Dializ xəstələri...

 

Onların həyatda qalmaları üçün son illər dövlət təsirli tədbirlər görüb

 

Tibbin inkişafına baxmayaraq böyrək çatışmazlığı əhali arasında hələ də ən geniş yayılmış xəstəliklər sırasındadır. Statistikaya görə, dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə bir milyon əhalidən 800-1200 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

Bu xəstəlik və onun müalicəsi Azərbaycan dövlətinin də diqqət mərkəzindədir. İndiyədək dövlət tərəfindən bununla bağlı bir sıra addımlar atılıb, paytaxtda, regionlarda dializ mərkəzləri açılıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti "2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nı təsdiq edib. NK-nin rəsmi saytında yer alan məlumata görə, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanlarına Tədbirlər Proqramının həyata keçirilməsini təmin etmək tapşırılıb. Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın həyata keçirilməsi nəticəsində bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub. Hazırda Azərbaycanda fəaliyyət göstərən 20 hemodializ mərkəzində (onlardan 13-ü regionlarda, 7-si Bakı şəhərində) 1500-dən çox xəstə dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması ilə yanaşı, eyni zamanda dializ alan xəstələrin sayı hər il 21-25 faiz artmaqdadır.

Respublikada böyrək və digər orqanların transplantasiyası olunmuş 300-ə qədər xəstə qeydiyyatdadır və onların da mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına ödənilir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir.

Ötən ilin noyabrında Şəki Mərkəzi Xəstəxanasının yeni binasının açılış mərasimində iştirak edən prezident İlham Əliyevin dializ xəstələri ilə bağlı çıxışı dövlətin bu məsələyə diqqətinin birbaşa göstəricisi hesab edilə bilər. "Əvvəlki dövrdə, ümumiyyətlə, belə xəstələr, əfsuslar olsun ki, həyatdan gedirdilər, yaşamırdılar. Bakıda bəlkə də cəmi bir, ya iki dializ aparatı var idi ki, orada növbə çatmırdı. İndi biz bütün bölgələrdə, ilk növbədə, diaqnostika mərkəzlərində dializ mərkəzləri yaratdıq və bunun coğrafiyasını elə qurduq ki, gəlib-getmək üçün məsafə məqbul olsun. Hər bir rayonda yeni xəstəxanalar tikilərkən dializ məsələləri nəzərə alınır və indi 28 dializ mərkəzi vardır. Mən buraya gələrkən fikirləşirəm ki, 2008-ci ildə təməli qoyulanda deyirdim bura böyük xəstəxana olacaq, ətraf rayonlardan da gələcəklər. İndi ətraf rayonlarda da yeni xəstəxanalar açılır. Balakəndə böyük xəstəxana, Zaqatalada, Qəbələdə böyük diaqnostika-müalicə mərkəzləri, Oğuzda rayon xəstəxanası tikilmişdir, Qaxda rayon xəstəxanası təmir edilmişdir. İndi Şəkidə xəstəxana açılır. Yəqin ki, bu imkandan daha çox Şəki sakinləri istifadə edəcəklər. Belə də olmalıdır".

Qeyd edilməlidir ki, xroniki böyrək çatışmazlığı probleminin Azərbaycan Respublikasında həlli akademik M.C.Cavadzadənin fəaliyyəti ilə bağlıdır. 1969-cu ildə akademikin təşəbbüsü və rəhbərliyi ilə Respublika Kliniki Uroloji Xəstəxanasında süni böyrək laboratoriyası yaradılıb. Qısa müddət ərzində 10 xəstədə hemodializ seansları aparmağa imkan verən Amerika firmasının süni böyrək aparatları ilə təchiz edilmiş dializ zalı təşkil edilib. Eyni zamanda XBÇ olan xəstələrin konservativ müalicəsi üçün 20 çarpayılıq şöbə də yaradılıb.

Hemodializ mərkəzinin yaradılması o zamanlar Azərbaycanda böyrək köçürülməsinin təməlini qoydu. 1971-ci ildə akademik Cavadzadənin rəhbərliyi ilə Zaqafqaziyada ilk dəfə olaraq terminal böyrək çatışmazlığı olan xəstələrdə böyrək köçürülməsi həyata keçirilib. 1972-ci ildə artıq 4-cü müvəffəqiyyətli cərrahiyyə əməliyyatları aparılıb. 1983-cü ilə qədər M.C.Cavadzadə tərəfindən 30-dan artıq böyrək köçürülməsi əməliyyatı aparılıb.

