Sosial
qayğılı Qocalar evinin sakinləri...
MÖVZU:
"Qaçqın və məcburi köçkünlərin,
əhalinin sosial cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin həlli ilə
bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
Müqəddəs
"Quran"ımızın Loğman surəsinin 14-cü ayəsində
uca rəbbimiz bəndələrinə valideynləri ilə
davranışda xəta etməmələri üçün
belə buyurmuşdur: "Biz, insana ata-anasına
(yaxşılıq etməyi, valideynlərinə yaxşı
baxmağı, onlarla gözəl davranmağı) tövsiyə
etdik". Bu bir cümlədə sözsüz
ki, anlaya bilən üçün dərin bir məna
vardır. Bəzən həyatda bir
çox şeylərin, hətta ən qeyri-adi bir şeyin belə
sənə adi gələ biləcəyinə, zamanla
mövcudluqla barışmağın, hadisələrin
reallığını dərk etməyin, heç nədən
sarsılmamağın, heç nədən dəhşətə
gəlməməyin mümkünlüyünə inana bilirsən.
Yalnız elə bir reallıqlar var ki, onlarla
heç vaxt barışa bilmirsən.
Dünyanın
bir çox dərdinə, kədərinə, problemlərinə
tab gətirmək mümkündür, amma bəzi faktlar var ki,
onlarla nə zaman qarşılaşsan, sanki ilk dəfə
eşidirsənmiş kimi dəhşətini, heyrətini, nifrətini
gizlədə bilmirsən. Bu proses, hər hansı bir
övladın valideynindən-onu dünyaya gətirən, ona həyat
verən anasından, atasından imtina etməsini
görüb-eşitdiyin zaman baş verir. Bəlkə
də həyatında 100-cü dəfə olsa belə, bu
faktla qarşılaşanda insan sanki elektrik cərəyanı
vurmuş kimi hiss edir özünü. Bu
haqda nəsə eşitmək insana hər zaman ağır gələn
haldır. Ümumiyyətlə, dərindən
oturub düşünəndə Qocalar Evinin niyə fəaliyyət
göstərdiyini anlamaq çox çətin olur. Bəzən olur ki, insan bu qurumun ləğv
olunmasını, ümumiyyətlə, onun mövcudluğuna
etiraz etmək istəyir. Çünki dərinliyə
gedəndə, insana qeyri-ixtiyari, mənbəyi bəlli olmayan
bir əsəb, hirs gəlir kimlərinsə bir naxələf
övladın mütləq varlığından əvvəlcədən
xəbərdar ola bilməsinə. Həmin o kimlərsə də belə
"övladlardan" xəbərdar olduqları
üçün, sanki onlara "yardım" məqsədilə
bir qurum yaradıb, adını da qoyur Qocalar Evi. Bəzən insanlıqdan nəsibini ala bilməyən
hansısa övladın ata-anasından imtina edib onu Qocalar Evinə
aparmaq istədiyini eşidəndə,
öz-özlüyündə düşünürsən ki,
kaş ki, heç bir Qocalar Evi fəaliyyət göstərməyəydi.
Bəlkə onda ana-atasından vaz keçən
o "övlad" elə bu səbəbdən - məhz
valideyninin gedəcək yerinin olmadığını bildiyindən
öz iyrənc niyyətindən əl çəkəcək
və ata-anasını daim öz yanında saxlayacaq. Lakin vəziyyətin dərinliyinə gedəndə
dərk edirsən ki, xəyanət ürəkdən
başlayır. Əgər o övlad
öz valideynini qəlbindən çıxarıbsa, onda onu
evindən çıxarıb-çıxarmamağının
belə bir əhəmiyyəti də yoxdur əslində.
