"Qaçın, qaçın, şairlər gəlir"

 

   Akif Səmədin lətifələri

 

   (Əvvəli ötən sayımızda)

  

   Bir gün Akif Səməd el şairləri haqda veriliş hazırlamaq üçün çəkiliş qrupunu da götürüb Qazağa gedir. Kəndbəkənd gəzir, ha soraqlaşır, bir dənə də el şairi tapa bilmir. Əlacsız qalıb geri qayıdır. "Azərbaycan" nəşriyyatının qarşısında Nəsir müəllimlə qarşılaşır:

   - Ay Nəsir müəllim, dəən bu Qazağa boş yerə şairlər vətəni deermişdər. Əsl el şairləri Touzdaymış ki! Soraxlarını indi almışam. Sən dünyagörmüş adamsan, gəl mənnən gedəy Touza, el şairlərini göstər, onnardan bir veriliş hazırrıyım. A kişinin oğlu, o boyda yekə Qazaxda, Ağstafada dişə vurulası bircə dənə də olsun el şairi yoxuymuş!

   - Məzən olsun, Akif! Aya, Qazaxda el şairi qalmayıb ha, hamısı xalq şairidi!

   Akif yaxşı tanıdığı şair dostlarının birindən qəsdən soruşur:

   - Çempion, yadımnan çıxıf, sən haralı oldun?

   - Baa, şair, inciyərəm, bilmirsən şirvanlıyam?!

   - Get, o gopu başqalarına elə. Savaxdan duruf elə üzümə baxersan. Nətəəri Şirvannısan, civində bircə dənə də şirvanın yoxdu?

   Kamaləddin Qədimlə bərk dost olan şair bir gün onunla qarşılaşır 

   - Canınçü, Kamaləddin, harda səni kimi yaxşı naxçıvannı görörəm, o saat elə bilerəm Qazaxlıdı!

   Məmməd İsmayıl teleşirkətin sədri olan vaxtlar bir gün Akif Səmədlə rastlaşır

   - Akif bəy, səndən incimişəm. Ən azından həmkarıq, bir-birimizə qarşılıqlı hörmətimiz var, müdirinəm, salam niyə vermirsən?

   - Vallah, Məmməd bəy, mənim bircə müdürüm var, o da Gülbəniz Hüseynovadı. Ona da hər gün əlli kərə salam vererəm.

   Saday Budaqlı ilə Əhməd Oğuzun ad günüymüş. Kefi kök, damağı çağ təzəcə televiziyanın həyətinə giriblərmiş ki, Nizami Xudiyevlə üz-üzə gəlirlər. Sadayla Əhməd görürlər ki, yox, xına o xınadan deyil, tez aradan çıxırlar. Şair meydanda tək qalır. Nizami müəllim zəndlə Akifi süzür.

   - Ad gününə gederəm.

   - Gələnə oxşayırsan.

   - Bir azca kəsirim qalıf.

   Dostlar şairə dəvətnamə gətirirlər ki, bəs adaşın Akif Əhmədgil səni uşaqlarının kiçik toyuna çağırır. Akif halını pozmur:

   - Aya, bu sağ olmuş dəvətnameyi nineerdi! Əsas puldu. Pul göndərsin, dəvətnaməsiz də gedərdim!

   Futbol üzrə dünya çempionatında Türkiyə yığma komandasının hücumçusu Hasan Şaş Braziliyanın qapısına qol vurmuşdu. Bundan cuşa gələn camaat əllərində Türkiyə və Azərbaycan bayraqları Azadlıq meydanına axışırdı. Futboldan o qədər də başı çıxmayan, amma bu qola çox sevinən şair də dostu Ramizə qoşulub meydana gəlir. İzdihamın içində gənc dostumuz, xətrini çox istədiyi Həmid Ormanlı ilə rastlaşır. Həmidi bağrına basır:

   - Görörsən daa, çempion, oğlannar var! Paşaların başınnan elliyəmmədiyini gözünə döndüyüm Hasan ketinin ujunnanjıx elədi!

   Həmid Ormanlı şairi hərdən qurudlu xəngəl qonaqlığına dəvət edirmiş. Belə məclislərin birində Akifi qonşusu Vaqif müəllimlə tanış edir:

   - Akif qağa, Vaqif müəllim əsl saz-söz xiridarıdı. Gədəbəylidi.

   - Deynən, Gədəbəyli yox, Qazaxlıdı. Yadında saxla, yayda yaylağa qalxıf, payızda ərindiyinnən arana enmiyən Qazaxlıya Gədəbəyli deyler.

   Ramiz Hümmətovun ayağında "qızıl yel" varıydı. Hərdənbir xəstəlik onu incidəndə həmkəndlisi, adaşı Ramiz həkimin yanına gedirdi. Özü çətinlik çəkdiyindən hər dəfə dostlardan biri onu maşınla aparası olurdu. İlk gün Akif Əhmədgillə gedir. Səhərisi Mahmud Vəliylə Həmid Ormanlı gəlib maşınla aparırlar. Hal-əhvaldan sonra müalicənin gedişatı ilə maraqlanırlar. Ramiz həkim razılığını bildirir:

    - Vaxtlı-vaxtında gəlib-getsə tez sağalacaq.

    Sağ olsunlar sadiq dostları! Dünən Akif Səməd gətirmişdi. Bu gün də siz. Mahmud Vəli cəld dillənir:

    - Doxtur, qəti narahat olma! Bax, görürsənmi, deyirsən dünən Akif Səməd gətirmişdi, sabah da inşallah, Ağamalı gətirər!