Böyrək çatışmazlığından əziyyət çəkənlərin dializ problemi və ölkəmizdə böyrək transplantasiyasının müasir səviyyədə təşkili üçün nəhəng xəstəxana olan RKUX zəngin maddi-texniki baza ilə təmin edilib. Bunun üçün mütəxəssis kadrlar da yetişdirilir.

Hazırda Azərbaycan səhiyyəsində ən çox diqqət və qayğı ilə əhatə olunan problemlərdən biri də böyrək çatışmazlığından əziyyət çəkən yüzlərlə vətəndaşlarımızın dövlət hesabına hemodializlə təmin olunmasıdır. Prezident İlham Əliyev və ulu öndər Heydər Əliyevin adını daşıyan fondun bilavasitə köməyilə xəstələrin pulsuz hemodializ müalicəsi almaları üçün bütün lazımi imkanlar yaradılıb. Bütün xəstələri əhatə etmək məqsədilə müasir hemodializ aparatlarının alınması ilə yanaşı xəstələrin rahatlığını təmin etmək üçün də hər cür şərait yaradılmaqdadır. Bu məqsədlə dövlətimiz tərəfindən hər il ciddi tədbirlər görülür.

2010-cu ildə xəstələrin hemodializlə tam təminatı məqsədilə həlledici addımlar atılıb. Əsaslı təmirdən sonra görkəmli akademikimiz Mirməmməd Cavadzadənin adını daşıyan Respublika Kliniki Uroloji Xəstəxanası ən müasir standartlara uyğun bir şəkildə istifadəyə verilib. Bu xəstəxanada nəhəng hemodializ şöbəsində yaradılmış şəraitin və ən müasir dializ avadanlıqlarının hesabına yüzlərlə xəstəmiz pulsuz hemodializlə təmin olunmaqdadır. Rayonlarda böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlarımızın sosial-iqtisadi problemlərini nəzərə alaraq regionlarda fəaliyyət göstərən Müalicə-Diaqnostika Mərkəzlərində tam təchizatlı hemodializ şöbələri yaradılıb. Və rayonlardakı xəstələr artıq Bakıda deyil, öz regionlarında hemodializ müalicəsi alırlar.

Təəssüflər olsun ki, Azərbaycan coğrafi bir məkan kimi böyrək xəstəliklərinin geniş yayıldığı bir ölkədir. Aparılan qayğı və diqqətlə yanaşı, böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlarımızın da sayı hər il az da olsa artır. Uşaqlarda böyrək çatışmazlığı xüsusilə ağrılı bir məsələdir.

Nazirlər Kabinetinin 179 saylı qərarı ilə 2006-cı il, iyulun 19-da "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" təsdiq ediləndən sonra daha çox diqqət hemodializ mərkəzlərinin açılmasına yönəlib. İndi Bakı şəhərində ümumilikdə doqquz hemodializ şöbəsi var. Bunlardan ikisi özəl, yeddisi isə dövlət xəstəxanalarında yerləşir.

2006-10-cu illəri əhatə edən tədbirlər proqramına görə, hər il dərmanların alınması üzrə tender keçirilir. Tender barədə, dərmanların qiyməti, miqdarı haqda Səhiyyə Nazirliyinə informasiya sorğusu yolladıq. Sorğunu cavablandıran mətbuat katibi Anar Qədirli yalnız 2006-cı il üçün büdcədən proqrama ayrılan məbləği açıqladı-3 milyon 800 manat. Səhiyyə Nazirliyi ilə sıx əlaqədə çalışan Elmira Ağayevanın sözlərinə görə, tenderdə ötən il "Avromed" özəl klinikası qalib gəlib, bu il isə "Farm-Qafur" özəl tibb mərkəzi seçilib: "Dərmanların alınmasına təxminən 20 milyon manata yaxın pul ayrılıb. Dərmanları Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi həftədə bir dəfə xəstəxanalara paylayır. Və hər il dövlət büdcəsindən bu sahəyə müəyyən miqdarda pul ayrılır. Ötən il 19.3 milyon manat ayrılsa da, bu il 20 milyon manat vəsait ayrılacağı gözlənilir".

