Zaqatalada 7 bal gücündə zəlzələ
oldu
Azərbaycanın
şimal-qərb bölgəsində dünən səhər
saatlarında güclü zəlzələ baş verib. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən
verilən məlumata görə, saat 09:00-10:00 arasında
baş verən zəlzələnin episentri Zaqatala və Qax
rayonlarının arasındadır. Mərkəzdən
verilən məlumatda bildirilib ki, zəlzələ Zaqataladan
17 km aralıda Rixter cədvəli üzrə 5.5 (12 ballıq
cədvəl üzrə 7) bal
gücündə qeydə alınıb. Yeraltı təkanlar ətraf
rayonlarda və eləcə də Gəncə-Qazax, Mərkəzi
Aran, Qarabağ bölgələrində də hiss olunub. Mərkəzin məlumatına görə, zəlzələnin
episentri Zaqatala rayonundan 17 kilometr cənub-qərbdə, yerin 10
kilometr dərinliyində baş verib. Yeraltı təkanlar
Zaqatala və Qaxda 7 bal, Şəki,
Oğuz, Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında
hiss olunub. Tikililərdə dağıntı
var. İnsan itkisi yoxdur.
AMEA
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata
görə, Zaqatala rayonunda dünən ikinci zəlzələ
baş verib. Belə ki, yeraltı təkan yerli vaxtla saat
10:38-də Zaqatala rayonundan 16 km. cənub-qərbdə qeydə
alınıb. Zəlzələnin dərinliyi 11 km,
maqnitudası 4,5 olub.
Növbəti
yeraltı təkan yerli vaxtla saat 10:40-da Zaqatala rayonundan 18 km. cənub-qərbdə
4.2 bal gücündə qeydə
alınıb.
Bölgədə
dördüncü zəlzələ yerli vaxtla saat 13:36-da
baş verib. Yeraltı təkanlar Zaqatalada 4.0, Qax, Oğuz,
Şəki rayonlarında 2.0-3.0 bal
gücündə hiss olunub. 10 kilometr dərinlikdə
baş verən zəlzələnin episentri Zaqatala rayonundan 18
km. cənub-şərqə düşüb. İnsan tələfatı və tikililərdə
dağıntı yoxdur.
Yerli sakinlərin
sözlərinə görə, Zaqatalada baş verən zəlzələnin
gücü 5 baldan çox olub. Belə ki,
saat 09:39 radələrində baş verən yeraltı təkan
nəticəsində evlərdə çatların əmələ
gəldiyi, köhnə tikililərdə dağıntı
olduğu bildirilir. Bu, əhali arasında
böyük təşvişə səbəb olub. Hamı evlərdən çıxaraq küçələrə
axışıb. Ölən və xəsarət
alanların olub-olmadığı hələlik məlum deyil.
Yeraltı təkanların digər
rayonlarda da hiss olunduğu barədə məlumatlar var.
Zaqatalada baş
vermiş zəlzələ ilə bağlı rayon İcra
Hakimiyyətində təcili müşavirə keçirilib.
İcra
Hakimiyyəti başçısının birinci müavini,
rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman
Ramazanov bildirib ki, müşavirədə lazımi
tapşırıq və göstərişlər verilib.
E. Ramazanov deyib ki, zəlzələ nəticəsində bir
sıra kəndlərdə və şəhər mərkəzindəki
bəzi tikililərdə dağıntılar qeydə
alınıb. Hazırda dağılmış
evlər siyahıya alınır. İnsan
itkisi və ya xəsarət alanlar barədə hələlik
məlumat yoxdur. Zaqatala rayon
Aşağı Tala kənd sakinlərinin APA-nın yerli
bürosuna verdiyi xəbərə görə, kənddə fəaliyyət
göstərən 3 saylı orta məktəbdə çatlar
əmələ gəlib. Həmçinin
orta məktəb binasının şüşələri
qırılıb. Nəticədə bir
neçə şagird xəsarət alıb.
Kəmaləddin Heydərov hadisə
yerində
Azərbaycanın şimal-qərbində baş
vermiş zəlzələ ilə əlaqədar fövqəladə
hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalaya
səfər edib.
