Rəng yolçusuya ahəngin yolu

 

  Yanvar ayının axırlarıydı. Nəvaiyə telefon açıb dedim ki: "Nəvai, ağsaqqal eloğlumuz, nurani-pirani kişi Sayad müəllimin növbəti - üçüncü kitabını çapa hazırlayırıq. Birinci kitabının rəssamı Qafar Sarıvəlli, ikinci kitabının rəssamı Məmməd Dəmirçioğlu olub. Gəl, İncə dərəsinin ağsaqqal şairinin, bu səmimi kişinin üçüncü kitabının rəssamlıq qayğısını bu dəfə sən boynuna götür. Sənin də bir tərəfin İncəlidi. İncəli incəlinin sözünü yaxşı bildiyi kimi, sözünün şəklini də, sözünə şəkli də daha yaxşı çəkər. Nə deyirsən?" Qayıtdı ki: "Lap yaxşı. Mən hazır, intəhası, fevralın yeddisində bir Türkiyə səfərim var. Onu başa vurum - sonra." Səfərin məqsədini, məramını soruşanda: "Altısında Akifin kitabının təqdimatında danışarıq"- dedi.

   Atatürk Mərkəzində unudulmaz şairimiz Akif Səmədin "Seçilmiş əsərləri"nin I cildinin möhtəşəm təqdimat mərasimində dəyirmi stolun arxasında yanaşı oturduq və bəlli oldu ki, o, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə İzmir Şəhər Bələdiyyəsinin dəvətilə rəssam həmkarı İlqar Əkbərovla birgə İzmir Dövlət Rəsm və Heykəl muzeyində keçiriləcək möhtəşəm tədbirə - sərgi mərasiminə dəvət olunublar. Aramızda pıçıltılanan mərhəm dialoqun sonunda: "Martın ikisində oğlum Təbrizin toyuna hazırlaşıram. İndi qayğılarım həmişəkindən daha çoxdu"- dedi- "gedim-gəlim, Sayad müəllimin kitabını da yoluna qoyarıq." Dedim: "Get-gəl, ay Nəvai. Sənə uğurlar. Qayıdanda, söhbətləşərik. Olub-keçənləri, səfər təəssüratlarını yazıya gətirəcəm." Söz verdim.

   Və verdiyim sözə əməl edirəm.

   Nəvaini tanıyanlar tanıyır. Tanımayanlar üçün ömürlüyündən qısa anlatma: Nəvai Metin Məmmədoğlu 1965-ci ildə Qazax rayonunda, indiki Ağstafanın Zəlimxanlı kəndində doğulub. 1989-cu ildə Pedoqoji İnstitutun (indiki ADPU) Bədii qrafika fakültəsini bitirib. Hələ tələbə ikən dövrü mətbuatda haqqında yazılıb (Məsələn, "Azərbaycan Gəncləri", 21.02.1989, N2). Əsərlərinin mövzusu çoxşaxəlidi. Bir xeyli kitabın tərtibatçı rəssamıdı. Fərdi və birgə sərgiləri olub. Bir sıra əsərləri yerli və xarici kolleksiyaları bəzəyir. 2005-ci ildən Azərbaycan Rəssamlar Birliyinin üzvüdür. Özünün təsis etdiyi "MetiN-X" reklam şirkətinin rəhbəridi. Ömür yoldaşı Xatimə xanımla birgə oğlanları Təbrizin, Elbəyin və qızı Məruzənin arzularına çıraq tutmaqla, həm də yaradıcılıqla məşğuldur. Bu qədər.

   ... Şərtləşdiyimiz kimi, İzmirdən qayıdandan sonra Babək prospektindəki evində - emalatxanasında görüşdük. Deyim ki, Nəvainin otağına girən kimi ilk təəssüratda səliqə-səhmanlı, müasir qurğular və avadanlıqlarla təchiz olunmuş unikal bir guşədə müasir dünyanın gedişatından baş açan maraqlı bir rəssamla üzləşdiyini hiss edirsən. Zövqlə düzülmüş tabloların, rənggarlıq əsərlərinin yaratdığı xoş ovqat həmin andaca müsafirin duyğularına hakim kəsilir. Reklamdizayn işlərinin yeri-yurdu, avadanlığı, düzümü, aurası bir başqadı. Yeri gəlmişkən, şəhərimizin xeyli guşəsində ictimai və fərdi obyektləri onun reklam işləri, özəl dəst-xətli tərtibatları bəzəməkdədir. Bütün bunlar Nəvai İbrahimovun çörəyinin çıxdığı yerdi. Özüurvatnan, halallıqnan. Bizim işimiz isə rəssam, həm də qardaş Türkiyədən, İzmir şəhərindən təzəcə qayıtmış rəssam Nəvai Metin Məmmədoğlunnandı.

