Akif Səmədin lətifələri

 

  (Əvvəli ötən şənbə sayımızda)

  

   Şair cavan yaşlarında dalbadal iki dəfə infarkt keçirmişdi. Həkimə getməklə də bir o qədər arası yoxuydu. Ərincəyiydi. Zorla dilə tutub ən tanınmış, məşhur həkimlərin, professorların yanına aparırdıq. Həkimlər də şairi yaxşı tanıyır, xətrini istəyirdilər. Hamısı da içkini, papirosu qəti şəkildə qadağan edirdilər. Hər dəfə də həkimdən çıxandan sonra Akif bizi danlayırdı.

   - Sizə neçə dəfə demişəm, məni, naşı dilbilməz yanına gətirməyin. Noolsun ki, professordular, savadları ha yoxdu 

   Ramizin bir yaxın qohumu vardı. İsa Mustafayev. Moskvada müdafiə etmişdi, orada da işləmişdi. Ramiz əvvəlcədən ona hər şeyi izah eləmişdi. Akifi birtəhər yola gətirə bildik, professoru o ki, var təriflədik. Müayinədən sonra şair dərhal soruşdu:

   - Doxdur, bu içkiynən nağara bilərik, hər yerdə deerlər ki, yerli-divli olmaz. İçsən, öləjəksən.

   - Narahat olma, şair. O həkimlərin keçdiyi şkola artıq köhnəlib, indi tibbdə yeni metodlar, üsullar ortaya çıxıb. Gündə yüz-yüz içə bilərsən.

   Çölə çıxdıq. Akifin üzündə bir razılıq ifadəsi vardı, rəngi-rufu açılmışdı.

   - O saat biliner ki, çox savadlı doxdurdu. Kişinin oğlu Moskvada oxuyuf gəlif. Rusdar bizdən çox irəli gediflər, o biriləri deerdi ki heç olmaz, bu hətta iki yüzə icazə verdi. Ramizlə ikimiz də özümüzü o yerə qoymadıq. Şair yüz-yüzü iki yüz kimi başa düşmüşdü.

   İranlı məşhur kardioloq-cərrah, doktor Cavad Heyət Bakıda olarkən Akif Səmədlə tanış olur. Əməliyyat üçün onu İrana dəvət edir. Klinikada şairi hərtərəfli müayinə edib, əməliyyat üçün son hazırlıq işləri aparırlar və bildirirlər ki, altı min dollar ödəməlidir. Akif əvvəl təəccüblənir, sonra sakitcə ayağa durur

   - Altı min dollarım olsaydı, daa ürəyim niyə ağrıyırdı?!

   Həmkarlarından biri Akifə özünü "canıyanan" kimi göstərmək üçün tez-tez ya az içməyini, ya da heç içməməyini məsləhət görürmüş. Bir dəfə şair dözmür:

   - A qardaş, bunun ziyan oluf-olmadığını mən sənnən qat-qat yaxşı bilerəm. Zəhmət çəkif arada özünü pis eləmə.

   Bir dəfə Akif kənddə dincəlirmiş. Yay vaxtıymış. Dostları onu Şıxlıya, Kür çayının qırağına qonaqlığa dəvət edirlər. Yaxşıca yeyib-içdikdən sonra hamı sərinlənmək üçün özünü suya atır. Şairin çimməklə arası yoxuydu, həm də üzmək bilmirdi. Balaqlarını çərməyib ayaqlarını Kürə qarışan İncə guya sallayır. Dostları səsləyir ki, şair, gəl sən də çim. Onların ağlını kəsdirmək üçün deyir!

   - Yox, mən Mehdi çimən suda çimmerəm.

   Bu söz mənim qulağıma çatmışdı. Girəvə axtarırdım. Üstündən bir az keçmiş mən də kəndə gedəsi oldum. Səhərisi Akif xəbər tutub bizə gəldi. Evdə tünlük idi. Rusiyada yaşayan qardaşımın dostları bizə yığışmışdı. Dedim, - şair, bəlkə bir təbiətin qoynuna çıxaq. Razılaşdı. Akif təbiət vurğunu idi. Bakının özündə belə, həmişə şəhərdən kənara çıxıb, bir azca kəndə-kəsəyə oxşayan yer tapan kimi orada əylənər, yeyib-içərdik.

   Əvvəlcə "Qozluq" kafesində yaxşıca başımızı açdıq, sonra da ayından-oyundan götürüb Xram və Kürün birləşməsinə, cələyə düdük. Çatan kimi Akif nərd oynamağı təklif etdi. Nədən oynayacağımızı soruşdum.

