Akif Səmədin lətifələri

 

   Bir gün başqa rayondan olan şair tanışlarından biri sataşmaq məqsədilə soruşur:

   - Aya, Akif, həncərisən?

   Akif tövrünü pozmadan, çox ciddi tərzdə cavab verir:

   - Həncəri həncərisən, görmörsənmi həncəriyəm?

   Doğma kəndi Aslanbəyliyə tez-tez gedirdi. Bir dəfə çoban işləyən sinif yoldaşı ondan soruşur ki, Akif, diyən sən Bakının kəndində olorsan, haay?

   Akif təəccüblənir:

   - Nəydi ki?

   - İyirmi ildi fikir vererəm, nə geyimin, nə danışığın-duruşun dəyişmeyif.

   Şair gülməkdən uğunub gedir:

   - A başın batsın, Bakının kəndində olanlar bizim kimi danışmerlər ha, deerlər ki, alə, necəsən, qərdüşüm?

   Akif şeirlərini qəzet-jurnallara çox vaxt bizim təkidimizlə verirdi, bir az tənbəlliyi, ərincəkliyi vardı. Bir dəfə "Azərbaycan" nəşriyyatına gələndə yadına düşür ki, "Ədəbiyyat və İncəsənət" qəzetinə, şeir şöbəsinin müdiri Davud Nəsibə 3-4 aydı ki, yazılar verib. Davud onu görən kimi işi başa düşür və başlayır bəhanəyə:

   - Aya, Akif, çoxdandı səni axtarırdım, sənə də adamın əli çatmır ha! Şeirləriyin hamısı qoşma, gəraylıdı. A qıvlasız, deyəcəklər, Davud yerlipərəstlik eləyir (Onlar bir kənddəniydilər). Hər şeriyin möhürbəndində adını çəkifsən, get elə şeirlər gətir ki, adın olmasın.

   Akif həssas adamıydı, başa düşür ki, deyəsən, Davudun gücü çatmır yazıları verməyə. Sabahısı gün gətirib 5-6 şeir verir. Bir-iki gündən sonra qəsdən nəşriyyata gəlir. Davud onu görən kimi, - a qıvlasız, - deyir, mən xahiş elədim ki, elə şeir gətir, adın olmasın, indi gətirdikləriyin hər misrasında adın var! Oxuyuram, qulaq as:

  

   Bu daşların biri Akif,  

   Çətin qana sirri Akif,  

   Yeri burdan, yeri Akif,  

   Çəkməz səni sinəsinə -  

   Bura şiryurdu, qurd yeri,  

   Yandım, aşıq, bir "Yurd yeri".

  

   Akif bığaltı qımışır. Aya, fikir vermə, Davud müəllim, huşum yoxdu, yəqin yadımdan çıxıf. Davud Nəsib sevincək rahat nəfəs alır ki, xatadan da belə ötüşdük.

   Akif Pedaqoji İnstitutun "Gənc müəllim" qəzetində məsul katib idi, mənsə texniki-peşə məktəbində hərbi rəhbər işləyirdim. İş yerlərimiz bir-birinə yaxın idi. Hər gün yanıma gəlir, çıxıb ya çayxanaya (Malakan bağına), ya da bulvara gedər, gəzişər, söhbət edər, bəzən də təzə yazdığı şeiri, ya məqaləni isti-isti mənə oxuyardı. Bir gün yanıma gələndə çox qayğılı görünürdü.

   - Aya, general, (mən həm orduda iki il zabit kimi qulluq etmişdim, həm də məktəbdə hərbi rəhbər idim, ona görə də mənə general deyə müraciət edirdi. Bir də ki, yəqin Alı Ağa Şıxlinskiyə görə) bilersən ki, mən özümə əyin-baş almağa həm tənbəl, həm də xəsis adamam. Odu ki, bavam (atasına bava deyirdi) kənddən min manat pul göndərif. İndi gərək özümə baldon, kəstum-şalvar, papax, köynək-möynək, bir də əsas əyaqqavıdan-zaddan bir şey alam. Sən də ki, belə şeylərin yerini həm yaxşı bilersən, həm də etibarlı adamsan. Yoxsa, lotuların əlinə keçsəm, heç zadın yəyəsi olajam. Dedim, Akif sabah bir az tez gəl, hər şey tapıb alarıq. Bir həftə Akifdən xəbər çıxmadı, bərk narahat oldum. İşdə oturmuşdum, birdən Akif qanıqara içəri girdi. Başımın işarəsiylə soruşdum ki, nə olub?

