Körpələr evi...

 

   Azərbaycan dövlətinin apardığı sosial-iqtisadi siyasətin nəticəsidir ki, bu gün yoxsulluğun səviyyəsi aşağı düşüb. Aztəminatlı ailələrin sosial problemləri həllini tapıb. Bununla belə digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da həllini gözləyən bəzi məsələlər qalmaqdadır. Bunlardan biri olaraq valideyn himayəsindən məhrum uşaqlarla bağlı problemləri qeyd etmək olar. Düzdür, dövlət tərəfindən onlara müəyyən qayğı, diqqət göstərilir. Lakin bunlar kifayətdirmi? Bu qayğı onların ailədə ala biləcəkləri tərbiyəni, ailə qayğısını əvəz edə bilərmi? Təbii ki, yox.

    Heç bir yuva ana hərarətini, ana qucağını əvəz edə bilməz. O yuva nə qədər isti olsa da, nə qədər qayğı ilə əhatə olunsa da, ailə fərqli bir anlamdır. Heç bir qayğı ailə qayğısından, ailə mühitindən üstün ola bilməz. Ancaq nə yazıq ki, bizdə də valideyn himayəsindən, qayğısından məhrum minlərlə uşaq var ki, onların sabahı bizim diqqətimizdən kənarda durmamalıdır. Biz cəmiyyət olaraq hər birimiz bu uşaqların gələcəyinə cavabdehlik daşıyırıq.

   Bu gün Azərbaycanda 65 uşaq müəssisəsi (internat evləri, körpələr evi, uşaq evləri) var. Bu uşaq evlərində valideyndən məhrum olan 21 min uşaq var. Uşaqların hamısı valideyn himayəsindən məhrum olsalar da, onların 70 faizinin bioloji valideynləri var.

   Bu uşaq evlərində 14 389 şagird təhsil alır. Onların 2900-nü oğlanlar, 1155-ni isə qızlar təşkil edir. 2434 uşağın hər iki valideyni, 1142 nəfərin yalnız bir valideyni var, 399-u atılmış və ya valideyn himayəsindən məhrum olmuş, 80-i hər iki valideynini itirmiş uşaqlardır. Deinstitutlaşdırma proqramına əsasən 2015-ci ilə qədər Azərbaycanda uşaq müəssisələrinin maksimum azaldılması, valideyndən məhrum uşaqların alternativ qayğı ilə təmin olunması, onların ailələrə verilməsi nəzərdə tutulur. Proqramın həyata keçirilməsində Təhsil, Səhiyyə, Sosial Müdafiə və Əmək nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə iştirak edir.

   Valideyn himayəsindən uzaq düşmüş uşağın, yeniyetmənin və gəncin xəyallarında hər zaman doğma, isti, onu himayəsinə alacaq evə ehtiyacı var. Bu ev onlara müxtəlif yerlərdə təqdim edilir, ancaq bir çox hallarda bu yerlər onların inkişafına, dünyagörüşünün formalaşmasına, ailə qayğısına malik olmasına bir o qədər də imkan yaratmır.

   Nazirlər Kabineti "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qərar qəbul edib. Nazirlər Kabinetinin rəsmi saytına istinadən verilən məlumata görə, "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Prezidentin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib. "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə "təhsil şöbələrinin" sözləri "icra hakimiyyəti orqanlarının" sözləri ilə, "nazirlik" sözü "yerli icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin. Bundan başqa, 22-ci hissənin ikinci cümləsində "təhsil şöbəsi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları" sözləri "yerli icra hakimiyyəti orqanı" sözləri ilə əvəzlənsin. Həmçinin 43-cü hissənin ikinci cümləsində "Təhsil Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanı", 56-cı hissədə "təhsil" sözü "icra hakimiyyəti", 66-cı hissədə "təhsil" sözü " yerli icra hakimiyyəti" sözləri ilə əvəz edilsin. Sənəddə göstərilir ki, körpələr evləri, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şərait yaradılmasını təmin etmək məqsədilə belə bir addım atılır.  

   Məlum məsələdir ki, uşaq evlərində olan uşaqlar valideyn himayəsindən məhrum olduqlarından onlarla işləyən qurumlar bu işdə bir az daha həssas olmalıdır. Lakin sözügedən müəssisələrin icra hakimiyyəti orqanlarına verilməsi ortaya müəyyən suallar qoyur. Görəsən, yeni qərar nələri dəyişəcək? Bu kimi müəssisələrin sonrakı fəaliyyətində hansı yeniliklər nəzərə çarpacaq? Ümumiyyətlə, buna ehtiyac var idimi?

   Uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı dövlət proqramının (2006 - 2015-ci illər) həyata keçirilməsi davam etdiriləcək.

