Təki torpaqlarımız qayıtsın...

 

 Məcburi köçkünlər bütün çətinliklərə dözməyə hazırdır

 

 MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

 

  "Babam Novruz bayramlarında havaya boş güllə atmaq üçün saxladığı tüfəngini gizlətdiyi yerdən çıxardıb təmizləməyə başladı. Hələ bayrama çox var idi, babamın da üzündə bayram hazırlığı yox, çox qəddar görkəm var idi. O bu tüfənglə heç vaxt quş da vurmamışdı ki, günahdır. Mən ilk dəfə onda başa düşdüm ki, bu tüfəngdən açılan güllə bir insanı öldürə bilər. Necə ki, bir az əvvəl aldığımız xəbərdə deyilirdi ki, ermənilər Əli və Bəxtiyar adlı iki gənci öldürüblər...

   Bədənimdə bir üşütmə, qulaqlarımda vahiməli uğultu var idi... Qorxumdan səsimi udmuşdum.

   Beləcə, müharibənin başladığını hiss elədim...

   Qarabağda yaşayanlar Novruzdan əvvəlki çərşənbə axşamlarının nə demək olduğunu bilirlər. Həmin çərşənbə axşamlarından birinin səhəri idi. Bayramla bitən gecəmiz bomboz sükuta açıldı. Məktəbdə birinci dərs olmadı ki, direktorun otağında iclasdır. Ölkədə onsuz da vəziyyət yaxşı deyildi. Ali Sovetin hər iclası o otaqda müzakirə olunurdu. Amma bu adətən, günortalar olurdu. İndi isə tezdən iclas idi. Boş dərsləri bayram edən biz, yenə qorxudan səsimizi udmuşduq. Nəhayət, heç bitməyəcəyini düşündüyümüz bu iclas bitdi və müəllimələr direktorun otağından göz yaşı içində çıxdılar. Bizim üçün nağıl bitir, hər şeyin sirri dağılırdı... Müəllimə də ağlayar?

   Fizika dərsi idi. Müəllimə tapşırdı ki, tez evə gedin, hamınızı evdə gözləyirlər. Məktəb çantalarını boşaldıb, ora öz gücünüz çatan qədər ən lazımlı şeyləri və buterbrodlar yığın. Və çox qalın geyinin...

   Doğrudan da bizi evdə gözləyirdilər. Artıq heç yandan yardım gəlməyəcəyini başa düşən böyüklərimiz bizi - qadınları və uşaqları Ağdamdan çıxartdı. Gecə Xocalıda baş verən faciə Ağdamda təkrarlanmasın deyə...

   Özümü çox yarımçıq hiss edirdim. Anam kuklamı özümlə götürməyə icazə verməmişdi ki, başqalarının evinə gedirik, olmaz.

   Beləcə yarımçıqlığı, başqalarının evini, olmazları, qaçqınlığı hiss elədim..."

   Bu ürək ağrıdan sözlərin müəllifi Vüsalə Məmmədova müharibənin, qaçqınlığın, yurdsuz qalmağın mənzərəsini elə yaradır ki, 1 milyondan artıq məcburi köçkünlərin taleyinə biganə yanaşa bilmirsən. Tale elə gətirib ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların dərdlərini ovutmaq da olmur. Onlar hər gün öz torpaqlarına qayıtmaq arzusu ilə günlərini, aylarını, illərini yola verirlər. Zaman isə düşmənlərin xeyrinə işləyir. İşğal olunmuş torpaqlarımızda ermənilər "at oynadır". Turizm mərkəzləri tikirlər, dünyanın dörd bir yanından erməniləri gətirib Qarabağda məskunlaşdırırlar. Təəssüflər olsun ki, dünya birliyi hələ də bu ədalətsizliyə laqeyddir. İnsan haqları barədə bar-bar bağıran Qərb nədənsə, bu mənzərəni görməməzlikdən gəlir.

   Baş verənlər bir reallığı konkret ortaya qoyur ki, Azərbaycan öz problemlərini özü həll etməyə məhkumdur. Ədalətsiz dünyada ədalət axtarmaq yayda qar axtarmaqdan başqa bir şey deyil. Bu gün ermənilərin işğalçılıq siyasətinə son qoyulmasa da, torpaqlarımız geri qaytarılmasa da, Azərbaycan mövcud imkanları çərçivəsində qaçqın və məcburi köçkün düşmüş vətəndaşlarımızın problemlərini həll etməyə çalışır.

