Unikal adam
Gələn il aprelin 1-i Aqil Abbasın 60 yaşı tamam olacaq. Amma
Aqillə bağlı
ürək sözlərini
demək, haqqında yazmaq üçün bir il gözləməyə nə
hacət? Aqil elə adamdı ki, ən az görüb tanıyan kəs də onun barəsində
məmnunluqla, ağızdolusu
danışa bilər.
O da olaydı mən - az
qala otuz il Aqili tanıyan,
onu ən müxtəlif ovqatlarda görən, duyan, müşahidə edən
adam. Bütün
sözlərin, müşahidələrin cəmini, toplusunu bir yerə
yığıb, ən müxtəlif məqamlarda - kədərin
adamın cızdağını çıxardığı,
sevincin qanadlarını döyəcləyib
şahə qalxdığı vaxtlarda, ən
sakit anlarda, ən
çətin situasiyalarda onun
elədiklərini, davranışını beynimdən keçirib bir fikrin üzərində dayanıram
- AQİL UNİKAL ADAMDI.
Ömrünün beşinci
onilliyini tamamlayanda
"50 yaşın Aqili" adlı bir yazı yazmışdım - xarakterində
neçə illərdən bəri müşahidə elədiyim
müəyyən cizgiləri qələmə almağa
çalışmışdım. Aqillə
bağlı bir məqamı tez-tez yada salıram - onun üçün
Avropanın istənilən ölkəsinə, lap
belə Parisə getməkdənsə, Qarabağa
- Ağdama, Ağcabədiyə, Bərdəyə
səfər etmək daha böyük
sevinc, daha böyük rahatlıqdı. Ötən il noyabrın 19-da Vahid Qazinin maşınında Ağdama,
Quzanlıya, görkəmli alim Adilə
Namazovanın yubiley tədbirinə gedəndə
birdən düşündüm ki, Aqillə 25 il əvvəl
başladığımız və son illərə
kimi tez-tez getdiyimiz bu yolu
çoxdandı birgə getmirik. Və mən
yolboyu Bakıdan uzaqlaşdıqca ən
müxtəlif mövzulardan danışan
Aqilin Qarabağa
yaxınaşdıqca necə qanadlandığını görür, istər-istəməz həmin
sözlərimi xatırlayırdım. O yazını
yazmağımdan 9 il keçib,
bu 9 ildə Aqillə dəflərlə xarici ölkələrdə səfərlərdə
olmuşuq, amma həmişə
hiss eləmişəm ki,
Aqilin Qarabağa gedəndə
tapdığı rahatlığı heç
nə əvəz eləyə bilməz. O həqiqətən
də Qarabağa gedəndə özünü suda
balıq, göydə quş kimi hiss edir.
Aqilin adamlarla kənddə-kəsəkdə, çayxanada, lap belə ayaqüstü elədiyi söhbətlər
millət vəkili, yazıçı kimi
zahiri görkəm yaratmaq
cəhdi, bir vəzifə borcu
deyil, ürəkdən gələn mənəvi
tələbatdı, öyrəşdiyi, adət elədiyi həyat
tərzidi. O, adamlarla
ünsiyyətdən zövq alır, hətta
ilk dəfə onu
görən, sifətindən zəhm və ciddilik
tökülən adam da
Aqilin söhbətini dinlədikcə bir neçə dəqiqənin içində
dəyişir və bu söhbətlərin,
arada söhbətə rəng qatan lətifələrin aurasına necə
düşdüyünü hiss eləmir, sifətindəki zəhmin nə
zaman yüngül təbəssümə
çevrildiyindən xəbəri olmur.
Bir neçə
il öncənin söhbətidi. Şimali Qafqazda idik. Bir nəfər
yüksək rütbəli polis zabiti də bizimləydi. Aqil müəllimin rəngarəng
musiqi və Məmməd Araz
şeirilə müşayiət olunan
kövrək, təsirli söhbətlərindən vəcdə
gələn, onun ard-arda
düzdüyü bir
neçə məclisdən və əlbəttə, səxavətindən
zövq alan o polis zabitinin
sonda mənə elədiyi bu səmimi etiraf heç yadımdan çıxmaz: "Allah Aqil müəllimin
balalarını saxlasın. Nə gözəl gün
yaşadıq, zövq aldıq. Bu gün unudulmaz".
Onun polis ciddiyyəti hopmuş sifətindəki xoşbəxt cizgilər
indi də gözlərimin
qabağındadı.
Hələ
bu nədi ki... Strasburqda Avropa
Şurası sarayında, xaricdə təhsil alan
tələbənin sözü sözə
çevirib "Allah Aqil müəllimdən razı olsun, mənə neçə ay
öz cibindən təqaüd göndərib.