   - Səndən ayrılandan sonra İsmeellə Şaiqə rast gəldim (İsmayıl İsmayılovla Şaiq Vəli Akifin köhnə dostlarından idilər). Bir həftə Sumqayıtı (Akiflə Şaiq Sumqayıtda yaşayırdılar) ələk-vələk elədik ki, bir şey tapa bilmədik. Pulun yeddi yüzünü yeyif-içmişik. Bilmerəm nağayrem, bavama nə cavab verəjəm.

   Akifi də götürüb tanışlarımdan birinin yanına getdim, 250 manata bir yaxşı kostyum, iki dənə də köynək aldıq. Dedim, sabah da gəl, bir çəkmə alaq. Razılaşdıq. İki gün daha keçdi, yenə görünmədi. Səhəri üzügülər gəldi ki, axırkı əyyaqabı da tapdıq. İsmellə Şaiq dedilər, Mehdi iş-güj adamıdı, biz həll eliyərik. Getdik Mərkəzi Univermağa, 16 manata bu əyağımdakını aldıq, 34 manatına düşdük, aşağıda, badvalda yaxşıca yeyif-içdik. Soruşdular ki, Akif, nətəəridi, xoşuna gəlermi? Dedim, həə, əyağım elə bil cənnətdədi.

  

   Birdən gözlərim onun çəkmələrinə sataşdı:

  

   - Akif, bə bunu alandasa fikir verməyibsinizmi, defektdi. Hərəsi bir rəngdi, biri göy, o biri mavi. Qanı möhkəm qaraldı.

   - Sənnən general olmaz, o aldığın leytenantıda nahaxdan veriflər. Və məni niyə lotuların öhdəsinə buraxerdin?

   Bir-iki gündən sonra hər şey yadından çıxdı, həmən ayaqqabıları da düz bir il geyindi.

   Tələbə vaxtları mən, Nizami Cəfərov, Osman Musayev universitetin filologiya, Akifsə jurnalistika fakültəsində oxuyurduq. Bir yataqxanada qalırdıq, Akif qiyabiçiydi, Sumqayıtda fabrikdə işləyirdi (Osman onu öz yerinə düzəltmişdi), orada da yaşayırdı. Tez-tez Bakıya yanımıza gəlirdi. Bir dəfə gecəyə qədər yeyib-içdik, Akif Sumqayıta gedə bilmədi, ya da həvəsi olmadı. Bildirdi ki, gecə burada qalacaq. Osmanla Nizami bir otaqda qalırdılar. Nizami cəld tərpəndi, tez hoppanıb çarpayısına uzandı. Osman fikirləşənə kimi, Akif soyunub onun yerinə girdi. Osman nə qədər əlləşdisə, Akifi dilə tutub fikrindən daşındırammadı. Axırda məcbur olub Akiflə baş-ayaq uzanası oldu. Birdən Akifin gözü onun ayaq barmaqlarına sataşdı. Barmaqlar Akifin düz gözləri qarşısında sağa-sola oynayır, sanki rəqs edirdi. Akif baxdı, baxdı, sonra çox rahat şəkildə: - aya Osman, sənin nə əyvəcər barmaqların varıymış, - deyə başını buladı. Hamı gülməkdən uğunub getdi.