Normal insan üçün valideynindən
imtina etməyin dərkedilməz bir reallıq olduğu normal
insanlara aydındır. Lakin qeyri-insani təfəkkürə
malik olub bu cür addım atan anormallar bəzən
utanmadan-çəkinmədən öz mənəvi cinayətlərinə
bəraət qazandırmağa, iyrənc hərəkətlərinə
haqq verərək öz vicdanlarını sakitləşdirməyə
çalışırlar. Heç bir səbəb
insanın valideynini evdən qovması üçün
keçərli ola bilməz. Həyatda
eşidə biləcəyimiz ən iyrənc söhbətlərdən
biri hansısa bir "kişi"nin və
ya qadının öz valideynlərindən nə səbəbdən
imtina etməsi üçün hazırladığı bəraət
"mətnini" eşitmək olar yəqin. Bəlkə
də çoxlarımız belə biri ilə rastlaşsaq,
onun sözünü yarıda kəsib yanından
uzaqlaşmağa çalışarıq. Əlbəttə, günah edən şəxs ən
müxtəlif yollarla öz vicdanını rahatlatmağa
çalışır, amma bağışlanılması
mümkün olmayan, eşidəndə insanın tüklərini
ürpərdən belə hallarda vicdanın rahatlanması elə
də asan olmur. Anasının varlığından
narahat olan, onunla bir evdə yaşamaqdan, onunla eyni süfrədə
yemək yeməkdən bezən bir "kişi" günlərin
birində Hz. Məhəmmədin hüzuruna gələrək
ona "Ya rəsulum, mən anamdan imtina edirəm, mənim anam
çox pisdir" deyir. Peyğəmbər (s) təmkinli
bir şəkildə kişidən "Nədən belə
bir qərara gəlmisən?"-deyə soruşur. Kişi cavabında "Ya rəsulum, mənim anam
çox pisdir, mən onun üçün hər şey edirəm,
amma anam pisdir" deyir. Peyğəmbər (s) "Anan
pis ola bilməz" deyir. Kişi
yenə öz dediyini təkrarlayır, peyğəmbər (s)
də yenə öz cavabını təkrarlamaqdan yorulmur.
Nəhayətində kişi yenə deyir:
"Ya rəsulum, mənim anam heç bir yaxışılıq
bilmir, mən onu hətta Mədinədən Məkkəyə
qədər belimdə piyada gəzdirmişəm, amma anam yenə
deyinir, yaxşılıqlarımı qiymətləndirmir"
deyir. İnsanlığın səbrinin ən gözəl
nümunəsi və səbrin ən ali mərtəbəsində
duran peyğəmbər (s) təmkinini və səbrini pozmadan
cavabında "Sən bütün həyatın boyu ananı
belində gəzdirsən də, onun səni dünyaya gətirərkən
çəkdiyi sancının birinin belə əvəzini verə
bilməzsən" deyir. Bu hədisdən örnək
alacağımız bir çox şeylər var. Peyğəmbərimizin
səbrlə belə "övladı" dinləməsi, ona
ən gözəl cavabı verməsi əlbəttə ki,
anlayan üçün dərin bir mənadır.
Biz nə qədər əksini
arzulasaq da, təəssüf ki, bu gün öz ata-anasından
imtina edən "övladlar" az deyil. Belələri ilə eyni cinsdən olduğumuza
utansaq da, çoxlarının bəlkə də həyatlarında
bir dəfə də olsun görə bilmədikləri, toxuna
bilmədikləri, nəvazişlərinə həsrət
qaldıqları valideynlərini başqa biriləri ruhları
belə incimədən vəhşicəsinə evdən qova
bilirlər. Yəqin belə
"övladlar" nə vaxtsa qocalacaqlarına inanmırlar.
Bütün ömürləri boyu cavan,
gümrah qalacaqlarını zənn edirlər. Lakin təbii ki, bu, mümkünsüz
reallıqdır. Bu gün Qocalar Evində özlərinin
ürəkağrıdıcı, qəlbyandırıcı ən
müxtəlif həyat hekayələri ilə gözləri hər
an, hər dəqiqə qapıda qalaraq ömür sürən
o qədər qocalar var ki... Bu qocalara baxanda
insanın içi parça-parça olur. Həyatda hər
şeyin təzadlı olduğuna - birinin "kaş anam-atam
sağ olaydı" deyib için-için
yandığını düşünüb, başqa birisinin
isə ömrümüzdəki ən müqəddəs
varlıqdan-valideyndən vaz keçib onları evdən qovanları
düşünüb bir daha dəhşətə gəlirsən
belə qocalara baxdıqda...