   - Çempion, Bakıda bir qonaqlıqdan.

   - Yox, şair, mən razı döyüləm, gəl belə eləyək, sən udsan, mən qonaqlıq verim, mən udsam, bu Xramda bir yerdə çiməjeyik. Bir az tərəddüd elədi.O, nərdi məndən çox yaxşı oynayırdı. Bilirdim ki, razılaşacaq.

   - Yaxşı, çempion, onsuz da uduzajaxsan.

   Başlayan kimi qorxulu-qorxulu dalbadal iki mars verdim. Namusa boğula-boğula soyundu. Dizinə kimi suya girdi. Şərtimizi pozduğunu bildirdim. Uçuna-uçuna irəlilədi. Su sinəsinə çatanda üç dəfə batıb-çıxmağını tələb etdim. Məcbur qalıb əməl etdi. Su onu təntitmişdi, titrəyə-titrəyə qırağa çıxdı. Mənsə şaqqanaq çəkib gülürdüm.

   - Bə deerdin, mən Mehdi çimən suda çimmərəm?

   - Radd ol! Allah sana nəhlət eləsin. Əəə, onnarın yanında kişilənerdim. Yaxşı, çempion, gəl o araxdan bir az tök, horttadax, bəlkə canımız qızışa. O nərd andırı da bəri elə, dərsini verem.

   İsmayıl Əskiparalının evində qonaqlığıymış. Bir polis dostu da ordaymış. İsmayıl məclisdəkiləri bir-bir ona təqdim edir.

   - Bunu tanıyırsan, Fəzail, Əskiparalıdı. Zülfüqar Əhmədzadə, mənim yaxın dostum, yaxşı bir oğlandı. Akif Səmədi...

   Bu yerdə polis tez ayaq üstə qalxır.

   - Qardaş, igidin adını eşit, üzünü görmə. Haqqınızda çox eşitmişəm. Biz tərəflərdə sizi çox sevirlər. Qazağı deyirəm. Yəqin oralarda olmayıbsınız. Sağlıq olsun, sizi Daş Salahlıya aparajam. Eşitmiş olarsınız, bizdə gələn qonağı yaxşı quruttu xəngəlin, bir də xamırrının dadına baxdırmamış buraxdı yoxdu. Şair bir əlində badə, o biri əlində papiros heyrət və təəccüblə ona baxır.

   - Aya, qovaş bir göröm. Bə mən haralıyam?

   - Qardaş, bağışlayın, üzr istəyirəm, siz iranlı döyülsünüzmü?

   - Bay sənin qıvlasız! O dediyin xəngəlin, xamırrının məskəni hardadı. Ay sağ ol, İncəlidə.

   Şairin toyu olanda Bakıdakı dostlardan heç birinə bildirmədən kəndə gedir. Elə olur ki, toya ayın-oyun almaq üçün Qazağa gələsi olur. Axtarıb Şaiq Vəli ilə Saday Budaqlını tapır. Bir az söhbətdən sonra onlardan haradan yüz ədəd limonad tapa biləcəyini soruşur. Təəccüblənirlər ki, şair o boyda limonadı neynir. Nə qədər yayındırmaq istəsə də, əmələ gəlmir. Məcbur qalıb toy məsələsini deməli olur. Qayıdırlar ki, şair, bəs bizi dəvət eləmirsən?

   - Nəvilem, - deyir. Gəlersiniz, gəlin da!

   Bu hadisədən hamıdan tez Məmməd İlqar xəbər tutur. Bir şeir yazıb "Gənclik" jurnalında Sabir Sarvanın stolunun üstünə qoyub gedir. Sabir otaqda yoxuymuş. Şeiri götürüb oxuyur və görür ki, möhürbənddə müəllifin adı yoxdur.

   Otaqdan çıxanda birinci mərtəbədə mənimlə rastlaşdı.

   - Feodal, sən Qazaxşünassan. Bax, gör bu şeir kimindir. Mən bir nəfərdən şübhələnirəm. Şeiri oxudum. Yüzə-yüz Məmməd İlqarındı, - dedim. Sonralar bu şeir Akifin razılığı ilə qəzetdə də çap olundu.

  

   Bu həmin şeirdir.  

   Sabir Sarvan, şirinliyim səndədi,  

   Gözün aydın, Akif Səməd evlənib  

   Bir toy olub, bir toy olub deyirlər 

   Tamaşaya göydə quşlar əylənib.

     

   Bir toy olub, başa gəlməz deməklə,  

   İncəlilər əlləşirmiş fələklə.  