   İş otağını xeyli maraqla seyr edib:

   - Ay Nəvai, biz tərəfin adamının işi (əlbəttə, sənət adamlarını nəzərdə tuturam) şeir yazmaq, bir də saz çalmaqdı. Rəssamlıq sevdasına sən havaxtdan düşdün? Tayfanızda nə vaxtsa bu işin yiyəsi olub, yoxsa?..

   Nəvainin dərdi açıldı, nə açıldı:

   - Nəslimizdə rəssam olmayıb. Ancaq rəhmətlik atamın belə şeylərə meyli, rəğbəti varıydı. Mən isə hələ aşağı siniflərdən rəsmlər çəkərdim. Müəllimlər məni lövhəyə çıxardar, şəkillər çəkdirər, uşaqlar baxıb köçürərdilər. Səkkizinci sinifdən Bakıya, rəssamlıq məktəbinə getmək istədim. Evdən qoymadılar. Küsdüm. Qəsdən dərs zamanı müəllimlərə cavab vermirdim. İstəyirdim ki, kəsilim, qovulum. Baş tutmadı. Orta məktəbi qurtarıb Bakıda o zaman iki ali rəssamlıq məktəblərindən biri olan APİ-nin bədii qrafika fakültəsinə qəbul imtahanı vermək üçün başqa bəhanə ilə kənddən Bakıya gedəndə, evdən heç kimin xəbəri olmadı. Ta qardaşım axıra yaxın gəlib üstümə çıxana qədər. Beləliklə, ömrümün sənət yolunun səmti aydınlaşdı. Sonrası da gördüyün kimi.

   - Sənət dərsini kimlərdən almısan? Pərəstiş etdiyin müəllimlərin, mürşüdün olubmu?

   - Əlbəttə, bütün məzunlar kimi, dərsdən keçmiş müdavimlər kimi mən də nəyisə öyrəndiyim, nəyisə öyrətməyə cəhd edən bütün müəllimlərimə minnətdaram. Zaman keçdikcə, bu sevgi insanın yaddaşında nastolji duyğulara dönərək, yeni biçimdə daha da çoxalır. Ancaq müəllimlərimdən birini, sənət dünyamın mürşüdü olan Rəis Rəsulzadənin adını xüsusilə vurğulamağı özümə borc bilirəm.

   Söhbətimizə körpü salıb sənətin və həyatın bəzən paralel, bəzən çarpazlaşan yollarını xəyalən bir daha keçə-keçə, külqabını siqaret kötüyünnən doldura-doldura hərlənib-fırlanıb keçdik əsas mətləbə. (Ara yerdə mənə qalan Nəvainin təzəcə aldığı son dəbdə olan, özü demiş, "professional" foto-kamerasıyla çəkdiyi şəkillər oldu və bu şəkillərin xətrinə qəzetlərə ötürəcəyim təzə "padborka"ları tezləşdirmək eşqinə də düşdüm).

   İzmir Türkiyənin üçüncü böyük şəhəridi və bu şəhərdə dörd milyon adam yaşayır. İndi burda, Dövlət Rəsm və Heykəl Muzeyi və qalereyasında "Doğudan Batıya, Batıdan Doğuya Qardaş Sərgilər" devizi altında dörd nəfər rəssamın - Türkiyədən Dizar Ercivan Zencircinin və Nurullah Aydının, Azərbaycandan isə İlqar Əkbərovun və müsahibimin - Nəvai M.Məmmədoğlunun işləri sərgilənirdi. Sənətçilərin, xüsusilə, Nəvainin əsərləri böyük maraqla qarşılanıb. Bunu sözü dilindən kəlbətinlə qopartdığım təvazökar Nəvaidən yox, internet saytında oturmuş yerli televiziya kanallarının verilişlərindən birindəki müsahibəni gözümlə görüb öyrəndim. Fevralın 9-dan 23-nə qədər (sonra eşitdim ki, sərginin nümayişi ayın 27-nə qədər uzadılıb) davam edən sərgidə hər gün izdihamlı seyrçi olub. İştirakçılar xatirə və qeydlər kitabında Nəvainin yaradıcılığından aldıqları təəssüratı xeyli xoş sözlərlə ifadə etdiklərini də fotogörüntülərdə öz gözlərimlə gördüm.

   - Nəvai, hansı əsərlərin daha çox nəzər-diqqəti cəlb edirdi? Bunu həm öz yaradıcılıq uğurlarının səmtinə, həm də İzmirdə tamaşaçı zövqünün təhərinə bir aydınlıq gətirmək üçün soruşuram.

