Klassikmüasir Azərbaycan ədəbiyyatına peşəkar baxış

 

      Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr vermiş alimlərdən bir qismi ədəbi-bədii tənqid sahəsində də böyük işlər görmüşlər.

      Ədəbi tənqid XX əsrdə çox inkişaf etmiş, ədəbiyyatşünaslığın, bədii ədəbiyyatın təkamülünə, arınıb təmizlənməsinə xüsusi xidmət göstərmişdir. Bu baxımdan həmin illərdə çap edilən əsərlər də öz sanbalı, xüsusi çəkisi ilə indikilərdən xeyli, örnək ola biləcək dərəcədə fərqlənir, seçilir.

      Görkəmli vurğunşünas alim Cəlal Abdullayevbu ədəbiyyatçı- tənqidçi qrupuna daxildir. Alimin ədəbi-bədii tənqid sahəsindəki yaradıcılığı hal-hazırda tədqiq edilir. C.Abdullayevin müxtəlif illərdə dövri mətbuatda, elmi məcmuələrdə çap etdirdiyi məqalələri, monoqrafiyaları ədəbiyyatşünaslıq elminə çox şey vermişdir.

      C.Abdullayevin 2011-ci ildə çapdan çıxmış kitabında (Əsərləri, I cild) müəllifin ədəbi-elmi, nəzəri-filoloji, ədəbi-tənqidi məqalələri toplanılmışdır. Bu məqalələr ədəbiyyatşünaslığın ta gənclik illərindən ölənə qədərki dövrə kimi dövri mətbuatda çap etdirdiyi əsərlərdir. Bu məqalələrin yarısı ədəbiyyatşünasın şəxsi arxivindən, yarısı M.F.Axundov adına kitabxananın, bir qismi isə BDU-nun kitabxanasının arxivindən əldə edilmişdir. Lakin üzə çıxarılan materiallar heç də hamısı deyil, keçən əsrin ortalarında professorun məqalələrini çap etdirdiyi bəzi qəzet nömrələri adı çəkilən arxivlərdə tapılmadı.

      Əsərlərin I cildində C.Abdullayevin 100-ə qədər məqaləsi çap edilmişdir. Bu məqalələr 1957-ci ildən 2010-cu ilə qədərki dövrü əhatə edir. Kitabdakı məqalələri bir neçə qrupa bölmək olar:

  

   1) klassiklər haqqında;  

   2) ədəbiyyatşünaslıq haqqında;

   3) müasir şair və yazıçılar haqqında;  

   4) müharibə dövründəki ədəbiyyat haqqında;

   5) bəzi, şair ədiblərin elmi-nəzəri, ədəbi-bədii tənqidi görüşləri, məqalələri haqqında; 

   6) ədəbiyyat və sənət məsələləri;

   7) çapdan çıxmış bəzi kitablar haqqında;  

   8) aşıq yaradıcılığı haqqında və s.

  

      Klassiklərimizdən C.Məmmədquluzadənin realist ədəbiyyatımıza verdiyi töhfələrdən bəhs edilir, ədibin "Ölülər", "Danabaş kəndinin əhvalatları", "Anamın kitabı", "Usta Zeynal", "Poçt qutusu", "Kamança", "Oğru inək" və s. əsərlərində qaldırılan əsas problemlər ? feodal-patriarxal həyat şəraitində yaşayan avam xalqın, kənd camaatının faciələrindən söhbət açılır, "Molla Nəsrəddin" jurnalının millətin gözünün açılmasında böyük rol oynadığı, burada nəşr edilən felyetonların əksəriyyətinin böyük mühərrir tərəfindən yazıldığı qeyd edilir. Kitabda C.Məmmədquluzadənin yaradıcılığına həsr edilmiş 3 məqalə ("Böyük müəhrrir, realist yazıçı", "Böyük sənətkar, həssas insan", "C.Məmmədquluzadə və müasirlik") çap edilmişdir.