   Uşaqların ailələrə verilməsi prosesi nə qədər tezləşərsə, uşaq evlərində olan uşaqların sayı bir o qədər azalacaq. Demək ailələrə köçürülən uşaqlar ailə tərbiyəsi alacaq, onlara ailə qayğısı göstəriləcək. Deinstitusionalizasiya prosesi təkcə uşaq evlərində olan uşaqların sayının azalması demək deyil, eyni zamanda gələcəkdə normal vətəndaşların yetişdirilməsi istiqamətində atılan mühüm addım hesab edilə bilər.

 

   "Kadr potensialı gücləndirilməlidir"

  

   Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev bildirir ki, hər bir islahatın həyata keçirilməsi günün tələbindən irəli gəlir. Onun fikrincə, sərəncamın davamı olaraq digər islahatlar da həyata keçirilməlidir. Müsahibimiz hesab edir ki, müəssisələrin yerli icra orqanlarının tabeliyinə verilməsi qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsini zəruri edir: "Belə ki, növbəti illərdə yerli səviyyələrdə icma əsaslı mərkəzlərin yaradılması, QHT-lərə sosial sifarişlərin verilməsi işi gücləndirilməlidir. Çünki hazırda yerli icra orqanlarının Təhsil Nazirliyi ilə nisbətdə elə də böyük büdcəsi yoxdur. Ona görə də bunun müsbət həlli üçün yetərincə iş görülməlidir. Həmçinin deinstitutlaşma dövlət proqramının icraçısı Təhsil Nazirliyidir. Bu məsələyə də diqqətlə yanaşmaq lazımdır. İcra hakimiyyətlərində bu müəssisələrlə işləmək üçün kadr potensialı gücləndirilməlidir".

   Uşaq Hüquqları Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun sözlərinə görə, verilən qərarın nələri dəyişəcəyini zaman göstərəcək: "İnternatların təsərrüfat işlərini bu günə qədər də icra hakimiyyətləri yerinə yetirirdi. Təbii ki, konkret kriteriyalar göstərilməsi daha yaxşı olardı. Çünki hər kəsə qaranlıq qalan məqam odur ki, nəyə görə belə bir addım atılır. Belə çıxır ki, Təhsil Nazirliyi işin öhdəsindən lazımi qədər gələ bilmir. Lakin icra hakimiyyətlərinin uşaq evləri və internatlarda quracağı yeni struktur da hələ ki, heç kəsə bəlli deyil".

   Sözügedən müəssisələri hansı qurumun idarə etməsi vacib deyil, əsas olan orada yaşayan uşaqların hüquqlarının lazımi şəkildə qorunması məsələsidir. İnternat sosial obyekt olmaqla bərabər, uşaqların gələcək həyata qədəm qoymaları üçün önəm daşıyan mühitdir. Ona görə də bu məsələdə maksimal dərəcədə ehtiyatlı olmaq lazımdır. Buradakı uşaqlarla işləyən əməkdaşlar, həmçinin müəssisənin direktoru az da olsa, gördüyü işdən xəbərdar idi. İndi isə icra hakimiyyəti orqanının yeni uşaq evinə yeni kadrlar cəlb edəcəyi də istisna deyil. Lakin həmin işçinin öz işinin öhdəsindən nə dərəcədə gələcəyi və uşaqların psixologiyasından nə dərəcədə anlayışlı olması da sual altındadır. Elə ona görə də, bu məsələlərə bir qədər də həssas yanaşmaq vacibdir. Sistem tamamilə qurulmadan Təhsil Nazirliyi əlaqəni uşaq evlərindən kəsməməlidir, onları əhatə edən problemlərlə maraqlanmalıdır. Qarşılıqlı əməkdaşlıq nəticəsində yeni struktur yaradılmalıdır.

   Uşaq evlərinə atılmış, ata-ana qayğısından məhrum olmuş uşaqların sığınacaq yeridir. Uşaqların heç də hamısı internata eyni səbəbdən düşmür. Bəziləri valideynlərini itirdiyinə görə, bəziləri isə ata və anasının məsuliyyətsizliyi ucbatından doğma ocağından qoparılaraq uşaq evlərinə atılır.

   Uşaq evlərində böyüyən uşaqlarla valideyn himayəsində, ana qucağında boya-başa çatan uşaq arasında çox ciddi fərqlər müşahidə olunur. İnternat uşaqlarında əksər hallarda həm onlardan könüllü imtina eləmiş valideynlərinə, həm cəmiyyətə, həm də bütün bəşəriyyətə qarşı kin-küdurət, aqressiya olur. Bu uşaqlar öz səhvini anlayıb onları yenidən ailəsinə qaytarmaq istəyən valideynlərini çox vaxt bağışlamaq istəmir. Onlarda ata və analarına qarşı tükənməz nifrət formalaşır. Belə uşaqlar çox erkən yaşdan heç kəsə lazım olmadıqları, yaşamaqlarının faydası olduğu haqda düşünməyə başlayır. Müşahidələr göstərir ki, bu əhval-ruhiyyədə böyüyən uşaqlar yetkinlik yaşına çatdıqdan sonra içində bəslədiyi aqressiyanı konkret olaraq insanlar üzərində sınaqdan çıxarır. Bir çox hallarda isə bu uşaqlar tez böyüməyə can atır ki, uşaq evindən çıxdıqdan sonra valideynlərindən qisas alsın.