Ən təəccüblü,
ən dərkedilməzi, bəlkə də əslində
ana-ata olanlar üçün elə ən dərkediləni isə
budur ki, atılan ata-analar övladlarından qətiyyən
küsüb incimirlər. Onlar
insanlığın ən iyrənc mərtəbəsinə
enib valideynini evdən qova biləcək ürəyə sahib
övladlarına əsla kin bəsləmirlər. Əksinə, hər zaman onların yollarını
gözləyir, onlara dualar edirlər. Dərinliyini
düşünmək insana çətin belə gəlsə,
eşidəndə göz yaşlarımızı saxlaya bilməsək
də, ağrıdan ürəyimiz belə parçalansa,
qocalarımızın, ana-atalarımızın Qocalar Evinə
necə gəldiyini, onların əsl hekayələrinin necə
olduğunu düşünməmək insanın əlində
olmur. Ailəsindən, isti yuvasından, övladlarından, nəvələrindən,
evinin isti ocağından, bir sözlə, insanı var edən
bütün ailəsindən ayrı düşmüş
qocalardan biri evdən qovulduğu, oğlunun timsalındakı
kişiliyin, insanlığın öldüyü o
günü belə xatırlayır: "Bir gün evdə əyləşib
oğluma corab toxuyurdum. Hava çox soyuq idi.
Oğlum işdən gələndə əsəbi
və gərgin idi. Yoldaşı süfrəyə
çay gətirdi. Məndən də çay içməyimi
istədi: "Dedim sağ ol, qızım. Qoy corabı
toxuyum, sonra içərəm. Lap az qalıb". Oğlum
yerindən qalxaraq, süfrəni dartıb, çəkərək
qışqırdı: "Bundan sonra mən heç kəsə
çörək verməyəcəm. Daha bezmişəm! Mən qazanım gətirim, hazır yesinlər".
Doğrusunu deyim, mən çox qorxdum. Amma səsimi çıxartmadım. Özüm də xəstə idim. Belim çox möhkəm ağrıyırdı.
Mənə tərəf gələrək: "Qalx, bu gündən
bu evdə sənə yer yoxdur. Camaatın
anaları işləyir gətirir. Sən də get işlə".
Gəlin çalışdı onu sakitləşdirsin,
onu da itələdi. Mənə qapını göstərdi
və dedi: "Əlim-ayağım sənə dəyməmiş
çıx get!". Sakitcə
elə toxuduğum corabları da götürüb elə
hansı geyimdə əyləşmişdimsə, o cür də
evdən çıxdım. Həyətdə əyləşib
o corabı səhərə kimi
ağlaya-ağlaya toxuyub qurtardım. Oğlum isə
isti evdə rahat-rahat yatırdı. Amma
Allaha əl açıb yalvardım ki, qoy həmişə
belə şirin yatsın. Uşaq vaxtı
oğlum üçün oxuduğum lay-lay düşdü
yadıma. "Lay- lay Arif, a lay-lay,
körpə balam, a lay-lay". Elə oxuya-oxuya
yuxuya getmişdim. Səhər
gözümü açanda hər yanım
sızıldayırdı. Qalxıb qonşuya getmək
istəyəndə, öz-özümə: "oğul məni
istəməyəndən sonra qonşu nə edəcək"
deyib, həmişəlik oradan uzaqlaşdım. Sonra da bax bu
qocalar evini tapdım və buranı ölənə kimi
özümə ev bildim. İndi
bu corablardan onun iyini alıram. Haçan
ölsəm demişəm bunu ona versinlər. Bəlkə peşman olub, o da bu corablardan mənim
iyimi alar". Həqiqətən də
tükürpədici bir hekayədir. Bizim dəhşət
və göz yaşı içində eşidə, oxuya
bildiyimiz bu hekayənin "qəhrəmanı" da bizim kimi
insan olaraq yaradılıb. Lakin sonradan anasına - ona həyat
verən, varlığına səbəbkar olan, yer
üzündə sahib olduğu hər şeyə görə,
həyatda aldığı bütün zövqlərə -
aldığı nəfəsə, içdiyi suya, yediyi yeməyə,
hansısa bir qızı sevə bildiyinə, onunla evlənib
ata olduğuna, bir sözlə, insan olaraq
yaradılmağın xoşbəxtliyini duya bildiyinə
görə son nəfəsinə qədər borclu olduğu
qadınla belə amansız rəftar edə biləcək qədər
azğınlaşmış bir məxluqa çevrilib o
oğul. Qocalar evində sakitcə dinlənilməsi,
ağlamadan, heç bir reaksiyasız qulaq asılması
mümkün olan hekayələr yoxdur. Oradakı
valideynlər övladları tərəfindən tərk
olunsalar belə, yenə də onların yollarını
gözləyirlər. Xüsusilə də
qarşıdan gələn Novruz bayramı ərəfəsində.