      Böyük qəlb şairi M.Füzuliyə həsr edilmiş məqalələrində ("Azərbaycan poeziyasının iftixarı", "Səməd VurğunFüzuli irsi") şairi Azərbaycan poeziyasının milli dühası, vüqarı və şərəfi, Azərbaycan ədəbi dilinin həqiqi yaradıcısı adlandıran C.Abdullayev, neçə əsr keçməsinə baxmayaraq Füzuli şeirinin bədii zövq verməsinin başlıca səbəblərini ondakı fikir dərinliyi, bədii mükəmməllik və poetik fəlsəfi ümumiləşdirmə ilə əlaqələndirir. "Azərbaycan poeziyasının iftixarı" adlı məqaləsində şair-filosof, mütəfəkkir sənətkar Füzulinin "Leyli və Məcnun", "Şikayətnamə" əsərləri, "Bəngü badə" alleqorik əsəri təhlil olunur, qəzəlləri haqqında söhbət açılır. "Səməd VurğunFüzuli irsi" adlanan digər məqalədə isə Füzulini şeirimizin məbədi və məbudu, "şeirimizin və ədəbiyyatımızın atası" adlandıran S.Vurğunun "Yandırılan kitablar", "20 bahar", "Leyla", "Füzulinin dərdi" adlı şeirlərində böyük şairi yad etməsi, hətta o zamankı ədəbi tənqidin amansız hücumlarına baxmayaraq, özündə cəsarət taparaq bir neçə Füzulisayağı qəzəl də yazması göstərilir: "S.Vurğun əruzda "Hörmüz və Əhrimən" dramatik poemasını, "Qafqaz", "İstiqbal təranəsi" kimi şah əsərlərini və onlarca digər şeirlərini bu səpgidə qələmə almışdır".

      Tənqidçi S.Vurğunun Füzulinin "Məni candan usandırdı" mətləli şeirinin məzmun-mündəricəsinə uyğun olan "Füzulinin dərdi" şeirinin üzərində xüsusilə durur, şairin sələfinin adını qəm, kədər və möhnət sözləri ilə qoşa çəkdiyini, Füzuli dərdini ümumbəşəri kədər, "qəm karvanı" adlandırmasını dönə-dönə təkrar edir.

      Azərbaycan poeziyasının və dramaturgiyasının görkəmli nümayəndəsi, böyük ədib C.Cabbarlının mənzum irsi C.Abdullayevin dövri mətbuatda çap etdirdiyi "Cabbarlının poeziyası" adlı məqaləsində tədqiq olunur. Dahi sənətkarın yaradıcılığa ilk dəfə "Bahar" şeiri ilə qədim basmasından tutmuş, ta ömrünün son illərinə qədər fəaliyyəti, silsilə şeirlərinin təhlili bu məqalədə öz əksini tapmışdır. Şairin klassik şeirin gözəl nümunəsi olan "Tellər oynadı" lirik əsəri, motivində siyasi pafoscoşqunluq olan "Dan ulduzu", "Şərqi" şeirləri, ana haqqında yazılan ən yaxşı, mükəmməl əsər hesab edilən "Ana" şeiri, meşşanlığı, tüfeyliliyi, qadına feodal münasibəti, məddah şairləri, sənətdə xalturaçılıq edən aktyorları, istismar dünyasını, gerçəkliyi, boşboğaz ziyalıları amansız tənqid hədəfinə tutan "Arvadlar deyir", "Qızıma", "Qızlardan kişilərə protesto" adlı şeirləri bir-bir təhlil obyektinə çevrilir. Dilin sadəliyi, aydınlığı, ahəngdarlığı nöqteyi-nəzərindən aşıq poeziyasını xatırladan Cabbarlı qoşmaları xalq ruhunu, xalq poeziyasının duzlu, mənalı şeiriyyətini, ifadə tərzini özündə cəmləşdirən ən gözəl sənət nümunələri hesab edilir. Ədibin "Qız qalası" poeması son dərəcə romantik tərzdə işlənmiş, müstəsna mövzuda yazılmış monumental bir dastan, sonralar Azərbaycan ədəbiyyatında bir silsilə, yeni tipli poemaların yaranması üçün gözəl ədəbi nümunə adlandırılır.

