Şeirli bayram xonçası

 

  Bayburta üçlükdə getmişdik - Qənirə Paşayeva, şair Akif Əhmədgil və mən. Dədəm Qorqudun zamanında yaşadıq bir neçə gün. Biz qayıdan gecə tolunay idi və Ayın mübarək işığı yolumuzu aydınladırdı sanki. Əsl şeir gecəsiydi o gecə. İstərdim ki, martın 7-si, Əvşar boyundan olan Qənirə xanımın ad günü də öylə bir mübarək gecənin işığı ilə aydınlansın. Ad günün qutlu olsun, bacım. Şairin ən böyük sovqatı şeirdi məncə.

    

   Çaya baxa-baxa çay içirik biz, 

   Ləpələr üstündə işıq oynayır. 

   Dodaqlar üstündə dəli təbəssüm,

   Armudu stəkanda qaşıq oynayır.

    

   Bayburt gecəsində qənirsiz bir an,  

   Akif Qənirəni öyür durmadan,  

   Tətikdə dayanan oyunbaz bir an,  

   Oyunu bizimlə açıq oynayır.

    

   Oğuzun ocağı nə şirindir, ah,  

   Bir axşam yaşadıq qayğıdan qıraq,  

   Burası Tausdan uzaqdır, ancaq,  

   Hər tinin başında aşıq oynayır.

     

   *****

  

   Yadıma düşəndə əfşar elləri,  

   Hilal çevrəsində ulduz göründü.  

   Bağrıma basdıqca mən bu çölləri,  

   İyul sıcağı da bumbuz göründü.

      

   Əlini göylərə uzatdı qırxlar,  

   Dualar içindən yağdı yaruqlar,  

   Allahı çox sevir bizim uruqlar,  

   Allahın rizası sonsuz göründü.

      

   Şeh-şeh inci tökdü səhərin çəni,  

   Qoynuna səslədi Ağrıdağ məni,  

   "Miatsum" dedikcə kafir erməni,  

   Qisas qılıncımız qınsız göründü.

      

   Vuruldu təbillər, çalındı zənglər,  

   Şarkılar söylədi Banuçiçəklər,  

   Hər süfrə açanda qardaş ürəklər, 

   Haraya baxdımsa Oğuz göründü.

 

 

   Elxan Zal

 

   Şərq.- 2012.- 7 mart.- S.5.