Səhiyyə Nazirliyinin rəsmiləri son zamanlar belə məlumat verirlər ki, artıq ölkədə dializ aparatına olan tələbat demək olar ki, ödənilib. Amma 2003-dən bəri aparılan statistika göstərir ki, hər il xəstələrin sayı 22-27 faiz artır. Bu gün 1422 xəstə dializ alır.

Bakı şəhərinin baş nefroloqu, Avropa Nefroloqlar Assosiasiyasının üzvü Mehman Ağayev deyir ki, heç bir ölkədə dializə olan tələbat tam ödənilməyib. Baş nefroloq hesab edir ki, xəstəliyin artmasını önləmək lazımdır. Bunun üçün yeganə yol müalicənin gücləndirilməsidir. Mehman həkim deyir ki, siqaret, araq, təzyiq, şəkərli diabet, piylənmə böyrək yetməzliyinə gətirib çıxaran faktorlardandır.

Ölkədə XBÇ-li xəstələrin problemləri ilə məşğul olan Ümid-Hemodializ xəstələrin İctimai Birliyinin sədr müavini Elmira Ağayevanın sözlərinə görə, 2006-10-cu illəri əhatə edən tədbirlər proqramının işləmə mexanizmi müsbətdir. İndi ölkədə yetərincə hemodializ mərkəzləri var, aparatlar da alınır. O ki qaldı registr məsələsinə, beş-altı ay qabaq xəstələr Səhiyyə Nazirliyində qeydiyyata düşmək üçün gözləməli olurdular. İndi nazirlikdə bir neçə mərkəz açılıb deyə artıq registr problemi yoxdur". Dializə qoşulmaq üçün bir seans 70 manata başa gəlir. Xəstələrin çoxu deyir ki, dövlət xəstəxanalarında yer olmadığından, məcbur olub özəl müəssisəyə gəlirlər. Son on ildə səhiyyə sahəsində şaquli inkişaf edən sahə hemodializ olsa da, hələ də dializ defisiti var. Məsələn, Gürcüstanda bu sahə inkişaf edib. Hətta peritonal (evdə) dializ də mövcuddur. Türkiyədə də yüksək inkişaf edib tibbin bu sahəsi. İranda isə elə böyrəkköçürməni misal çəkmək olar. Dünyada artıq bu sahədə bir İran modeli anlayışı formalaşıb. Belə təkliflər var ki, növbəti tədbirlər proqramına böyrək sahəsində ən ciddi problem olan transplantasiya qurulsun, bu sahədə qanuni baza yaradılsın".

M.Cavadzadə adına Uroloji Klinik Xəstəxananın hemodializ şöbəsinin rəhbəri Fariz Babayev bildirib ki, bu il aprel-may aylarında Qubada, Şamaxıda və Füzulidə hemodializ mərkəzləri fəaliyyətə başlayacaq. Sumqayıt, Mingəçevir, Yevlax şəhərlərində də belə mərkəzlərin açılması planlaşdırılır.

M.Cavadzadə adına Uroloji Klinik Xəstəxanasının hemodializ şöbəsində 14 hemodializ aparatı var, Almaniyanın Frezenius firmasına məxsusdur. 98 xəstə müalicə alır. Burada filterlər xəstənin çəkisinə görə fərqlənir. Fariz həkim də etiraf etdi ki, bu gün bəzi dövlət xəstəxanalarında filterlər xəstənin çəkisinə görə fərqləndirilmir. Amma gələcək proqramda filter məsələsi də öz həllini tapacaq.

Fariz Babayevin sözlərinə görə, 2011-16-ci illəri əhatə edəcək yeni proqramda hemodializ mərkəzlərinin açılması və xəstəliyin artıq elmi tədqiqi ilə məşğul olmaq istiqamətində işlər görüləcək. Ən önəmlisi isə Azərbaycanda uşaq hemodializ mərkəzinin yaradılması düşünülür.

 

 

Firdovsi Fərzəliyev

 

Şərq.- 2012.- 31 mart.- S.7.