"Səməd Vurğun sərxoş röyalardan ayılmayıb"

 

   (Əvvəli ötən sayımızda)

  

    O, pessimistləşir, keçmişin həsrətini və pessimizm motivlərini demək olar ki, Səməd Vurğunun bütün şeirlərində hiss edirik. "Sevgi" şeirində şair öz intim hisslərini ifadə edərkən, sevgilisinin dililə deyir;

  

   - Yazma, yazıxsan, daha yat,

   Düzələn şey deyil, onsuz da həyat

   Nə mürəkkəb, nə kağız qalmadı dur,  

   Bu əsr şairi vaxtsız unudur.

  

   Biz Səməd Vurğunun burada öz sevgilisinə, sosializm ruhunda tərbiyələnmiş gənc Azərbaycan qadınlığına böhtan atdığını bir tərəfə qoyaraq, onun belə dərin pessimizmə düşməsinin səbəblərini aydınlaşdırmalıyıq.

   Səməd Vurğun proletariatın sosializm uğrundakı qələbələrini görür, o, proletariatın qabaqcıl şairi kimi bu qələbələri əks etdirməyə çalışır, lakin keçmişin həsrəti onun ətəyindən tutub geri dartır. Dünyanın vəfasızlığı, şahidsizliyi şairi pessimizmə salır. O yenə də keçmiş həyatı, "əziz günləri" yadına salmağa məcbur olur.

   Son şeirlərindən birisi olan "Yadıma düşdü" şeiri başdan-başa patriarxal-feodal kəndin həsrətilə doludur.

   Bu həsrətdir ki, şairi sosializm quruluşunun və onun insanlarının konkret təsvirindən uzaqlaşdırır. Səməd Vurğun çox az əsərində neft uğrunda mübarizə aparan konkret insanları, neft staxanovçularını, şəhərlərin artmasını, inkişafı təsvir etmişdir. İşçi sinfinin revolyusion hərəkatını. Bakı proletariatının şərəfli tarixini. Bakı kommunalarının qəhrəmanlığını da Səməd Vurğun layiqilə təsvir etməmişdir. Əlbəttə, biz burada şairə temasifariş vermək istəmirik. Biz bu faktları qeyd etməklə, şairin tematikasının məhdudluğunu qeyd etmək istəyirik. Səməd Vurğun köhnə patriarxal həyatı təsvir edərkən ruhlanır, coşur, yeni dünyanın yeni insanlarına gəldikdə isə onun səsi və rəngi zəifləşir. Bu söylədiklərimizə Səməd Vurğunun "Azərbaycan" poeması yaxşı bir misaldır. Bu poemadakı milli motivlər də yenə Azərbaycanın patriarxal həyatına qarşı dərin bir hüsni-rəğbətdən doğur. İşçi obrazlarını şair çox sönük və bəzən tamamilə təhrif edilmiş bir şəkildə verir ("Nəfəsləri benzinkükürd qoxulu milyonlar").

   Səməd Vurğun öz oxucularını dəfələrlə, artıq "keçmiş xəstə romantikadan" uzaqlaşdığına, "babasının aciz xülyalarını, o səfil gecələrin sərxoş röyalarını unutduğuna" inandırmağa çalışmışdır. Lakin şairin yaradıcılıq inkişafı bizə açıqca göstərir ki, Səməd Vurğun o sərxoş röyaları tamamilə unutmamışdır. Bunun səbəbi nədir? Daim səmimiyyətdən danışan Səməd Vurğun Lenin-Stalin dünyagörüşünü səmimi olaraq bir çox şeirlərində göstərə bilməmişdir. O bəzən şeiri, sənəti sosializm quruluşunun praktiki işlərindən, siyasətdən, partiya tarixindən ayırmağa, şeiri mədəniyyətin hər sahəsindən üstün tutmağa və beləliklə də, özünü bütün biliklərə qarşı qoymağa çalışır. Səməd Vurğun poeziyanın intuitiv bir proses olmasına praktikada inanaraq şairə bilik, mədəniyyət çox da lazım olmadığını irəli sürür. Səməd Vurğun öz ibtidializm təsirsizliyi və "saflığı" ilə fəxr edir. İlhama, istedada arxalandığı üçündür ki, Səməd Vurğun çox lovğalanır, özünü Qafqazın tək şairi adlandırır, şair özünü dahi rus şairi Puşkinin tələbəsi kimi qələmə verir, öz Humayını böyük şairin Tatyanası ilə yan-yana qoyur. Bir çox şairlərdə belə özünüöymə zəifliyi olmuşdur, lakin bizim sovet eramızda bu zəifliyin çox dərin və sağalmaz nəticələri ola bilər. Şair lovğalandıqda, özündən bədgüman olduqda, özünü "əllameyi cahan" hesab etdikdə öz inkişaf yolunu kəsmiş olar, Don-Kixot vəziyyətinə düşər. Buna görədir ki, bu xəstəlikdən yazıçılarımızı mümkün qədər qorumalıyıq. Halbuki bizdə bu vaxta qədər ədəbiyyat təşkilatlarına soxulmuş sinfi düşmənlərin sayəsində nəinki lovğalıq və tərifləmə ilə mübarizə aparılmamış, bəlkə əksinə olaraq şairlərin daha da lovğalanmasına şərait və imkan yaradılmışdır. Bunu "Pravda" qəzeti çox fərqli olaraq göstərmişdir.

   Xalq düşmənləri tərəfindən Səməd Vurğunun Azərbaycanın Puşkini adlandırılması, onun Şiller, Beranze ilə müqayisə edilməsi şairə ziyan vurmuşdur. Bu axmaq, ikiüzlü, dərrakəsiz tərifləmələr Səməd Vurğunun öz üzərində çalışması, artması, möhkəmlənməsi zərurətini inkar etməklə, onun öz "böyüklüyünə" qane olmasına səbəb olmuşlar.

   Səməd Vurğunda poetik istedad vardır, bu şübhəsizdir; o da şübhəsizdir ki, inkişaf etməyən, bizim sovet epoxamızın qabaqcıl ideyaları səviyyəsində möhkəm dura bilməyən istedad, mənasız və boş bir şeydir. Səməd Vurğunda inkişaf etmək üçün hər bir imkan vardır.

   Partiya və sovet quruluşuna ədəbiyyatda böyük diqqət yetirdikləri kimi, Səməd Vurğun yaradıcılığında da doğru yolla inkişaf etməsi üçün yaxşı şərait yaratmışdır. Səməd Vurğunun bəzi əsərləri rus dilinə tərcümə edilib kitabça halında Tiflisdə, bir sıra şeirləri yenə ruscaya tərcümə edilib mərkəzi qəzet və jurnallarda çap olunmuşdur. 1936-cı ildə Səməd Vurğun Sovet hökuməti tərəfindən Lenin ordeni ilə mükafatlandırılmışdır.  

   Səməd, A. S. Y. İ. ümumiclasının qərarına əsasən, yaradıcılığındakı ideologiya və bədii nöqsanları aradan qaldırmaqla, burjua nasionalistlərinə qarşı ifşaedici şeirlər yazmaqla partiya və hökumətin ona olan etibarını doğrultmalıdır.

    

   "Ədəbiyyat və incəsənət" qəzeti

  

   20 sentyabr 1937-ci il.

 

 

   M.Arif

 

   Şərq.- 2012.- 10 mart.- S.10.