Mirzə Fətəli Axundov: "Maddi vəziyyətim məni borca düşməyə məcbur edir, səhhətimi pozur"

 

   Anadan olmasının 200 illiyi türk dünyası tərəfindən qeyd olunan Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun həyatı və fəaliyyətindən nələri bilirik? Yəni bu barədə yetərincə məlumatlıyıqmı? Düşünürük ki, bu böyük şəxsiyyət barəsində məlumatımız o qədər dərin deyil. Yalnız onu milli dramaturgiyamızın banisi, filosof və əlifba islahatçısı kimi tanıyırıq. Həyatı o qədər də ədəbiyyat tarixçilərimiz tərəfindən tədqiq olunmayıb. Onun həyatı yazıldığı kimi elə də "toy-bayram içərisində keçməyib".

   Çar Rusiyasının Qafqazda məmuru olduğu üçün əksər imtiyazlara sahibləndiyi üçün maddiyyatla bağlı problemi olmayan şəxs kimi dəyərləndirilsə də, məktublarını oxuyanda bunun əksini görürük. Maaşın azlığı, ailə məişət qayğıları ilə dolu olan bu məktubların sətirləri arasında taleyinin bu acı durumu ilə barışmayan Mirzə Fətəli görünür. O Mirzə Fətəli ki, Azərbaycanda maarifçi-demokratdır, materialist-filosofdur, "din düşmənidir".  

   Dəyərli oxucular, Mirzə Fətəlinin 1852-ci ilin 28 fevralında Qafqaz canişini dəftərxanasının direktoru Şerbin həzrətlərinə yazdığı məktubdan iqtibaslar sizin nəzərinizdə boyasız-filansız, yaxşı yaşamaq uğrunda mübarizə aparan bu böyük mütəfəkkirin əsl kimliyini göstərəcək.

   ...Qafqaz canişini kimi yüksəkməqamlı bir cənabın Şərq dilləri mütərcimi vəzifəsində çalışmağım tələb edir ki, yaxşı geyinim, özümü ailəmi heç bir ehtiyac məhrumiyyət hiss etmədən dolandıra bilim. Əks təqdirdə, şəhərin belə bir bahalıq şəraitində, ruhi həyəcan keçirmədən məndən əvvəl hökumət tərəfindən layiqincə təmin olunmuş ştabs-zabit Abbasqulu ağa Bakıxanov, Mirzəcan Mədədov Şamirxan Bəylərovun yerinə yetirdikləri işin öhdəsindən gəlmək mümkün ola bilməz.

   ... İranda külli miqdarda olan ata malımın İran şahzadəsi Abbas Mirzə tərəfindən zəbt edildiyindən indi mənim heç bir xüsusi gəlirim yoxdur. Tikinti komissiyası borcu ilə tikdirdiyim ev mənə nəinki heç bir fayda gətirmir, hətta maaşımdan ildə 300 gümüş manat dövlət xəzinəsinə verməli oluram. Ona görə qalan maaşım 12 başdan ibarət olan ailəmin ən aşağı səviyyədə yaşaması üçün zəruri ehtiyacımı ödəmir.

   ...Həyatın zəruri vasitələrinin çatışmazlığı üzündən ağır çətin vəziyyətdə olduğuma görə mən 2 il bundan əvvəl Rəyasətdən xahiş etdim ki, mənə Sartacan məntəqəsindəki xəzinəyə aid Qaracalar Təklə kəndlərindən Ağalar hüquqi əsasında iki kiçik torpaq sahəsi verilsin. Müqavilə üzrə Ağalar işlərinə aid sənədi uzun müddət tərcümə etdiyimə görə, layiq olduğum belə bir mükafat mənə qismən bir dayaq ola bilərdi. Lakin knyaz canişin bu xahişimi münasib görməyib, buyurdu mənə bildirsinlər ki, mənim əməyim başqa tərzdə maddi-yardımla qiymətləndiriləcəkdir.

   ... Mən siz zati-aliyə şifahən ərz etdim ki, maaşımdan xeyli artıq olan adi ev xərclərindən əlavə mən hər ay 15 20 gümüş manat yalnız faytonçulara verirəm, yoxsa çox vaxt xidməti vəzifəmə görə getməli olduğum yerlərdə vaxtlı-vaxtında hazır ola bilmərəm.  

   ... Maddi vəziyyətimin qeyri-kafi olması məni bir ucdan borca düşməyə məcbur edir, səhhətimi pozur məni hətta bir çox faydalı işlərlə məşğul olmaq imkanından məhrum edir. İndi bu namünasib vəziyyətdən çıxmaq üçün zati-alinizin himayəsinə ümid bəsləyərək sizdən acizanə xahiş edirəm mənim maaşıma ildə ən azı 500 gümüş manat artırılmasını knyaz canişindən xahiş edəsiniz. Bu məbləğin bir hissəsini mülki dəftərxana, bir hissəsini diplomatik dəftərxana fars dili mütərcimi üçün ştat üzrə nəzərdə tutulmuş 200 çervondan ödəsinlər, o vəsaitdən ki, hazırda mənə ondan 80 çervon verilir.

   ...Xahiş etdiyim əlavəni mənim maaşımın üstünə gəldikdə 1500 gümüş manat eləyir ki, müsəlmanlardan olan ən kiçik mütərcimlər bu məbləği İrandakı konsulxanalarda alırlar. Bu isə məni çətinlikdən və çıxılmaz vəziyyətdən çıxarıb, məndə yaranan təşəkkür hissləri məni daim öz səyli xidmətimlə zati-alilərin mərhəmətini doğrultmağa təşviq edər.

 

 

    Şərq.- 2012.- 17 mart.- S.13.