların dəmir qabları var idi. Şəkər
salıb, şirin çay qayırdılar. Şam yeməyi
bitdi. Bir az da qaldı. Onlar: "Bu da səhər sizə yetər",
- deyə razılıq edib süfrədən çəkildilər.
Podnosu aralıqdan təzə götürmüşdük. Mən
yol paltarlarımı dəyişib, təmiz kostyum geyindim.
Yaxalığımı da bağlamışdım. Odada
dolaşırdım. Qapının pəncərəsinə
bir nəfər yanaşdı. Arkadaşlarım bunu görən
kimi birdən: "Kəblə Ağakərim!" - dedilər.
Kəblə Ağakərim salam verdi. Kefimi, haradan gəldiyimi,
hara göndərildiyimi təfsilən soruşdu. Mən də
olduğu kimi söylədim. Nə iş sahibi olduğumu ən
axırda xəbər aldı. O, bir az düşündü:
- Eşitmişəm,
qəzetlərdə də oxumuşam. Təəssüf edirəm
ki, sizinlə həbsxanada görüşdük. Fikir etməyin,
bu müharibə uzun çəkməz. Bizi də Teymur bəylə
bir yerdə həbs etmişlər. Kefini pozma. Hələlik
rahat ol. Sabah görüşəcəyik. Təfsilən
söhbət eyləyərik, - deyib getdi.
Mən onun dalınca
çox təəccüblə baxdım. Öz-özümə:
"Əcəba, bu qoçudurmu?" - deyə
düşündüm. Mən bunları öyrənmək
üçün artıq dərəcədə
maraqlanırdım.
Yatmaq vaxtı idi.
Arkadaşlarım da, mən də soyunduq. Hər kəs
şalvarını ütüləmək üçün
döşəməyə açıb yerini onun üstündən
döşədi. Başqa şeyləri də meşoka qoyub
başımın altında yerləşdirdim. Mənzil
yoldaşlarımın heç birisi rahat ola bilmirdi. Çox
rahat yatdım. Səhər tezdən ayıldım. Vaxtında
qalxmağı gözləyirdim. Zəng vuruldu. Yəhudi
hamıdan əvvəl paltarlarını geyindi. O tərəf-bu
tərəfə dolaşıb, ağzını pəncərədən
Kaspi dənizinə tutub bir kərə ucadan oxudu:
Mərhəmət
qıl mənim qiymətli dostum,
Mənim qaranlıq həyatıma
işıq ver!
Mahnının sözlərini
rusca oxudu. Rus arkadaşım isə bunun cavabında:
"Binyansın namazı bitdi!" - söyləyərək
güldü. Onların hər ikisi gənc idi və hər
ikisi də eşq macərası nəticəsində həbs
edilib öz yerlərinə sürgün edilirdilər. Yəhudi
arkadaşım öz macərasını belə təsvir
edirdi:
- Daşkənddə
yaşayırdım. Əndincanda böyük mülkədarlardan
Hasan bəyin qızı Teyyibə ilə sevişmişdik.
Qızın atası da izdivacımıza mane deyildi. Mən yəhudi
olduğumu gizlətmişdim. Özümü Şimali
Qafqazdan çərkəz Məhəmməd kimi təqdim
etmişdim. Türküstanlılar, ümumiyyətlə,
Dağıstan müsəlmanlarına çox ehtiram bəsləyirlər.
Mən hörmətdən istifadə edirdim. Düşmənlərim
mənə həsəd apardılar. Dəşkənddə həbsə
alındım. Hasan bəy məni xilas etmək
üçün gəldi. Vəsiqələrimi yoxladıqda yəhudi
olduğum meydana çıxdı. Hasan bəy çox
acıqlandı. Sürgün edilməyimə o dəxi
yardım etdi. Lakin bilirəm ki, yəhudi olduğum
üçün Teyyibə mənə olan sevgisini heç
vaxt dəyişməz.
Yəhudi
arkadaşım öz macərasını bitirdi. Rus gənci
isə çox uzun danışmadı:
- Toyuma ikicə gün
qalırdı. Həbs edilmişəm. Kazlov quberniyasına
göndərirlər, - dedi.
Yenə də bizim
üçün səhər yeməyi və çay gətirdilər.
Yedik, içdik. Süfrə götürülmədən
Türküstandan yeni yatab gəldi. Odamıza bir çox
özbək məhbuslarla bir nəfər də cibkəsən
və adamsoyan gətirdilər. Adına Knyaz deyirdilər. O,
Binyansı (yəhudini) görən kimi tanıdı:
"Zalımın gözəl əli vardır. Gözdən
kipriyi oğurlayırdı", - deyə Binyansın məşhur
cibkəsən olduğunu söylədi. Bir-iki saatdan sonra bir nəfər
də qubalı qolçomaq gətirdilər.