    Məlumdur ki, bir neçə il bundan əvvəl dövlət proqramına əsasən uşaq evlərində və internatlarda yaşayan uşaqların ailələrə verilməsi prosesi həyata keçirilməyə başlayıb. Amma məsələ burasındadır ki, bu uşaqların ailələrə adaptasiyası olduqca ağrılı keçir.

    Bildirdiyimiz kimi, uşaq evləri və internata verilən uşaqlar öz valideynlərinə aqressiya ilə yanaşır və onları bağışlamır. Belə uşaqların valideynlərinə uyuşması, onlarla dil tapması, ümumiyyətlə onları övladlığa götürmək istəyən ailələrə doğmalaşması üçün bir reabilitasiya mərkəzi olmalıdır. Faktlar var ki, hökumət xəttilə ailələrə verilən uşaqların bir çoxu qısa müddətdən sonra evdən qaçmağa cəhd göstərir. Sosioloq və psixoloqlar da hesab edir ki, reabilitasiya mərkəzlərinin yaradılması vacib məsələdir. Onlara görə, bu reabilitasiya mərkəzləri uşaqların həyata hazırlanmasında böyük rol oynaya və bu mərkəzlərdə uşaqlara cəmiyyət, ailə vərdişləri tədricən aşılana bilər.

   Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, psixoloqlar Uşaq ilində bu cür reabilitasiya mərkəzlərinin yaradılmasına ümid edirmiş, lakin indiyə qədər belə mərkəzlər yoxdur: "Müəyyən işlər görüldü, amma reabilitasiya ilə bağlı məsələ bir az yubanır. Qrant layihələri çərçivəsində müəyyən uşaq reabilitasiya mərkəzləri qurmağa çalışırlar. Düşünürəm ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır. Bu gün ən çox buna ehtiyacı olan uşaq evlərindəki uşaq və yeniyetmələrdir ki, onlara da mütləq reabilitasiya xidmətlərinin göstərilməsi vacibdir. O cür uşaqlar ailəsi tərəfindən uşaq evinə atıldığını biləndə onlarda valideynlərinə qarşı aqressiya formalaşır. Onlar valideynlərini qəbul eləmək istəmir. Digər tərəfdən isə bu uşaqlarda bir güvənsizlik yaranır, bunun nəticəsində də cəmiyyətə qarşı aqressiv davranırlar. Yaxın keçmişə baxsaq, Sovet dövründə partiya işinə məsul vəzifələrə əsasən uşaq evlərində böyüyən şəxslər götürülürdü. Düzdür, o vaxt onlar dövlətə bağlılıq ruhunda tərbiyə olunurdu. Bu şəxslər öz güvənini insanlarda deyil, dövlətdə tapırdı, onlar üçün dövlət önəmli idi. Uşaq evlərində böyüyən uşaqlarda güvən problemi olur. Bu cür uşaqlar reabilitasiya keçmədiyi üçün uşaq evlərindən çıxdıqdan sonra cinayətə meyl göstərir, müxtəlif cinayətkar qruplaşmalarda təmsil olunur. Xaricdə uşaq evlərindən çıxan adamların sosial layihələr çərçivəsində yaşayışını təmin etmək üçün tədbirlər görülür. Düşünürəm ki, bu məsələ yaxın vaxtlarda bizdə də öz həllini tapacaq."

    Fəlsəfə elmləri doktoru, professor, tanınmış sosioloq Əhməd Qəşəmoğlu da hesab edir ki, uşaqların ailələrə adaptasiya olunması üçün münbit şərait lazımdır. Onun sözlərinə görə, artıq dövlət səviyyəsində bu problemin köklü həllinə başlanıb: "Artıq dövlət də, beynəlxalq təşkilatlar da qəbul edir ki, uşaqların nəinki valideynlərindən, hətta cəmiyyətdən də izolə olunması yaxşı hal deyil. İndi rəsmi səviyyədə təşəbbüs göstərilir ki, uşaq evlərində olanlar ailələrə, öz valideynlərinə, yaxın qohumlarına verilsin. Bu beynəlxalq təşkilatlar vəziyyəti yaxşı olmayan ailələrə yardım etmək istəyir ki, həmin uşaqları "gün ərzi" məktəblərində oxutsunlar. Yəni uşağı səhər "gün ərzi" məktəbinə gətirib axşam isə evə apararlar. Uşaqların cəmiyyətdən təcrid olunması onların psixologiyasına mənfi təsir edir. Bunun aradan qaldırılması istiqamətində işlər aparılmalıdır. Bu istiqamətdə dövlət özü də iş aparır".

  

    (Davamı var)

 

 

    Tahirə

 

    Şərq.- 2012.- 28 mart.- S.12.