Onun
hesabına oxuya bilmişəm"
sözlərini eşidib kövrəldiyim
də olub, Qarabağda
bir kəndli qadının
yaylığının ucunu bura-bura, əllərilə üzünü
silə-silə camaatın arasından çıxıb Aqilin üstünə gəlməsini, onu bağrına basaraq loppadan öpüb "Sənə
qurban olum, balam sənin hesabına oxuyur" deməsindən qəhərləndiyim
də. Bir kənd yolunun
qırağında dayanarkən əkinini suvaran
kəndlinin əlindəki beli kənara
atıb əllərini üstünə silə-silə Aqilə
yaxınlaşdığını, onu
qucaqlayıb "Sənin hesabına sulayırıq buranı,
artezianları sən düzəltdirdin" dediyini eşidəndə isə əməlli-başlı
karıxmışdım.
2008-ci
ilin prezident
seçkilərində Aqillə birlikdə Qarabağ
kəndlərində təbliğat kampaniyasında iştirak edirdik. Aqil yenə öz
ampulasındaydı - sadə adamlardan ona üz tutub
xahiş eləyən kim,
hansısa probeminin həllinə kömək
istəyən kim. Bir
nəfər ortayaşlı kişi mənə
yaxınlaşıb oğlunun polis tərəfindən
saxlanıldığını bildirir.
Yarızarafat-yarıciddi "Polis işinə
Aqil müəllim baxır" deyib, təbəssümlə Aqilə yönəldirəm.
Yanında gəzdirdiyi bloknotunu o qələbəliyin içərisində vərəqləyir:
"Rəis, xahiş edirəm..." - kişinin üzünə təbəssüm çökür və Aqil
müəllimin əlini öpmək istəyir.
Aqilin o qədər belə
məsələləri, insanları depressiyada saxlayan problemləri
anında, bir zənglə, bir xahişlə, bir "Sən
allah"la həll elədiyinin şahidi olmuşam ki - "Rəis,
xahiş edirəm", "Başçı, sən
allah", "Prokuror, kasıb adamdır, imkanı yoxdur".
Və
məsələ anındaca həll olunub...
Birdən
kimsə, hardasa Aqilin əleyhinə
danışıb dodaq büzəndə, Aqilin haçansa onun hansısa bir işini həll edə bilmədiyini deyəndə
məyus oluram. Bilirəm ki,
Aqil həmin adamın azından beş xahişini yerinə
yetirib. Amma bir işimiz düzəlməyən
kimi kiməsə pis adam demək şakərimiz var,
axı.
Noyabr səfərində Ağcabədi-Ağdam-Bərdə
marşrutunda da harda dayanıb, harda
maşını saxlayırdıqsa, adamlar
üstünə yüyürürdü. Özü də heç
görüşlərdən qaçan,
xeyirxahlıqdan yorulan deyil.
Burda dur, yas yeri var,
burda saxla, düşüb kiminsə cibinə pul qoyur, burda
dayan, düşüb
qollarını açır, bir dəstə
adamın hamısıyla qucaqlaşır.
Tədbirin səhərisi Bərdəyə toya getmişdik. Məclisdə
icra başçıları, polis rəisləri də vardı. Oturan kimi: "Rəis, o mal bazarında
maşın saxlatmısız, yazıq kasıb adamlardır, de, onu buraxsınlar". Rəis:
"Aqil, axı, o, qəza
vəziyyəti yaratmışdı" - deyib
icra başçısına baxır.
Başçının gözlərindəki ifadəni görüb telefonu götürür: "O maşını
buraxın, Aqil müəllim
tapşırıb". Toyun içində,
hay-küydə bir problem
də belə həll olunur. Səhərdən bir yerdə olsaq da, heç
bu maşın məsələsindən nə
vaxt xəbər tutduğunu,
bunu ondan haçan, kimin xahiş elədiyini hiss
etməmişəm də. Sonra durub toyda sağlıq deyir, ən səmimi, hamıya çatacaq,
hamının başa düşəcəyi
dildə, hamının hiss edəcəyi
emosiya ilə danışır. O, məmurlarla
da rahat oturur, danışır, gülür.
Onlardan ayrılıb eyni
həvəs və coşqu ilə çayxanada ən sadə adamlarla
yenə həmin şövqlə söhbətini davam etdirir. Parlamentdə də
eyni tonda
çıxış edir, ordan
çıxıb özünü
hansısa tədbirə çatdırır, sonra
bir qonaqlıq, daha sonra çayçıda domino...
Amma fərqi yoxdu, həmişə
elə həmin Aqildi - dəyişməyən,
özünə xas xarakterin
sahibi.