   Hesabını onnan tut ki, küləklər  

   Araz boyu muştuluğa teylənib.

    

   Arada bir bəy çıxıbmış təhərdən,  

   Görən olub gözü dolub qəhərdən,  

   Dostlar bir az seyrək gəlib şəhərdən,  

   Dodaqaltı söyüm-söyüm söylənib.

      

   Düz yeddi gün şişlər oddan çıxmayıb,  

   Bəylərbəyi çataçatdan çıxmayıb,  

   Şükür olsun, heç nə yaddan çıxmayıb,  

   Eylənəsi nə varmışsa, eylənib.

 

   Akif Səmədlə Omar Qoçulu tanış döyüldülər, bir-birlərini qiyabi tanıyırdılar. Hər iki tərəfdən dostlar ha istəyirmişlər ki, onların tanış etsinlər, əmələ gəlmirmiş. Bir gün təsadüfən özləri AzTV-nin qarşısında rastlaşırlar. Akif Omar Qoçulunu tanıyır (onların zahiri oxşarlıqları vardı), dərhal qucaqlayıb o üzündən-bu üzündən öpür:

   - Aya, qardaş, gərək elə bizi tanışmı eləyələr? İkimiz də ala itdən manşırıx.

   Akif Ramizlə onun "Azərbaycan" nəşriyyatındakı otağında oturublarmış. Bir-birinin üzünə baxırlarmış, pulları yoxuymuş. Ha fikirləşirlərmiş, ağıllarına bir şey gəlmirmiş. Birdən Ramiz televizoru açır. Artur Rəsizadə Sumqayıtda müşavirə keçirirmiş. Sumqayıtın vəzifəli şəxslərini bir-bir qaldırıb danlayır, onlara şəhərin abadlığı üçün heç bir iş görmədiklərini xatırladırmış. Növbə "Azərkimya"nın prezidenti Fikrət Sadıxova çatanda Akif birdən ayılır və tez dostu, biznesmen Fikrətə zəng çalır:

   - Fikrət, qulaq as, gör baş nazir nə deer?

   - "...Fikrət, sən yaxşı işçisən, işçösən, amma belə olmaz axı! Niyə tək yeyirsən! O qazandığından bir az xərclə də!..

   Fikrət işi başa düşür. O da həmişə şairə hörmət edirmiş.

   - Şair, tənqiddən nəticə çıxarmaq bizim borcumuzdur. Sən Allah, otur bir taksiyə, tezcə gəl.

   Akif hərdənbir deyirdi ki, əslində sənətkarı, şairi, yazıçını hökumət saxlamalıdı.

   - Bir neft buruğu nəmənə şeydi?! Mən demerəm hamısına, layiqli şairə bircə buruq versələr, bəsidi. O da dolanar, balalarını saxlıyar, yazıb-yaradar.

   Bir gün gecdən-gec hansısa məclisdən qayıdırdıq. Şairi evinə düşürürdüm. Birdən gözüm onun hasarının düz dibindəki neft buruğuna sataşdı:

   - Şair, sən düz deyirsən. Bax, hasarı bir metr o yandan qoysaydın, bu buruq yeriyin içinə düşərdi, olardı şəxsi buruğun.

   - Həə... bə mən nə deerəm?!

   Akif radioda işləyirdi. Teleşirkətin sədri Nizami Xudiyevlə hələ Pedaqoji İnstitutdan tanışıydılar. Şair işə gələndə hərdənbir sədrin yanına qalxar, hal-əhvallaşardılar. Bir gün Akif işə gec gəlir. Sədr onu yarızarafat, yarıciddi danlayır!

   - Şair, yaman tez-tez gecikirsən? Uzaqdamı olursan?

   - Nizami müəllim, Bakının qutaracağında oloram. Əlində imkan varkən, buralardan bir öy versən!

   - Ay şair, nəynən? Hökumətmi var?!

   - Bıy!.. 

   - Şair, məni yamanca yanıltın, ha! Sən Allah, qoy oturmuşam yerimdə!

   Dostumuz, teleradioda "Bulaq" verilişinin redaktoru Müğdətlə işim varıydı. Zəngləşdik. Çöldə, Akiflə birlikdə onun maşınının yanında gözləməyimizi xahiş etdi. Akif Müğdətin maşınını tapmaqda çətinlik çəkirdi. Soruşdum ki, hansındandı, nə rəngdədi?

   - Nəvilem, general, bu sovet maşınlarının hamısı eyni şey döyülmü? Dəən, palıd rəngdədi.