   Bir neçə gün öncə Bakıda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) "Azərbaycan: məcburi köçkünlərin müdafiəsindəki boşluqların təhlili" hesabatının təqdimatı olub. Oradan səsləndirilən faktlara diqqət yetirək. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, yekun hesabat Azərbaycan hökuməti tərəfindən nəzərdən keçirilmiş, düzəlişlər üçün rəy və təkliflər bildirilmişdir. Ə.Həsənov 22 illik qaçqınlıq, 18 illik məcburi köçkünlük dövründə Azərbaycanda 1 milyona yaxın insanın problemlərinin həlli istiqamətində dövlət tərəfindən görülən işləri nəzərə çatdırıb.

   Bildirilib ki, indiyədək dövlət bu məqsədlə təqribən 2,9 milyard dollar vəsait xərcləyib. Bunun 1 milyard 300 milyonu dövlət büdcəsindən, 770 milyonu Dövlət Neft Fondunun hesabından, 780 milyon dollar isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, maliyyə qurumları tərəfindən sərf edilib. Bütün infrastrukturlara malik 64 qəsəbə salınıb, bu qəsəbələrdə 123 məktəb tikilib. Görülən tədbirlər yüz min məcburi köçkünün həyat şəraitini yaxşılaşdırıb. Qeyd olunub ki, hazırda Bakıda 216 min məcburi köçkün ağır şəraitdə yaşayır və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.

   Əli Həsənov ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlərdə beynəlxalq təşkilatların rolunu yüksək qiymətləndirib. Bildirib ki, bir sıra təşkilatlar da hökumətin bu sahəyə dair proqramları əsasında müəyyən işlər görürlər. Lakin bütün bunlara baxmayaraq, bu sahədə problemlər hələ də mövcuddur.

   BMTQAK-ın Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm bildirib ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən qurumun hesabatı iki il müddətində hazırlanıb. Onun sözlərinə görə, aparılan təhlillərdə məqsəd Azərbaycandakı məcburi köçkünlərin himayəsi zamanı mövcud boşluqları müəyyən etmək və onların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirməkdir.

   Qaçqın və məcburi köçkünlərin sosial durumlarının, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərə baxmayaraq fakt faktlığında qalır. Fakt isə ondan ibarətdir ki, onlar bu gün məskunlaşdıqları yerlərdə müvəqqətidirlər. Hələ də onların qəlblərinə vətən həsrəti, el-oba yanğısı hakimdir.

   Tanınmış incəsənət xadimlərimizin də ailələri, yaxınları, qohumları var ki, onlar da qaçqınlığın nə olduğunu bilirlər. Çünki onlar da Qarabağdan köçkün düşənlər sırasındadırlar.

   Efirlərdən sevərək, hörmətlə dinlədiyimiz sənətçilərimizin bəziləri var ki, onların problemsiz olduğunu düşünürük. Ancaq həqiqət heç də belə deyil. Qarabağdan köçkün düşən bir çox müğənnilərimiz, onların yaxın qohumları var ki, bu günə qədər məcburi köçkün həyatını yaşayırlar. Bəs tanınmış sənətçilərimiz onların problemlərindən nə dərəcədə xəbərdardılar?

    Xalq artisti Mənsum İbrahimov da qarabağlıdır. Onun ailə üzvləri, yaxın qohumları da köçkün, qaçqın həyatını yaşayıblar. Xalq artisti "Şərq"ə müsahibəsində bu barədə açıqlama verərkən Qarabağ acısından barədə danışmağın onun üçün çox ağır olduğunu vurğuladı: "Mən qarabağlıyam. Qaçqınlığın nə olduğunun gözümlə şahidi olmuşam. Qohumlarımız o həyatı bu gün də yaşayırlarsa, təbii ki, mən onların problemlərindən xəbərdaram. Qaçqınların ən böyük problemi ilk növbədə torpaqdı, Qarabağdı. Bundan ağır dərd, bundan ağır problem ola bilməz. Məcburi köçkünlər öz torpaqlarında qaçqın kimi yaşayırlar. Öz yurdlarından, dədə-baba torpaqlarından uzaq düşüblər, atalarımızın, babalarımızın qəbirlərini ziyarət edə bilmirik. Təbii ki, dövlət tərəfindən qaçqın ailələrinə yardımlar edilir. Onlar üçün yaşayış yerləri salınıb. Nə qədər qayğı olsa da, sosial problemlər var. Onlara fərdi evlər tikilir, məktəblər salınır. Mən bunları hər gün görürəm. Çünki qohumlarım orada yaşayırlar. Yaxşısı odur ki, tutaq ki, Ağdam qaçqınları Ağdamda salınan evlərdə məskunlaşdırıldı, qəsəbələr orada salınır ki, el bir-birindən uzaq düşməsin, ya laçınlılar eyni qəsəbədə yerləşdirilir ki, pərəm-pərəm olmasınlar. Bütün bunlara baxmayaraq, sosial problemlər var. Maddi problemlər adi insanlarda da var. Ancaq torpaq dərdi ilə yaşayan insanlar üçün maddi problemin olması ikiqat ağırdı. Torpaqlarımız geri qayıtsa, ən ağır şəraitdə belə yaşamağa hazırdı qaçqınlar. Hər kəs öz dədə-baba torpağına qayıtmaq istəyir. qədər qayğı olsa da, hər kəs torpağında rahat yaşaya bilər. İnşallah, bu problem həll olunacaq, Qarabağa qayıdacağıq".