Qolçomağın qoyun itini qonşu kəndin
qolçomağı öldürmüşdür. Bu isə
itin əvəzində iki nəfər adam
öldürmüşdü. O bu işdə çox para sərf
etdiyini və bunun əvəzində həbs cəzasından
qurtardığını söyləyirdi. Vuruşmaya əl
davası adını verib qatilin cəzasını
yüngülləşdirmişdilər. Fəqət, qatili
Qafqazdan bir neçə müddətə sürgün edirdilər.
O özündən şeirlər də oxuyurdu. Lakin xoşa gələn
təbi yox idi. Çox oxuyurdu. Nəhayət, cibkəsən
Knyaz onun üstünə qışqırdı. Sakit
olmasını tapşırdı. O yenicə susmuşdu ki,
Ağakərim qapını açdırıb mənim
görüşümə gəldi. Odanın
darısqallığını görüb müdiri
çağırdı. Məni öz yanlarına
köçürməyi müdirə tapşırdı.
Müdirə gəldikdə, o, bu gün olmasa da, sabah yatab gedəcəyimi
və məni Rostov həbsxanasına yola salacağını
xəbər verdi. Ağakərim yenə də təkrar olaraq
ona tapşırdı: "Əgər sabah göndərilməzsə,
bizim yanımıza gətirməlisən". Müdir bu təklifi
kamal-ehtiramla qəbul etdi. Mən Rostova getməyə tələsirdim.
Çünki Rostovdan sonra Saritsına buraxılacaqdım.
Bununla bərabər, qoçuların həyatını da
öyrənməklə maraqlanırdım. Xüsusən
onların həbsxana içərisindəki nüfuzu və həbsxana
işçilərinin onlara bu qədər qorxa-qorxa
yanaşması məni maraqlandıracaq işlərdən idi.
İkinci gün
axşam vaxtı yatab gedəcəyi bəlli oldu. Şeylərimizi
götürüb həyətdə düzüldük. Bir-bir
səslədilər. Adları səslənən adamlar
şeylərini götürüb bir tərəfə
keçdilər. Hamının adını oxuyub
qurtardılar. Məni səsləyən olmadı. Polislər
dəftərləri yığışdırıb getdikcə
mən onlara yanaşaraq qalmağımın səbəbini
soruşdum.
- Rostov həbsxanasına
məhbus qəbul etmirlər. Çünki orada tif xəstəliyi
vardır, - dedilər. Məni yenə də odaya
qaytardılar. Lampa da xarab olmuşdu. Çox qaranlıq idi.
Burada nəfəsindən bir nəfər olduğunu bildim. Nə
o danışırdı, nə də mən. Bir-birimizin
hansı millətdən olduğunu bilmirdik. Şeyləri qoyub
oturmuşduq. Odada olan adam birdən ah çəkərək:
"Ey gözəgörünməz Tanrı!" - dedikdə
onun türk olduğunu bildim. Həsən kişi adlı qoca
bir türk idi. Türkiyənin Qara dəniz sahilində olan Rizə
şəhərindən idi. Batumda çörəkçi
dükanı olduğundan, tutub Rusiyaya sürgün edirdilər.
Bir-birimizin üzünü görmədən, oturub yemək
yedik, uzandıq. Lakin yuxu aparmırdı. Gecə saat 3-ə qədər
danışdıq. Səhər tezdən hələ çay
içilməmişdi. Həbsxananın müdir müavini gəlib
məni qoçular olan mənzilə köçürdü.
Qoçular odasında
Mən içəri girəndə
Ağakərim odanı dolaşır, Teymur bəy isə əlindəki
ağ dəsmalı ilə eynəyinin şüşələrini
təmizləyirdi. Ağakərim:
- Xoş gəlmişsiniz,
səfa gətiribsiniz. Kefiniz necədir? - deyə əlimi
sıxdı.
Teymur bəy Aşurbəyov
isə eynəyini taxıb mənim boy-buxunuma diqqətlə
baxdıqdan sonra qalxdı və əlimi sıxdı.
Onların qulluqçusu Məhərrəm mənim şeylərimi
gətirib odanın bir tərəfində qoydu. Teymur bəylə
tanış olduq. Onlar hələ səhər
çayını içməmişdilər. Məni gözləyirmişlər.
Çayı içdik. Mən bunlarla söhbəti haradan
başlayacağımı bir növ təyin edə bilmirdim.
Ağakərim sözün başını tez-tez Ordubad,
Naxçıvan tərəflərə çevirir və:
- Orada igid ceyillər
vardır, - deyirdi. Bununla da mən onlara öz tərəfimizdə
olan qoçulardan danışmalı idim. Mən onlara ancaq bu
sözləri deyirdim:
- Bizim tərəflərdə
sizin adınız yaxşılıqla məşhurdur. Hətta
bir çox igid adamlar sizi görməyin həsrətindədirlər.
Mən
sözümü qurtararkən Teymur bəy özünü bir
düzəltdi:
- Yeriniz böyük
yerdirmi?
- O qədər də
böyük deyildir. Fəqət, igid və varlı adamlar
çoxdur, - dedim. O, fikrə getdi. Daha bir söz
danışmadı.