      "Zəngin irsin tədqiqi" adlanan digər məqalə "zəngin və çoxcəhətli elmi-nəzəri, bədii- publisistik irsə malik olan, bütün fəaliyyəti boyu öz nadir istedadında elmi və bədii təfəkkür sahələrini ecazkarlıqla birləşdirən, bütün əsərlərində intellektual cəhətlərin qabarıq ifadə ilə fərqlənən Y.V. Çəmənzəminli" (C.Abdullayev) haqqındadır. Bu məqaləsində Cəlal Abdullayev Y.V. Çəmənzəminlinin bədii irsinin öyrənilməsini, onun ictimai fikir tariximizdəki mövqeyinin aydınlaşdırılmasını Azərbaycan ədəbiyyat tarixinin yaradılması baxımından vacib məsələ hesab edir. Ədibin folklorla yaxından tanış olmasına və yaradıcılığında dönə-dönə folklor janrlarına yer verməsinə, onun araşdırılmasına xidmət etməsinə, hətta özünün bir neçə xalq yaradıcılığı nümunəsini tapıb aşkara çıxartmasına böyük qiymət verən C.Abdullayev onu nadir bir alim, ədib, tükənməz xalq xəzinəsi ilə olduqca bağlı bir tədqiqatçı adlandırır. O, B.Abdullayevin "Yusif Vəzir Çəmənzəminli və folklor" adlı monoqrafiyasının çap olunmasını təqdirəlayiq hesab edir, kitabın redaktoru folklorşünaslıq elminin ağsaqqalı, professor M.N.Təhmasibin rolunu xüsusi qeyd edir.  

   Klassik Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Ə.Haqverdiyevin yaradıcılığı da C.Abdullayevin tədqiqat obyektindən kənar düşməmişdir. 1957-ci ildə çap etdirdiyi bu məqalədə gənc tədqiqatçı, böyük ədib Ə.Haqverdiyevin 1956-cı ildə Azərnəşr tərəfindən buraxılmış ikicildlik "Seçilmiş əsərləri"nin I cildi haqqında danışır. 18 pyes toplanmış bu kitabın özəlliklərindən danışan gənc tədqiqatçı, ədibin bəzi əsərlərinin ilk dəfə bu kitabda nəşr olunduğunu xüsusi qeyd edir. Bundan sonra gənc tənqidçi uzun müddət mübahisələrə səbəb olmuş "Pəri Cadu", Azərbaycan dramaturgiyasına maraqlı bir hədiyyə olan, adı xalq məsəllərindən götürülmüş "Yeyərsən qaz ətini, görərsən ləzzətini" komediyası, "Yoldaş Koroğlu", "Sağsağan", "Çox gözəl" əsərləri haqqında geniş söhbət açır.

