Sözün Dəmirçioğlusu

 

    Məmməd Dəmirçoğlu Azərbaycanda bu gün gerçəkdən şair, rəssam - həykəltaraş, aşıq kimi özünütəsdiq mərhələsini bir sənətkar kimi çoxdan aşıb. Doğal olaraq, bu yolun təsdiqi birbaşa İncə Dərəsi kimi qam - şaman duyğulu, tarixin ən əski Türk inanclı kosmoqoniq dəyərlərinin qorunduğu bir yurdda qazanıb bu uğurlarını.

     M.Dəmirçioğlu dünyanın harasına getsə, harada yaşasa da, O, hər yerdə qədim türk şeiriyyətini təmsil edir. Dəmirçioğlunun doğulduğu yurd Qafqazda türkün böyük ruhunu, özümlülüyünü geniş tutumda yaşadan Qazax qəzasının bir inanclı bölgəsidir. Hacı Əfəndi heçdən bu torpaqda gömülməyib. Heçdən İncə Dərəsi inanclı ziyarət kimi anılan oymaq deyil. Mən daha çox bu bölgəyə" İncə Vadisi" deyirəm.

      Qazax qəzası mövcud olanda bu torpaq Molla Pənah Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, Hüseyn Arif, Muğanna, İsmayıl Şıxlı, Azərbaycan Xalq Cümhuriyyətini quran və qoruyan neçə - neçə generallar yetişdirmişdi. Sonralar bu qəzadan Göyçəmizi, Dilcan vadisini ayırdılar. Bu möhtəşəm vadinin torpaqlarında Gədəbəy, Qazax, Tovuz, Ağstafa, Şəmkir adlı bölgələr yaradıldı. Beləcə qəzanın tamlığını, bütünlüynü daraldaraq, kiçiltmək, Azərbaycanımızda, tamam Qafqazlarda türkün ulusal ruhunu da daraltmağa doğru istiqamətləndirilmiş məqsədli bir siyasət yürüdüldü. Qəza öz yerində, burada yaşayan insanlar da öz yerində.... Çatışmayan tək bircə şey öncələrdə olan bütünlük...

      Mən mərhum arxadaşlarım Ağamalı Sadiq Əfəndi və Akif Səmədi ilk olaraq, türk ruhunun daşıyıcıları kimi tanımışam. Daha sonralar Məmməd İlqar, Məhəmməd Dəmirçioğlu, Nəvai İncəli, Rəfail İncəyurd, Məhəmməd Aslanbəyli kimi gerçəkdən böyük ülküdaşlarımla arxadaşlıq etmişəm.Onların hamısı şeirlərində, duyğularında bir birlərinə bənzəyirlər. Elə səsləri də, xarakterləri də bir birlərinə bənzəyir. Bu nə biçim, nə nə uyğunluq, deyə hər zaman özümə bir sual vermişəm. İncə Vadisini tanımayanlar, bu torpağa ayq basmayanlar bu uyarlığı anlamazlar.

      İndi böyük bir acılar içində yaşayıram. Bu acılar Ağamalı Sadıq Əfəndimizin və Akif Səmədimizin yoxluğudur. Bircə təsəllimiz, həm də ağsaqqallığı ilə bir az bu acıları unutduran indi ardi artıq " Böyük Abilərimiz"ə çevrilən Məmməd İlqar və Məmməd Dəmirçioğludur. Mən bu iki şəxsiyyəti bir birlərindən ayıra bilmirəm. Necə ki, Ağamalı Əfəndimizi və Akif Səmədi bir - birlərindən ayıra bilmirdim.

     Dəmirçioğlunun yaratdığı heykəllər neçə illərdi Azərbaycanımızı, Qazaxıstanımızı, Özbəkistanımızı, tamamilə Türküstanımızı süsəyir. Bu süsləmələrdə türkün qədim ruhu yaşar. Dəmirçioğlunun şah əsərlərindən biri arxadaş, könül sirdaşı Ağamalı Sadiq Əfəndinin xatirəsinə ərməğan etdiyi abidədir. Bu əsərdə Dəmirçioğlu təkcə daş abidə deyil, həm də ucaqsız-bucaqsız türk yurdunu sevənlərin, Azərbaycan Milli Davasını yaşadanların ümumiləşdirilmiş obrazını yaradıb. Abidələşən Ağamalı Sadiq Əfəndi bu obrazın həykəlləşən simvoluna çevrilib.