   Qorbaçovun ölkədə rəhbər olan vaxtlarıydı. Alkoqolizmə qarşı mübarizə kampaniyası geniş vüsət almış, spirtli içkiləri (pivədən başqa) ancaq axşam yeddidən sonra satırdılar. Əksər mağazaların, kafe-restoranların yanında narkoloji həkim briqadaları fəaliyyət göstərirdi. Sahə müvəkkilləri də ki bir yandan içməyə imkan vermirdilər. Bütün idarə, müəssisə və təşkilatlarda "Alkoqolizmə qarşı mübarizə cəmiyyətləri" yaradılırdı. Belə vaxtların birində Akif iş yerimə gəldi. Saat 5 olardı.

   - General, bir yaxşı yer tapmışam, saat 7-dən tez nə istəsən, vererlər. İntası, bir az uzaxdı, Şamaxinkadadı. Ancax, sən ayıx adamsan, bilersən də, könlü balıx istəyənin... Bir xeyli fikrə getdim. Nəsə məni açmadı. Gözlərində qəribə bir işartı vardı. Razılaşdım. Arağı bir az tez əldə etmək məsələsi məni də qane edirdi.

    Düz saat altıda ordaydıq. Mağaza ilə yeməkxana yanaşı idi. Yaxınlaşıb araq aldım, kafeyə girib yeməklə pivə də sifariş etdik. Hamı təəccüblə bizə baxırdı. İlk badələri süzüb təzəcə içmişdik ki, birdən kafedəkilər hərəkətə gəldilər. Pıçıltı ilə yığışdırın, yığışdırın, uçastkovu gəlir, - dedilər. Dərhal sahə müvəkkili başımızın üstünü aldı. Onunla gedəcəyimizi bildirdi. Həkim məntəqəsinə keçdik. Həkimlər protokol yazıb iş yerimizə göndərəcəkləri barədə xəbərdarlıq etdilər. Mən saymazyana davrandım. Direktor Həsən müəllim yaxşı adam idi, xətrimi də istəyirdi. Əminiydim ki, məni işdən çıxartmaz. Akif yavaşca məni dümsüklədi. Bunları razı salmasaq, vəziyyətinin yaxşı olmayacağını eyhamla anlatdı. Əlacsız qalıb əlimi həkimin cibinə saldım. Həkim özünü görməməzliyə vuraraq bizi danlamağa başladı:

   - A kişilər, dünyadan xəbəriniz yoxdumu? Qəzet oxumursunuzmu, televiziya, radio bar-bar bağırır, bütün ölkədə alkoqolizmə qarşı mübarizə kampaniyası gedir, təbliğat-təşviqat aparılır. Fil qulağındamı yatıbsınız?

  

   Akif çox sakitcə, aram-aram:

  

   - Nəvilem, - dedi.

   - Kənddənmi gəlibsiniz? Harda olursunuz?

   - Budu, burdayıx. Sumqayıtdayıx.

   - Di, yaxşı, gedin. Məlumatsız olduğunuza görə bağışlayırıq. Görünür, sizdə maariflənmə işi zəif aparılır. Həm də birinci dəfənizdir.

   Çölə çıxdıq. Sahə müvəkkili də dalımızca. Özündən razı halda saat yeddi olduğu üçün arağımızı da içə biləcəyimizi söylədi. Əhvalım pozulmuşdu. Akif məclisi davam etdirməyimizi təklif etdi. Əsəbi şəkildə:

   - Oyana radd ol, - dedim. Mən getdim yatmağa.

   Akif pivəsini içib, arağı da qoltuğundan çıxardığı institut qəzetinə bükdü, qarşıdakı doqquzmərtəbəli binada "işi" olduğunu bildirdi. Ayaq saxladım. Nəyisə yadıma salmağa çalışırdım. Birdən barmağımı dişlədim.

   - Akif, sən yer tapmırdınmı məni sürüyüb gətirməyə. Bir də ki, sən nədən qorxurdun? Şair adamsan. Əslində mən qorxmalıydım. Hərbçiyəm.

   - General! Mən şairliyimdən qorxmordum. Birdən yadıma düşdü ki, bir həftə əvvəl institutda məni "Alkoqolizmə qarşı mübarizə cəmiyyəti"nin sədr müavini seçiflər, ondan qorxordum.