      Romançı şairdramaturq, zəngin, hərtərəfli, ensiklopedik məlumata malik bir sənətkar, filosof təbiətli, fantaziyaya qapılmağı bacaranbu xüsusiyyəti ilə bədii fikrin fövqünə qalxan M.S.Ordubadi həm ədib-tənqidçi, həm dramaturq və romançı kimi oxuculara təqdim edilir. Ədibin mətbuat səhifələrində çap olunmuş "Tənqidçilərimizə", "Sabir", "Pərdə enir, pərdə qalxır", "Şeirüçündür", "Qızıl qələm", "Əski və yeni şeir məktəbləri", "Şeirimiz haqqında bir neçə söz", "Tənqidimiz haqqında" və s. tənqidi məqalələrindən tutmuş, tənqidi görüşləri hərtərəfli aşkara çıxan "Dumanlı Təbriz", "Qılınc və qələm" əsərlərində ədəbiyyatın bir sıra aktual problemlərinə dair nəzəri-estetik fikirlər sistemi haqqında dərin məlumat verilir. M.S.Ordubadi, özü tənqid haqqında deyirdi: "Əsil ədəbi-bədii tənqid obyektiv, müstəqil tənqiddir. Tənqidin əfv edilməz xətalarından biri əsərə görə deyil, vaxta görə və şəxsiyyətlərə görə fikir yürütməkdən ibarətdir". Bizcə dahi sənətkarın bu qiymətli sözləri bütün dövrlər üçün aktual olmalıdır, müxtəlif zaman kəsiklərində yalnız zəmanənin və şəxslərin tələb etdiyi şəkildə, qeyri-müstəqil, tez-tez fikrini dəyişən insanlara bu hikmətli sözlər bir kriteriya, bir örnək, bir işıq yolu olmalıdır. Yalnız tərifdən xoşlanan, obyektiv fikri sevməyən yazıçı və şairləri tənqid edən Ordubadinin tənqidi məqalələrinin əksəriyyəti şeir və şairlərə həsr olunmuşdur. Füzulinin məşhur "...Elmsiz şeir, əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur" kəlamını deviz götürən ədib, mövzunu yaxşı öyrənmədən poema yazmağa xüsusi aludəçilik göstərən, təqlidçiliklə məşğul olan, müsbət və mənfi cəhətlərin dolğun, mükəmməl bədii inikasını verə bilməyən yazarlara qarşı ciddi etiraz edirdi.

      Göründüyü kimi, C.Abdullayev M.S.Ordubadinin ədəbi-tənqidi görüşlərini bütün yaradıcılığında izləmiş, onları seçib göstərə bilmişdir. "Quru və cansıxıcı faktları gözəl bədii materiala çevirmək" istedadı olan M.S.Ordubadinin "Gizli Bakı", "Döyüşən şəhər", "Bədbəxt milyonçu", "Dünya dəyişir" və s. romanları, "Əndəlisin son günləri", "Teymurləng və İldırım Bəyazid", "Məmmədəli şah" və s. kimi səhnə əsərləri, "Dinçilər", "Sevgilər", "Sədəf", "Bu da bir möcüzə", "Maral" pyeslərindən söhbət açılır, "Dumanlı Təbriz" romanı ilə eyni adlı olan pyesi geniş təhlil edilir.

      Professorun başqa bir məqaləsində görkəmli ədib və ictimai xadim N. Nərimanovun poetik obrazından bəhs edilir, konkret olaraq şair N.Həsənzadənin "Nəriman" poeması təhlil olunur.

      C.Abdullayevin "Azad günlər nəğməkarı" adlandırdığı dahi bəstəkarımız Ü.Hacıbəyovun yaradıcılığı bu kitabda eyni adlı məqalədə özünü göstərir.

      Azərbaycan xalqının təzyiqlərə, təqiblərə baxmayaraq, milli mənliyimizin, ana dilimizin, əxlaqi-mənəvi dəyərlərimizin keşiyində sal qayalar kimi möhkəm dayanan şeir-sənət dühalarından biri olan, o taylı-bu taylı sevimli şairimiz Şəhriyar C.Abdullayev tərəfindən çox haqlı olaraq "poetik zirvə" adlandırılır. Musiqiyə, incəsənətə, estetikaya xüsusi həzz mənbəyi kimi baxan böyük şairin bəşəri problemlər, dünyəvi hadisələr də həmçinin cazibə nöqtəsi olmuşdur. Tənqidçi yazır: "Bu cazibə nöqtəsində ...Təbriz şəhəri,... Xoşginab kəndi, bəlkə də ilham pərisi qədər əhəmiyyətli olan, onun şairlik istedadının pərvazlanmasında uçuş mayası, əzəmətli və füsunkar Heydərbaba dağı, nəhayət özünün ölməz poeziya kəhkəşanında nurlu bir ulduz, dünya gözəlliyinin kəbəsi kimi təsvir elədiyi Azərbaycan deyilən bir qibləgah da vardır.