Ağakərim Məhərrəmi
çağırdı və tapşırdı:
- Get müdirə xəbər
ver ki, təzə qonaq üçün hamam hazır etdirsin.
Yarım saatdan sonra
müdir müavini özü gəlib hamam hazır olduğunu
xəbər verdi. Ağakərim mənə alt paltarları təklif
etdi. Heç bir şey qəbul etmədim. Çünki hər
bir şeyim var idi. Məhərrəm məni hamama yola
saldı. Həbsxanada cansürtən və dəllək
olduğunu xəbər verdi. Bakı qoçularının
hökmü altında olan həbsxanada bu qədər isti və
təmiz hamam olduğunu heç də zənn etmirdim. Mən
hamamdan çıxdım. Məhərrəm məni tez geyinməyə
tələsdirirdi. Çünki qoçular səhər yeməyi
yeyəcəkdilər. Yemək bayırdan gətirilmişdi. Çilov
və kabab yedilər. Mən bilmədiyim səbəblərə
görə onlar tez-tez Məhərrəmi
çağırıb soruşurdular:
- Hələ qəzetlər
gəlmədimi?
Məhərrəm isə
qorxa-qorxa:
- Xeyr, hələ gətirməmişlər,
- deyirdi.
Onlar qəzet
haqqında hər gün bu qərarla tələsirdilər.Səhər
yeməyi bitdikdən sonra bir stəkan çay içib
bayıra çıxdıq. Bunları rus, müsəlman, erməni
- hər kəs görürdüsə, ikiqat olub baş əyirdi.
Onlar bəzilərinin kefini xəbər alırdılar. Bəzilərindən
isə nəyə ehtiyacları olduğunu soruşurdular. Məhbuslardan
bəziləri onlara yalvarıb, qohumlarının
görüşə gəlməsinə icazə istəyirdilər.
Onlar isə bu barədə həbsxana müdirinə əmr
verirdilər. Mən bu iki qoçunun əlində alət olan
çar məhbəsinin vəziyyətinə və çar
polisinin qayət qorxaq və yaltaq olduğunu təəccüb
edirdim. Biz həbsxana kilsəsinin həyətinə gəldik.
Həyətdə məhbuslara gül və sair şeylər əkdirirdilər.
Saat 3-ə qədər gəzib dolaşdıq. Ağakərim
tez-tez o tərəf-bu tərəfə
yüyürürdü. Dediyinə görə, doktorlar belə
məsləhət görmüşdü. Çünki ürəyi
getdikcə yağlanırmış. Biz odaya qayıtdıqda qəzetlər
gəlmişdi. Qəzetləri götürüb baxdılar.
Heç birisi yaxşı oxuya bilmirdi. Oxumağı mənə
təklif etdilər. Onlar əvvəlcə Bakı xəbərlərini
və hadisələrini oxumağı tapşırdılar.
Oxudum.Teymur bəy çox acıqlı və çox da məyus
bir surətdə Ağakərimə müraciət etdi.
- Sənə yüz dəfə
demişəm ki, onların qeyrəti yoxdur. Onlar bizsiz bir
pişiyi də vura bilməzlər. Onlar boş oğraşlardır,
- dedi. Ağakərim isə:
- Teymur bəy, biz bu
hasarın içində oturmuşuq. Eşiyin işindən xəbərimiz
yoxdur. Uşaqları məzəmmət etmək olmaz. Bəlkə
də, fürsət olmur.
Mən Bakıya qədər
həbsxana xatiratını yazmışdım. Bakı həbsxanasında
tərtibə salmağa başladım. Qoçular bununla
çox maraqlanırdılar. Mən onlara parça-parça
oxuyurdum. Onlar hər gün nahardan sonra məni oxumağa məcbur
edirdilər. Onlar Naxçıvan və Tiflis həbsxanasındakı
xatiratı eşitdikdə mənim bu işlər ilə nə
üçün maraqlandığımı soruşdular. Mən
isə:
- Bir vaxt bu xatiratı
kitab şəklində çap etdirəcəyəm. Bunu hər
kəs oxuyub çar hökumətinin nə qədər həyasız
və zalım bir hökumət olduğunu anlayacaqdır, -
dedim. Ağakərim bir az düşündü:
- Hərgah bu cür
şeyləri çap etdirməyə qoymasalar, necə olacaq?
- dedi.
- İndi qoymasalar da,
bir vaxt buna imkan tapılar - dedim. Teymur bəy güldü:
- Mirzə! Demək,
bizim də adımız kitaba düşəcəkdir, - deyərək
əlini çiynimə vurdu.
- Əlbəttə,
düşəcəkdir. Sizin mənə qarşı olan hörmətinizi
unutmuş olsam, xəyanət etmiş olaram, - söylədim.
Bunu təsdiq etmək üçün Ağakərim:
- Bir
yaxşılıq, bir də yamanlıq yaddan çıxmaz, -
deməklə biz söhbəti dəyişdik.
Şərq.- 2012.- 23 iyun.- S.18.