   - Doğrusu, mənim əsərlərim zalda axırıncı növbədə nümayiş olunurdu. Məmnunluqla hiss edirdim ki, təşrif buyuranlar ora çatanda, xüsusilə, anamın "Xatirə" adlandırdığım portretinin qarşısında xeyli ayaq saxlayırdılar. Həm portret qarşısında, həm də mənimlə müxtəlif məqamlarda şəkil çəkdirmək arzusunda olanlar lap çox idi.

   ... Muzeyin direktoru Fidan xanım Kudsioğlu sərginin ödülünü rəssamlara təntənəli şəkildə təqdim edərək uğurlar diləyib. Nəvai Məmmədoğlu da onlara borclu qalmayıb. O, özünün hazırladığı Mehmet Akif Ərsoyun plaketini muzeyin direktoruna bağışlayıb. Önəmli faktlardan biri də budur ki, rəssamlarımız Dünya Türk Mədəni Əlaqələr Cəmiyyətinin üyəsi (üzvü) olublar. Almaniyada və Çexiyada nümayiş etdirmək üçün hərəsindən üç əsər götürüblər. Bunu da xatırlamaq xoşdur ki, həmkarı İlqar Əkbərovun və Nəvainin əsərlərindən birini (natrimort) sənət xridarı, kübar türk xanımı olan Sevil adlı bir xanım sərgi sonuclanmamış alıb, sonsuz sevgilərlə evinə yaraşdırmaq həvəsinə düşüb. Yerli dövri mətbuat orqanlarında rəssamlarımızın uğurlarını yetərincə işıqlandırıblar. Burası da bu qədər.

   ... Nəvaigilə gələndə keçirdiyim düşüncələrlə, onlardan çıxanda keçirdiyim düşüncələr arasında elə bir əsaslı fərq yoxuydu. Ona görə ki, mən bu eloğlumu yetərincə tanıdığıma, onun haqqında hər kəsin "Nəvai kişi adamdı, yeyib-içəndi, dostlu-tanışlıdı, cibinin düşmənidi" titulunu da eşitmişdim. Ən ötəsi, Akif Səmədin sağlığında da, fəna köçündə də tutub-qoyduqlarını, Akif Səməd adına mükafat təsis etdiyini, onu artıq bir neçə ləyaqətli insanlara təqdim etdiyini də bilirdim. İndi isə onun yaradıcılıq aurasını gözümdə-könlümdə daşıya-daşıya bu barədə daha mükəmməl bilgi və təəssüratla emalatxananı tərk edirdim. Rəssam yaradıcılığının təhlili sənətşünasların işidi. Bizimki sıravi baxış, zövqümüzə və səviyyəmizə binəm görüb-götürdüyümüzdü. Mənim də sıravilərdən biri kimi Nəvainin yaradıcılığında hiss etdiyim fərqli cəhət əsərlərindəki rənglər çalarının, harmoniyasının, qonşuluğunun zənginliyi, bolluğu oldu. Portretlərində mahiyyəti üzə çıxarmaq üçün üzün, xüsusilə gözün ifadəsini mənalandırmağa cəhd etməsi daha çox görümlüdü. Bu, "Xatirə", "Akif Səməd", "Oqtay Rza", "Adil Mirseyid", "Qaraçı" və b. portretlərə baxdıqca, hər kəsin çıxara biləcəyi bir nəticədi.

   Nəvai Metin Məmmədoğlu istedadlı, üstəgəl, zəhmətkeş adamdı. Rəssam olmasaydı da, hansı işin qulpundan yapışsaydı, yenə fərqlənəcəkdi. Mən bilən, ciddi yaradıcılığa son zamanlar girişib. Ancaq heç vaxt, heç nə gec deyil. Əgər toxum sağlam toxumdursa, Tanrı tərəfindən yazısı yazılıbsa, qayada da bitəsidi, qışın ortasında da. Elə mənim düşüncələrimə də belə bir fikir hakim kəsildi ki, Nəvainin səsi daha möhtəşəm sərgilərdən, qalereyalardan, muzeylərdən gəlməlidi və gələcək də!..  

   ... Yazını hazırlayıb redaksiyaya aparanda könlümdən keçdi ki, kaş, Təbrizin toyuna qədər qəzet əlimdə ola, başı nə qədər qarışıq olsa da onu Nəvaiyə çatdıram və sonralar hərdənbir yadına salam ki, "Nəvai, mənim sən haqda olan bu yazım övladının mübarək günüylə yaşıd oldu, haa!.."

     

 

   Rəfail İncəyurd

 

   Şərq.- 2012.- 2 mart.- S. 12.