Zaqatala fəlakətin astanasından döndü

 

     Zaqatalada baş verən təkanların bir neçə gündür ki, ardı-arası kəsilmir. Belə ki, dünən Azərbaycanın Zaqatala rayonunda yenidən 4 bal gücündə zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ mayın 10-da yerli vaxtla saat 06:33-də Zaqatala rayon mərkəzindən 13 km. cənubda qeydə alınıb. Episentrdə zəlzələnin gücü 4 bal olub. Yeraltı təkanlar Zaqatalada 3.5 bal, episentrə yaxın yaşayış məntəqələrində 2.0-2.5 bal gücündə hiss olunub.

     İnsan itkisi və dağıntılar yoxdur. Zəlzələ təhlükəsi bu gün ölkə əhalisini narahat edən əsas məsələlərdən biridir. Hər kəs, xüsusən də bölgələrdəki sakinlər hər an təbii fəlakətin baş verəcəyi təhlükəsi ilə yaşayırlar. Bir sözlə, bütün ölkə vətəndaşlarını Zaqatalada ümumi vəziyyət maraqlandırır? Yenidən güclü təhlükə ehtimalı varmı? Azərbaycanda seysmik fon hansı səviyyədədir? Aktivlik artıbmı? Bizi narahat edən bu suallara cavab almaq üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ilə əlaqə saxladıq. T.Məmmədlinin sözlərinə görə, hələ də Zaqatala ərazisində aktivlik davam edir. O bildirib ki, bütün güclü təkanlardan sonra nisbətən zəif avtoşoklar baş verir. Başqa güclü zəlzələ zonalarında olduğu kimi, Zaqatalada da, həmçinin avtoşoklar seriyası davam edir. 3 bal gücündə zəlzələlər hiss olunduğundan sakinlər də bunu hiss edir. Bundan başqa daha zəif çoxlu sayda zəlzələlər baş verir. Amma bütün təkanlar tədricən azalmağa doğru gedir. Bütün bunlar da seysmoloji praktikada görünən qanunauyğunluğa uyğundur. Və təkanlarda gələcəkdə azalaraq fon səviyyəsinə enəcəkdir. Biz konkret proqnoz verə bilməsək də, bu azalmanı bölgədə gedən proseslər və müşahidələrimiz göstərir.

     Seysmoloji şöbənin müdiri bildirib ki, Azərbaycan ərazisi seysmik təhlükəli zona olduğu üçün ölkənin hər yerində zəlzələ təhlükəsi var. Amma zəlzələ baş verən bölgədə çoxlu sayda uca zonalar olduğu üçün daha çox zəlzələ orada özünü büruzə verib. Amma bir şey də var ki, uca zonalarda baş verən zəlzələ müəyyən mənada Azərbaycanın digər bölgələrini də titrədə bilər. T.Məmmədlinin sözlərinə görə, zəlzələnin nə vaxt baş verəcəyini müəyyən etmək mümkün deyil: "Seysmoloqlar zəlzələnin təxminən hansı bölgədə baş verəcəyini müəyyən edir və zaman-zaman bununla bağlı xəbərdarlıqlarımız da olur. Amma biz zəlzələnin həmin ərazidə nə vaxt baş verəcəyini müəyyən edə bilmirik. Zəlzələnin zamanını demək dünyada heç kimə, o cümlədən də bizə nəsib olmayıb. Biz sadəcə öz işimizi davam etdiririk. Və ən önəmlisi də hansı bölgədə güclü zəlzələ ocaqları ola bilər, onları dəqiqləşdirib, maksimum neçə bal ola biləcəyi ilə məşğul oluruq, tədqiqatlarımızı da davam etdiririk".

     Adətən Azərbaycanda seysmik fon səviyyəsinin normal olduğu bildirilir. Normalda Xəzər dənizində qeydə alınan xırda təkanlardan başqa ölkə ərazisində hər hansı bir aktivlik müşahidə edilmir. Və həmin xırda təkanların da Azərbaycan iqlimi üçün normal olduğu deyilir. Amma bəla gəlirəm demir. Biz bu müdrik kəlamın bir daha şahidi olduq. Yəni ölkədə seysmik fonun normal olduğu bir vaxtda Zaqatala rayonu fəlakətin astanasından döndü. Bir-birinin ardınca baş verən təkanlar rayon sakinlərini təşvişə saldı. Xoşbəxtlikdən təbii fəlakətdən rayon sakinləri yüngül xəsarətlərlə çıxdılar.Zaqatalada yaşanan bu son hadisə bizə göstərdi ki, hər zaman hər şeyə hazır olmaq lazımdır.

  

   Zəlzələ və ona qarşı mühafizə üsulları

  