      ...Qarşımızda Şərq və Qərbi, klassika ilə çağdaşlığı, şifahi söz ənənələri ilə yazılı nümunələri, incə, dərin, səmimi lirizmlə epikanı, şahə qalxan, ipə-sapa yatmayan romantika ilə adi, real, ötəri cəhətləri, dərin, müdrik fəlsəfi düşüncə ilə emosional hissi ehtirasları, nəhayət bütöv nəzəri bir sistemlə şeir təcrübəsini hünərvər bir şəkildə, üzvi surətdə kamil bir ahəngdarlıqla birləşdirən baş hərflərlə yazılmış Şəhriyar adlı müəzzəm bir sənət abidəsi dayanmışdır".

      Bəli, belə yüksək dəyərləndirir Şəhriyar poetikasını Cəlal Abdullayev. Şairə həsr etdiyi bir ayrı məqaləsində Şəhriyarın özünün şeirə-sənətə verdiyi qiymət, onun haqqındakı fikirləri ayrı-ayrı şeirlərinin ("Şeir və hikmət", "Eynşteynə Peyğam", "Mumyalanmış adam", "Eyvay, anam", "Rəssam" s.) təhlili çərçivəsində açıqlanır, Şəhriyarın şeirin poetik vəznləri və s. barədə öz sanballı ilə seçilən elmi-nəzəri yazıları, məqalələri saf-çürük edilir.

      Nədən yazırsa yazsın, həmişə qlobal təsviri, ənginliyi, xalq həyatının ən kiçik təfərrüatlarına, detallarına, milli kolorit və özünəməxsusluğun dərin, sirli qatlarına qədər bütün maddipsixoloji momentləri bir zərgər dəqiqliyi ilə nəqş etməyi, əsərinin əsas toxumasında canlandırmağı sevən sənətkarlardan olan S.Rəhimov C.Abdullayev tərəfindən bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyətinə xüsusi diqqət yetirən, onun gənc nəslin tərbiyəsində böyük təsir gücünə malik bir yazıçı, novator, məzmun, mündəricə, fabula, süjetkompozisiya, daxilizahiri portret, təbiət təsvirləri, psixoloji halların təbii bir dillə verilməsi və s. məsələlərdə də həmişə təzə, orijinal yollarla gedən ədib, xalqla, onun mənəviyyatı, adət və ənənəsi ilə, düşüncə tərzi ilə həmişə yaxından bağlı olan bir insan kimi qiymətləndirilmişdir. Professor qeyd edir ki, yazıçının əsərlərində L.N.Tolstoyun sənətinə xas olan obyektiv varlığın epik, monumental təsviri ilə yanaşı, Dostoyevski üslubunu şərtləndirən ruhun təsirli, insanın mənəvi-psixoloji aləminin yaradıcılıq prizmasında əsas foks nöqtəsi kimi götürülməsi hallarına da rast gəlmək mümkündür. Bu baxımdan ədəbiyyatşünas, S.Rəhimovun "Şamo" epopeyasını xüsusilə vurğulayır, "Su ərizəsi", "Saçlı", "Ağbulaq dağlarında", "Ana abidəsi" və s. əsərləri xalqın inkişaf tarixindəki əsas və bütöv mərhələni əks etdirmək cəhətdən son dərəcə qiymətli hesab edir.

      Daha bir görkəmli söz ustası - Ə. Məmmədxanlı haqqında danışarkən onu orijinal əsərlər müəllifi, mükəmməl bədii tərcüməçi, kino-ssenarist, həm öz təhkiyəsində, həm də surətlərin söhbət və monoloqlarında fəal, çevik, publisistik ifadə tərzindən məharətlə istifadə edən bir dramaturq adlandırmışdır.

  

   (Davamı növbəti şənbə sayımızda)

 

 

   Şəlalə Abdullayeva,

  filologiya üzrə fəlsəfə doktoru

 

  Şərq.- 2012.- 31 mart.- S. 15.