var, nə yox, ay İncəyurd

 

   (Rafael İncəyurda)

 

   Nə var, nə yox bizim İncə

   Dərəmizdə, ay İncəyurd?!

   Bir təxəllüs olub "İncə"

   Hərəmizdə, ay İncəyurd!

  

   Cənnət İncə Dərəsidi, 

   Onun bəndi-bərəsidi!.. 

   Bir Koroğlu nərəsidi

   Nərəmizdə, ay İncəyurd!

  

   Çağlasın buz bulağımız,

   Gül açsın yol-yolağımız.

   Dərmandı quzqulağımız,

   Tərəmiz də, ay İncəyurd!

  

   Halallıq var dərəmizdə,

   (Həm də bizim hərəmizdə!) 

   Qurbanlıqdı kərəmiz də,

   Kürəmiz də, ay İncəyurd!

  

   ...Çalan hər kəs şadlanırdı,

   Dinləyənlər odlanırdı.

   "Qolça qopuz" adlanırdı

   Cürəmiz də, ay İncəyurd!

  

   İstəmərəm şah desələr,

   Şairik (hərgah desələr!)

   Bəsdi xeyirxah desələr

   Barəmizdə, ay İncəyurd!

  

   De, İncəli, ömür sürdük,

   Salam aldıq, salam verdik.

   Biz dərədə mərdlik gördük,

   Dərə bizdə, ay İncəyurd!

  

 

   Gözləyən

  

   Müğənni şairdən şeir gözləyir,

   Məmur hamisindən möhür gözləyir.

   Xeyirxah olanı xeyir gözləyir,

   Şərxata kəsləri şərdi gözləyən.

  

   Qayalar dumanla-sislə əlləşir,

   Yaxşılar yamanla-pislə əlləşir.

   Zərgər zərlə, misgər mislə əlləşir,

   Zərraf olanları zərdi gözləyən.

  

   Başın qarışsa da zəhmətə-işə,

   Unutma, çaqqalsız deyildir meşə!

   Əzizim, ayıq ol, ayıq həmişə,

   Bil ki: ancaq mərddi mərdi gözləyən.

  

   Düşünən başdısa, duyan ürəkdi,

   Eşqə-məhəbbətə həyan ürəkdi.

   Sirli sevdalara uyan ürəkdi,

   Ədəbi-əxlaqı sərdi gözləyən!..

  

   İncəli, gizlətmə öz heyrətini, 

   Vəsf elə mərdlərin şan-şöhrətini.

   Xalqın şərəfini, yurd qeyrətini

   Ərəndi gözləyən, ərdi gözləyən.

   01. 02. 2012

  

 

   Uçub getdi Akif Səməd

  

   Dost-düşməni, yaxşı-pisi

   Seçdi-getdi Akif Səməd.

   Dərd-kədəri şərbət kimi

   İçdi-getdi Akif Səməd.

  

   Xəbərsizcə dühasından,

   Qopdu fani dünyasından.

   Şeir-sənət dünyasından

   Keçdi-getdi Akif Səməd.

  

   Könül verib ülviyyətə,

   Tanrısıyla ünsiyyətə.

   Yol seçib əbədiyyətə,

   Köçdü-getdi Akif Səməd.

  

   Dözməyib şair köçünə,

   İncəli sızladı yenə.

   Dönüb bir ağ göyərçinə

   Uçdu-getdi Akif Səməd.

   06. 07. 2006

  

 

   Əzizim tanımadı...

  

   İIlahi özü bağlayıb

   Sözə, saza, səsə məni!

   Başqa biçimdə yaradı

   Yaradanım, nəsə, məni.

  

   Sözsüz keçmir mənim peşəm,

   Qələmimdi fırçam, tişəm.

   Halal, təmiz süd əmmişəm,

   Əmməmişəm nəs əməni.

  

   Çoxdu şeirim, azdı nəsrim,  

   Bəlkə də var kəmim-kəsrim.

   Ay İncəli, de ki: əsrim

   Tanımadı, kəsə, məni.

   28. 06. 2006

  

 

   Qənirədi

  

   Millət vəkili Qənirə xanım Paşayevaya

  

   Bizim xanım vəkillərdən  

   Ən fəalı Qənirədi.

   Ən qayğıkeş, ən dözümlü,

   Ən cəfalı Qənirədi.

   

   Həm nitqində bəlağətli,  

   Həm sözündə dəyanətli,

   Həm andında sədaqətli,

   Həm vəfalı Qənirədi.

  

   Yurdpərvərdi, elpərvərdi,

   Qarabağdı təkcə dərdi. 

   Həm natiqdi, dilavərdi,

   Həm ziyalı Qənirədi.

  

   El-gün razıdı nəyindən? 

   -Köməyindən, dəstəyindən.

   Xalqın arzu-istəyindən

   Olan halı Qənirədi.

  

   Həm Təbrizli- Ərdəbilli,

   Həm Kərküklü- Bayat elli,

   Həm Göyçəli, Zoddu, Cilli,

   Həm Şuşalı Qənirədi.

  

   De, İncəli, Oğuz elli,

   Saz vətənli, qopuz telli.

   Qazax, Şəmkir, Tovuz elli,

   Mərqd obalı Qənirədi, 

   Həm cəfalı Qənirədi.

   06. 02. 2012  

  

 

   Əziz dostum  

  

   Dostum, şair M. İsmayıla

 

   Küsüb nadanlardan, mənə sığınıb,

   Saralıb boynuma qəm, əziz dostum.

   Onu qovmağa da üzüm gəlməyir,

   Olur həm sirdaşım, həm əziz dostum.

  

   Dedim: qulunuzam, ağam qul demir,

   Hamıdan yoxsulam, o yoxsul demir.

   Məddahlar, yaltaqlar pula pul demir,

   Bəxtimə kəm düşüb, kəm, əziz dostum.

  

   Sığınıb Vətənə, elə İncəli, 

   Belə yaranmışdır -belə İncəli.

   Hərdən can atsa da zilə İncəli,

   Onunku bəm imiş- bəm, əziz dostum.

  

    

  Ələddin İncəli

 

  Şərq.- 2012.- 7 mart.- S. 12.