Dostlarımdan duyğular

 

      Mahmud Məryəm

 

      Elçin Əfəndiyevə

    

      Qarabağ üstündə tənha bir məbəd,

      Zikrin səmasında qanad çalır qut.

      Əsir torpaqlarda daşanda şiddət,

      Həsrətin adına tük salır bulud.

     

      Yollar tor bağlayıb, cığırlar cadar,

      Daşlaşan dualar uyqusunda dəm.

      Ömür qayıqları çəkəndə avar,

      Göz-gözə dayanır Mahmudla Məryəm.

  

      Susqun gədiklərdə birəm-birəm qar,

      Könül dəhlizində susmaz əndişə.

      Kimsəsiz dağlarda qalan mahnılar,

      Lənət oxuyurlar Qara Keşişə.

  

  

      Göyəzənin göylüyündə

     

      Akif Səmədin xatirəsinə

  

      Göyəzənin göylüyündə göy əzir məni,

      Sıcaq sözlər söyləyirəm tanrı adına.

      Yorğunluğun eyvanından asılıb duman,

      Bu cığırlar baş götürüb hayana gedir.

      Qazax qıpçaq çöllərindən xeyli uzaqdır,

      Buludların bardağından qımız çilənir.

      Mən döyüşdən geri dönən iskit kimiyəm,

      El həsrəti boğazında loğanaqlanıb.

      Üzü şərqə çapıb gedir qaz eskadronu,

      Səssizliyin mehrabına lələk tökülür.

      Cığırların qapısını bağlayıb duman,

      Bəlkə nəzir verməliyəm dağ yiyəsinə.

      Yolsuzduğun acıları daş-daş yığılıb,

      Duasını qımqımqyla oxuyur obam.

      Göyəzənin göylüyündə göy əzir məni,

      Yaddaşımın yada daşı yağış yaşdırır.

     

 

      Ölümə qənşər

  

      Yusif Səmədoğluna

  

      Ortada şam var, göydə tolunay,

      Gedən ruhları çimizdirir çay.

      Gözlər yaşarmış sözlərdə qınaq,

      Surnay çaldırır köhnə tapınaq.

      Can varıb gedir, fanidir bəşər,

      Ölümün xeyir, - ölümə qənşər.

      Aynada ləngər, yasində acı,

      Son akkord vurur ömür sayğacı.

      Qohum əqraba ehsan aşında,

      Əzrayıl gəlir qara maşında.

      Can varıb gedir, fanidir bəşər,

      Ölümün xeyir- Ölümə qənşər.

      Gizli yolları açır yaşıl şam,

      Qam türküsünü oxuyur axşam.

      Şam budağında yaşıl çalama,

      Mələk ordusu durub salama.

      Qucaq açıyor işıqlı sahə,

      Salam tanrı alp! Salam İlahə.

     

 

      Elxan Zal

 

      Şərq.- 2012.- 28 aprel.- S.19.