      Dəmirçioğlu aşıqdır. Aşıq kimi sazında və sözündə məclislər üçün deyil, sadəcə türkün ulu yaddaşını bu günümüzdə yaşadan, duyğularımıza hopduran bir ozandır. Sadəcə, könül dostlarının məclislərində qam - şaman anlamının çulğalandığı bir anlama bərabər hamını riqqətə gətirir, duyğulandırır.

      Dəmirçioğlunun məclislərində saza - sözə, bir də aşıq havalarının ruhumuzun ən incə məqamlarına kimi iç yanğımızı alovlandırır. Bu yanğı türkün azman, qos - qoca tarixinin yanğısıdır.

      Dəmirçioğlu şairdir. Sözün rəndini, sözün duyumunu, sözün ruhunu anlamayan şeir yaza bilməz. Şeir təkcə misralar, rədifli tutum deyil. Şeir olayın, duyğuların içindən süzülüb gələn bir hissdir. Bu hisslərdə nə qədər səmimisənsə, təmiz duyğulusansa, şeirin hikməti, dəyəri və önəmi də bir o qədər əsl ədəbiyyata çevrilir. Dəmirçioğlu misralada yaşanan hisslərin şairidir. Bu şeirlərdə də duymaq olur ki, Dəmirçioğlu duyğu, fikir xiridarıdır.

      Dəmirçioğlu ən böyük arxadaşdır. Məmməd İlqarı, Nəvai İncəlini, Rəfail İncəyurdu bir yerdə, birlikdə görəndə bu böyük həqiqəti anlamaq olaq. Dəmirçioğlu harada olsa da, hər zaman ilk olaraq, bütün arxadaşlarını, könül sirdaşlarini arayan, hamını bir yerə toparlayan, hamıya birlikdə ortaq dərdələşməyə, yenidən ruhları qayğılandıran bir arxadaşdır.

    Ən əski qam - şaman inanclarından biri belədir: "İnsan harada doğulubsa, orada da torpağa gömülməlidir". Doğum ölüm arasında yaşanan ömür isə torpağa sadiqliyin, ona müqəddəs bir ruh kimi yanaşmağın süzgəcindən keçir. İncə Vadisində bu qutsal törə indiyə kimi yaşanmaqda, qorunmaqdadır. İnsan bu törəyə əməl etdikdə daha da müqəddəsləşir, daha da ulusa - elata yaxın və doğma olur.

      Dəmirçioğlu tək öz şəxsi və fərdi keyfiyyətlərinə görə deyil, ailəsində, müqəddəs saydığı arxadaşlarının yanında, Qazax qəzasında bu gün yaşına, başına, sözünə, ustadlığına görə sayılıb seçilən kişilərdəndir. Son nəhəngimiz İsmayıl Şıxlıdan sonra, qəzanın bütünlüyünü, milli dəyərlər içində əski türk böyüklüyünü, qamşaman ruhunu yaşadan kişilər sırasında Dəmirçioğlu yaşamının 55 ilində bunu təsdiq edib. Artıq mən ona sadəcə"A Məmməd" deyə müraciət edə bilmirəm. Mən artıq ona "Dəmirçioğlu Məmməd kişi!" deyəcəm. Məmməd kişi özündən öncəki kişilərin yolu ilə gedir.

      Dəmirçioğludan daha böyük ədəbi əsərlər gözləyirəm. Dəmirçioğluna ən azından bir əsrlik ömür yaşamasını diləyirəm. Dəmirçioğlu bunlara layiqdir. Rəssam - həykəltaraş, şair, aşıq və bir insan kimi özünü təsdıq edib. Bu, hər kimsəyə nəsib olan ucalıq, ömür deyil. Arxadaşım Sən bütün ucalıqlara layiq bir kişisən. Tanrı Sənə bu ucalığı bəxş edib. Uca ömrün ucalığına görə türk ruhuna borclusan. Bu borcu bir kişi kimi çoxdan ödəmisən. Bizlər də Səndən öyəmirik. Hər şeyi.... Tanrının türkə bəxş etdiyi bütün özəllikləri Səndən öyrənirik.... İndi Sən ustadlar kimi öyrədən kişilər sırasındasan. Heç kimsəyə nəsib olmayan bir yoldur bu. Məmməd kişi İlqarla yanaşı gedirsən bu yolu. Bu yol səninlə başlayan və yaşanılan bir yoldur.

 

 

     Ənvər Börüsoy

 

     Şərq.- 2012.- 31 mart.- S.18.