    Xalq artisti Nəzakət Teymurova da Qarabağ adı gələndə, göz yaşlarına sahib ola bilmədiyini dilə gətirdi: "Mən qaçqınlığı özüm yaşamışam. O ağrını gözümlə görmüşəm. İnsanlar, ailəm, yaxınlarım bir canlarını götürüb qaça bildilər. İllərlə qurub tikdikləri evlərini, böyüdüyü, doğulduğu torpaqları qoyub gəldi. Bunu yaşamayan bilməz. Heç bir söz bu acını ifadə etməyə yetərli deyil. Çox ağırdı öz dövlətində qaçqın kimi təqdim olunasan, qaçqın adı ilə yaşayasan. Mən tələbə olanda qaçqın düşmüşük. Özüm Ağdamdanam. Kəndimiz o dəhşəti görüb. Evimizi, eşiyimizi atıb gəldik. Bir qarabağlı kimi Qarabağın hər yeri mənə əzizdi. Qaçqın adını qəbul edə bilmirəm, mən öz ölkəmdə qaçqınam. Bundan böyük dəhşət yoxdu. Bunu yalnız yaşayan bilər?

   Mənim bütün qohumlarım qaçqın həyatı yaşayır. Qaçqınlar kövrək olurlar. Onlar həm əzizlərini itiriblər, həm didərgin düşüblər. Nə qədər qayğı olsa da, həsrət yaşayırsan. Biz öz dövlətimizdə yaşaya-yaşaya doğulduğumuz məkana gedə bilmirik. Bu mənim yaramdı, mənəvi əzabdı. Mən hər gecə Qarabağı yuxularımda görürəm. Bu sadə sözlər deyil. Mən içimdə o acını yaşayıram. Dünyanın bir çox ölkələrində olmuşam, ancaq Vətənin yerini heç nə vermir. Qarabağ suyu ilə, havası ilə fərqli bir məkandı. Qarabağdan qaçqın düşəndə təkcə maddi nələrisə itirmədik. Mədəniyyətimizə zərbə vuruldu. Qarabağ musiqimizin beşiyi sayılırdı. Oradan elə böyük sənətkarlar çıxıb ki, bu gün belə sənət adamları yoxdu. Ola da bilməz. Çünki o torpağın suyunu içmişdilər, o torpağın havasını ürəklərində daşıyırdılar. İndi fikir verirsinizsə, sintetik səslər çoxalıb. Çünki Qarabağın suyundan içməyiblər.

   Problemlər çoxdu. Elə ailələr var ki, oradan çıxanda uşağının 3-4 yaşı var idi. İndi o uşaqların hərəsi bir ailə başçısıdır. Onların ailə problemləri, sosial problemləri çoxdu. Mənim qohumlarımın sosial problemləri var. Mən bunları görürəm. Ancaq hamısına kömək edə bilmirəm. Birini həyata keçirirəmsə, o biri problem həll olunmur. Mənim o qədər imkanım olmur ki, hamısının dərdini həll edim. Ən böyük problem isə qaçqınlarımız üçün torpaqdır. O torpaqlar qayıtsa, biz öz dırnağımızla evlərimizi tikərik, ac qalarıq, bilərik ki, Qarabağdayıq, doğulduğumuz məkandayıq".

    Qaçqın həyatı yaşayanları həqiqətən bir problem maraqlandırır - torpaq dərdi. Onlar öz torpaqlarında yaşamaq istəyirlər. Ac qalsalar belə, o torpağın qoxusunu hiss etmək istəyirlər. Onlar dədə-baba ocağına, dədə-baba yurduna həsrət qalıblar. O həsrətə son qoymaq istəyirlər.

 

 

   Tahirə

 

   Şərq.- 2012.- 10 mart.- S. 12.