Qarşılayacağımız bayramı öz isti evində-ailəsiylə,
qohum-əqrəbası ilə, nəvə-nəticələri
ilə deyil, Qocalar Evində keçirməyə məhkum
olmuş gözü yolda qalan o nur üzlü
qocalarımız, ata-analarımız hər biri böyük
bir ümid içində bayramda öz
"övladlarının" yollarını gözləyirlər.
Əlbəttə ki, qocalar evlərində
çalışan əməkdaşlar onlara xüsusi diqqətlə
yanaşırlar, onlara ev-eşiklərindən ayrı
düşdüklərini hiss etdirməməyə həssaslıq
və sonsuz diqqət göstərirlər. Eləcə də
qocalar evlərini hər zaman yoxlamağı özlərinə
vəzifə bilən QHT rəhbərləri, imkanlı şəxslər,
müğənnilər, jurnalistlər, həkimlər, bir
sözlə, qocalara qarşı dərin ehtiram və sonsuz
sevgilə onları yoxlamağa gedən, dərdlərinə
şərik olmağı, ürəklərinin arzu-istəklərini
öyrənməyi özlərinə borc bilən
bütün ziyarətçilərin gedişi qocalar
üçün böyük bir bayrama çevrilir. Çünki belə qocalar doğmaları tərəfindən
sevgidən, nəvazişdən, isti münasibətdən məhrumdurlar.
Amma hər halda, qocalar evlərində qalan
qocaların əksəriyyətinin gözü hələ də
qapıdadır. Onlardan bir çoxu hələ
də böyük bir ümid içində bir gün bir
möcüzənin baş verəcəyinə- nə vaxtsa
göz yaşlarına belə baxmayıb onları heç nəsiz,
təkbaşlarına küçəyə ata bilən qəddar
övladlarının daşlaşmış qəlblərinin
yumşalacağına ümid edirlər. Bir
gün övladlarının və ya nəvələrinin vicdanlarının
sızlayacağına və gəlib onların dizlərinə
qapanaraq bağışlanmalarını istəyib, sonra isə
bir daha heç vaxt tərk etməmək niyyətilə
onları oradan aparacaqlarının xəyallarını quraraq
yaşayır o qocaların çoxu. Oradakı
analar hələ də namazlarında Allah dərgahında sadəcə,
övladlarının bu böyük günahlarının
bağışlanılması üçün dualar edirlər.
Çünki onlar anadır. Doğru deyirlər ki, həyatda
qarşılıqsız sevmək bacarığı yalnız
anaya məxsusdur. Bu bayram bəlkə də o naxələf
övladlar üçün bir şans ola
bilər. Onlar bəlkə də etdikləri bu
böyük günahın qarşılığında ən
azından bayram vaxtı illərdir onların həsrəti ilə
alışıb-yanan, övladının qoxusu
üçün burnunun ucu göynəyən o biçarə
ana-atalarına baş çəkməklə özlərini
Tanrının qəzəbindən azacıq da olsa, saxlaya bilərlər.
Bu gün Qocalar Evində sevgiyə, qayğıya möhtac,
öz evlərində normal ailə həyatı sürən,
nəvə-nəticələrini gəzməyə
çıxaran, öz təqaüdlərindən onlara bayram hədiyyələri
alan o şanslı baba-nənələrə həsədlə
baxan, bir gün özünün də nəvələrinə
qovuşacağının xiffətini çəkən
çox qocalarımız var. Qarşıdan gələn Novruz
bayramında övladlarının möhürlənmiş qəlblərinin,
susmuş vicdanlarının "oyanacağına" inanan o
uşaq kimi kövrək qəlbə sahib olan
qocalarımızın inşallah ki, bu bayramda üzləri
güləcək. Ümid edək ki, bu dəfə
qocalarımıza baş çəkməyə, onların
bayramlarını təbrik etməyə təkcə
müğənnilər, imkanlı şəxslər, millət
vəkilləri, könüllülər, yardımsevərlər,
QHT rəhbərləri deyil, həmçinin qocaların dərdinin
əsl dərmanları olan doğma övladları, nəvə-nəticələri
də gedəcəklər.
İzolda Heydərqızı
Şərq.-2012.- 16
mart.-S.11.