Akif Səmədin lətifələri
(Əvvəli
ötən sayımızda)
Akif Səməd
Aşıq Ədalətlə Qazaxda çay içir
Akifin çox
danışmaqla arası yoxuydu. Soruşulanlara çox
qısa, bəzən də jestlə, mimika ilə cavab verərdi.
Aslan Kəmərli danışırdı ki, bu adam ərincəkliyindən
salamı da yarımçıq verir. Bir gün nəşriyyatda
rastlaşdım, hal-əhval tutmaq istədim.
- Salam-əleyküm,
şair, - dedim. Nə var, nə yox? Tələsə-tələsə
əleyk... - deyə cavab verdi.
Bir gün məclisdə
mərcləşirlər ki, görək ən qısa
sağlığı kim deyəcək. Birinci, Dəmirçioğlu
badəni qaldıraraq: "Sağ olaq" deyir.
Qayıdırlar ki, yox, bu çox uzun oldu. Məmməd
İlqar bir az fikirləşəndən sonra "olaq"
deyir. Yenə narazılıq yaranır ki, bu da uzun oldu.
Axırda hamı üzünü Akifə çevirir. Şair
də badəni götürüb şəhadət barmağını
onlara tuşlayır. Başa düşürlər ki, şair
pantomim ( səssiz) sağlıq deyib.
Evdə oturub televizorda hansısa filmə
baxırlarmış. Birdən
açıq-saçıq səhnə göstərirlər.
Şairin böyük oğlu Atilay qışqırır:
- Hamı
gözünü yumsun, heç kim baxmasın! Bir az keçəndən
sonra kiçik oğlu Ucalay ağlamsınmış
pıçıldayır:
- Atilay, qoy ata
baxsın.
Akif təzəcə
özünə telefon almışdı. Hələ tam baş çıxara
bilmirdi. Telefon
tez-tez vibrasiyaya düşür, hər dəfə zəng
çalınanda cərəyan vurmuş kimi səksənirdi.
Bir dəfə bulvarda gəzişəndə
gözüm əlimdəki qəzetdə vibrasiya ilə
bağlı yazıya sataşdı. Vibrasiyanın
insan orqanizminə ziyanından bəhs olunurdu.
- Akif, oxuyuram, qulaq as:
"Vibrasiya ürək-damar xəstəliyinə xüsusilə
pis təsir edir". Bax bu, sənə aiddi. Sonra: "Əsəb
gərginliyi və yuxusuzluğa səbəb olur". Bu da sənlikdi.
Üçüncü: "impotensiya yaradır"...
Şair
sözümü yarımçıq kəsib gülə-gülə
dilləndi:
- General, burcudammarsan, bax, bu, sana aiddi.
Mənim
uşaqlarımın toyuna dostum Əhməd Oğuz Birinci
Şıxlıda yaşayan əmisini də gətirmişdi.
Xoş-beşdən sonra onları Akifin
masasına əyləşdirdim. Bir az
keçmiş məni çağırıb
üçlükdə şəkil çəkdirməyimizi
istədiklərini bildirdilər. Şəkil
hazır olanda hərəsinə birini verdim. Əhmədin
əmisi Cahangir kişi Akifdəki şəkli
də ona verməyi xahiş edir.
Şair təəccüblənir:
- Bir dənə bəsin
döyül? Səndə ki, var!
- Bir qonşum var,
"kekebeşnik"di, ona verəjəm.
- Yox, yox, lazım
döyül, mənim şəklim onlarda var.
Akif nahara hər
gün radioda işləyən dostları - Saday Budaqlı,
Tahir Talıblı və Əhməd Oğuzla Biologiya
İnstitutunun həyətində yerləşən yeməkxanaya
gedirmiş. Bir gün həmkəndlisi,
iqtisadçı alim Qüdrət İshaqlı onlarla
rastlaşır. Qüdrəti də dəvət
edirlər. Bəzən pulları olmayanda nisyə
yazdırır, ayın axırında maaş
alanda ödəyirmişlər. Bu dəfə də
pulları yoxuymuş. Yeyib-içəndən
sonra ofisiantla sağollaşırlar, o da yaxşı yol, - deyə
cavab verir. Qüdrət mat qalır.
- Şair,
bə hesabı vermədiniz?
- Qüdrət, sən dəən
bizi ucuz əllə tutorsan!
Hər gün
yeyib-içir, ayın axırında da professorun özü
hesabımızı ödəyir.
- Bay atonnan! Nə
gözəl, nə gözəl, onda elə hər gün də
gələrəm!
Akif rayonda olanda
qonşu kəndə - Qaymaqlıya toya gedir. Bir qadın
şairi o birinə göstərərək deyir:
- Aaz, aaz, bax o
papaxlı Akif Səməddi!