FHN-in rəsmi saytının
yaydığı xəbərə görə, nazirlik
yeraltı təkanların Zaqatala, Şəki, Qax, Oğuz,
Mingəçevir, Gədəbəy və Şəmkirdə
hiss olunduğunu bildirir. Nazirliyin Aviasiya dəstəsi
və digər qəza-xilasetmə qüvvələri hadisə
zonasına cəlb olunub. Qeyd edək ki, Zaqatalada baş
verən ilk zəlzələ dünən saat 09:40-da rayon mərkəzindən
17 km. cənub-qərbdə 5,5 maqnitudada (12 ballıq şkala
üzrə 7 bala yaxın), 10-12 km. dərinlikdə qeydə
alınıb. Hadisə yerində olarkən nazir K.Heydərov
deyib: "Hazırda mən Zaqatala rayonundayam. Rayon
mərkəzinə baxış keçirdikdən sonra indi kəndlərə
gedirik. Rayonda zəlzələ nəticəsində insan
itkisi olmayıb, ağır xəsarət alan
da yoxdur". Nazir bildirib ki, bir neçə kənddə
köhnə tikintilərə zərər dəyib, bəzi evlərdə
çatlar əmələ gəlib: "İstər rayon mərkəzində,
istərsə də kəndlərdə xüsusi
dağıntılar, kütləvi şəkildə evlərin
uçması və s. hadisələr baş verməyib. Hazırda zərər çəkmiş tikililərin
qeydiyyatı aparılır. Bu cür
tikililərin sayı və dəymiş ziyan müəyyənləşdirildikdən
sonra bu barədə ətraflı məlumat veriləcək".
K.Heydərov hazırda Zaqatala və ətraf rayonlarda
heç bir problem, təşvişə səbəb olacaq
halın baş vermədiyini bildirib. Rayonlarda
əhali gündəlik həyat tərzini davam etdirir,
bütün infrastruktur tam gücü ilə işləyir.
Fövqəladə
hallar nazirinin açıqlamasına görə, Azərbaycan
Prezidentinin göstərişi ilə Zaqatalada baş vermiş
zəlzələdən zərər çəkən tikililərin
siyahısı dəqiqləşdirilir. Dəqiqləşdirmə
başa çatandan sonra zərər çəkmiş tikililərin
əvəzində yenilərinin tikilməsi, təmirə
ehtiyacı olan evlərdə bərpa-bərkitmə işlərinin
görülməsi nəzərdə tutulub. Nazir həmçinin bildirib ki, FHN və digər
qurumların mütəxəssisləri sosial və fərdi
obyektlərə baxış keçirib, araşdırmalar
aparırlar. İlkin məlumata görə
isə ciddi ziyan yoxdur. Lakin vəziyyət
tam dəqiqləşdiriləndən sonra müvafiq qərar
veriləcək. K.Heydərov əlavə
edib ki, Zaqatala, Balakən və digər rayonlarda infrastruktur
normal fəaliyyət göstərir.
FHN-dən daxil olmuş
məlumata görə, nazir K. Heydərov səfər
zamanı Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində
vəziyyətlə tanış olub. Keçirilmiş ilkin baxışlar nəticəsində
adıçəkilən kəndlərin hər birində 20-yə
qədər yaşayış evinə ciddi ziyan dəydiyi
müəyyən edilib. Zəlzələ
nəticəsində dəymiş ziyanın miqyasının
müəyyən edilməsi və nəticələrinin
aradan qaldırılması istiqamətində işlər
davam etdirilir. FHN tərəfindən evləri
ciddi ziyan çəkmiş sakinlər üçün
çadırların qurulmasına başlanılıb.
Azərbaycanın
Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində
elektrik enerjisi, qaz, su və rabitə təchizatında, həmçinin
nəqliyyat infrastrukturunda problem müşahidə
olunmayıb.
"Azərenerji"
ASC-dən verilən məlumata görə, Zaqatalada dünən
səhər saatlarında baş vermiş zəlzələ
Zaqatala və qonşu rayonların elektrik enerjisi təchizatına
təsir göstərməyib: "Hazırda Zaqatala və
qonşu rayonlarda müvafiq yerlərdə dəqiqləşdirmələr
və araşdırmalar aparılır. Lakin
elektrik enerjisi təchizatında heç bir problem
müşahidə olunmayıb, elektrik enerjisinin verilişində
fasilə yaranmayıb". Azərbaycan Dövlət Neft
Şirkətindən verilən məlumata görə,
Zaqatalanın Aşağı Tala kəndində qaz təchizatında
qismən məhdudiyyət yaransa da, hazırda bu məhdudiyyət
aradan qaldırılıb: "İndi Zaqatala və qonşu
rayonların qaz təchizatında problem yoxdur".
Azərbaycan
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata
görə, Zaqatalada baş vermiş zəlzələ nəticəsində
rabitə, telekommunikasiya və internet təchizatında
heç bir fasilə və problem qeydə alınmayıb.