   - Akif, elmi-texniki tərəqqi dövründə yaşayırıq. Sağ olmuş, sən bu maşınları seçəmmirsənmi?

   - Aya, nəvilem, hamsı bir-birinə oxşoor. Mənim bulardan başım çıxmer. İkisi üz-üzə gələndə deerəm, bu saat toqquşajaxlar.

   Təzə maşın almışdım. Elə oldu ki, Akif, Məmməd İlqar, Vəli Xramçaylı və mən kəndə, qohumum Zakir müəllimin oğlunun toyuna gedəsi olduq. Gəncədə bir dostumuz bizi qarşılayıb qonaq aparası oldu. Mən maşını restoranın qarşısında yerləşdirəndə hərə bir tərəfdən göstəriş verməyə başladı. Maşında radar varıydı, həm işıqla, həm səslə özü hər şeyi tənzimləyirdi. Akif səsi eşitcək təəccüblü-təəccüblü soruşdu:

   - Aya, general, bu niyə eleer?

   - Şair, bu radardı. Deyir ki, özünü divara vurarsan, gözlə. Xəbərdarlıq edir.

   - Çempion, maşın sənnən ağıllıdı ki! Elə onu mən də sürrəm!.

   Müzəffər Şükürlə Abbas Abdulla dəmiryolu vağzalında rastlaşırlar.

   - Yallah, yallah, - deyə Abbas hal-əhval tutur.

   - Abbas, kənddən ötrü burnumun ucu göynəyir.

   Gecə də yuxumu qarışdırmışam. İstəyirəm, bir Eynallıya dəyəm, gələm.

   - Nahaq zəhmət çəkirsən, canınçün. Sən Akif Səmədi gör, bəsdi. O gün Borçalı da yamanca mənim beynimə düşmüşdü. Getməyə hazırlaşırdım ki, Akiflə rastlaşdım. İnan Allahına, elə bil bütün Borçalını gəzdim-dolandım. Kəpənəkçinin düz-dərələrini, əzizlərimi, ata-baba yurdumu ziyarət elədim gəldim. Kişidən torpağın, yurdun ətri gəlir, üz-gözünü görəndə adam dincəlir.

   Akifin tanışlarından biri tez-tez öyünürmüş ki, o gün vətəndəydim, belə yeyib-içdik, filan gün vətənə getmişdim, dostlar elə məclis qurdular, filan-pəşməkan. Bir dəfə Akif qulaq asır, axırda soruşur:  

   - Aya, qardaş, yadımnan çıxıf, haralısan?

   - Hacıqabuldan. Necə bəyəm?

   Soruşmax, ayıf olmasın, sən orda hası bulağın başında yeyib-içerdin?!

   Bir gün Taleh Həmidlə Nizami Cəfərov rastlaşırlar. Hal-əhvaldan sonra Nizami məni soruçur (Talehə mənim "Yeni fikir" qəzetində şöbə müdiri işləməyimi Nizami təklif etmişdi). Taleh narazı-narazı başını bulayır:

   - Heç soruşma. Danışılası döyül. Başı yaxşıdı, ancaq çox tənbəldi. Həm də dar çərçivəlidi. Azərbaycan ədəbiyyatında cəmi beşcə adam tanıyır. Hamısı da Qazaxlı. İsmayıl Şıxlı, İsa Hüseynov, Şıxlı Dərya Məhəmməd, sən, bir də Akif Səməd.

   İşdə iki saat oturur, səkkiz saat da Akiflə yeyib-içir. Altı ayda cəmi üç yazı yazıb. İsa Hüseynovdan, Asif Əfəndiyevdən, bir də Şıxlı Məhəmməddən. Üç yazı səndən, üçünü də Akifdən verib. O gün otağına girmişəm, Akif də oturub yanında. Deyirəm, təzə nə yazıbsan, cavab verir ki, İsa Hüseynovdan, ya da İsmayıl Şıxlıdan müsahibə götürə bilərəm.

   Deyirəm, onları təzə vermişik. Qayıdır ki, Nizaminin hazır məqaləsi var, bəlkə onu verək. Axırı dözmədim. Dedim, belə getsə, yollarımız ayrılacaq. Mənə operativ, fəal, işgüzar adam lazımdı. Nə desə yaxşıdı:  

   - Ay Taleh müəllim, uzağa niyə gedirsən. Budu ey, hazır kadr durub yanınızda. Akif Səməd. Mənim yerimə ondan layiqlisini tapa bilməzsən.

    

 

   (Davamı var)

 

 

   Mehdi Şıxlinski

 

   Şərq.- 2012.- 10 mart.- S.11.