    Akif Bilgədə kardioloji sanatoriyada dincəlirdi. Şərif həkimin təyin etdiyi müalicə kursuna ciddi əməl edirdi. Papirosu tərgitmiş, içki məclislərindən uzaq qaçırdı. Biz də tez-tez yanına gedir, başını qatır, darıxmağa qoymurduq.

    Bir gün də dostu, polis polkovniki Tahir Qoca oğlu onu yoluxmağa gedir. Kafedə əyləşib yemək sifariş verirlər. Tahir təkid edir:

    - Şair, bir yüz qram!

   - Tahir, tərgitmişəm.

   - Yaxşı, görək də! Vallah yüz qramnan heç nə olmaz.

   - Heç nə olmaz? Ay məzən olsun! Onda heç içmerəm. Mən içerəm ki, bir şey olsun.

   Bir gün ən yaxın dostlarından olan İlham həkimin yanına gedir. Həkim Akifdən indi gündə nə qədər içdiyini soruşur.

   - Üç yüz.

   - Şair, dedim axı, uzağı yüz qram olar!

   - Ay sağ ol, yüz sən, iki yüz də İsax doxdur icazə verif.

   Xeyrəddin Qoca Akifi tərifləyir, bağ belə, bostan belə.

  - Şair, sən mənim kumirimsən. İnan Allahına, verilişləriyin bircəciyini də buraxmıram. Sən "Şəbəkə" proqramında danışanda maşını saxlayıb diqqətlə dinləyirəm ki, bircə sözünü də ötürməyim.

  Seçki ərəfəsiymiş. Belə təntənəli girişdən sonra "Qara qız" dərdini açır:

  - Akif, seçilməsəm, "Yeni Azərbaycan"dan çıxacağam.

 Şair onun canfəşanlığını göydə tutur:

 - Xeyrəddin, bax, elə bil radiodan danışeram. Başın haqqı, sən də seçilsən, mən başımı götürüf Azərbaycannan yerri-divli gedəjəm. Gedif Qarayazıda bir kümə tikif it, at saxlayajam.

Sovet dönəmində gənclərin ideya-əxlaqi və mənəvi-estetik tərbiyəsində təbliğat-təşviqat işinə ciddi fikir verilirdi. Məktəblərdə, texnikum və institutlarda şagirdlərin, tələbələrin şair və yazıçılarla müntəzəm olaraq görüşləri keçirilirdi. Bu, xüsusən sosialist şəhəri Sumqayıtda bir adət halını almışdı. Özü də belə tədbirlər dərsdən sonra təşkil olunurdu. Sumqayıtda da texnikum və institut az olduğundan görüş növbəsi tez-tez çatırmış. Açığı, tələbələr belə görüşlərə o qədər də maraq göstərmir, imkan tapan kimi aradan çıxırlarmış. Bir gün texnikumlardan birində növbəti tədbir olasıymış. Tələbələrdən biri ikinci mərtəbənin pəncərəsindən baxanda görür ki, Sumqayıt şairləri budur gəlir. Qabaqda Əşrəf Şəfiyev, arxasınca da Şaiq Vəli, Rəşid İsgəndər, Məmməd İlqar və Akif Səməd. Tez bütün dəhliz boyu qışqırır:

- Qaçın, qaçın, şairlər gəlir.

Mehdi Şıxlinski

P.S. Oxucu! Çağdaş şairlərin, ədəbiyyat adamlarının bəzilərini tanımasan da, əminəm ki, Akif Səmədi yaxşıca tanıyırdın və tanıyırsan da. O, təkcə yazdıqları ilə yox, yazmadıqları (daha doğrusu, əcəldən qaçıb yaza bilmədikləri ilə də böyük bir şair, hamımızın sevdiyimiz bir şəxsiyyət, qos-qoca bir türk oğlu türk idi. Akif Səməd ömrünün, həyatının görünən tərəfinə (şeirlərinə, ədəbi-bədii yazılarına, televiziya filmlərinə, radio verilişlərinə) bələdsən. Görünməyən tərəfini də (həyatının, məişətinin, xarakterinin sənin bilmədiyin nüanslarını) mən yazmağa cəhd etdim. Bu yazılardan sonra səndə belə təəssürat, qənaət yarana bilər ki, Akif Səməd sadəlövh, ərincək, günlərini yalnız kefdə-damağda keçirmiş bir adam olub. Qətiyyən yox! Yazı-pozusunda çox səliqəli, olduqca məsuliyyətli, ayıq, fəal, operativ idi. Ədəbi-bədii mühitdə gedən proseslərə dərhal reaksiya verər, aktiv şəkildə polemikalara, diskussiyalara qoşulardı. O, öz şəxsi iş-gücü, ailə-məişət həyatı ilə bağlı məsələlərdə ərincəyiydi. Başqalarının, dostların problemləri ortaya çıxanda döşünü qabağa verər, imkanı daxilində o işin həll olunmasına çalışardı. Mən bəlkə də onun qədər çox mütaliə edən ikinci bir kəs görmədim. Zor-xoş mənə də oxutdururdu: "General, oxu dünyadan xavarın olsun", - deyirdi. Cəmi qırx beş il yaşadı. Amma bu fani dünyadan kamını aldı getdi. Qırx beş ildə yüz ilə bərabər bir nurani-pirani kişi ömrü yaşadı. Akif Səməd ömrünün, həyat və məişətinin, xarakterinin görünməyən tərəfini nə dərəcədə sənə çatdıra bildim, deyəmmərəm. Qüsur varsa, üzürlü sayın. O anları bir daha xatırlamaq, yenidən yamaşaq mənim üçün doğrudan da çətin oldu. Ancaq bu, mənim Akifin ruhu qarşısında bir mənəvi borcum idi. 10.03.2012-ci il.

 

 

Mehdi Şıxlinski

 

Şərq.- 2012.- 31 mart.- S.19.