"Azərsu" ASC-dən
isə bildirilib ki, zəlzələ ASC-nin su qurğularına
zərər vurmayıb: "Hazırda bölgənin su təchizatında
problem müşahidə olunmur".
"Azərbaycan Dəmir
Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir
Əzməmmədovun verdiyi məlumata görə, zəlzələyə
baxmayaraq Bakı-Balakən marşrutu üzrə sərnişin
qatarı cədvəl üzrə mənzil
başına çatıb: "Hazırda QSC-nin
İnfrastruktur Departamenti tərəfindən dəmir yolunun
rabitə və elektrik enerjisi təchizatına, körpü və
s. baxış keçirilir ki, nasazlıq
aşkarlandığı halda dərhal aradan
qaldırılsın".
Beynəlxalq Avtovağzaldan
da Zaqatala istiqamətində avtobusların cədvələ
uyğun hərəkət etdiyi, magistral yolun hansısa hissəsində
bağlanma qeydə alınmadığı bildirilib:
"Avtomobillərin gediş-gəlişində heç bir
problem müşahidə olunmur".
"Azərbaycan Hava
Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm
Səfərlinin verdiyi məlumata görə, baş vermiş
zəlzələ Zaqatala beynəlxalq aeroportunun binasına
ciddi təsir etməyib: "Zəlzələ nəticəsində
aeroport binasının bəzi yerlərində suvaq
çatlayaraq tökülüb, 3 elektron qapı sıradan
çıxıb, xəsarət alan
olmayıb. Hava nəqliyyatının hərəkətini
tənzimləyən dispetçer binası və
uçuş-enmə zolaqları təsirsiz
ötüşüb və aeroport təyyarələri qəbul
etmək və yola salmağa hazırdır. Bugünkü (dünən) Bakı-Zaqatala-Bakı
aviareysi adi qaydada yerinə yetiriləcək". Zaqatala Mərkəzi Rayon Xəstəxanasından isə
bildirilib ki, dünən baş verən zəlzələdə
insan itkisi olmayıb. Lakin müxtəlif xəsarətlər
alan 20-yə yaxın şəxs xəstəxanaya
müraciət edib. Müraciət edənlərdən
heç birinin xəsarəti ağır olmayıb,
reanimasiyaya yerləşdirilən və cərrahiyyə əməliyyatı
keçirilən olmayıb. Xəsarət
alanlara ilkin tibbi yardım göstərilərək, evə
buraxılıblar. Rayon xəstəxanası
normal şəraitdə işini davam etdirib.
Zaqatala ərazisində
80-ə qədər yeraltı təkan qeydə alınıb.
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət
Mərkəzinin seysmologiya və geodinamika şöbəsinin
müdiri Tahir Məmmədli bildirib ki, onlardan yalnız 4-ü
hiss olunub. Onun sözlərinə görə, bir müddət
davam edib, amma proses getdikcə zəifləyib.
T.Məmmədli deyib ki, Böyük
Qafqazın cənub yamacları, o cümlədən Zaqatala
bölgəsi seysmik cəhətdən aktiv bölgədir:
"Burada aktiv olan iri dərinlik qırılmaları
mövcuddur. Ərazidə daim zəif seysmik təkanlar
qeydə alınır. Qutenberq-Rixter qanunauyğunluğuna
görə, zəlzələnin gücü artdıqca, onun
başvermə intervalı da artır. Odur
ki, belə zəlzələnin baş verməsi ehtimal olunan
idi. Çünki güclü zəlzələnin
baş verməsini ehtimal edən ocaq zonalarından biri burada
yerləşir. Sonuncu dəfə bu ərazidə
güclü zəlzələ 1936-cı ildə 7 bal gücündə qeydə
alınıb".
Zaqatalada
baş verən zəlzələdən sonra xırda təkanların
olması normaldır.
Bu barədə
açıqlamasında Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin
baş direktoru Qurban Yetirmişli bildirib. O qeyd edib ki,
hazırda bölgədə güclü təkanlar
müşahidə olunmur: "Bəzi yerlərdə xırda
təkanlar müşahidə olunur ki, bu da normaldır. Hazırda əməkdaşlarımız hadisə
baş verən rayonda zəlzələnin törətdiyi fəsadları
araşdırır. Araşdırmalar
başa çatandan sonra yekun nəticələr
açıqlanacaq". Qeyd edək ki,
artıq Respublika Seysmoloji Xidmət Mərkəzinin baş
direktoru Qurban Yetirmişli də zəlzələ bölgəsinə
gedib.
Şəymən
Şərq.- 2012.- 8 may.- S.9.