   Bir gün rəssam dostu Nəvai Məmmədoğluna deyir ki, istəyirəm paytaxtın Gəncəyə köçürülməsi barədə məsələ qaldıram. Nəvai də qayıdır ki, şair, bəlkə elə Qazağı təklif edəsən. Akif bir az duruxur, sonra, yox, bajoğlu - deyir. Onda elə bilərlər yerlipərəstlik eləyirik. Qoy Gəncə olsun. Gəncə də böyüyəjək, böyüyəjək, axırda da Qazax onun bir mikrorayonu olajax.

   Qorbaçov dövründə, spirtli içkinin qıt olduğu vaxt Nəvai ilə hardansa güc-bəla ilə bir araq tapırlar. Həmişə ləng, asta-asta yeriyən şair bu dəfə qabaqda sürətlə gedir, Nəvai dalınca zorla çatırmış. Evə çatanda Nəvai təklif edir ki, bəlkə bunu qoyaq soyuducuya, saat 6-ya kimi nərd oynayaq, sonra içək. Akifin hövsələsi daralır:  

   - Sənin də heç rəhmin yoxdu! Deynən bunu indi içək, 6-da da yenə birini içərik.

   Dostumuz Ramiz Hümmətovla (Ramiz mənimlə birgə, riyaziyyat fakültəsində oxuyub, yataqxanada da bir qalmışıq) oturub yeyib içə-içə televizorda futbola baxırlarmış. Dünya çempionatında Türkiyə ilə Braziliya oynayırmış. Hasan Şaş qol vuranda Ramiz sevincindən göyə hoppanır:

   - Qool, qool, bizimkilər vurdular. Akifi qucaqlayıb öpür. Şairin futbolla elə o qədər də arası yoxuydu. Bir xeyli zəndlə baxandan sonra soruşur:

   - Aya, çempion, o keçəlimi deersən? Amma yaman qaçer haa! Nə arax dalınnan göndərmək olar!

   Bundan sonra harda mənim adımı çəkirmişlər, deyirmiş ki, o niyə adam olor? Bir dəfə növbəti məclislərin birinin qızğın çağında tək, ya adamla yeyib-içməkdən söz düşür. Məmməd İlqar deyir, mən tək içə bilirəm, arağı qoyuram qabağıma, öz-özümə sağlıq deyə-deyə bir də onda ayılıram ki, səyahətimi başa vurmuşam. Məmməd Dəmirçioğlu qayıdır ki, tək içmək mənlik döyül, gərək yanımda adam ola. Akifsə sakitcə durub qulaq asır. Soruşurlar ki, şair, sən niyə dillənmirsən?

   - Bilersinizmi, məndə bir az başqa cürdü. Mən də adamsız içəmmerəm. Adam olmuyanda da Meytiynən (yəni Mehdi) içerəm.

   Akifin tovuzlu bir polis dostu tez-tez ona dəstəsi ilə qonaqlıq verirdi. Belə növbəti məclislərin birində şair onu dostları ilə tanış etməli olur.

   - Bu İsmel Əskipalıdı. Qazaxlıdı. O birisi Zülfüqar Əhmədzadədi. Anası qazaxlıdı. Bax, bu da Akif Əhmədgildi. Öz Toozdundu. Yeyib-içib dəmləndikdən sonra polis onların hərəsindən bir-iki şeir oxumağı xahiş edir. İsmayılla Zülfüqar adama bir neçə qoşma, gəraylı deyirlər. Polis çox məmnun qalır. Növbə Akif Əhmədgilə çatanda dartınır, naz-qoz edir. Axır ki, birtəhər razılaşırlar. Akif də götürüb bir uzun - on kupletlik şeir oxuyur. Polisin hövsələsi daralır.

   - Aya, a kişi, poeziyanı bura soxma, sana deerlər şeir oxu!

  

 

   (Davamı var)

 

 

   Mehdi Şıxlinski

 

   Şərq.- 2012.- 3mart.- S.7.