- Yox, nə
danışırsan. Akifin nə yaşı var, uşaxdı.
Yağın, Səməd kişinin özüdü.
Akif Bakı Dövlət
Universitetində oxuyan bacısı qızını
tapşırmaq üçün müəllim dostlarından
birinin yanına gedir. Müəllim şairi çox hörmət-izzətlə
qarşılayır və qızın adını soruşur.
Ha fikirləşirsə, yadına sala bilmir.
- Vallah, başı
batmamışlar o qədər çoxdular ki! Addarı da bir-birinə oxşoor. Öyrənif, gəlif dəərəm.
Sən demə,
qız dayısını qarabaqara izləyir,
yaxınlaşmağa utanırmış. Birdən
özünü Akifə göstərir.
- A günün qara
olmasın, bir burya gəl, göröm! Hələ
qağana-cijinə neçə dəfə demişəm ki,
uşaxlara hasand ad qoon, yadımda qalsın.
Mən hər
yerdə, tez-tez kəndimizi - İkinci Şıxlını tərifləyirdim.
- Azərbaycanda cəmi-cümlətanı
iki fenomen, məşhur kənd var. Biri Qaxda - İlisu, o biri də
bizimki! Zarafat döyül, iki yüz alim, dörd xalq şairi
və yazıçısı, üç general!
Bir dəfə şair
özünü saxlayammadı:
- Aya, həpənd, nə
basıf bağleersən. Kəndiniz yaxşı olsoydu, adına Birinci dəərdilər, daa İkinci
niyə olordu ki!
Dostumuz,
polis polkovniki Müzəffər Süleymanovun bir bakılı
tanışı ondan xahiş edir ki, Akif Səmədin
adını çox eşitmişəm, amma üzünü
görməmişəm. Nə olar, bizi
görüşdürsən, çox savab iş
görmüş olarsan.
Müzəffər
də şairə xəbər göndərir. Üçlükdə restoranda oturub
başlarını açır və şirin-şirin
söhbət edirlər. Bu anda kimsə
Müzəffərə zəng vurub təcili
çağırır. Akiflə
bakılı ikilikdə qalırlar. Şair
üzünü ona tutur:
- Həə, qardaş,
şad oldum tanışlığımıza. Sən
çox gapcıl adamsanmış. Bakılı pərt
olur, bərk əsəbiləşir:
- Alə, bura bax, sənin
nə ixtiyarın var, mənə göpcul deyirsən?! Nöşün məni təhqir eləyirsən?!
- Aya, qardaş, mən
gopcul yox, gapcıl deerəm. Başa
düşmörsənmi?
Müzəffər
qayıdanda görür ki, aləm qarışıb bir-birinə,
bərk mübahisə gedir. İşə
qarışmalı olur:
- Qardaş, biz tərəflərdə
söhbətcil, danışıxlı adamlara gapcıl deyirlər.
- Alə, qərdüşüm,
bunu normal de də, mən də başa düşüm.
Təzədən
barışası olurlar. Hətta
gapcıl sözü bakılının o qədər
xoşuna gəlibmiş ki, özü də bu ifadəni
tez-tez işlədərmiş.
Çoxumuzun
böyük qardaş saydığımız, professor Nəsir
Əhmədli ilə restorana gedirlər. Nəsə
qulluq xoşlarına gəlmir. Nəsir müəllim
müdiri çağırtdırıb danlayır:
- Cavan oğlan, sən
bilirsən, kimlər oturub burada. Zəmanəmizin Füzulisi. Şair görür ki, müdir karıxıb
qalıb. Tez dillənir:
- Düzdü,
özüm Füzuli döyləm, ancax arvadım Füzulidəndi.
Akifin atası Səməd
əmi (gözəl, ağır taxtalı kişiydi, adına da Samballı Səməd deyirdilər,
cənnətlik olsun) həmişə bizə ondan muğayat
olmağımızı tapşırırdı. Bir dəfə üçümüz - Akif, Məmməd
İlqar və mən kəndə dincəlməyə
getmişdik. Hər gün maşınla gəlib
onları götürür, Qazağa, Ağstafaya dostlarla
görüşməyə gedirdik. Dostlar
da sağ olsunlar, qonaqlıq verməmiş buraxmırdılar.
Gecdən-gec evə qayıdırdıq. Qorxumuzdan özümüzü Səməd əmiyə
tutdurmurduq. Bir səhər kişi
axır ki, bizi yırxaladı:
- Məmməd, bə mən
nə tapşırmışdım. Sizə güvəndiyim
dağlar!..
Heç
birimiz dillənmədik. Nə deyəydik ki! Bakıya
qayıdanda Məmməd təzəcə yazdığı bu
şeiri Akiflə də razılaşdırıb Səməd
əmiyə göndərdi:
Məmməd
İlqarın ərzi halı:
Səməd əmi, bir bəri
dur, sən Allah,
Sənə
ərzim var Akifin əlindən.