   Bəs insanlar zəlzələdən necə müdafiə olunmalıdır. Yəni zəlzələ baş verən zaman biz hansı addımları atmalı, nə kimi tədbirlər görməliyik ki, fəlakətdən itkisiz ötüşə bilək. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, insanların dəhşətli təbiət hadisələri haqqında yüksək səviyyədə məlumatlandırılması və biliklərinin artırılması, təbii fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi istiqamətində aparılan işlərdən ən səmərəli üsullardan biridir. Seysmik aktiv ərazilərdə yaşayan hər bir şəxsin zəlzələ haqqında müxtəlif informasiya mənbəyindən müəyyən bilik alması lazımdır. Zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş verdikdə adətən emosional stress keçirdiyindən bəzən çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanmaq, liftə minmək təhlükəli qərarlar qəbul edirlər. Məktəblilər üçün zəlzələlərin mənşəyi, təzahürü və onlara hazırlıq tədbirləri haqqında biliklərin tədrisi üzrə məşğələlər təşkil etmək lazımdır. Bu, uşaqlarda qorxu hissinə qalib gələr və zəlzələni daha təmkinlə qarşılamada kömək edə bilər. Əksər hallarda insanlar böyük fəlakətlər yaşamadıqları və fəlakətə qarşı hazırlıq keçmədikləri üçün güclü emosional stress keçirirlər. Lazımi hazırlıq işlərinin aparılması bu halları bir qədər azaldaya aradan qaldıra bilər. Dağıdıcı zəlzələ zamanı hətta hazırlıqlı insanlar belə özlərini itirə bilər. Bundan sonra bir qədər vaxt lazımdır ki, nə olduğunu anlayasan, vəziyyəti qiymətləndirəsən və birinci növbədə, nə etmək lazım olduğunu dərk edəsən. Bəzi insanlar tez yardıma qaçırlar, digərləri isə hələ nə baş verdiyini belə anlamırlar. Zəlzələnin əsas mənfi təsirlərindən biri insanların özlərini itirməsi və uçqunlar arasında özlərini tamamilə yalqız hiss etməsidir, yəni elə bil ki, dünyada sağ qalmış tək insan ancaq odur. Bəzi hallarda fəlakət zamanı zərərçəkmiş özünü anormal bir şəxs kimi aparır. Bu hal çox təhlükəlidir, eyni zamanda bu süni hərəkət digər insanların psixologiyasına olduqca pis təsir göstərə bilər. Zəlzələ baş verən zaman ilkin təkandan qorunmaq üçün ilk öncə bilmək lazımdır ki, insanların xəsarət almalarına və ya onların tələfatına səbəb olan amillər hansılardır? Zəlzələ vaxtı adamın ayağının altındakı torpağın hərəkəti çox nadir hallarda insan tələfatına səbəb olur, tələfata əsas səbəb bina və qurğuların uçulub dağılmasıdır. Yeraltı təkanlar bina və qurğuları silkələdikcə, daş və kərpiclərin, şüşə qırıntılarının və ev əşyalarının tökülməsinə, divar və tavanların dağılmasına və s. səbəb olur ki, bu da adamların xəsarət alması ilə nəticələnir.

  

     Zəlzələ vaxtı nə etməli?

  

    Zəlzələ baş verdikdə yerin titrəməsi çox qısa vaxt ərzində, yəni bir neçə saniyə, güclü zəlzələ isə ən çoxu bir dəqiqə müddətində davam edir. Bu titrəmələr insanlarda həddən ziyadə xoşagəlməz bir hiss yaradır və onları qorxuya salır. Buna baxmayaraq insanların sakitcə və heç bir təlaş hissi keçirmədən titrəmələrin qurtarmasını gözləməkdən başqa digər çıxış yolu yoxdur.

   Beləliklə, zəlzələ ilə harada və nə vaxt üzləşəcəyinizdən asılı olmayaraq aşağıdakıları bilmək və yadda saxlamaq vacibdir:

   - Sakitcə gözləyin, ora-bura qaçmayın. Başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin. Yaxşısı budur ki, ilk təkan vaxtı harada olsanız, elə orada da qalaraq titrəyişin qurtarmasını gözləyin ancaq bundan sonra təhlükəsiz yerə keçin. Əksər bədbəxt hadisələr ondan yaranır ki, insanlar tələsik mənzillərdən binalardan çıxmağa yaxud ora daxil olmağa tələsirlər. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən yerə tullanır ki, bu da çox vaxt xoşagəlməz hadisələrlə nəticələnir.

    - Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın ya çarpayının altına girin. Otağın daxili qapı boşluğunda daxili küncündə durun. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə heç vaxt otağın xarici divarlarına yaxın yerdə durmaq olmaz.

    - Yeraltı təkanları hiss edən kimi tez mənzilin ya otağın giriş qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsi bütövlüklə binanın deformasiyaya uğraması nəticəsində giriş qapıları əksər hallarda pərçimlənir (sıxılır) ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir.

    - Qaçaraq binadan çıxmayın, belə ki, yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur.

    - Əgər siz çox hündür olmayan, 1-3 mərtəbəli binanın içərisindəsinizsə, yaxşı olar ki, yuxarıdan tökülən daş qırıntılardan özünüzü qorumaq şərti ilə oranı tərk edəsiniz. Çoxmərtəbəli binada yaşayırsınızsa, onda ən yaxşısı elə mənzilinizdə qalmaqdır. Pilləkən qəfəsinə çıxmağa liftə minməyə tələsməyin, ola bilər ki, lift işləməsin. Unutmayın ki, zəlzələ zamanı lift pilləkən qəfəsləri çox hallarda sıradan çıxır.

    - Əgər küçədəsinizsə, onda o tərəfə, bu tərəfə qaçmayın. Güclü təkanları hiss edən kimi yerə oturun, hər hansı bir əşyadan tutmağa çalışın.

    - Küçədə yüksək mərtəbəli binanın yanındasınızsa, çalışın ki, tez oradan uzaqlaşasınız. Binadan aralıda açıq bir yerdə dayanıb gözləyin.

    - Təkrar təkanlardan qorxmayın, bu heç yeni zəlzələ deyildir. İlkin təkanlardan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi, əvvəlcə boyuna, sonra isə eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra, arabir təkrar güclü təkanlar hiss edilə bilər, belə təkanlara avtoşok (təkrar zərbə) deyilir. Avtoşoklar əsas təkandan bir neçə dəqiqə ya saat sonra baş verə bilər.

    Beləliklə, ilkin təkanı hiss edən kimi səbr təmkinlə, səssiz-küysüz digər tədbirlərə uyğun hərəkət etmək lazımdır.

    

 

    Şəymən Aşırlı

 

   Şərq.- 2012.- 11 may.- S.12.