Aqilin bir
neçə romanının necə yazılmasının da şahidi olmuşam. Doqquz il əvvəl də yazmışdım, Aqilin qələmində indicə
iştirakçısı olduğu hadisənin
ədəbiyyata çevrilməsi saat məsələsi,
gün məsələsidi. Dünənki
hadisəni bu gün sənə
elə obrazlı, detalları elə qabardaraq
danışır ki, duyursan,
hiss eləyirsən ki,
bu, bir müddət sonra yazacağı hansısa əsərinin bir hissəsi olacaq. Ağ dənizin sahilində, Şimali
Qafqazda qalın dəftər-qələmlə
gözlərini gah dənizin maviliyinə,
gah göyüzünün
ənginliyinə, gah da
sanatoriyanın divarlarına dirəyib xəyallara dala-dala yazdığı əsərinin "Dolu" olacağını beləcə hiss eləmişəm.
1990-cı illərdə Aqillə Ağdamda
könüllü döyüşçülərin
batalyonlarında, ölümlə hər an
üz-üzə qalan insanların
arasında çox olmuşam.
Həmin günlər Aqilin hərbi
maşınlarda ermənilərlə dəyişdirilmiş,
yanmış meyitlərlə dolu
maşınların yük yerinə
qalxıb bu dəhşətli mənzərəni
necə ağrıyla, əzabla seyr elədiyini
görmüşəm. Dostumuz Zakir Fəxrinin Qarabağda
şəhid olan qardaşı Kamilin yanmış cəsədinə
baxdığını, amma məni baxmağa qoymadığını isə lap indiki kimi
xatırlayıram. Üst-üstə qalanan,
insanın içini parçalayan
bu faciələrə dözməyib özünü Bayata, Azər
Hüseynin yeməkxanasına
çatdıracaq, bu dərdi, bu ağrını keyitmək
ümidilə qırx dərəcəlik mayeyə təşnə
kəsiləcək, sonra keçib
kənarda, təklikdə, bir
ağacın arxasında hönkürəcək - mən Aqilin o hönkürtüsünün
havada yaratdığı silkələnməni
bütün varlığımla, ətimlə-qanımla
duymuşam...
Amma bir az
keçəcək, bayaq
hönkütüsüylə adamın damarında
qanını donduran Aqil
qayıdıb ya hansısa bir
kövrək xatirə, ya da
bir lətifə danışmaqla ovqatı
dəyişəcək, yanındakıları bu
əzabdan, bu kədərdən qurtarmağa çalışıcaq...
Yenə bir neçə il öncənin söhbətidi, Antalyada çimərlikdə özüylə
gəzdirdiyi qalın dəftərində nə
yazdığını demirdi. Amma bir müddət keçdi,
"Allahı qatil edənlər"
romanını oxudum və onda
təxmin elədim ki, Aqil
əsgərlərimizin həyatından bəhs edən bu əsəri yazanda
hansı hissləri keçirirmiş - əsəri
yazarkən elədiyi qəribə davranışlar içini dağıdan qəzəbdən,
hirsdən yaranırmış.
Ötən ilin yayında,
İsmayıllıda rejissor Elxan Cəfərov "Dolu"
filminin çəkilişlərini
aparırdı. Bir neçə gün mən də Aqillə çəkilişlərdə
oldum. Gah filmdə döyüş səhnələrinə
çəkilən əsgərlərə nəzarət edən
zabitlərlə domino oynayır, gah aktyorlarla, rejisorlarla söhbət edir,
çay içir,
çörək yeyirdik. O hamıyla, hər
kəslə öz dilində, öz maraq dairəsində
danışmağı bacarırdı. Hərbçiylə hərbin
qayda-qanunlarından, hərbdəki vəziyyətdən elə
danışırdı ki, elə bil neçə il bu sahədə çalışıb. Aqil müəllimi həmişə belə
görmüşəm - aktyorlarla, rejissorlarla sənətdən, kinodan,
mollalarla dindən, alimlərlə tarixdən,
etimologiyadan, kəndçiylə, suçuyla torpağın dərdindən, meliorasiyadan, şoranlaşmadan
danışır ki, hamı onunla söhbətdən zövq
alır.
...Mənim tanıdığım Aqil
belədi. Mənim tanıdığım Aqil
müəllimin - Aqil Abbasın ən böyük əsəri onun
özüdü, onun orijinal xarakteri, böyük qəlbi, xeyirxahlıq və yaxşılıq
eləməyə daim açıq ürəyidi.
Onun əsəri
yazdıqları yüzlərlə məqalələridi,
çıxışlarıdı, hekayələridi, povestləridi,
romanlarıdı.
Onun əsərləri həm də
"Sarı odalar"dı, "Yol
romanı"dı.
İradə Tuncaydı.
Oğlanlarıdı - Toğruldu, qürur duyulası, fəxr ediləsi, Azərbaycan
gəncliyinin mükəmməl örnəyi Tuncaydı.
Nəvələridi - Tansudu, Aylindi.
Və yüzlərlə kömək elədiyi, yetişdirdiyi jurnalistlərdi, tələbələrdi,
gənclərdi.
Rəşaddı, Yusifdi, Vahiddi...
Rəşad
Məcid
Şərq.-
2012.- 31 mart.- S. 13;20.