Görürsənmi,
tanımadın - Məmmədəm,
Nə
kökdəyəm gör Akifin əlindən?!
Şair burda sərt deməsin,
neynəsin...
Qələmini qəddəməsin,
neynəsin...
İlham doxtur
çatdamasın, neynəsin...
Çatdayardı nər
Akifin əlindən!
Biz deyirik: - gözlə,
səni şər gəzir,
Bu
qıvlasız durub şərnən şərt kəsir?!
Qəvvaş kimi dərinlərdə
zər gəzir
Sərgərdəndi zər
Akifin əlindən!
"Nar ağacı, bar
ağacı" yazırdı,
"Düşər
mərdə dar ağacı" yazırdı.
Hökm oxunub, dar
ağacı hazırdı -
Dad eyləyir dar Akifin əlindən!
Qədim səsdi qədimlərdən
soraqdı,
Ömrü
kitab - hər günü bir varaqdı.
Bu beytin də qafiyəsi
araqdı
Tapmır o
da yer Akifin əlindən.
Yalvarsaq ki, ciblərini
qurdala -
Pul yerinə resept
çıxır bir qalaq...
İki Akif, iki Məmməd,
bir Falah
Nələr
çəkir bir Akifin əlindən?!
Aman
tanrım, tök külünü - yoxdumu?
Bundan betər
heç zülümün yoxdumu?
Beşimizə
bir ölümün yoxdumu?
Varındısa - ver
Akifin əlindən!
Dəmirçioğlunun
qızının toyuydu. Akif, Ramiz və mən
bir oturmuşduq. Məclis şirin
keçirdi, kefimiz kök idi. Vaxtın necə
tez gəlib keçməyindən xəbərimiz olmamışdı.
Başımızı qaldıranda gördük
ki, gecə saat birdi, hamı dağılışıb, toy yiyəsi
də haqq-hesablaşıb artıq işıqları
keçirirlər. Eşiyə
çıxası olduq. "Yarımçığ"ıydıq.
Könlümüzdən davam eləmək
keçirdi. Şair Məmmədin oğlu
Daşqını çağırdı:
- Çempion, NZS-in
işıqları yaner, get gör pivanoy
işdeermi?
Daşqın
tez qayıtdı ki, yox, Akif əmi, işləmir. Taksiyə əyləşəsi olduq. Məlum oldu ki, benzin qurtarıb, sürücü
yarım saatdan sonra benzin tapıb gəldi. Nəsə işimiz düz gətirmirdi. Bir az gedəndən sonra maşında problem
yarandı, yavaş gedir, heç cür sürət
götürə bilmir, bizi də yamanca silkələyirdi. Ovqatımız təlx olmuş, yeyib-içdiyimiz
burnumuzdan gəlmişdi. Mən üzümü
sürücüyə tutdum:
- Qardaş, bəlkə
maşının bir sekreti var?
- Yox, heç bir sekreti
yoxdu.
- Bir fikirləş, ola bilər,
yadından çıxıb.
Akif yavaşcı mənə
tərəf döndü:
- Aya, həpənd,
ağzında sekret deersən, heç sekreti də
açallar. Bu dəstiri birinin maşını
xaraf olufmuş, üstünə dirənellər ki, bərkə
sekretin var? Həpənd də avam olor, qayıder deer,
vallah, həyatım boyu bircə sekretim oluf, onu açsam, elin
içində dalı kösöylü
olaram. İndi yaqın, bununku da onnandı.
Burax başını, qoy görək küməmizə
sağ-salamat gedif çata bilerihmi?
Araya
sakitlik çökdü. Əvvəl mən
düşdüm, şairi də evinə qoyandan sonra
şoferin dərdi açılır:
- Bu ağsaqqallar da
heç yaxşı gap eləmədilər, yaşdarına
görə utandığımnan dillənmədim.
- Ağsaqqal dəəndə
olara neçə yaş verərsən ki?
- O birinci düşənə
əlli beş, ikinciyə də yetmiş
beş, sana əlli.
- Birinciynən mənim
qırx iki, yetmiş beş dediyinin də
cəmi qırx üçcə yaşı var.
- Onda mən sizdən
böyüyəm ki! Əlli beşin içindəyəm.
Səhərisi
bunları Ramiz bizə danışdı. Məmməd
İlqar da bizimləydi. Əlini-əlinə vurub şaqqanaq
çəkdi:
- Zalım oğlunun
yerli-dibli insafı yoxuymuş. Heç olmasa, yetmişsə
deməyib.
Mehdi
Şıxlinski
Şərq.-
2012.- 17 mart.- S. 19.